Məhkəmə qərarları › İş №2(103)-5497/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5497/2021

04.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5497/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh-nin vəkili X3 iştirakları ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(006)-583/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-yə qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus “STOM klinik” Stomoloji Klinikasının əməkdaşları tərəfindən dişlərinin yanlış müalicəsi və keramik diş protezlərinin qoyulması nəticəsində sağlamlığına dəymiş zərərin aradan qaldırılması üçün cərrahi əməliyyatlarına, dərman və sair xidmətlər üçün xərclədiyi 1000 manat maliyyə vəsaitinin, sağlamlığının bərpası məqsədi ilə ehtiyac olan müalicə, cərrahiyə əməliyyatı və implant dişlərin qoyulması üçün 35000 manat maliyyə vəsaitinin, eləcə də mənəvi ziyana görə 10.000 manat maliyyə vəsaitinin, cəmi 46000 manat maliyyə vəsaitinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnaməçıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı dişlərinin müalicəyə və protez qoyulmasına ehtiyacı olduğu üçün 25 iyul 2017-ci ildə stomatologiya xidməti göstərən cavabdeh ”Ramil-2009” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanda yerləşən “STOM klinik” Stomoloji Klinikasında diş həkimi X4 müraciət etmişdir. İddiaçı təxminən 2 ay ərzində həmin klinikaya gedib gəlmişdir. Diş həkimi Günel Əliyeva iddiaçıya üst çənəsində 10 dişini müalicə edərək keramikadan hazırlanmış protez, alt çənəsində yeddi dişini müalicə edərək hər tərəfə bir diş protezi artırmaqla doqquz keramikadan hazırlanmış diş protezi qoymuşdur. Bütün bunlara görə iddiaçıya həkim Günel Əliyevaya 646 manat pul ödəmişdir. Sonradan iddiaçının dişlərində ağrılar başlamışdır. İddiaçı bununla bağlı diş həkimi Günel Əliyevaya müraciət etdikdə isə o, keçib gedəcəyini demişdir. Ancaq getdikcə ağrılar şiddətlənib dözülməz vəziyyətə gəlib çıxmışdır. Belə olduqda diş həkimi Günel Əliyeva ilk əvvəl iddiaçının alt çənəsinin iki kənar protezlərini kəsib ayırmışdır. Ağrılar davam etdiyi üçün həkim Günel Əliyeva daha sonra iddiaçının alt çənəsindəki yeddi dişinin də protezini sökmüşdür. Daha sonra isə Günel Əliyeva iddiaçının üst çənəsində keramikalar sökülmədən dişin altını açmışdır. Bir neçə gün sonra isə iynə vurmuşdur. Lakin ağrılar daha da şiddətlənmişdir. Bir gün sonra isə Günel Əliyeva iddiaçının damağını ülgüclə kəsmişdir. Səhəri gün yuxudan duranda iddiaçının üzü tamam şişmişdi. Buna gördükdən sonra iddiaçı Günel Əliyevanın yanına taksi ilə getmişdir. Günel Əliyeva onu görüb bayılıb yıxılmışdır. Onu təcili yardımla həkimə aparmışlar. İddiaçı məcbur qalıb ordan ayrılmışdır. X8 telefonlara cavab verməmişdir. Üstündən bir neçə gün keçdikdən sonra isə Günel Əliyeva hara istəyirsə şikayət etməsini deyərək iddiaçını təhqir etmişdir. İddiaçı məcbur qalıb müxtəlif həkimlərə müraciət etmişdir. Heç kim yaxın durmamışdır. İddiaçı çox təhlükəli vəziyyətdə olmuşdur. Sonda isə iddiaçı 2018-ci ilin fevral ayında Azərbaycan Dövlət Tibb Universitetinin Stomatoloji Klinikasının professoru Çingiz Rəhimova müraciət etmişdir. Onun ilkin diaqnozu alt və üst çənələrdə cərrahiyə əməliyyatının aparılması və əməliyyat qabağı müəyyən müalicə tədbirləri görülməsi olmuşdur. Müalicə aparılmış və Azərbaycan Dövlət Tibb Universitetinin Stomatoloji Klinikasının professoru Çingiz Rəhimova tərəfindən iddiaçı 10.03.2108-ci il tarixində əməliyyat olunmuşdur. Əməliyyat nəticəsində iddiaçının mövcud olan bütün 17 dişinin hamısı çəkilmişdir. İddiaçı əməliyyatla bağlı 500 manat, rentgen, dərman və digər xərclər üçün 500 manat, cəmisi 1000 manat pul xərcləmişdir. Lakin yenidən ağrıları baş qaldırmışdır. Ponorama rentgendən sonra iddiaçının çənəsində problemlərin qaldığı müəyyən olunmuş və təkrar əməliyyat olunmuşdur. Bir müddət sonra iddiaçı üçüncü dəfə 05.06.2018-ci il tarixində əməliyyat olunmuşdur. Təkrar əməliyyat üçün Azərbaycan Dövlət Tibb Universitetinin Stomatoloji Klinikasının professoru Çingiz Rəhimov tərəfindən iddiaçıdan ödəniş tələb edilməmişdir. Hal-hazırda da iddiaçının çənəsində ağrılar davam edir. İddiaçının çənəsində aparılacaq yeni cərrahiyyə əməliyyatı və dişlərinin implant köməyi ilə bərpasına zəruri ehtiyac vardır. “STOM klinik” Stomoloji Klinikasında diş həkimi X1 xətaları nəticəsində iddiaçı 17 dişini itirmiş, çənə sümüyü zədələnmiş və üç dəfə əməliyyat olunmuşdur. Bununla bağlı iddiaçının başqa orqanları da zərər görmüş və artıq onda ürək ağrıları baş qaldırmış, ümumiyyətlə sağlamlığına kifayət qədər ziyan dəymişdir. İddiaçı həm sağlamlığında yaranmış fəsadlar, həm də müalicə olunmasına dair sənədləri cavabdehin nümayəndələrindən tələb etdikdə ona lazımi sənədləri (epiqriz, qəbz və sair) verməmişlər. Bundan sonra həkim Günel Əliyeva və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri iddiaçının zənglərindən yayınmağa başlamışlar. İddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına müraciətlər olunsa da, cavabdeh ona heç bir yardım göstərməmiş, onun müalicəsi və sağlamlığının bərpası üçün heç bir tədbir görməmişdir. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(006)-583/2019 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh-dən vurulmuş maddi ziyana görə 15.000 manat, mənəvi zərərə görə 1.000 manat, cəmi 16.000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(006)-583/2019 saylı qətnaməsinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, Nəsimi rayon Məhkəməsi hal-hazırda mübahisələndirilən qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilib, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Daha sonra məhkəmə iclasını cavabdehin iştirakları olmadan keçirilməsi mümkün hesab etmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırmaq istəyir ki, Nəsimi rayon Məhkəməsi 31.05.2019-cu il tarixindən əvvəlki iclaslarda cavabdehin iştirakını təmin etməmiş, heç bir bildiriş göndərilməmişdir. Məhkəmə iclasının 31.05.2019-cu il tarixdə keçirilməsi barədə cavabdeh yalnız təsadüfən xəbər tutmuşdur. Qətnamə Azərbaycan Respublikasının qanunvericiliyinin maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmış, işin halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, yalnız subyektiv fikirlərə əsaslanaraq qəbul edilmişdir. Nəticədə cavabdeh tərəfin hüquqlarının və qanunla qorunan mənafelərinin və işgüzar nüfuzuna mühüm dərəcədə pozulmuşdur. Belə ki, məhkəmə yalnız iddiaçı tərəfindən təqdim edilmiş natamam sübutlara və cavabdehin ziyan vurduğunu sübuta yetirə bilməyən natamam ekspert rəyinə əsaslanaraq iddia tələbini iddiaçının subyektiv fikirləri əsasında qismən təmin etmişdir. Belə ki, ekspert rəyində iddiaçıya vurulmuş ziyanın məhz cavabdeh tərəfindən edilməsi müəyyən edilmir. Məhkəmədə ən azından cavabdehin iştirakı təmin edilsə idi, cavabdeh tərəf özünü müdafiə edə bilər, iddiaçının dediklərinin əksinə arqumentlərini və sübutlarını təqdim edə bilərdi. Bununla da məhkəmədə çəkişmə və bərabərlik prinsipini pozulmuşdur. İddiaçı ilk dəfə 2017-ci ilin avqust ayında “Stom Klinika”ya protez üçün müraciət edərək, ağız boşluğunda tamlığı pozulmuş keramikaların olduğunu demiş, həmin keramikalarını və dişlərini çıxarıb protez düzəltmələrini istədiyini demişdir. Bu məqsədlə onun ağız boşluğu həkim Günel Əliyeva tərəfindən müayinə olunmuş, rentgen çəkilişi edildikdən sonra, 12, 21 və 31-ci dişlərdə xroniki periodontit diaqnoz qoyulmuşdur. Bundan başqa cavabdeh tərəfindən iddiaçının digər 2 dişində ştifli plomba ehtiyac olduğu, keramikanın altında olan digər dişlərinin vəziyyətinin isə normal olduğunu İddiaçı bildirilmişdir. Bu diaqnoz prof. Çingiz Rəhimovun verdiyi arayışda da öz əksini tapır. Yəni cavabdeh həmin dişləri müalicə etdiyinə görə yox, iddiaçının xəstəliyinə görə dişlərində ağrıları olmuşdur. Bundan sonra cavabdeh İddiaçı 12, 21 və 31-ci dişlərinin müalicəsini edərək kanallarını bağlamış və iddiaçıya izah etmişdir ki, bu üç dişi çirk edib, həmin dişlərin təkrar müalicəyə ehtiyacı ola bilər. Bundan başqa “Stom Klinika”da iddiaçının yalnız 5 dişi müayinə və müalicə olunmuşdur. Amma iddiaçı 2 ay ərzində 17 dişinin hamısını “Stom Klinikada” müalicə etdirdiyini qeyd edir. Halbuki, bu İddiaçı ağız boşluğunda mövcud xroniki xəstəliklərlə yanaşı, yaşına görə fiziki olaraq mümkün ola bilməzdi. Eyni zamanda 17 dişin müalicəsi üçün ödənişin miqdarı 640 manat ola bilməzdi. Cavabdeh iddiaçıdan yalnız etdiyi mualicənin pulunu almışdır və keramikanın altında olan dişlərə müdaxilə etməmişdir. Bundan başqa onu da qeyd etmək lazımdır ki, iddiaçının ağız boşluğundakı dişləri cavabdehə müraciət etdikdə keramika olduğundan dişlərin kökləri müalicə edilmişdir. Yəni cavabdeh iddiaçının heç bir dişinin kökünü, sinir kanallarını müalicə etməmişdir. 2 ay ərzində, yəni 2017-ci ilin avqust sentyabr aylarında iddiaçının 5 dişini müalicə etdikdən sonra o, 2018-ci il fevral ayında bizə bildirmişdir ki, dişlərində ağrılar var müalicəni davam etdirmək istəmir və pulunu geri tələb edir. Cavabdeh klinika tərəfindən İddiaçı təklif edilmişdir ki, 12, 21 və 31-ci dişlərinin kanallarını təkrar yuyulsun və diş köklərinin zirvəsinin rezeksiyası edilsin. Lakin iddiaçı müalicəni davam etdirmək istəməmiş, belə olan halda klinika isə iddiaçıdan etdiyi müalicə üçün ödədiyi 640 manatı qaytarmışdır. Hal-hazıra qədər iddiaçının onlara bizə qarşı heç bir tələbi olmamışdır. Prof. Ç.Rəhimovun da arayışda yazdığı kimi, Qəndaf xanım ehtiyac olmadığı halda öz təkidi ilə bütün dişlərini çəkdirmiş və niyyəti protez qoydurmaq olmuşdur. Cavabdeh klinikanın etdiyi müalicədən 5-6 ay keçəndən sonra iddiaçının təkrar ora müraciət edərək dişlərinin dibinin şişdiyini deməsi, buna görə bizi təqsirli bilməsi, onun bu müddət ərzində harada müalicə alması və hansı müalicələr alması barədə məlumat verməməsi onun səmimiliyini şübhə altına alır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli, 2(103)- 602/2020 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(006)-583/2019 saylı qətnaməsi maddi zərərin tutulması hissəsində dəyişdirilərək, Cavabdeh-dən maddi zərərin əvəzi olaraq 1400 manat məbləğində pulun alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(103)-602/2020 saylı qətnaməsinin ləğv edilməsini və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(006)-583/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qətnamədən eyni zamanda Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(103)-602/2020 saylı qətnaməsinin tələbin qismən təmin edilən hissədə ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05.04.2021-ci il tarixli, 2(102)- 2458/2021 saylı qərarı ilə, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-602/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsi iddia tələbinin cərrahiyə əməliyyatları və implant dişlərin qoyulması üçün 35000 manat pulun təmin olunmaması hissəsində ləğv edilməsi və mülki işə həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh-nin vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissədə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, mübahisələndirilən hissədə rayon məhkəməsinin qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin “cərrahiyə əməliyyatları və implant dişlərin qoyulması üçün 35000 manat pulun tutulmasının” qismən təmin edilən hissəsində qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya ilk olaraq qeyd edir ki, kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh klinikada iddiaçının yalnız 23-24-cü dişlərin plomblanması təsdiq olunur. Belə ki, bu hal iddiaçının adına olan tibbi kitabçada qeyd olunmuşdur. Digər dişlərin cavabdeh klinikada plomblanması isə hər hansı sübutla təsdiq olunmur. Çünki iddiaçı tərəfindən bunu təsdiq edən sübutlar təqdim edilməmişdir. Ona görə də, məhkəmə dişlərin implantasiyasının orta qiymətinin 700 manat olması nəzərə alınmaqla 1400 manat məbləğində pul vəsaitinin tutulmasını qət etmişdir. Lakin məhkəmə bu nəticəyə gələrkən işdə olan sübutları MPM-nin 88-ci maddəsinin tələblərinə uyğiun olaraq qiymətləndirməmişdir. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sübut kimi qəğul etdiyi İddiaçı adına Cavabdeh-də 11 avqust 2017-ci il tarixdə tərtib edilmiş 78 nömrəli Tibbi kitabçanın surəti MMC-nin direktorunun tarixsiz və nömrəsiz məktubu apellyasiya məhkəməsinə göndərilmiş, həmin sənədlərin məhkəməyə daxil olması 03 mart 2020-ci il tarixdə qeydə alınmışdır. Lakin bu sənədlər əlavə tibbi ekspertizaya təqdim olunmamış, ekspert tədqiqatının obyekti olmamışdır. Birinci instansiya məhkəməsində işə baxılan cavabdeh MMC nümayəndə vasitəsilə təmsil olunmuş, nümayəndə məhkəmə iclaslarında iştirak etmiş və yazılı etiraz da təqdim etmişdir. Nümayəndə həm yazılı etirazında, həm də izahatında iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinin İddiaçı “Stom Klinika”da müayinəsi və müalicəsini əks etdirən sənədlərin tədqiq edilməməsi əsası ilə natamamlığını irəli sürmüş, lakin həmin sənədləri məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi İddiaçı adına cavabdeh MMC-də tərtib edilmiş Tibbi kitabçanı əsas sübutlardan biri kimi qəbul edərkən göstərilən halları nəzərə almamış, həmin kitabçanın birinci instansiya məhkəməsinə təqdim olunmamasının səbəblərini müəyyən etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinə görə yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarına görə, cavabdeh klinika tərəfindən iddiaçının adına tərtib olunmuş stomatoloji pasiyentin tibbi kitabçasının surətində iddiaçıya aşağıdakı müalicənin aparılması qeyd olunmuşdur: Xəstənin 11, 12, 21, 31-ci dişlərin periondontitin müalicəsi, kanalların beloderlə yuyulması, 23-24-cü dişlərin plomblanması. 11, 12, 21, 31-ci periodontit dişlərin metapeks ilə germetik bağlanması, dişlərin müvəqqəti otuzdurulması. Göründüyü kimi, cavabdeh klinikada iddiaçıya yalnız 23-24-cü dişlərin plomblanması xidməti deyil, eyni zamanda 11, 12, 21, 31ci dişlərin periondontitin müalicəsi, kanalların beloderlə yuyulması, 11, 12, 21, 31-ci periodontit dişlərin metapeks ilə germetik bağlanması, dişlərin müvəqqəti otuzdurulması xidmətləri də göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 Təcrübə və Tədris Birliyi tərəfindən 17.03.2020-ci il tarixli 95 saylı rəyində qeyd edilmişdir ki, “...20.02.2019-cu il tarixdə ATU-nun Tədris-Cərrahiyyə Klinikasında müayinəsi zamanı diş kanallarının natamam və normadan artıq doldurulması nəticəsində dişlərin çəkilməsi və küretajı əməliyyatı icra olunduğu və əməliyyatdan sonrakı rentgenoloji görüntüdə iltihabi prosesə səbəb olan patologiyanın olmaması müəyyən edilmişdir. İddiaçı ATU-nin Stomatoloji Klinikasına 10.03.2018-ci il tarixdə klinikaya müraciət edərkən Kliniki və rentgenoloji müayinələrdən sonra ona “12, 21, 31 dişlərin xroniki periodontiti” diaqnozu qoyulmuş, 12, 21, 31-ci dişlərin ekstraksiyası və ya zirvəsinin rezeksiyası, digər dişlərin isə konservativ müalicəsi təklif olunaraq yerli keyləşdirmə altında həmin tarixdə “31, 32, 33, 34, 41, 42, 43-cü dişlərin ekstraksiyası” və 05.04.2018-ci il tarixdə “11, 12, 13, 15, 16, 17, 21, 23, 24, 26-cı dişlərin ekstraksiyası” əməliyyatı icra olunmuşdur. Apellyasiya baxışı zamanı Azərbaycan Dövlət Tibb Universitetinin Stomatoloji Klinikasının professoru, ağız və üz-çənə cərrahı Çingiz Rəhimovdan mütəxəssis rəyi alınmış və rəydə bildirilmişdir ki, xəstə İddiaçı 10.03.2018-ci il tarixində Tibb Universitetinin Tədris Stomatoloji Klinikasına müraciət etmişdir. Kliniki və rentgenoloji müayinələrdən sonra xəstədə dəfələrlə müalicə olunmuş 11, 12, 13, 15,16, 17, 21, 23, 24, 26, 31,32, 33, 34, 41, 42, 43-cü dişlərin xroniki periodontiti diaqnozu qoyulmuşdur. Bəzi dişlərdə plomb materialı dişlərin zirvəsindən kənarda (çənə sümüyündə) qeyd edilirdi. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi cavabdeh klinikada iddiaçıya yalnız iki dişinin plomblanması deyil, digər xidmətlər də göstərilmiş və işdə olan ekspert və mütəxəssis rəyləri ilə iddiaçının dişində diş kanallarının natamam və normadan artıq doldurulması nəticəsində dişlərin çəkilməsi və küretajı əməliyyatı icra olunduğu və əməliyyatdan sonrakı rentgenoloji görüntüdə iltihabi prosesə səbəb olan patologiyanın olmaması müəyyən edilmişdir. İşdən daha sonra görünür ki, birinci instansiya məhkəməsində işə baxılan zaman məhkəmə-tibbi ekspertizası təyin edilmiş və 12 mart 2019-cu il tarixli 29/KEŞ nömrəli rəy alınmışdır. Həmin rəyə və tərəflərin iş üzrə təqdim etdikləri digər sübutlara əsasən məhkəmə iddianı qismən təmin edərək, Cavabdeh-dən vurulmuş maddi ziyana görə 15000 manat, mənəvi zərərə görə 1000 manat, cəmi 16000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsini qət etmişdir. Apellyasiya instansiyası məhkəməsi göstərilən rəylə razılaşmamış, öz təşəbbüsü ilə əlavə məhkəmə-tibbi ekspertizası təyin etmiş, bunu onunla əsaslandırmışdır ki, ekspertiza keçirilən zaman iddiaçının cavabeh Cavabdeh-də müayinə və müalicəsi ilə bağlı tərtib edilmiş tibbi sənədlər təqdim edilməmiş, bu da ekspert rəyinin natamamlığına səbəb olmuşdur. İşə apellyasiya məhkəməsində baxılarkən cavabdeh tərəf İddiaçı “Stom Klinika”da müayinəsi və müalicəsini əks etdirən bir ədəd DVD-R diski təqdim edilmişdir. Həmin disk tədqiq edilməklə əlavə ekspertiza keçirilməli və rəy verilməlidir. Lakin əlavə tibbi ekspertizasının rəyində yenə də iddiaçının cavabdeh klinikada müayinəsi və müalicəsi, bunun İddiaçı ağız boşluğunda, dişlərində baş vermiş fəsadlarla səbəbli əlaqənin olub-olmaması ilə bağlı sualları cavablandırmamış, ekspertlər bunu cavabdeh klinikada İddiaçı adına hər hansı tibbi sənədin tərtib edilməməsi ilə əlaqələndirmişdir. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, hər iki ekspertizanın natamamlığının (bütün suallar cavablandırılmayıb) səbəbi cavabdeh MMC tərəfindən iddiaçının müayinəsi və müalicəsi barədə tibbi sənədlərin tərtib olunmaması və ya vaxtında məhkəməyə təqdim edilməməsi olmuşdur ki, cavabdehin bu hərəkətsiziyi də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələblərinə zidd olmuşdur. Həmin maddəyə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları tam, hərtərəfli və obyektiv tətqiq etməyərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. İddiaçı kassasiya şikayətində qətnamənin ləğv edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdiyindən onun kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası cavabdeh kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Cavabdeh kassasiya şikayətində göstərmişdir ki, ilkin müayinə zamanı iddiaçının dişlərində peridontitin olduğu müəyyən edilmiş və ona dişlərin qapaqlarının sökülməsi və diş köklərinin müalicəsi təklif edilmişdir ki, gələcəkdə protezin altında qalan diş kökləri ağrı verməsin. İddiaçının yalnız 2 dişinin müalicəsi Stom Klinikada aparılmış və həmin dişlərə müvəqqəti plomb qoyulmuşdur. Lakin birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində cavabdehin nümayəndəsi izahat verərək göstərmişdir ki, iddiaçının 4 ədəd xroniki periodontit diaqnozu qoyulan dişi kanalların yuyulması üsulu ilə müalicə olunmuş, germetiklə bağlanmış, müvəqqəti dişlər otuzdurulmuş, həmçinin 2 ədəd dişi plomblanmışdır. Bundan başqa iş materialarında olan ekspert və müətəxəssi rəyləri ilə iddiaçının iki dişində deyil, digər dişlərində də nöqsanların olduğu müəyyən edilmişdir. Görünüyü kimi, cavabdehin kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmır, ziddiyətlidir. Qeyd olunan halları və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə maddi ziyanın təmin edilməməsi hissədə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmçin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya EET Birliyinin 29/KEŞ saylı 12.03.2019-cu il tarixli canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1962-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq komissiya aşağıdakı nəticəyə gəlir: 1.2.3. İddiaçı adına “Stom Klinika”da hər hansı tibbi sənəd tərtib edilmədiyindən, ona təyin edilmiş diaqnoz aparılmış müayinə, müalicələr və üzərində icra edilmiş stomatoloji prosedurlar haqqında fikir söylənilməsi mümkün olmamışdır. Lakin aparılmış mütəxəssis müayinəsi zamanı xəstənin ağız boşluğunda stomatoloji manipulyasiyaların icra olunduğu müəyyən edilmişdir. 4. İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsasən, hal-hazırda onda aparılmış ilkin stomotoloji müayinə və müalicələr zamanı dişlərin kanallarının natamam, normadan artıq doldurulması nəticəsində dişlərin çəkilməsinə və kuretaj əməliyyatının icra olunmasına səbəb olmuşdur. Hazırda İddiaçı yenidən cərrahiyyə əməliyyatının icrasına ehtiyac olmasa da, çənələrdə distal implantasiyaların aparılmasına zərurət vardır. Müalicələrlə əlaqədar hansı vəsaitin tələb olunduğu məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. 5. İddiaçı “STOM Klinika”da göstərilmiş tibbi yardımlardan sonra onun sağlamlığında yaranmış digər şikayətlər (yuxarı və aşağı ətraflarda, ürək nahiyyəsində olan ağrılar, yuxusuzluq və əsəbilik) subyektiv xarakter daşıdığından həmin şikayətlərin obyektiv olaraq qiymətləndirilməsi mümkün olmamışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh MMC nümayəndə vasitəsilə təmsil olunmuş, nümayəndə məhkəmə iclaslarında iştirak etmiş və yazılı etiraz da təqdim etmişdir. Nümayəndə həm yazılı etirazında, həm də izahatında iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinin İddiaçı “Stom Klinika”da müayinəsi və müalicəsini əks etdirən sənədlərin tədqiq edilməməsi əsası ilə natamamlığını irəli sürmüş, lakin həmin sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf İddiaçı adına Cavabdeh-də 11 avqust 2017-ci il tarixdə tərtib edilmiş 78 nömrəli Tibbi kitabçanın surətini MMC-nin direktorunun tarixsiz və nömrəsiz məktubu əsasında apellyasiya məhkəməsinə göndərmiş, həmin sənədlərin məhkəməyə daxil olması 03 mart 2020-ci il tarixdə qeydə alınmışdır. Lakin bu sənədlər əlavə tibbi ekspertizaya təqdim olunmamış, ekspert tədqiqatının obyekti olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinə görə yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Prosessual Qanunvericiliyin qeyd olunan tələbinə əsasən kollegiya Cavabdeh-də 11 avqust 2017-ci il tarixdə tərtib edilmiş 78 nömrəli Tibbi kitabçanın surətini apellyasiya mərhələsində yeni sübut kimi qiymətləndirərək, qəbul edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 Təcrübə və Tədris Birliyi tərəfindən 17.03.2020-ci il tarixli 95 saylı rəyində qeyd edilmişdir ki, “...20.02.2019-cu il tarixdə ATU-nun Tədris-Cərrahiyyə Klinikasında müayinəsi zamanı diş kanallarının natamam və normadan artıq doldurulması nəticəsində dişlərin çəkilməsi və küretajı əməliyyatı icra olunduğu və əməliyyatdan sonrakı rentgenoloji görüntüdə iltihabi prosesə səbəb olan patologiyanın olmaması müəyyən edilmişdir. İddiaçı ATU-nin Stomatoloji Klinikasına 10.03.2018-ci il tarixdə klinikaya müraciət edərkən Kliniki və rentgenoloji müayinələrdən sonra ona “12, 21, 31 dişlərin xroniki periodontiti” diaqnozu qoyulmuş, 12, 21, 31-ci dişlərin ekstraksiyası və ya zirvəsinin rezeksiyası, digər dişlərin isə konservativ müalicəsi təklif olunaraq yerli keyləşdirmə altında həmin tarixdə “31, 32, 33, 34, 41, 42, 43-cü dişlərin ekstraksiyası” və 05.04.2018-ci il tarixdə “11, 12, 13, 15, 16, 17, 21, 23, 24, 26-cı dişlərin ekstraksiyası” əməliyyatı icra olunmuşdur. Əvvəlki apellyasiya mərhələsində Azərbaycan Dövlət Tibb Universitetinin Stomatoloji Klinikasının professoru, ağız və üz-çənə cərrahı Çingiz Rəhimovdan mütəxəssis rəyi alınmış və rəydə bildirilmişdir ki, xəstə İddiaçı 10.03.2018-ci il tarixində Tibb Universitetinin Tədris Stomatoloji Klinikasına müraciət etmişdir. Kliniki və rentgenoloji müayinələrdən sonra xəstədə dəfələrlə müalicə olunmuş 11, 12, 13, 15,16, 17, 21, 23, 24, 26, 31,32, 33, 34, 41, 42, 43-cü dişlərin xroniki periodontiti diaqnozu qoyulmuşdur. Bəzi dişlərdə plomb materialı dişlərin zirvəsindən kənarda (çənə sümüyündə) qeyd edilirdi. Göründüyü kimi, cavabdeh klinikada iddiaçıya yalnız iki dişinin plomblanması deyil, digər xidmətlər də göstərilmiş və işdə olan ekspert və mütəxəssis rəyləri ilə iddiaçının dişində diş kanallarının natamam və normadan artıq doldurulması nəticəsində dişlərin çəkilməsi və küretajı əməliyyatı icra olunduğu və əməliyyatdan sonrakı rentgenoloji görüntüdə iltihabi prosesə səbəb olan patologiyanın olmaması müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, əlavə tibbi ekspertizası rəyində yenə də iddiaçının cavabdeh klinikada müayinəsi və müalicəsi, bunun İddiaçı ağız boşluğunda, dişlərində baş vermiş fəsadlarla səbəbli əlaqənin olub-olmaması ilə bağlı sualları cavablandırmamış, ekspertlər bunu cavabdeh klinikada İddiaçı adına hər hansı tibbi sənədin tərtib edilməməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Kollegiya hesab edir ki, hər iki ekspertizanın natamamlığının (bütün suallar cavablandırılmayıb) səbəbi cavabdeh MMC tərəfindən iddiaçının müayinəsi və müalicəsi barədə tibbi sənədlərin vaxtında tərtib olunmaması və məhkəməyə təqdim edilməməsi olmuşdur ki, cavabdehin bu hərəkətsiziyi də ekspertiza təyin edilən faktın təsdiq olunmuş hesab edilməsi qənaətinə gəlməyə əsas verir. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh kassasiya şikayətində göstərmişdir ki, ilkin müayinə zamanı iddiaçının dişlərində peridontitin olduğu müəyyən edilmiş və ona dişlərin qapaqlarının sökülməsi və diş köklərinin müalicəsi təklif edilmişdir ki, gələcəkdə protezin altında qalan diş kökləri ağrı verməsin. İddiaçının yalnız 2 dişinin müalicəsi Stom Klinikada aparılmış və həmin dişlərə müvəqqəti plomb qoyulmuşdur. Lakin birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində cavabdehin nümayəndəsi izahat verərək göstərmişdir ki, iddiaçının 4 ədəd xroniki periodontit diaqnozu qoyulan dişi kanalların yuyulması üsulu ilə müalicə olunmuş, germetiklə bağlanmış, müvəqqəti dişlər otuzdurulmuş, həmçinin 2 ədəd dişi plomblanmışdır. Göründüyü kimi, cavabdeh tərəfin dəlilləri tamamilə ziddiyyətlidir. Kollegiya qeyd edir ki, iş materialarında olan ekspert və müətəxəssi rəyləri ilə iddiaçının iki dişində deyil, digər dişlərində də nöqsanların olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriyakurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Beləliklə tədqiq edilmiş sübutlar əsasında kollegiya hesab edir ki, cavabdeh klinikada iddiaçıya yalnız iki dişinin plomblanması deyil, digər xidmətlər də göstərilmiş və işdə olan ekspert və mütəxəssis rəyləri ilə iddiaçının dişində diş kanallarının natamam və normadan artıq doldurulması nəticəsində dişlərin çəkilməsi və küretajı əməliyyatı icra olunduğu müəyyən olunmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehə məxsus klinika tərəfindən iddiaçıda stomotoloji müayinə və müalicələrin düzgün aparılmaması, dişlərin kanalları natamam və normadan artıq doldurulması, nəticədə iddiaçıda 17 ədəd dişin çəkilməsi və kuretaj əməliyyatının icra olunmasına səbəb olması, iddiaçıda çənələrdə distal implantasiyaların aparılmasına ehtiyac yaranması ilə bağlı düzgün nəticəyə gəlmişdir. "xxxx" MMC tərəfindən X2 ünvanlanmış məktubdan görünür ki, o, həkim-stomatoloqun müayinəsinə müraciət etmişdir. Rentgenoloji müayinə və ağız boşluğun müayinəsi sonrası pasientə implantasiya əməliyyatı təklif olunmuşdur. Alt və üst çənədə MİS C1 (İzrail) firmasına məxsus toplam olaraq 16 ədəd dental implant (dəyəri 11.200 AZN) və üzərinə 36 ədəd zirkonyon kronlar (dəyəri 16000 AZN) təklif olunmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə zərərin vurulması ilə bağlı düzgün nəticəyə gəlsə də, 15000 manat zərərin məbləğini düzgün müəyyən etməmişdir. Buna görə də, qətnamə həmin hissədə dəyişdirilməli, bir dişin implantasiyasının orta qiyməti 700 manat nəzərə alınmaqla, mübahisələndirilən hissədə zərər 17 diş üçün 11900 manat müəyyən edilməlidir. Həmçinin mübahisələndirilən hissədə zərərin 11900 manat müəyyən edilməsi, cəmi məbləğə təsir göstərdiyindən, cəmi məbləğ dəyişdirilərək, 12900 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Nəsimi rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(006)-583/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin, maddi zərər 11900 (on bir min doqquz yüz) manat məbləğində müəyyən edilsin. Qətnamə cəmi məbləğ hissədə dəyişdirilsin, cəmi məbləğ 12900 (on iki min doqquz yüz) manat məbləğində müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar