Məhkəmə qərarları › İş №2(103)-5490/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5490/2020

17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5490/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi ilə, İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X5 edilməsi Agentliyi” MMC-nin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)-326/2020 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X5 edilməsi Agentliyi” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan faiz borcu üzrə 7956,02 ABŞ dolları olmaqla, cəmi 7956,02 ABŞ dolları məbləğində pul vəsaiti və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə 551/06 saylı Kredit Müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə illik 15% tətbiq edilməklə 12 ay müddətinə 101.025 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini hazıradək lazımınca yerinə yetirməmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuş, lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)-326/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə görə, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən yenidən xətşünaslıq ekspertizası təyin edilməli, kredit və kassa məxaric orderlərində olan imzaların cavabdehə məxsus olmasına dair yeni ekspert rəyi alınmalı idi. xx.xx.2017-ci il tarixli hesabdan çıxarışdan müəyyən olunur ki, cavabdeh tərəfindən son ödəniş xx.xx.2010-cu il tarixdə 139,047 ABŞ dolları məbləğində edilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə 551/06 saylı Kredit Müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə illik 15% tətbiq edilməklə 12 ay müddətinə 101.025 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Cavabdeh banka hazırda olan faiz borcu 7.956,02 ABŞ dolları məbləğində təşkil edir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir.İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanındanəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X5 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-XAC-69 saylı xx xxxxxx 2018ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X4 külli miqdarda pul vəsaitlərinin ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən cinayət yolu ilə ələ keçirilməsi ilə bağlı Baş X1 İdarəsinin İstintaq və Təhqiqat idarəsində araşdırılan cinayət işi üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2016-cı il tarixli 7040 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə bankın Xaçmaz filialı arasında bağlanmış kredit müqaviləsində “Borc alan” qrafasındakı imzalar, həmin filiala yazılmış ərizədə “Məmmədova” soyadı və onun qarşısındakı imza, bankdan 101.025 ABŞ dolları məbləğindəki pulun götürülməsi barədə məxaric kassa orderində “Borc alan” sözünün qarşısındakı imza Cavabdeh tərəfindən deyil, filialın Kredit şöbəsinin müdiri vəzifəsində işləmiş X3 tərəfindən icra olunmuşdur. Hazırda cinayət işi üzrə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Xaçmaz filialında kredit sənədlərinin saxtalaşdırılması epizodu üzrə aidiyyəti şəxslərin əməlinə hüquqi qiymət verilməsi üçün araşdırma davam etdirilir. Həmçinin həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin İstintaq və Təhqiqat idarəsində araşdırılan cinayət işi üzrə xx.xx.2016-cı il tarixli qərarla təyin edilmiş məhkəməxətşünaslıq ekspertizasının keçirilməsi nəticəsində verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2016-cı il tarixli 7040 saylı ekspert rəyindən görünür ki, Cavabdeh ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Xaçmaz filialı arasında bağlanmış kredil müqaviləsində “Borc alan” qrafasındakı imzalar, həmin filiala yazılmış ərizədə “Məmmədova” soyadı və onun qarşısındakı imza, bankdan 101.025 ABŞ dolları məbləğindəki pulun götürülməsi barədə məxaric kassa orderində “Borc alan” sözünün qarşısındakı imza X3 tərəfindən icra olunmuşdur. İddiaçı hazırda xx.xx.2006-cı il tarixli 551/06 saylı Kredit Müqaviləsi üzrə cavabdehin bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməməsinə əsaslanaraq yaranmış borcun ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2016-cı il tarixli 7040 saylı ekspert rəyini mümkün və mötəbər sübut kimi qəbul edərək, iddiaçının sübut kimi istinad etdiyi cavabdeh ilə bağlanmış xx.xx.2006-cı il tarixli Kredit Müqaviləsində “Borc alan” qrafasındakı imzanın, habelə həmin filiala yazılmış ərizədə “Məmmədova” soyadı və onun qarşısındakı imzanın, bankdan 101.025 ABŞ dolları məbləğindəki pulun götürülməsi barədə məxaric kassa orderində “Borc alan” sözünün qarşısındakı imzanın cavabdehə məxsus olmaması halı öz təsdiqini tapdığından, prosessual qənaət prinsipinə əsaslanaraq, belə qənaətə gəlmişdir ki, iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn hər hansı bir öhdəlik münasibətləri yaranmamışdır və iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə düzgündür. Belə ki, göründüyü kimi iddia tələbinin əsasını təşkil edən kredit müqaviləsi cavabdehlə bağlanmamışdır, həmin müqavilə cavabdeh tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM 76.2) Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 101.7, eləcə də 206.1-ci maddələrinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2016-cı il tarixli, 7040 saylı ekspert rəyindən müəyyən edilir ki, imzalar hazırki iş üzrə cavabdeh tərəfindən deyil başqa şəxs tərəfindən icra edilmişdir. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi yenidən xətşünaslıq ekspertizasının keçirilməsi barədə dəlili əsassızdır, belə ki, xx.xx.2016-ci il tarixli ekspert rəyini şübhə altına alacaq və ya yenidən ekspertizanın keçirilməsinə əsas verəcək hər hansı dəlil göstərməmişdir. Məhkəmə haqlı olaraq həmin ekspert rəyini mötəbər sübut kimi qəbul etmiş və eyni məzmunlu yeni ekspertiza təyin etməməkdə haqlı olmuşdur. Beləliklə, iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn hər hansı bir öhdəlik münasibətləri yaranmadığından, iddiaçının öhdəliyi lazimınca yerinə yetirməməsinə görə yaranmış borcu tələb etməsi barədə iddiası əsassızdır. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya hesab edir ki, iddiaçının tələbi əsassızdır. İddia tələbində və apellyasiya şikayətində istinad etdiyi halları iddiaçı konkret dəlillərlə sübuta yetirə bilməmişdir. Halbuki, istinad etdiyi halları sübut etmək iddiaçının borcudur. Beləliklə, iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, qətnamə qanuni və əsaslıdır, apellyasiya şikayətində göstərilən dəlillər qətnaməni əsassız hesab etmək və onu ləğv etmək üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-326/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar