Məhkəmə qərarları › İş №2(103)-550/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-550/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-550/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqavilələri üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli 2(011)-741/2017 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 02 fevral 2013-cü il tarixli 18/13 saylı kredit müqaviləsinə əsasən 30 sentyabr 2016-cı il tarixinə olan 277799,50 manat əsas borc, 131723,50 manat faiz borcu, 64588,50 manat cərimə borcu olmaqla cəmi 474111,50 manat borcun, 11 yanvar 2013-cü il tarixli 08/13 saylı kredit müqaviləsinə əsasən ******* manat əsas borc, 490595,56 manat faiz borcu, 248116,25 manat cərimə borcu olmaqla cəmi 1749711,81 manat borcun, 09 iyul 2013-cü il tarixli 146/13 saylı kredit müqaviləsinə əsasən ******* manat əsas borc, 1221390,75 manat faiz borcu, 809050,75 manat cərimə borcu olmaqla cəmi 4555441,50 manat məbləğində borcun və ödənilmiş 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Müştərilərə Xidmət Departamenti ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2013-cü il tarixli 18/13 nömrəli kredit müqaviləsinə əsasən illik 15% dərəcəsi ilə 24 ay müddətinə 277800 manat, 11 yanvar 2013-cü il tarixli 08/13 nömrəli kredit müqaviləsinə əsasən illik 15% dərəcəsi ilə 24 ay müddətinə ******* manat, 09 iyul 2013-cü il tarixli 146/13 nömrəli kredit müqaviləsinə əsasən illik 15% dərəcəsi ilə 12 ay müddətinə ******* manat məbləğində kredit verilmişdir. Borcalan tərəfindən kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən müştəriyə təqdim edilmiş ödəniş cədvəli üzrə aparılmalıdır. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və yetirməkdən də imtina etməkdədir. Beləliklə, Cavabdeh müqavilənin bu şərtini pozaraq ödəməli olduğu kredit və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2013-cü il tarixli 18/13 nömrəli kredit müqaviləsinə əsasən 30 sentyabr 2016-cı il tarixə Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-yə əsas borc üzrə 277799,50 manat, faiz borcu üzrə 131723,50 manat, cərimə borcu üzrə 64588,50 manat, cəmi 474111,50 manat, 11 yanvar 2013-cü il tarixli 08/13 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə ******* manat, faiz borcu üzrə 490595,56 manat, cərimə borcu üzrə 248116,25 manat, cəmi 1749711,81 manat, 09 iyul 2013-cü il tarixli 146/13 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə ******* manat, faiz borcu üzrə 1221390,75 manat, cərimə borcu üzrə 809050,75 manat, cəmi 4555441,50 manat məbləğində borcu yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli 2(011)-741/2017 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, cavabdehlə bank arasında 3 kredit müqaviləsi imzalansa da, ekspert rəyində kredit müqavilələrindən birində olan imzanın faksimile üsulu ilə icra edildiyi qeyd edildiyinə əsaslanaraq birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini rədd etmişdir. Belə ki, imzanın faksimile üsulu ilə olması cavabdehin buna iradəsinin olmaması mənasına gəlmir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2019-cu il tarixli 2(103)-14335/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli 2(011)-741/2017 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2020-ci il tarixli 2(102)-2323/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2019-cu il tarixli 2(103)- 14335/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Həmin işə Ali Məhkəmədə baxılarkən hakim Abiddin Hüseynov xüsusi rəydə qalmış və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına əsas olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 25 iyun 2020-ci il tarixli 2(102)-2323/2020 saylı qərarında qeyd etmişdir ki, “... Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış 12 fevral 2013-cü il tarixli 18/13 saylı və 09 iyul 2013-cü il tarixli 146/13 saylı kredit müqavilələri və pulun borc alan Cavabdeh verilməsi barədə kassa məxaric orderləri üzrə tam və hərtərəfli araşdırma aparmamış, iddiaçı tərəfin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair mülki mühakimə icraatının prinsipini diqqətdən qaçırmışdır.” Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermiş və onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh isə apellyasiya şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli 2(011)-741/2017 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmalı, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh adından bağlanmış 11 yanvar 2013-cü il tarixli 08/13 saylı təminatsız bərpa olunmayan Kredit xətti müqaviləsinin surətinə əsasən məlum olur ki, borc verən "xxxx" ASC ilə borc alan Cavabdeh arasında müqavilə bağlanmış, müqavilədə 12 ay müddətinə illik 15% olmaqla ******* manat məbləğində kreditin verilməsi razılaşdırılmışdır. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh adından bağlanmış 12 fevral 2013-cü il tarixli 18/13 saylı təminatsız bərpa olunmayan kredit xətti müqaviləsinin surətinə əsasən məlum olur ki, borc verən "xxxx" ASC ilə borc alan Cavabdeh arasında müqavilə bağlanmış, müqavilədə 12 ay müddətinə, illik 15 % olmaqla 277800 manat məbləğində kreditin verilməsi razılaşdırılmışdır. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh adından bağlanmış 09 iyul 2013cü il tarixli 146/13 saylı təminatsız bərpa olunmayan kredit xətti müqaviləsinin surətinə əsasən məlum olur ki, borc verən "xxxx" ASC ilə borc alan Cavabdeh arasında müqavilə bağlanmış, müqavilədə 12 ay müddətinə illik 15% olmaqla ******* manat məbləğində kreditin verilməsi razılaşdırılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən cavabdehə banka olan borcunun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh banka 11 yanvar 2013-cü il tarixli müqavilə üzrə cəmi 1749711,81 manat, 12 fevral 2013-cü il tarixli müqavilə üzrə cəmi 474111,50 manat, 09 iyul 2013-cü il tarixli müqavilə üzrə 4555441,50 manat borcu vardır. Birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş sənədlərin texniki ekspertizasının 01 mart 2017-ci il tarixli 3897/3690 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş 11 yanvar 2013-cü il tarixli 08/13 nömrəli Təminatsız bərpa olunmayan kredit xətti müqaviləsində “Borc alan” qrafalarında olan imzalar sənəd üzərinə faksimile klişe vasitəsilə əks olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2020-ci il tarixli 2(102)-2323/2020 saylı qərarında qeyd olunan göstərişlərə uyğun olaraq apellyasiya icraatı zamanı təkrarən işə baxılarkən məhkəmə xətşünaslıq və sənədlərin məhkəmə texniki ekspertizaları keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş sənədlərin texniki ekspertizasının 12 mart 2021-ci il tarixli 5/95 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş 12 fevral 2013-cü il tarixli 18/13 saylı və 09 iyul 2013-cü il tarixli 146/13 saylı kredit müqavilələrində olan “Borc alan” qrafasındakı imzalar faksimile klişe vasitəsilə icra olunmuşdur. Tədqiqata təqdim olunmuş 11 yanvar 2013-cü il tarixli 1***-******* kodlu, 12 fevral 2013-cü il tarixli 1***-******* kodlu və 09 oyul 2013-cü il tarixli 1***-******* kodlu kassa məxaric orderlərinin repoqrafik nüsxəsində (kserosurət) olan “Təhvil aldım” qrafasındakı imzaların təsvirləri həmin qəbzlərlə birlikdə çoxaldıcı qurğu vasitəsilə çıxarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının 15 mart 2021-ci il tarixli 4/93 nömrəli rəyindən məlum olur ki, ekspertizaya təqdim edilmiş, "xxxx" ASC ilə Cavabdeh adından olan 12 fevral 2013-cü il tarixli 18/13 saylı və 09 iyul 2013-cü il tarixli 146/13 saylı kredit müqavilələrində “Borc alan” qrafalarında faksimile klişe vasitəsilə icra olunmuş imzalar Cavabdeh tərəfindən icra olunmuş imzanın əksidir. İş materiallarında olan Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış 09 avqust 2017-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində "xxxx" ASC-nin 1 saylı filialına qoyulmuş depozitlərin və filialda olan cari hesablardakı vəsaitlərin istifadəsi zamanı yol verilmiş qanun pozuntuları faktlarına görə Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələrinə əsasən ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Müştərilərə Xidmət Departamenti ilə Cavabdeh arasında bağlanmış 11.01.2013-cü il tarixli kredit müqaviləsi üzrə ******* manat, 12.02.2013-cü il tarixli kredit müqaviləsi üzrə 277800 manat və 09.07.2013-cü il tarixli kredit müqaviləsi üzrə ******* manat məbləğində kreditlər verilsə də, həmin müqavilələrdə və məxaric orderlərində “borc alan” qrafasındakı imzalar faksimile klişe vasitəsi ilə vurulmuş, pullar kassadan məxaric olunmamış, həmin məbləğlər faktiki olaraq “Baghlan Group FZCO”-nun cari hesabına mədaxil olunmuşdur. (1-ci cild i.v.111) Apellyasiya icraatı zamanı keçirilmiş 07 sentyabr 2021-ci il tarixli 9/5219 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə olan aralarında bağlanmış 12 fevral 2013-cü il tarixli 18/13 saylı kredit müqaviləsi üzrə müqavilə müddətinin başa çatdığı 12 fevral 2015-ci il tarixə əsas borcu 277799,50 manat, faiz borcu 63662,39 manat, 31 oktyabr 2016-cı il tarixə isə əsas borcu 277799,50 manat, 135311,51 manat faiz borcu, 11 yanvar 2013-cü il tarixli 08/13 saylı kredit müqaviləsi üzrə müqavilə müddətinin başa çatdığı 11 yanvar 2015-ci il tarixə əsas borcu 1046886,75 manat, faiz borcu 202834,31 manat, 31 oktyabr 2016-cı il tarixə 1046886,75 manat, 486366,14 manat faiz borcu, 09 iyul 2013-cü il tarixli 146/13 saylı kredit müqaviləsi üzrə müqavilə müddətinin başa çatdığı 09 iyul 2014-cü il tarixə ********* manat, 757500,00 manat, iddia qaldırıldığı 31 oktyabr 2016-cı il tarixə ********* manat əsas borcu, 1441354,17 manat faiz borcu vardır. Ekspert rəyindən görünür ki, ekspertiza yalnız bankın təqdim etdiyi hesabdan çıxarış məlumatlarına əsasən keçirilmişdir. İş materiallarında olan Cavabdeh məxsus xarici pasportdan görünür ki, cavabdeh yalnız 09 iyul 2013-cü il tarixli kredit müqaviləsi bağlanarkən Azərbaycan Respublikasının hüdudlarında olmuş, digər müqavilələrin bağlandığı tarixlərdə isə ölkə hüdudlarından kənarda olmuşdur. (1-ci cild i.v.71) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, iyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi real müqavilə olmaqla müqavilə bağlanması ilə yanaşı borcun verilməsi də mütləq şərtdir. Hazırkı işin faktiki hallarından görünür ki, Cavabdeh adından "xxxx" ASC ilə bağlanmış 02 fevral 2013-cü il tarixli 18/13 saylı, 11 yanvar 2013-cü il tarixli 08/13 saylı və 09 iyul 2013-cü il tarixli 146/13 saylı kredit müqavilələri üzrə bank tərəfindən Cavabdeh borc verilməsi sübuta yetirilməmişdir. Belə ki, həmin müqavilələrin hamısı faksimile klişe vasitəsilə imzalanmış, kassa məxaric orderlərinin əsli məhkəməyə təqdim olunmamış, məhkəməyə təqdim olunmuş kassa məxaric orderlərinin kserosurətində isə “borc alan” qrafasında olan imzalar yenə faksimile klişe vasitəsilə icra olunmuşdur. Cavabdehin iş materiallarında olan xarici pasportundan da görünür ki, o yalnız 09 iyul 2013-cü il tarixli kredit müqaviləsi bağlanarkən Azərbaycan Respublikasının hüdudlarında olmuş, digər müqavilələrin bağlandığı tarixlərdə isə ölkə hüdudlarından kənarda olmuşdur. Bundan əlavə, iş materiallarında olan Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış 09 avqust 2017-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC-nin Müştərilərə Xidmət Departamenti ilə Cavabdeh arasında bağlanmış 11.01.2013-cü il tarixli kredit müqaviləsi üzrə ******* manat, 12.02.2013-cü il tarixli kredit müqaviləsi üzrə 277800 manat və 09.07.2013-cü il tarixli kredit müqaviləsi üzrə ******* manat məbləğində kreditlər verilsə də, həmin müqavilələrdə və məxaric orderlərində “borc alan” qrafasındakı imzalar faksimile klişe vasitəsi ilə vurulmuş, pullar kassadan məxaric olunmamış, həmin məbləğlər faktiki olaraq “Baghlan Group FZCO”-nun cari hesabına mədaxil olunmuşdur. Hər hansı əqdin etibarlı hesab edilməsi üçün onun bağlanmasında lazımi subyektlərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Qeyd olunan sübutlar belə nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh adından "xxxx" ASC ilə bağlanmış 02 fevral 2013-cü il tarixli 18/13 saylı, 11 yanvar 2013-cü il tarixli 08/13 saylı və 09 iyul 2013-cü il tarixli 146/13 saylı kredit müqavilələri Cavabdeh tərəfindən imzalanmadığına, həmin müqavilələr üzrə ona hər hansı məbləğdə borc verilmədiyinə görə əhəmiyyətsiz əqdlər olmaqla məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdlərdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.” Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddianın qaldırılması üçün istinad etdiyi 02 fevral 2013-cü il tarixli 18/13 saylı, 11 yanvar 2013-cü il tarixli 08/13 saylı və 09 iyul 2013-cü il tarixli 146/13 saylı kredit müqavilələri etibarsız əqdlər olduğundan, Cavabdeh üçün bank qarşısında hər hansı öhdəlik yaratmamışdır. Buna görə də birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 119.6, 382, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli 2(011)-741/2017 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqavilələri üzrə borcun qaytarılması tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya icraatı zamanı məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 286 manat 65 qəpik pul iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar