Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5499/2025 03.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-3068/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)- 10228/2016 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cəmi 164.313,84 ABŞ dolları (yüz altmış dörd min üç yüz on üç ABŞ dolları səksən dörd sent) məbləğində kredit borcu ödəniş günü Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələb üzrə tutmanın cavabdeh X5 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsində istifadədə olan 0.0221 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 5 otaqlı, 79.0 kv.m yaşayış 90.3 köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinə və X4 məxsus olan ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın 8-ci girişində 9-cu mərtəbəsində yerləşən 2 otaqlı mənzilinə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması qət edilmişdir.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-115/2022 nömrəli hökmü ilə müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işi üzrə Elmira Həşimova zərərçəkmiş şəxs qismində tanınmışdır. Hökm ilə zərərçəkmiş şəxsin hüquqi varisi-mülki İddiaçı təqsirləndirilən şəxs-mülki Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi barədə mülki iddiası baxılmamış saxlanılmış və mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
3. Hökmə əsasən Cavabdeh tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2007-ci ildə tanış olduğu X2 ünvan 2 ünvanındakı mənzilin və X5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsində yerləşən 8 nömrəli evin sənədlərini banka təqdim etmiş, bank tərəfindən Elmira Həşimovanın evi 68.090 manat, Sahib Əsədovun evi isə 85.000 manat qiymətləndirilmiş və bunların müqabilində o, məzənnəsi 153.090 manat olmaqla 180.000 ABŞ dolları krediti öz adına götürərək aldığı pulun məbləğini bildirmədən həmin puldan 22.000 manatını Sahib Əsədova vermiş, həmin dövr üçün milli valyuta ilə 5.460 manat təşkil edən 7.000 ABŞ dolları məbləğində pulu X8. Qızına vermiş, qalan pulu isə özündə saxlamış, sonuncu həmin məbləğdə pulun kreditini Cavabdeh vasitəsilə banka tam ödəmiş, bundan sonra 2010-cu ilin sentyabr ayında Elmira Həşimova evinin sənədlərini bankdan götürməyi tələb edərkən o, guya bankdan evin girovdan çıxarılması üçün sənədlərə imza etmək lazım olması adı ilə təkrar Elmira Həşimovanı aldadaraq, xx.xx.2010-cu il tarixdə bankın filialına gətirib sonrakı ipoteka müqaviləsinə imza etdirərək, hər iki evi yenidən ipoteka ilə yüklü etdirməklə 260.000 ABŞ dolları kredit vəsaitinin götürülməsini rəsmiləşdirmiş, cəmi 208.988 manat pulu öz şəxsi ehtiyacları üçün sərf etmiş, aldığı kredit üçün bank qarşısında yaranmış öhdəliyə görə girovda qalması ilə nəticələnən hərəkətlər etməklə zərərçəkmiş Elmira Həşimovaya cəmi 68.090 manat, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-788/2023 nömrəli qərarı ilə məhkum edilmiş şəxslərin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ona cəza təyin edilməmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 68.090 manat məbləğində maddi, 50.000 manat məbləğində mənəvi ziyanın, cəmi 118.090 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı yuxarıda göstərilən işin hallarına istinad etməklə iddia tələbini onunla əsaslandırmışdır ki, nə qədər ki, cavabdeh məhkəmə aktlarına əsasən təqsirli bilinmişdir, o zaman cinayət işi üzrə zərərçəkmiş kimi tanınmış E.Həşimovaya, habelə onun hüquqi varisi kimi iddiaçıya vurulmuş 68.090 manat məbləğində maddi ziyan məhkəmə qətnaməsi əsasında cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, cavabdeh qanunsuz əməlləri nəticəsində iddiaçıya həm də mənəvi ziyan vurulmuşdur. Belə ki, iddiaçı hüquqlarının bərpası üçün uzun müddət ərzində müxtəlif hüquq mühafizə orqanlarına müraciət etməyə, dəfələrlə cinayət işi üzrə ifadə verməyə, cavabdehin cinayət məsuliyyətinə cəlb olunması və onun tərəfindən vurulmuş ziyanın bərpası məqsədilə vəzifəli şəxslərin qəbuluna düşməyə, onun barəsində olan cinayət işi üzrə saysız məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə aktından şikayət təqdim etməyə məcbur olmuşdur. Buna baxmayaraq, cinayət işinə baxan məhkəmə nəinki cavabdehə cəza təyin etməmiş, hətta təqdim etdiyi mülki iddianı belə təmin etməmişdir. Bundan başqa, cavabdeh mərhum anasını aldadıb mülkiyyətində olan mənzilini ipoteka ilə yüklü etmək əvəzinə kredit təşkilatından götürdüyü böyük məbləğdə kredit borcunu qaytarmadığına görə sözügedən mənizi məhkəmə aktlarına əsasən "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir. Bu məsələlərlə bağlı saysız məhkəmə iclaslarında iştirak etməyə məcur olmuş, bununla belə, yenə də, onlara vurulmuş maddi ziyandan qurtula bilməmiş, hal-hazırda iddiaçının və ailə üzvlərinin yeganə yaşayış yeri olan mənzili tərk etməyə məcbur olmuşdur. Qeyd olunanlar o nəticəyə gəlməyə əsas verir ki, cavabdehin”qanunsuz əməlləri nəticəsində düçar olduğu maddi ziyan həm də iddiaçıya vurulmuş mənəvi ziyan ilə nəticələnmişdir. Cavabdehin onlara qarşı törətdiyi cianyət əməli, vurduğu maddi ziyan səbəbindən uzun müddət davam edən sarsıntı və əzab içindədir. Mənəvi sarsıntı və əzab keçirməyi nəticəsində fikirlərini toplayıb gündəlik işi ilə məşğul ola bilmir, gecələr rahat yatmağa, fikirlərini toplamqda çətinlik çəkir. Bütün bunlara səbəb Cavabdeh anasına, iddiaçıya qarşı, habelə ailənin yeganə yaşayış yeri olan mənzillə bağlı törətdiyi qanunsuz hərəkətləri olmuşdur.
7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)- 3068/2025 nömrəli qətnaməsi ilə (hakim A.A.Paşayeva) iddia qismən təmin edilmiş, Cavabdeh 68.090 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, təqsirli olaraq törədilmiş hüquqa zidd hərəkət nəticəsində vurulan zərər ödənilməlidir. Hazırki işdə İddiaçı tərəfindən onlara dəymiş 68.090 manat məbləğində ziyanın məhz cavabdehin təqsirli və hüquqa zidd hərəkətləri nəticəsində dəyməsini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmaqla, iddia tələbinin həmin hissəsinin qanuni və əsaslı olduğu sübuta yetirilmişdir.
9. İddiaçı cavabdehdən 50.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə tələbini əsaslandırmaq üçün fıziki və mənəvi sarsıntılar keçirməsini, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliyi ilə vurulmuş mənəvi zərər arasında səbəbli əlaqənin olmasını sübut etməlidir. Lakin o, məhkəməyə belə bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəlmişdir ki, 50.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələrinə, Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2022-ci il tarixli Qərarına, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci və 8-ci bəndlərinə, Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında heç bir öhdəlik mövcud olmamışdır. Məhkəmə İddiaçının hüquqi varisi yox, birbaşa iddiaçı qismində tanımışdır. Məhkəmə heç bir əsas gətirmədən belə qənaətə gəlib ki, əgər cinayət işində zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdırsa şəxs artıq özü iddiaçı ola bilər. Halbuki, bu belə deyildir. Hazırkı mərhələdə iddia məhrumun adından hüquqi varisliyi sübut edən sənədlərlə qaldırılmalı idi. Məhkəmə işi düzgün araşdırılması üçün cavabdehə bildiriş və cavabdehin yaşadığı ünvana iddia və bildirişlər göndərməmişdir. Məhkəmə ona əsaslanmışdır ki, iddiaçı ilə cavabdeh bir birilərini hökmə görə tanımışlar. Halbuki, bir-birini tanımaq insanlar arasında öhdəlik yaratmır. Məhkəmə iddiaçının vərəsəlik haqqında şəhadətnamə təqdim etməməsinə baxmayaraq qanunsuz olaraq həmin şəxsi iddiaçı kimi qəbul etmişdir. Halbuki, mülki işdə ölmüş tərəfin hüquqi varisinin iddia qaldırmaq hüququnu ancaq və ancaq vərəsəlik haqqında şəhadətnamə təsdiq edir. Belə bir şəhadətnamə olmadan iddiaçının iddia qaldırmaq hüququ yoxdur. O cümlədən, məhkəmə cavabdehi çağırıb onun iddiaya baxılmasına münasibətini, iddia müddətininin tətbiqi barədə ərizə verib-verməməsinə imkan yaratmamışdır. Halbuki, məhkəmənin istinad etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, cavabdeh iddia ilə bağlı özünü təqsirli bilməmiş, Elmira Həşimova ilə bağlı epizod üzrə ifadəsində göstərmişdir ki, ifadəsində bildirdi ki, onun kiçik biznes krediti olmuşdur. Bir dəfə Rafiq adlı tanışı ona yaxınlaşaraq, onun bankda işlədiyini və bankdan kredit götürmək lazım olduğunu bildirmişdir. O, bankın müdirinə zəng etmiş, onlar özləri gedib müstəqil şəkildə Nümayəndə adına 22.000 manat kredit götürmüş və anası Elmira Həşimovanın evi girov qoyulmuşdur. Bir müddət krediti özləri ödədikdən sonra yenə də Rafiq adlı tanışı, Elmira xala və sonuncunun oğlu Cahid onun mağazasına gəlmiş və ona işləri düşdüklərini bildirmişlər. Onlar kreditin ödənilməsində çətinlik çəkdiklərini bildirib kömək istəmişlər. O, özünün 210.000 manat kredit götürdüyünü deyərək, onlara banka müraciət etmələrini məsləhət görmüşdür. Həmin vaxt bank ona 180.000 manat kredit ayırmışdır. Onlar banka getdikdən sonra bankda həmin şəxslərə "Mətləb kredit götürüb, gedin girovlarınızı onun girovu ilə birləşdirin, vaxtınız uzansın" demişlər. Çünki Nigar xanımın İranda 12 krediti olmuş və anası ona İranda Nigarın incidildiyini demişdir. Elmira xala onların da evini kreditə əlavə etməsini və bir az da əlavə onlara pul verməsini xahiş etmişdir. Bu yolla onlar ikinci dəfə 22.000 manat kredit götürüb öz girovlarını onun girovuna qoşmuşlar. Həmçinin həmin girovlarda qardaşının, əmisi oğlunun və servis sahibinin də krediti olmuşdur. Həmin vaxt Elmira xalanın banka 30.202 dollar borcu olmuşdur. Dörd ev girovda birləşdirilib 180.000 dollar pul götürülmüşdür. Pulu götürəndə Elmira xala ağlamış, Cahidin bilməməsini istəmiş və Nigarın İranda vəziyyətinin yaxşı olmadığını bildirmiş və 7.000 dollar da əlavə pul istəmişdir. O, Elmira xalanın vəziyyətinin ağır olduğunu görüb mağazası işləyəcəyi halda köməklik edəcəyini bildirmişdir. Buna görə də Nigar hər dəfə İrandan gələndə ona, həyat yoldaşına və uşaqlarına hədiyyə gətirmişdir. Sonra bank yenə də ona 260.000 dollar kredit ayırmışdır. O, Elmira xalanı çağırmış və borclarının qaldığını bildirmiş, borc müqaviləsi bağlamasını istəmişdir. Onlar hara lazımdırsa imza edəcəklərini, kreditinin uzanmasını istədiklərini və borc müqaviləsindən başlarının çıxmadıqlarını bildirmişdir. 260.000 dolları götürən zaman Cahid, Rafiq dayı və Elmira xala yenə onunmağazasına gəlmiş, onların 11.000 dollar borclarınını qaldığını hesablamışlar. O, Elmira xalaya 11.000 dolların bank faizlərinin onlardan alınmayacağını, özünün ödəyəcəyini bildirmişdir. Elmira xala Cahidin bilməməsini istəmiş və 260.000 dollardan aldığı kreditdən onlara sabaha 16.000 dollar pul lazım olduğunu, Nigarın İrandan Azərbaycana buraxılmadığını, bunları Cahidin bilməməsini, Cahidlə Nigarın arasında münaqişənin olduğunu bildirmişdir. O, Elmira xalaya 16.000 dollar pul vermişdir. Onların hazırda banka 30.202 ABŞ dollar borcları var, bank 25.000 dollar veriləcəyi halda, evi girovdan azad ediləcəyini deyir. 260.000 ABŞ dollar puldan onlara cəmi 16.000 dollar pul verilmişdir. Bunun müqabilində 7.000 dollar pul ödənilmişdir. Qeyd olunan epizod üzrə proses iştirakçılarının suallarını cavablandıran təqsirləndirilən şəxs Cavabdeh zərərçəkmiş şəxs Elmira Həşimovaya 68.000 manat ziyan vurulması iləbağlı onun heç bir rolunun olmadığını, həmçinin zərərçəkmişin bankdan 10.000 dollar pul götürməsinin ona aidiyyəti olmadığını, özünün sadəcə bankdan onlara kredit verilməsini xahiş etdiyini, krediti isə onların özlərinin gedib götürdüklərini, Elmira Həşimovanın evini ikinci dəfə banka girova qoymadığını, o, Elmiragili Rafiq dayı adlı tanışının vasitəsi ilə tanıdığını, evlərin 2008-ci ildə girov qoyulduğunu, Elmiragilin ilk kreditdən təxminən 7-8 ay sonra təkrar ona müraciət etdiklərini, ona ayrılmış 180.000 dollar puldan onlara 7.000 ABŞ dolları çatdığını, ayda 1.100 ABŞ dolları ödəməli olduqlarını, kreditin gələcək taleyi ilə bağlı razılaşma olmadığını və həmin vaxt onun şəxsi əmlakının olmadığını bildirdi. Məhkəmə ümümiyyətlə cavabdehin iddiaçıya borcunun olub-olmadığını, idiaçının iddia hüququnun olubolmadığını yoxlamışdır. Cavabdehin iddiaçı qarşısında öhdəliyinin olması sübuta yetirilməmişdir.
13. Cavabdehin nümayəndəsi və vəkili həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə Cavabdeh iştirakının təmin edilməsi, ümumiyyətlə, Cavabdeh olaraq iş barədə məlumat verilməsi vəzifəsini icra etməmiş, işə cavabdehin ünvanına bildiriş göndərmədən cavabdehin məlumatı olmadan baxmışdır. Ona görə də, cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq edilərək iddia müddətinin ötürülməsi barədə ərizə vermək imkanından məhrum edilmişdir. Birinci instansiya məhkəməsindəki icraatdan cavabdehin hər-hansı məlumatı olmadığından və işə faktiki olaraq cavabdehə heç bir məlumat verilmədən baxıldığına görə hazırkı ərziəni yəni iddia müddətinin tətbiq edilərək iddia müddətinin keçməsinə görə iddianın təmin edilməməsi barədə ərizəni apelyasiya instansiyasına verməkdə cavabdeh tam haqlıdır. İddiaçı pul tələbinə dair iddia qaldırmışdır. İddiada bildirildiyinə görə guya cavabdeh anasının pulunu 2008-ci ildə ələ keçirmişdir. Qeyd edilməlidir ki, iddiaçı cinayət mühakimə icraatında iddia qaldırsa da, iddia baxılmamış saxlanılmış, cavabdeh həmin hökmdən apelyasiya şikayəti verməmişdir. Pul tələbinə dair iddialarda iddia müddəti 3 ildir. Hazırkı iddia iddia müddəti keçirilməklə verildiyindən, iddia müddəti tətbiq edilməli və iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini və iddia müddətinin tətbiq edilməsi barədə ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini və iddia müddətinin tətbiq edilməsi barədə ərizəni qəbul etməyərək etirazını bildirdi və təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia qismən təmin edildiyindən, apellyasiya şikayətində cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
23. İşdə olan cinayət işi üzrə qanuni qüvvəsini almış məhkəmə aktı ilə cavabdehin iddiaçının anası Elmira Həşimovaya mülki hüquq pozuntusu nəticəsində 68.090 manat məbləğində ziyan vurması müəyyən edilir.
24. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən öhdəlik zərər vurulması nəticəsində də əmələ gəlir. Delikt nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək üçün müəyyən edilmiş iddia müddəti 10 il təşkil edir.
25. Cavabdeh hazırda iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddiaçı tərəfindən vaxtında tələb irəli sürülmədiyindən iddia müddətinin ötürüldüyünü bildirir.
26. Kollegiya ilk növbədə qeyd edir ki, iddia müddətinin tətbiqi barədə ərizə yazılı formada məhkəmə qərarı çıxarılanadək bilavasitə birinci instansiya məhkəməsinə verilməlidir və belə bir ərizə apellyasiya instansiyası məhkəməsinə o halda verilə və ərizə o halda qəbul edilə bilər ki, mübahisə tərəfinin həqiqətən birinci instansiya məhkəməsi tərəfindən işə baxılmasında iştirakı təmin edilməsin və ya tərəf həmin ərizənin birinci instansiya məhkəməsinə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın və bu barədə məhkəməyə lazımi sübutlar təqdim etsin. Həmçinin, sözügedən ərizə iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.
27. İşdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən iştirak etməmişdir.
28. Kollegiya ərizəyə münasibətdə qeyd edir ki, "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi və s. tələbinə dair iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-10228/2016 nömrəli qətnaməsi ilə tutmanın X4 məxsus olan mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və s. qət edilmiş, iddia müddətinin axımı həmin tarixdən başlanmışdır. Belə ki, həmin vaxt iddiaçı tərəf hüquqlarının pozulduğunu bilmiş, hazırki iddia isə 10 illik iddia müddəti ötürülmədən məhkəməyə təqdim edilmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı).
30. Kollegiya hesab edir ki, iddiaçı vərəsəlik şəhadətnaməsi olmadan da X2 birinci növbəli vərəsəsi kimi hazırki iddianı qaldırmaqda haqlı olmuşdur.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)- 3068/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən cavabdeh tərəfindən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: