Məhkəmə qərarları › İş №2(103)-5483/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5483/2025

03.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5483/2025 03.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, İddiaçı "xxxx" (Azərbaycan) ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, “FED” firmasına və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-2793/2015 nömrəli qərardadından Cavabdeh7 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" (Azərbaycan) ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, “FED” firmasına və Cavabdeh7 qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixə xx.xx.2014-cü il tarixli kommersiya krediti müqaviləsi üzrə əsas kredit borcu qismində 235.696,32 ABŞ dolları, faiz borcu qismində 19.803,14 ABŞ dolları və cərimə borcu qismində 4.673,26 ABŞ dolları, cəmi 260.172,72 ABŞ dolları pul məbləğinin, xx.xx.2014cü il tarixli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə əsas kredit borcu qismində 145.012,59 ABŞ dolları, faiz borcu qismində 9.666,02 ABŞ dolları və cərimə borcu qismində 1.012,50 ABŞ dolları, cəmi 155.691,11 ABŞ dolları məbləğinin, ümumilikdə isə hər iki müqavilə üzrə cəmi 415.863,83 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində pul vəsaitinin, məhkəmədə iddia qaldırılması və ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 90 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, “FED” firmasından və Cavabdeh7 müştərək qaydada alınaraq “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 71 saylı evin, 68 saylı mənzilinə və Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 61 saylı evin, 52 saylı mənzilinə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti hesabına "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 71 saylı evin, 68 saylı mənzilinin ilkin satış qiymətinin 400.000 manat, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 61 saylı evin, 52 saylı mənzilinin ilkin satış qiymətinin isə 120.000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 71 saylı evin, 68 saylı mənzilindən Cavabdeh3 və onun ailə üzvləri Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X4 və X5 isə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 61 saylı evin, 52 aylı mənzilindən qeydiyyatdan çıxarılması, onların istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin mənzillərin məcburi qaydada boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(007)-2793/2015 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 və "FED" fırmasından müştərək qaydada "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kommersiya krediti müqaviləsi və xx.xx.2014-cü il tarixli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixə əsas borc qismində 380.708,91 ABŞ dolları, faiz borcu qismində 29.469,16 ABŞ dolları, cərimə qismində 710,72 ABŞ dolları, cəmi 410.888,79 ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün dövlət rüsumunun ödənilməsinə xərclənmiş vəsaitin əvəzi qismində 60 manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 27 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmış, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən, 159,7 kv.m. ümumi, 114,23 kv.m. yaşayış, 45,47 kv.m. yardımçı sahədən ibarət olan 71 saylı evin, 4 otaqlı, 68 saylı mənzilinə və Cavabdeh3 adına qeydə alınmış, Bakı şəhəri, Nizami rayonu, Qara Qaray prospektində yerləşən, 75,91 kv.m. ümumi, 58,41 kv.m. yaşayış sahəsindən ibarət olan 61 saylı evin, 4 otaqlı, 52 saylı mənzilinə yönəldilməsi, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 71 saylı evin 68 saylı mənzilinin ilkin satış qiymətinin 400.000 manat və Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 61 saylı evin, 52 saylı mənzilin ilkin satış qiymətinin 120.000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən, 71 saylı evin, 68 saylı mənzili və Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 61 saylı evin, 52 saylı mənzilinin açıq hərracdan satılması, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən, 71 saylı evin, 68 saylı mənzilinin və Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 61 saylı evin, 52 saylı mənzilinin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına Cavabdeh1, Cavabdeh7, Cavabdeh2 və "FED" fırmasının "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 71 saylı evin, 68 saylı mənzilinə tutma yönəldildikdən və həmin mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay müddətində Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 71 saylı evin, 68 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 71 saylı evin, 68 saylı mənzilindən çıxarılmaqla həmin mənzilin boşaldılması, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 61 saylı evin, 52 saylı mənzilinə tutma yönəldildikdən və həmin mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay müddətində Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Hiiseynbala qızının və X1 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 61 saylı evin, 52 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X1 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 61 saylı evin, 52 saylı mənzilindən çıxarılmaqla, həmin mənzilin boşaldılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi qismən - Cavabdeh3 və qeyrilərinin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 61 saylı evin, 52 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair hissədə ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamədən Cavabdeh3 tərəfindən verilmiş kasassiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi xx.xx.2014-cü il tarixli kommersiya kredit müqaviləsi üzrə və xx.xx.2014-cü il tarixli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə əsas kredit müqaviləsi üzrə əsas kredit borcunun və faiz borcunun tutulması hissəsində dəyişdirilərək xx.xx.2014-cü il tarixli kommersiya kredit müqaviləsi üzrə əsas kredit borcunun 235.552,89 ABŞ dolları, faiz borcunun 16.251,16 ABŞ dolları, xx.xx.2014-cü il tarixli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə əsas kredit borcunun 144.790,83 ABŞ dolları, faiz borcunun 7.786,56 ABŞ dolları məbləğində müəyyən olunması, qətnamənin qalan hissədə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra xx.xx.2025-ci il tarixdə Cavabdeh7 vəkili və nümayəndəsi Vəkil ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(007)-2793/2015 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin səbəbini üzürlü hesab edərək (yaxud müddəti ötürülməmiş hesab edərək), müddətin bərpa edilməsini və apellyasiya şikayətinin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-2793/2015 nömrəli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(007)-2793/2015 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh7 ərizəsi təmin edilməmişdir. Bu qərardaddan Cavabdeh7 vəkili və nümayəndəsi Vəkil şikayət verərək, qərardadın ləğv edilməsini və müddəti ötürülməmiş hesab etməklə apellyasiya şikayətinin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsindən tərəflərindən apellyasiya şikayəti və prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə qanunsuz və əsassız olaraq rədd edilmişdir. Məhkəmə aktlarının surəti işdə iştirak edən şəxslərə dövlət rüsumu alınmadan verilir. Məhkəmə aktları takrarən verildikdə dövlət rüsumu alınır. Məhkəmə bu maddəni nəzərə almamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015 saylı qətnaməsi xx.xx.2024-cü il tarixli, 3-6/2-Ə-11349- 1/2024 saylı müşayiət məktubu ilə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada təqdim edilərkən dövlət rüsumu tələb edilməmişdir. Demək ki, həmin qətnamə xx.xx.2024-cü il tarixdən əvvəl heç bir vaxt nə Cavabdeh7, nə də onun vəkillərinə təqdim edilməmişdir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015 saylı qətnaməsi onlara Bakı Apellyasiya Məhkəməsində xx.xx.2024-cü il tarixli, 3- 6/2-Ə11349-1/2024 saylı müşayiət məktubu ilə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Həmin qətnaməni çətinliklə əldə etdikdən sonra özlərində hansı tarixdə almaqlarına dair qeydiyyat aparmışlar. Lakin hakim xx.xx.2025-ci il tarixli, 2(007)- 2793/2015 saylı qərardadında qeyd etmişdir ki ; “Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2793/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi Cavabdeh7 iddia ərizəsində qeyd edilən ünvanına göndərilmiş və zərf üzərində “elə adam yoxdur” qeyd edilməklə geri qaytarılmışdır. Ərizəçi Cavabdeh7 vəkilləri və nümayəndələri Vəkil və X8 Bakı Apellyasiya Məhkəməsinə ərizə verərək, iş materialları ilə tanış olmaq və müvafiq çıxarışlar etməyi xahiş etmişlər. Ərizəçi Cavabdeh7 vəkili və nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə işlə tanış olmuş və lazım olan sənədlərin surətlərini əldə etmişdir. Ərizəçi Cavabdeh7 vəkili və nümayəndəsi X8 xx.xx.2024-cü il tarixdə işlə tanış olmuşdur. Lakin qətnamədən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə verilmişdir.” İlk növbədə qeyd edilməlidir ki, hakim texniki səhvə yol verərək apellyasiya şikayətinin xx.xx.2025-ci il tarixdə verildiyini qeyd etmişdir. Apellyasiya şikayəti elektron kabinet vasitəsilə xx.xx.2024cü il tarixdə verilmiş və 1 aylıq prosessual müddət ötürülməmişdir. Çünki qətnamə onlara xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. xx.xx.2024-cü ildə onlar işlə tanış olmuşlar və kredit müqavilələrinin surətlərini əldə etmişlər. Qətnamənin surəti isə xx.xx.2024-cü ildə onlara təqdim edilmişdir. X15, yaxud o, Vəkil mübahisələndirilən qətnaməni xx.xx.2024-cü il tarixdə almışdılarsa, hansı səbəbdən həmin qətnamə xx.xx.2024-cü il tarixli məktubla onlara təkrar göndərilib və buna dair dövlət rüsumu tələb edilməyib? Onlar həmin tarixdə sadəcə iş materialları ilə tanış olmuş və zəruri sənədlərin surətlərini (kredit müqavilələri və s.) almışlar. Həmin qəbzdə də qətnaməni almaqlarına dair qeyd yoxdur. Onlar Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2793/2015 saylı, xx.xx.2015 saylı qətnaməsini Bakı Apellyasiya Məhkəməsində xx.xx.2024-cü il tarixli, 3-6/2-Ə-11349- 1/2024 saylı məktubun kötüyünə xx.xx.2024-cü il tarixdə imza etməklə əldə etmişlər və xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Çox maraqlıdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-6/2-Ə-11349-1/2024 saylı müşayiət məktubu iş materiallarına əlavə edilməmişdir. Bu isə özlüyündə Cavabdeh7 məhkəmə müdafiəsi hüququndan məhrum edə bilməz. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)- 2793/2015 nömrəli qərardadı ilə Cavabdeh7 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Bundan sonra “Elekton Məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə iddiaçı "Bank VTB (Azərbaycan)" ASC tərəfindən həmin şikayətə qarşı etiraz, Cavabdeh7 vəkili və nümayəndəsi Vəkil tərəfindən isə həmin etiraza qarşı mülahizə təqdim edilmiş, lakin işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2793/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi Cavabdeh7 iddia ərizəsində qeyd edilən ünvanına göndərilmiş və zərf üzərində “elə adam yoxdur” qeyd edilməklə geri qaytarılmışdır. Cavabdeh7 nümayəndələri və vəkilləri Vəkil və X8 xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə ərizə verərək iş materialları ilə tanış olmaq və müvafiq çıxarışlar etməyi xahiş etmişdilər. Həmin ərizənin üzərində bu şəxslər tərəfindən aparılmış qeydlərdən və edilmiş imzalardan nümayəndə və Vəkil xx.xx.2024-cü il tarixdə, nümayəndə və vəkil X6 isə xx.xx.2024-cü il tarixdə işlə tanış olduğu və lazım olan sənədlərin surətini əldə etdiyi müəyyən edilir. Bu şəxslərin həmin vaxt iş materiallarından tələb edilən sənədləri əldə etməsi, lakin apellyasiya qaydasında mübahisələndirməyə hazırlaşdıqları Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2793/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətini götürməməsi qənaətinə gəlmək üçün hər hansı əsas yoxdur. Bu da öz növbəsində bu qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin axımının həmin vaxtan başladığını özündə ehtiva edir. Hər bir halda, tələb olunan sənədləri 13 və 14 mart tarixlərində iş materiallarından götürən vəkil və nümayəndələrin sonradan qətnaməni xx.xx.2024-cü il tarixli müraciətə cavab olaraq xx.xx.2024-cü il tarixdə əldə etməsi müddətin axımının məhz xx.xx.2024-cü il tarixdən başlanması anlamına gəlmir. Bu baxımdan xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti artıq müəyyən edilmiş 1 aylıq şikayət etmə müddəti ötürülməklə verilmişdir. Bu müddətin bərpa edilməsi üçün də hər hansı üzürlü səbəb göstərilmir. Əksinə cavabdeh tərəf qətnaməni xx.xx.2024-cü il tarixdə aldığını və bu baxımdan 1 aylıq şikayət etmə müddətinin ötürülmədiyini bildirir. Halbuki, artıq yuxarıda qeyd edildiyi kimi, bu cavabdehin vəkilləri və nümayəndələri tərəfindən 13 mart 2024-ü il tarixli ərizənin üzərində aparılmış qeydlər birmənalı şəkildə belə qənaətə gəlməyə əsas verir ki, həmin məhkəmə aktı ən geci xx.xx.2024-cü il tarixdə vəkil və nümayəndə X8 tərəfindən iş materiallarından götürülmüşdür. İstinad edilən apellyasiya şikayəti ilə bağlı qeyd olunmalıdır ki, skan olunmuş variantda olan bu şikayətin üzərində xx.xx.2024-cü il tarixi göstərilib və həmin şikayət elektron deyil, sadə formada nümayəndə və vəkil Seymur Yusifli tərəfindən imzalanmışdır. Həmin şikayətin xx.xx.2024-cü il tarixə aid olan elektron variantı mövcud deyil. Bu şikayəti vəkil kimi imzalayan Seymur Yusiflilinin həmin tarixə aid vəkil orderi də şikayətə əlavə edilməli idi. Lakin belə bir orderin olması müəyyən edilmir. Hazırki şikayəti verən Vəkil təqdim etdiyi order (cavabdehə Bakı Apellyasiya Məhkəməsində hüquqi yardımın göstərilməsi üçün) isə xx.xx.2024-cü il tarixdən təxminən 5 ay sonra, yəni xx.xx.2024-cü il tarixdə verilmişdir. xx.xx.2024-cü il tarixdə verildiyi iddia edilən apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumu da Seymur Yusifli tərəfindən deyil, Vuqar Hacıyev tərəfindən ödənilmiş və xx.xx.2024-cü il tarixdən təxminən 5 ay sonrakı dövrə, yəni xx.xx.2024-cü il tarixə aiddir. Bununla belə, həmin apellyasiya şikayətinin tarixinə hə order var, nə də ki, dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz. Qeyd edilənlər öz növbəsində bu şikayətin xx.xx.2024-cü il tarixdə (həmin vaxt) verilməsini istisna edir. Xususilə nəzərə alınmalıdır ki, xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verildiyi halda, xx.xx.2025-ci il tarixdə müddətin bərpası və ya müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə və apellyasiya şikayətinin skan variantı deyil, təqdim edilmiş apellyasiya şikayətinin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə ərizə verilmiş olardı. Başqa sözlə, əgər xx.xx.2024-cü il tarixdə şikayət verilmişdirsə, onun apellyasiya instansiya məhkəməsinə göndərilməsinin tələb edilməsi əvəzinə, müddətin bərpası (ötürülməmiş hesab edilməsi) barədə ərizənin verilməsi anlaşılmazdır. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(007)- 2793/2015 nömrəli qətnaməsindən şikayət vermək üçün mülki prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti hər hansı üzürlü səbəb olmadan buraxmışdır. Birinci instansiya məhkəməsi də bu halı müəyyən etmiş və haqlı olaraq həmin qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-2793/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci, maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh7 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-2793/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar