Məhkəmə qərarları › İş №2(103)-549/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-549/2023

04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-549/2023 04.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3868/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında 11 yanvar 2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə izalanmış və borclu Cavabdeh müqavilə üzrə MMC-yə 8000 manat borcunun mövcudluğunu etiraf etmiş və ilk ödənişi 2022-ci ilin fevral ayı etmək şərtilə 28 fevral 2025-ci il tarixədək hər ayın 15-nə qədər 228 manat, sonuncu ay isə 20 manat olmaqla, tam həcmdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Bağlanmış müqavilədə tərəflər arasında ödəniləcək dəbbə pulunun məbləği barədə razılıq əldə edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 AZN məbləğində əsas borcun, 1440 AZN məbləğində cərimə borcunun, cəmi 9440 AZN və həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 115 manat dövlət rüsumunun əvəzinin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında xx.xx.2022-ci il tarixli movcud borcun etirafı haqqında müəcərrəd müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci və 2.2-ci bəndinə əsasən, Borclu bu Müqaviləni imzalamaqla Borc verənə aşağıda göstərilən borcunun olduğunu bəyan,etiraf və təsdiq edir, nağd pul üzrə borc – 8000 AZN təşkil edir. Müqavilənin 4.1-ci bəndinə əsasən, Borclu bu müqavilə ilə etdiyi etiraf etdiyi borcu 31 sentyabr 2021-ci il tarixinədək tam həcmdə Borc verənə qaytarılmasını öhdəsinə götürür. Sözügedən müqavilənin 6.2-ci bəndinə əsasən borclu hər gecikdirilmiş gün üçün borc verənə qalıq borcun 1% həcmində dəbbə pulu ödəməlidir. Borclu Cavabdeh borcun ödənilməsi üçün dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq öhdəliyini yerinə yetiməmişdir. Cavabdeh müqavilə üzrə borcu 8000 AZN təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3868/2022 saylı, 02 sentyabr 2022ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh əsas borca görə 8000 manat, cərimə borcuna görə 100 manat olmaqla, ümumilikdə 8100 (səkkiz min yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 115 (bir yüz on beş) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehlə onun arasında mövcud borcun etirafı barədə müqavilə bağlandığını sübut edir və həmin müqaviləyə əsasən cavabdeh 8000 manat məbləğində pul vəsaitini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşin mübahisə doğurmayan halı cavabdehin iddiaçıya hər hansı ödəniş etməməsidir və bu barədə maliyyə arayışı yazılı sübut kimi qiymətləndirilir. Cavabdeh isə öz növbəsində müqavilənin əhəmiyyətsizliyi ilə bağlı dəlillərini sübut edə bilmədiyi kimi əsaslandıra da bilməmişdir. Odur ki, işin halları ilə müəyyən edilənlər tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətlərinin yarandığını sübut edir və bu səbəbdən cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış 8000 manat məbləğində borcunu iddiaçıya ödəməlidir. Tələb olunan cərimə məbləği ilə bağlı məhkəmə qeyd edir ki, 11 yanvar 2021-ci il tarixli borcun etirafı barədə müqavilə üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 1140 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Məhkəmə iddia tələbini cərimə borcunun tutulması hissəsində qismən əsaslı hesab etmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.2, 427.3, 427.4, 442, 443.1, 448.1, 462.1, 467, 882.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2., 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli 2(001)-3868/2022 saylı qətnaməsinin rədd edərək, iddia tələbinin rədd olunması barədə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsasandırılmışdır ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. İddiaçı olaraq borcun olmasını sübut edə bilməmişdir. İş materiallarında olan sübutun əsası yoxdur. 3 ay ərzində bu qədər borcun yaranması əsassızdır. Əgər şəxsin hər hansısa bir öhdəliyi yoxdursa öhdəliyin yerinə yetirilməsindən söhbət gedə bilməz. Borcun etirafı barədə ərizə əsassızdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lakin onun öhdəliyi yoxdur. Borcun yaranması əsas olmuş vəziyyət müzakirə olunmamış, bu barədə sübutlar yoxdur. Yəni öhdəlik mövcud deyildir. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Tərəflərin arasında yazılı və ya şifahi müqavilə mövcud deyildir. Hər hansı bir borcdan söhbət gedə bilməz. Məhkəmə əsassız nəticəyə gəlmişdir. Çünki borcun etirafı müqaviləsi mücərrəd müqavilə olmaqla əsassız bağlanmışdır. Məhkəmə borcun yaranması ilə bağlı olan halları araşdırmamış, bildirdiklərinə qiymət verməmişdir. İş materiallarında olan izahatına fikir bildirilməmişdir. Təsir altında yazılması barədə sübutlar mövcuddur. Məhkəmə işlə bağlı borcun yaranmasına, məhz müqavilə bağlandıqdan sonra onun işdən çıxmağına münasibət bildirməmişdir. Göründüyü kimi ərizə yazılan vaxt işdən azad olunmuşdur. Bunun özü ona təsir olunmasını sübut edir. Ümumiyyətlə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən hallar işin nəticəsinə uyğun deyil. Sübutlar sadalanmış, lakin düzgün qiymət verilməmişdir. İşdə olan sübutlarla iddia tam rədd olunmalı idi. İş materiallarda olsa da məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Həmin sübutlar apellyasiya məhkəməsində yenidən araşdırılmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

10. Cavabdeh əvvəlki məhkəmə iclaslarında iştirak edən zaman apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, onun sənədi imzalama səbəbi şirkətin direktorunun ona əsas sənəd olduğunu deməsi olmuşdur. Onun əmək kitabçasını vermirdilər. O deyib ki, Əmək Müfəttişliyinə gedir. Ona deyiblər ki, sənəd imzalasın, əmək kitabçasını verəcəklər. Bu səbəbdən o, həmin müqaviləyə imza atıb. Onun heç bir borcu yoxdur. Ona deyiblər ki, əsassız sənəddir, ona görə o da imza edib. Şirkətin rəhbəri ona əsassız sənəd olduğunu demişdir. Sənədin məzmunu ona aydın idi. Birinci instansiya məhkəməsində borcu ödəmə öhdəliyinin olmamasını demişdir. Vəkillə də danışıb, o da deyib ki, ödəməyə bilər. Protokolda qeyd edilən 70 manat məsələsi səhvən ağzından çıxıb, o da qeyd edilib. Əmək kitabçasını 2022-ci ilin yanvar ayında alıb. Şirkətinin rəhbərinin ölkədən çıxışına qadağa qoyublar. Nə qədər şirkətlərə də borcu var. İşdən çıxma səbəbi "Grandmarket"-ə keçməyi olub. İddiaçının nümayəndəsi ancaq borc müqaviləsini sübut kimi göstərmişdir. O sadəcə imzalayıb, çünki dedilər ki, əsassız sənəddir.

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq normaları:

12. Əmək Məcəlləsi Maddə 2.3 3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Maddə 2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Maddə 10. ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda Maddə 194.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 199. ç) işçi əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Maddə 199.2. Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar.

Apellyasiya baxışının hədləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

17. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 AZN məbləğində əsas borcun, 1440 AZN məbləğində cərimə borcunun, cəmi 9440 AZN məbləğində pulun tutulmasını xahiş etmişdir.

18. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilərək ona istinad edilmişdir ki, tərəflər arasında mövcud borcun etirafı haqqında müqavilə mövcuddur və həmin müqaviləyə əsasən cavabdeh 8000 manat məbləğində pul vəsaitini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Digər tərəfdən birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdeh isə öz növbəsində müqavilənin əhəmiyyətsizliyi ilə bağlı dəlillərini sübut edə bilmədiyi kimi əsaslandıra da bilməmişdir.

19. İşə apellyasiya məhkəməsində baxılması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin (əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi) həmin Məcəllənin 202 və 203-cü maddələri ilə əlaqəli şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə 2(103)-549/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Konstitutsiya Məhkəməsinə müraciət edilmişdir.

20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitutsiya Məhkəməsinin 17 iyul 2023cü il tarixli qərarında qeyd edilmişdir ki, “..Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər”

21. Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı İddiaçı MMC ilə Cavabdeh arasında əmək münasibətləri mövcud olmuşdur. İddiaçının iddia tələbinin əsası ondan ibarətdir ki, əmək münasibətləri ilə bağlı cavabdeh tərəfindən işəgötürənə zərər vurulmuşdur.

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitutsiya Məhkəməsinin 17 iyul 2023cü il tarixli qərarında həmçinin qeyd edilmişdir ki, “... Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.”

23. Göründüyü kimi, Konstitutsiya Məhkəməsinin qərarında qeyd edilən hüquqi mövqedən də müəyyən edilir ki, işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsi ilə bağlı Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə - borcun etirafı ilə bağlı müqavilənin tərtib edilməsi qanunvericiliyin tələbinə uyğun deyil.

24. Belə olan halda məhkəmə kollegiyası tərəflər arasında imzalanmış borcun etirafı haqqında 11 yanvar 2022-ci il tarixli müqaviləyə istinad etməklə dəymiş ziyanın əvəzi olaraq Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qənaətə gəlməkdə haqlı olmamışdır. İddiaçı tərəfindən məhkəməyə ancaq 11 yanvar 2022-ci il tarixli müqavilə təqdim edilmişdir. İddia tələbinə dair məhkəməyə sübut təqdim edilməmişdir.

25. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3868/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı MMC-nin Cavabdeh qarşı Cavabdeh 8000 AZN məbləğində əsas borcun, 1440 AZN məbləğində cərimə borcunun, cəmi 9440 AZN və həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 115 manat dövlət rüsumunun əvəzinin tutularaq ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir.

26. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3868/2022 saylı, 02 sentyabr 2022ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı Cavabdeh 8000 AZN məbləğində əsas borcun, 1440 AZN məbləğində cərimə borcunun, cəmi 9440 AZN və həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 115 manat dövlət rüsumunun əvəzinin tutularaq ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 57,60 (əlli yeddi manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı MMC-dən iddiaçı Cavabdeh xeyrinə tutulsun. İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 114,40 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar