Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-55/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, 52 859,07 manat əsas, 2984,78 manat faiz borcu olmaqla cəmi 55 843,85 manat borcun, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 77,7 m2 ümumi, 39,5 m2 yaşayış, 38,2 m2 yardımçı sahədən ibarət 34 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 130 000 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı ASC-yə ödənilməsi, əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh3 mənzildən çıxarılmaları və mənzilin boşaldılması, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, mübahisəyə aidiyyatı olmayan müxtəlif məsələləri sadalamaqla yanaşı, işə cavabdehlərin iştirakı olmadan baxıldığı, maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğu, ipoteka predmetinin real dəyərindən ucuz qiymətləndirildiyi, ümumiyyətlə, ipoteka predmetinə qətnamənin icrası mərhələsində qiymət qoyulmalı olduğu, faiz borcunun düzgün hesablanmadığı arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi isə şikayətin formal verildiyini və əsassız olduğunu bildirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin “52 859,07 manat əsas, 2984,78 manat faiz borcu olmaqla cəmi 55 843,85 manat borcun, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 130 000 manat müəyyən edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi” hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı bank mübahisələndirməmişdir; Cavabdeh1 isə şikayətində qətnamənin ləğvini xahiş etsə də, onun bu xahişinə yalnız mənafeyinə toxunan hissənin yoxlanılması çərçivəsində qiymət verilə bilər. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya, ipoteka qoyana və ipoteka predmetinə müəyyən hüquqları olan şəxslərə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, əsas borclunun əsasən borcun məbləği və ipoteka predmetinin qiyməti ilə bağlı şikayətinə əsasən qətnamənin bilavasitə ipoteka qoyanın və ipoteka predmetinə müəyyən hüquqları olan şəxslərin mənafeləri ilə bağlı hissələrdə yoxlanılması sonuncuların hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Beləliklə qətnamənin, iddia tələbinin təmin edilməyən, eləcə də “tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 77,7 m2 ümumi, 39,5 m2 yaşayış, 38,2 m2 yardımçı sahədən ibarət 34 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı ASC-yə ödənilməsi, əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh3 mənzildən çıxarılmaları və mənzilin boşaldılması” ilə bağlı hissələri hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə Cavabdeh1 mübahisələndirdiyi hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunan hallarına görə, 24 may 2017-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 şəxsi istehlak məqsədilə illik 20 faiz ödəmək şərtilə 36 ay müddətinə 75 000 manat kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 77,7 m2 ümumi, 39,5 m2 yaşayış, 38,2 m2 yardımçı sahədən ibarət 34 saylı mənzil ipotekaya qoyularaq bununla bağlı adı çəkilən şəxslə bank arasında 24 may 2017-ci il tarixdə sonrakı ipoteka müqaviləsi bağlanmış, ipoteka predmeti 110 000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı bank 06 dekabr 2018-ci il tarixindək Cavabdeh1 52 859,07 manat əsas, 4970,72 manat faiz borcunun olduğunu irəli sürərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, apellyator isə kredit borcunun mövcudluğunu inkar etməyərək, faktiki olaraq yalnız borc məbləğini və ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Kollegiya, apellyatorun borcun məbləğinin düzgün hesablanmamış olması ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə isə iddiaçı bankın tələb etdiyi məbləğlər dəqiqləşdirilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İpoteka predmetinin qiymətinin düzgün müəyyənləşdirilmədiyi və ümumiyyətlə əmlaka icra mərhələsində qiymət qoyulmalı olduğu barədə apellyatorun dəlillərinə münasibətdə kollegiya aşağıdakıları qeyd edir: “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndiricinin rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 77,7 m2 ümumi, 39,5 m2 yaşayış, 38,2 m2 yardımçı sahədən ibarət 34 saylı mənzilin bazar qiyməti 130 000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Qiymətləndirmə rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamış, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini ipotekaqoyanın mənafeyinə daha uyğun olan və onun özünün təxminən 2 il əvvəl (işə baxıldığı dövrdə) razılaşdığı likvid dəyəri əsas götürməklə müəyyənləşdirmişdir. Kollegiya onu da qeyd edir ki, iddiaçı bank qətnamədən şikayət vermədiyindən, əmlaka qoyulan qiymətin likvidlik meyarı əsas götürülməməklə müəyyənləşdirilmiş olması məsələsi apellyasiya baxışının həddindən kənarda qalır. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı gəldiyi nəticəni də qanuni hesab edir; apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatora aid olunmalıdır. İşə iştirakı olmadan baxılması və prosessual hüquqlarının pozulması barədə apellyatorun irəli sürdüklərini də kollegiya əsassız hesab edir; çünkü iş materiallarından görünür ki, o şəxsən özü və digər Cavabdeh2 məhkəmənin 06.12.2018-ci il tarixdə keçirilən iclasında iştirak etmiş və borcun məbləği ilə razılaşmadığını bildirərək ekspertiza təyin olunmasını istəmiş, ekspertiza tədqiqatından sonra təyin olunan iclasa gəlməmişdir; məlumatlı olduğu icraatın sonrakı mərhələsində iştirak etməməsinin məsuliyyətini isə cavabdeh özü daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 387.1ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, bankın kredit müqaviləsindən irəli gələn hüquqları Cavabdeh1 heç bir sübuta əsaslanmayan formal mülahizələrinə görə xələl görə bilməz və birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-631/2019 saylı iş üzrə 21 avqust 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 mübahisələndirdiyi hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-55/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-55/2022
13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver