Məhkəmə qərarları › İş №2(103)-5500/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5500/2022

04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5500/2022 04.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Mərdanova Xumar Afət qızı və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2383/2022 saylı, 06 may 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının onun barəsində tətbiq edilməsi və kompensasiya məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2383/2022 saylı, 07 aprel 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək həmin qərardadın ləğv edilərək, ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2383/2022 saylı, 22 aprel 2022-ci il tarixli qərardadı ilə 2(006)-2383/2022 saylı, 07 aprel 2022-ci il tarixli qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmədiyinə görə geri qaytarılmışdır. İddiaçı 07 aprel 2022-ci il tarixli qərardadından yenidən 05 may 2022-ci il tarixdə bu dəfə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verərək, həmin qərardadın ləğv edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2383/2022 saylı, 06 may 2022-ci il tarixli qərardadı ilə 07 aprel 2022-ci il tarixli qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət qanunvericilik ilə müəyyən edilmiş formada tərtib edilmədiyindən, həmçinin şikayət üçün nəzərdə tutulmuş prosessual müddət keçdikdən sonra verildiyindən geri qaytarılmışdır. İddiaçı tərəfindən həmin qərardaddan verilmiş şikayət rayon məhkəməsinin eyni saylı, 07 iyul 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, poçt göndərişlərinin izlənməsi sənədindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2383/2022 saylı, 07 aprel 2022-ci il tarixli qərardadının surəti iddiaçıya xx.xx.2022-ci il tarixdə, saat 16:00-da çatdırılmışdır (i/v 46). Şikayətdən görünür ki, iddiaçının Nəsimi Rayon Məhkəməsinin 2(006)-2383/2022 saylı, 07 aprel 2022-ci il tarixli qərardadından verdiyi şikayət “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən qərardaddan şikayət 10 gün müddət bitdikdən sonra verildiyindən, birinci instansiya məhkəməsi şikayəti geri qaytarmaqda haqlı olmuşdur, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 2(006)-2383/2022 saylı, 06 may 2022-ci il tarixli qərardadı onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Xumar Mərdanova Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar