Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5484/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” Şirkətinin filialına qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 mart 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı “pul tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, 43.010 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Şirkətə məxsus olan **-JN-***, **-JC-***, **-JN- ***, **-JC-***, **-JC-***, və **-JC-*** dövlət qeydiyyata nişanlı yük daşıyan avtomobillərin üzərinə işə baxılıb nəticə verilənədək həbs qoyulmasını xahiş etmişdir. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizə onunla əsaslandırılmışdır ki, iddia təmin edildiyi halda cavabdehdən iddiaçının xeyrinə xeyli məbləğdə pul tutulmalı olacaq, lakin cavabdehin hesabında pul yoxdur. Belə olan halda gələcəkdə qəbul edilə biləcək qətnamənin icrasını təmin etmək məqsədi ilə avtomobillərin üzərinə həbs qoyulmalıdır. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 31.03.2021-ci il tarixli qərardad ilə ərizəni təmin etməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbi “iddianın təmini tədbirinin görülməsi barədə” ərizədə qeyd edilən avtomobillər ilə bağlı deyil, reqress qaydada pulun tutulması barədədir. Belə olan halda, iddia tələbinin predmetini təşkil etməyən əmlak barədə iddianın təmini tədbiri görülə bilməz. Bundan başqa, iddiaçı, iddia təmin edildiyi halda cavabdehin həmin qətnaməni icra edə bilməyəcəyini təsdiq edə biləcək sübutları təqdim etməmişdir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Əsasları “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin əsasları ilə eynilik təşkil edən şikayətdə əlavə olaraq qeyd edilir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardadda əks olunan ifadələr aydın və anlaşılan deyil. Ümumiyyətlə Rayon Məhkəməsinin nəticəsi səhvdir. Belə ki, nizamnamə kapitalı 20 manat olan cavabdeh təşkilatın mülkiyyətində avtomobillər var və həmin avtomobillərə gələcəkdə icra qaydasında tələb yönəldilə bilər, məhkəmə prosesi dövründə cavabdeh təşkilat həmin avtomobilləri mülkiyyətindən və ya ölkədən çıxara bilər. Bu halda qətnamə icrasız qalacaq. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 19.04.2021-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 157-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir (maddə 157.1). Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157.2). MPM-nin 158-ci maddəsinin mənasına görə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək və s. iddianı təmin etmək üçün tədbirlərə aiddir. Mülki prosessual qanunvericiliyin mənasına görə iddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların yaranmasının qarşısının alınmasına yönəlmiş prosessual tədbirdir. Bu kimi tədbirin görülməsinə yalnız məhkəmədə iş üzrə çıxarılacaq qətnamənin gələcəkdə real icra edilə bilməməsinə əsaslı şübhə yarandıqda zərurət yaranır. Başqa sözlə, iddianı təmin etmək üçün əsas, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Lakin hazırki iş üzrə çıxarılacaq qətnamənin gələcəkdə real icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyü iş materialları ilə təsdiq olunmur və belə halların mövcudluğunu təsdiq edən sübutları iddiaçı tərəf məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəni təmin etməməklə iş üzrə düzgün və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri əsassızdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi müzakirə edilən məsələni qeyd edilən qaydada həll etməklə və qəbul etdiyi qərardaddan verilmiş şikayəti təmin etməməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Odur ki, MPM-nin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31.03.2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-5484/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5484/2021
24.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver