Məhkəmə qərarları › İş №2(103)-5501/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5501/2021

09.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5501/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Vəfaddin İbayev Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 iyun 2020-ci il tarixli qətnamədən iş üzrə cavabdeh MMC verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, MMC-yə məxsus və “171” saylı marşrut üzrə hərəkət edən "xxxx" markalı, **-TG- *** dövlət nömrə nişanlı avtobusun ona məxsus “X7” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində ona məxsus avtomobilin istismara yararsız hala düşməsi ilə ona dəymiş maddi zərərin aradan qaldırılması məqsədi ilə 173.302 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC-nin işçisi olan Rəşad İsayev MMC-yə məxsus "xxxx" markalı, **-TG-*** dövlət nömrə nişanlı avtobusu “171” saylı marşrut üzrə 14.04.2018-ci il tarixdə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmuş, yol-nəqliyyat hadisəsi törətmiş, onun idarə etdiyi avtobus iddiaçının mülkiyyətində olan və etibarnamə əsasında (hazırki iş üzrə tərəf olmayan) X4 tərəfindən idarə edilən “X7” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuş, nəticədə iddiaçıya məxsus həmin avtomobil istismara yararsız vəziyyətə düşmüşdür. Faktla bağlı icraatı başlanılmış cinayət işinin istintaqı aparılmış və iddiaçı, həmin cinayət işi üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı kimi tanınmışdır. İstintaq zamanı müəyyən edilmişdir ki, iddiaçıya 173.302 manat məbləğində maddi zərər vurulmuşdur. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 05.03.2019-cu il tarixli hökmü ilə R.İsayev qeyd edilən qəzanın baş verməsində təqsirli bilinmiş və müvafiq cəzaya məhkum edilmiş, iddiaçının mülki iddiası təmin edilməklə, mülki cavabdeh olan MMC-dən iddiaçının xeyrinə 173.302 manat məbləğində pul tutulmuşdur. Lakin mülki cavabdeh olan MMC həmin hökmdən apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, R.İsayev MMC-nin işçisi olmamış, MMC ilə R.İsayev arasında "xxxx" bağlanmamışdır, buna görə də mülki iddia MMC-yə qarşı təmin edilə bilməzdir. Apellyasiya şikayətinə əsasən cinayət işinə baxmış Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə qəbul etdiyi 12.06.2019-cu il tarixli qərar ilə birinci instansiya məhkəməsinin hökmünü qismən, yəni mülki iddianın təmin edilməsi hissəsində ləğv etmiş və mülki iddianın icraata qəbul edilməsindən imtina edilməsini qərara almışdır. Həmin qərarla, hazırki mülki iş üzrə iddiaçıya izah edilmişdir ki, o, “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddia ilə mülki qaydada müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13.11.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbdən də, iddiaçı, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddianın məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən hazırki mülki işin icraatı başlanmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 01.06.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 173.302 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. İş üzrə cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, "xxxx" markalı, **-TG-*** dövlət nömrə nişanlı avtobus MMC-yə məxsus olsa da, yol-nəqliyyat hadisəsini törətmiş R.İsayev MMC-nin işçisi olmamış, MMC ilə R.İsayev arasında "xxxx" bağlanmamışdır. Belə ki, hadisədən sonra aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, avtobusun sürücüsü (MMCnin işçisi) olan X2 MMC-yə məlumat vermədən və MMC-nin razılığı olmada, hadisədən bir qədər əvvəl avtobusu idarə etmək üçün R.İsayevə vermişdir. Buna görə də MMC-yə qarşı yönəlmiş iddia MMC-yə qarşı əsaslı hesab edilə bilməz. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamış, iddianı təmin etmişdir. Apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 14.10.2020-ci il tarixli qətnamə (İş № 2(103)- 6485/2020) ilə apellyasiya şikayətinin təmin edilməsini, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini qət etmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 12.04.2021-ci il tarixli qərarla (İş № 2(102)-2725/2021) kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara alınmışdır. Göstərilən səbəbdən, cavabdeh MMC-nin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən apellyasiya qaydasında yenidən baxılır. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və apellyasiya şikayətin məzmununa uyğun izahat verdi. İş üzrə iddiaçı apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, habelə mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri şifahi və yazılı məlumatlardan görünür ki, X5 cavabdeh MMC-yə məxsus "xxxx" markalı, **-TG-*** dövlət nömrə nişanlı avtobusu “171” saylı marşrut üzrə 14.04.2018-ci il tarixdə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmuş, yol-nəqliyyat hadisəsi törətmiş, onun idarə etdiyi avtobus iddiaçının mülkiyyətində olan və etibarnamə əsasında (hazırki iş üzrə tərəf olmayan) X4 tərəfindən idarə edilən “X7” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuş, nəticədə iddiaçıya məxsus həmin avtomobil istismara yararsız vəziyyətə düşmüşdür. Faktla bağlı icraatı başlanılmış cinayət işinin istintaqı aparılmış və iddiaçı, həmin cinayət işi üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı kimi tanınmışdır. İstintaq zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının verdiyi 15.01.2018-ci il tarixli, 31113 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçıya 173.302 manat məbləğində maddi zərər dəymişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 05.03.2019-cu il tarixli hökmü (İş № 1(003)-6/2019) ilə R.İsayev qeyd edilən qəzanın baş verməsində təqsirli bilinmiş və müvafiq cəzaya məhkum edilmiş, iddiaçının mülki iddiası təmin edilməklə, mülki cavabdeh olan MMC-dən iddiaçının xeyrinə 173.302 manat məbləğində pul tutulmuşdur. Lakin mülki cavabdeh olan MMC həmin hökmdən apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, R.İsayev MMC-nin işçisi olmamış, MMC ilə R.İsayev arasında "xxxx" bağlanmamışdır, buna görə də mülki iddia MMC-yə qarşı təmin edilə bilməzdir. Apellyasiya şikayətinə əsasən cinayət işinə baxmış Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə qəbul etdiyi 12.06.2019-cu il tarixli qərar (İş № 1(103)- 728/2019) ilə birinci instansiya məhkəməsinin hökmünü qismən, yəni mülki iddianın təmin edilməsi hissəsində ləğv etmiş və mülki iddianın icraata qəbul edilməsindən imtina edilməsini qərara almışdır. Həmin qərarla, hazırki mülki iş üzrə iddiaçıya izah edilmişdir ki, o, “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddia ilə mülki qaydada müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13.11.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 05.03.2019-cu il tarixli hökmünün dəyişdirilməyən hissəsindən göründüyü kimi, həmin hökmlə R.İsaev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona müvafiq cəza təyin edilmişdir. Məhkəmə bildirir ki, MPM-nin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu baxımdan mübahisəsiz olaraq qəbul edilməlidir ki, R.İsayevin törətdiyi cinayət əməli nəticəsində iddiaçının mülkiyyətində olan “X7” markalı avtomobil istismara yararsız vəziyyətə düşmüş və bununla da, iddiaçıya maddi zərər dəymişdir. İddiaçı ona vurulmuş zərərin əvəzinin – 173.302 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh MMC-nın iddia tələbinə qarşı etirazı ondan ibarətdir ki, "xxxx" markalı, **- TG-*** dövlət nömrə nişanlı avtobus MMC-yə məxsus olsa da, həmin avtobusu idarə etmiş və yol-nəqliyyat hadisəsini törətmiş R.İsayev MMC-nin işçisi olmamışdır. Buna görə də MMC-yə qarşı yönəlmiş iddia əsaslı hesab edilə bilməz. Məhkəmə cavabdeh MMC-nin bu dəlilini araşdıraraq qeyd edir ki, iş materiallarında olan hökmdən görünür ki, şahid X2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o cavabdeh MMC-də dəstə rəisi vəzifəsində çalışır. Şirkətdə avtobusların qaimə və cədvəllərini gündəlik olaraq o tərtib edir. 14.04.2018-ci il tarixdə qarajda sürücü çatışmadığından özünü də cədvələ salmışdır. Həmin qarajda 171, 214, 160 və 144 saylı marşrut avtobusları cədvəl üzrə işə çıxırlar. Özünü də cədvələ saldığından o, **-TG-*** dövlət nömrə nişanlı, 171 saylı marşrut avtobusunu idarə etməyə başlamışdır. O, səhər saat 07 radələrində işə başlamışdır. Bir dövrədən sonra o, qaraja qayıtmışdır. Ailədə problemləri olduğundan o, tanıdığı Rəşad İsayevi çağırıb marşrut avtobusunu bir dövrə idarə etmək üçün avtobusu Rəşada vermişdir. Sonra xəbər tutmuşdur ki, Rəşad qəza törədib. Hökmdə həmçinin qeyd edilmişdir ki, MMC-yə məxsus 01.12.2017-ci tarixdən 31.12.2017-ci il tarixədək olan yol vərəqəsindən görünür ki A3928229 BCDE sürücülük vəsiqəsi ilə Rəşad İsaev "xxxx" markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusla marşrut qrafiki üzrə hərəkət etmişdir. İş materiallarına əlavə edilmiş 2017-ci ilin noyabr və dekabr ayları üçün Rəşad İsayevə verilmiş “Sürücünün tibbi müayinə kitabçalarından” görünür ki, Rəşad İsayev yola çıxmaq uçun tibbi müayinədən keçmişdir. Bunları nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, R.İsayev cavabdeh MMC-nin işçisi olmuş və belə olan halda zərərin əvəzi MMC tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi R.İsayevin cavabdeh MMC-nin işçisi olması barədə nəticəyə gəlməkdə haqlı olmamışdır. Belə ki, işin hallarından müəyyən edilir ki, R.İsayev ilə cavabdeh MMC arasında "xxxx" bağlanmamış, onların arasında əmək münasibətləri olmamışdır. Bununla yanaşı Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıya vurulmuş zərər cavabdeh MMC tərəfindən ödənilməlidir. Çünki işin hallarından mübahisəsiz olaraq təsdiq edilir ki, yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsinin – "xxxx" markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun sahibi hazırki iş üzrə cavabdeh MMC-dir və MMC-nin vəzifəli şəxsi buna heç bir qanuni əsas olmadan avtobusun idarə edilməsini R.İsayevə həvalə etmişdir. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (maddə 1108.1). yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyət mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər (maddə 1108.2). Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, vurulmuş ziyana görə yüksək təhlükə mənbəyinin sahibi olan cavabdeh MMC mülki məsuliyyət daşıyır. Vurulmuş ziyanın məbləği ilə bağlı Məhkəmə qeyd edir ki, artıq yuxarıda qeyd edildiyi kimi, R.İsayevin təqsirləndirilməsinə dair cinayət işinin istintaq zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının verdiyi 15.01.2018-ci il tarixli, 31113 saylı rəy ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 173.302 manat məbləğində vəsait tələb olunur. Həmin rəyin sübhə altına ala biləcək sübutlar MMC tərəfindən məhkəmələrə təqdim edilməmişdir. MMC iddiaçıya vurulmuş ziyanın məbləğini ümumiyyətlə mübahisələndirmir. Odur ki, Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi həmin rəyi etibarlı sübut kimi qiymətləndirərək iddiaçıya vurulmuş zərəri rəyə uyğun olaraq 173.302 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh MMC-apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 iyun 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC-nin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar