Məhkəmə qərarları › İş №2(103)-5495/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5495/2020

17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5495/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxx” ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 2(004)- 2166/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “xxxxxxxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 917,01 manat əsas, 87,99 manat faiz və 49,49 manat cərimə borcu olmaqla ümumilikdə 1054,49 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 18 ay müddətinə illik 35% faiz ödəmək şərti ilə 1419 manat məbləğində kredit verilmiş, lakin o, müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcu ödəmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 2(004)- 2166/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh 917,01 manat məbləğində əsas borc, 87,99 manat faiz borcu və 49,49 manat cərimə borcu olmaqla ümumilikdə 1054,49 manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq, iddiaçı “xxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehapellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tələb olunan əsas, faiz və dəbbə borcu kredit müqaviləsinin şərtlərinə uyğun hesablanmamış, bank tərəfindən yüksək dərəcədə şişirdilmişdir. Bu hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Onun iddia tələbindən məhkəmə işindən xəbəri olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin dəlilləri ilə razılaşmayaraq, hesabdan çıxarış təqdim edərək, borcun düzgün hesablandığını bildirmiş və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, işə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarına əsasən, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən istehlak məqsədilə 18 ay müddətinə illik 35% faiz ödəmək şərti ilə 1419 manat məbləğində kredit götürmüşdür. Lakin o, öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 917,01 manat məbləğində əsas borc, 87,99 manat faiz borcu və 49,49 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1054,49 manat borcu qalmışdır. İş materiallarında olan xəbərdarlıqdan aydın olur ki, cavabdeh iddiaçı tərəfindən borcun ödənilməsi barədə xəbərdar edilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi borc məbləğinin düzgün hesablanmaması və şişirdilməsi ilə bağlı Kollegiya qeyd edir ki, iş materialları, həmçinin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış ilə borc məbləğlərinin düzgün müəyyən olunduğu aşkardır. Cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrinin ümumi sözlərlə əsaslandırmağa çalışmışdır.Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Belə ki, cavabdehin adına olan hesabdan çıxarışdan müəyyən olunur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etdiyi vaxtadək (xx.xx.2020) o, kredit borcundan cəmi 863 manat ödəniş etmişdir ki, bunun da 501,99 manatı əsas borca, 261,01 manat faiz borcuna silinmişdir. Sonuncu ödəniş xx.xx.2019-cu ildə aparılmış, hazırki iddia isə xx.xx.2020-ci il tarixdə verilmişdir, yəni iddianın qaldırıldığı vaxtadək cavabdehin ödəniş etmədiyi və müvafiq olaraq normal faiz borcunun hesablanmalı olduğu günlərin sayı 124 olmuşdur. Qalıq qalmış əsas borc məbləğinə hesablanmalı olan gündəlik faiz borcunun 0,89 manat olduğunu (917,01x35%/360) nəzərə aldıqda, 124 gün üçün faiz borcunun 110,55 manat təşkil etdiyi aydın olur. Lakin iddiaçı 87,99 manat faiz tələb edir ki, məhkəmə də MPM-nin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq, həmin tələbdən kənara çıxa bilməz. Göründüyü kimi, cavabdehin 917,01 manat əsas, 87,99 manat da faiz borcunun olması mübahisə doğurmur və iddiaçı həmin borcu tələb etməkdə haqlıdır. Həmçinin, Kollegiya cərimə məbləğinin əsas borca mütənasib olması qənaətindədir. Hesabdan çıxarışdan həmçinin o da müəyyən olunur ki, hazırki iddia məhkəmənin icraatına daxil olduqdan sonra – xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə cavabdeh hər biri 50 manat olmaqla banka ümumilikdə 100 manat ödənişlər etmişdir ki, həmin ödənişlər də cərimə borcuna silinmişdir. Kollegiya hesab edir ki, həmin ödənişlər və onların yalnız cəriməyə silinməsi qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılmasına mane ola bilməz, narazılığı olduğu təqdirdə bununla bağlı cavabdeh müstəqil mübahisə aça bilər. Beləliklə, Kollegiya hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətində irəli sürülən mülahizələr yalnız formal mülahizələrdir və əsassızdır, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 2(004)- 2166/2020 saylı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar