Məhkəmə qərarları › İş №2(103)-5503/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5503/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5503/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ilkin, cavabdehin iddiaçıya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, müqavilənin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair ilkin, Cavabdeh "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, e-2(011)-320/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 17 avqust 2021-ci il tarixli, 01MK005421 nömrəli kredit müqaviləsinə əsasən bank Cavabdeh 24 ay müddətinə, 16,7% faiz dərəcəsi ilə 250000 manat məbləğdə kredit verilmişdir.

2. "xxxx" BOKT MMC cavabdehə kredit borcunun ödənməsi ilə bağlı xəbərdarlıq məktubları və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş göndərmişdir.

3. 06 sentyabr 2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh 17 avqust 2021-cu il tarixli, 01MK005421 nömrəli kredit müqaviləsi üzrə 328119,27 manat məbləğdə borcu vardır.

4. 06 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 17 avqust 2021-cu il tarixli, 01MK005421 nömrəli kredit müqaviləsi üzrə 250000 manat əsas, 43953,47 manat faiz, 34165,80 manat cərimə borcu vardır.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 28 dekabr 2022-ci il tarixli, 9/8935 nömrəli rəyindən görünür ki, 06 sentyabr 2022-ci il tarixə əsas borc üzrə 250000 manat, faiz borcu üzrə 43953,47 manat məbləğdə borc müəyyən olunur. Kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. İddia ərizəsində Cavabdeh tərəfindən heç bir ödəniş aparılmadığı qeyd edilmişdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 25 noyabr 2022ci il tarixli məktubundan görünür ki, 08 may 2008-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin (VÖEN: **********) təsisçisi “X12” QSC-nin (VÖEN **********), qanuni təmsilçilik funksiyasına malik direktoru Hacı-X9r. 23 noyabr 2022-ci il tarixə olan uçot məlumatlarına əsasən vergi ödəyicisi "xxxx" MMC-nin fəaliyyəti və digər vergi tutulan əməliyyatları dayandırılmış vəziyyətdədir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 250000 manat əsas, 43953,47 manat faiz, 34165,80 manat cərimə borcu, 618,12 manat məbləğdə ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 17 avqust 2021-ci il tarixli 01MK005421 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 16,7 % faiz dərəcəsi ilə 250000 manat məbləğdə kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin, cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Belə ki, Cavabdeh krediti aldığı gündən bu günədək heç bir ödəniş etməmişdir.

9. "xxxx" BOKT MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh ilə "xxxx" BOKT MMC arasında bağlanmış 17 avqust 2021-cu il tarixli, 01MK005421 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh "xxxx" BOKT MMC-nin xeyrinə 250000 manat əsas, 43953,47 manat faiz, 34165,80 manat cərimə borcu, 618,12 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh "xxxx" BOKT MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC ilə Cavabdeh arasında 17 avqust 2021-ci il tarixdə bağlanmış 01MK005421 nömrəli kredit müqaviləsi etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC-nin əsas payçısı və direktorudur. 2021-ci il tarixində "xxxx" QSC-yə daxil olan şirkətlərdən "xxxx" BOKT MMC tərəfindən Cavabdeh adına kredit rəsmiləşdirilməsi ilə bərabər "xxxx" QSC-yə daxil olan "xxxx" MMC tərəfindən də Cavabdeh əsas payçı olduğu "xxxx" MMC üçün ümumilikdə 320000 manat kredit rəsmiləşdirmişdir. "xxxx" MMC-nin mühasibatlıq və sənədləşmə işlərini 2018, 2019, 2020 və 2021-ci illərdə "xxxx" MMC həyata keçirmişdir. "xxxx" MMC "xxxx" QSC-yə daxil olmuşdur. İddiaçı "xxxx" BOKT MMC də həmçinin "xxxx" QSC-yə daxildir. Yəni, "xxxx" MMC-nin mühasibatlıq və maliyyə işlərinin aparılması xidmətini həyata keçirən "xxxx" MMC "xxxx" QSC çərçivəsində fəliyyət göstərməklə həm Cavabdeh, həm də onun təsisçi və direktor olduğu "xxxx" MMC-nin "xxxx" QSC-dən kredit ayrılmasının rəsmiləşdirilməsini həyata keçirmişdir. Beləliklə, kredit verən təşkilatların eyni qrupa daxil olması və kreditin alınmasını eyni qrupa daxil olan şirkətin rəsmiləşdirilməsi bunu deməyə əsas verir ki, "xxxx" QSC Cavabdeh və onun təsisçisi olduğu "xxxx" MMCnin adına kredit rəsmiləşdirməklə məqsədli olaraq onu borclandırmışdır. Cavabdeh oğunun və təsisçisi olduğu "xxxx" MMC-nin maliyyə və mühasibatlıq işlərinin "xxxx" MMC tərəfindən həyata keçirilməsini təsdiq edən müqavilə və digər sənədlər "xxxx" MMC-də olduğundan həmin sənədlərin məhkəməyə təqdim edilməsi mümkün olmasa da, "xxxx" MMC ilə "xxxx" MMC-nin əməkdaşları arasında mühasibatlıq fəaliyyəti ilə əlaqədar qarşılıqlı yazışmalar və "xxxx" MMC tərəfindən mühasibatlıq xidmətlərinin göstərilməsinə görə "xxxx" MMC-yə ödənilmiş xidmət haqqı barədə elektron qaimələr iddia ərizəsinə əlavə edilmişdir.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, e-2(011)- 320/2023 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında 17 avqust 2021-ci il tarixdə bağlanmış 01MK005421 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, 250000 manat əsas, 43953,47 manat faiz, 17500 manat cərimə borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 618,12 manat, bank xidmət haqqının əvəzi olaraq 0,40 manat pul vəsaitinin Cavabdeh tutularaq "xxxx" BOKT MMC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğdə pul vəsaitinin Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh "xxxx" BOKT MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.

13. Qətnamə onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini tam həcmdə yerinə yetirməmiş, öhdəliyinin icrasını gecikdirmişdir. Odur ki, iddiaçı əsas borcun və əsas borca hesablanmış faizləri tələb etməkdə haqlıdır, tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından, azaldılaraq 17500 manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə həmçinin ilkin iddianın 618,12 manat məbləğdə ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun Cavabdeh alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, ilkin iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Məhkəmə eyni zamanda hesab etmişdir ki, ekspertiza xərci ilkin iddia üzrə cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğdə pul vəsaiti də ilkin iddia üzrə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, məhkəmə ilk iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab etmişdir ki, ilkin iddia tələbi göstərilən hissədə də əsaslıdır. İlkin iddia üzrə cavabdeh tərəflər arasında bağlanılmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan, müqavilənin ləğv edilməsi tələbini ilkin iddia üzrə iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl ilkin iddia üzrə cavabdeh tərəfə təklif etdiyindən və təklifdə göstərilmiş müddətdə cavabdehlərdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh kredit müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı qarşılıqlı iddiasında göstərdiyi dəlillərə qiymət verərək belə qənaətə gəlmişdir ki, həmin dəlillər Cavabdeh ilə "xxxx" BOKT MMC ilə bağlanmış 17 avqust 2021-ci il tarixdə bağlanmış 01MK005421 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas deyil. Belə ki, qarşlıqlı iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının istinad etdiyi dəlillərə qiymət verərək qeyd etmişdir ki, mülki işin məhkəmə aradırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" BOKT MMC ilə 17 avqust 2021-ci il tarixdə 01MK005421 nömrəli kredit müqaviləsini fiziki şəxs olaraq bağlamış və müqavilədə kreditin şəxsi istehlak məqsədləri üçün verildiyi qeyd edilmişdir. Digər tərəfdən qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddianı əsaslandırdığı Hacı-X8 “X13” Qapalı Səhmdar Cəmiyyətinin direktoru olması, "xxxx" LLC və “X13” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlığı ilə bağlı mail yazışması, "xxxx" LLC-nin borc cədvəlində əks olunan məlumatlar, "xxxx" MMC-nin "xxxx" QSC qarşısında olan öhdəlliklərinin “X4”yə verilməsi barədə müqavilədə əks olunan məlumatlar mübahisələndirilən kredit müqaviləsinin etibarsız olmasına dəlalət etmir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 340, 421, 423, 427-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Şikayətin dəlillərinə görə, Cavabdeh "xxxx" MMC-nin əsas payçısı və direktorudur. 2021-ci il tarixdə "xxxx" QSC-yə daxil olan şirkətlərdən "xxxx" BOKT MMC tərəfindən Cavabdeh adına kredit rəsmiləşdirilməsi ilə bərabər "xxxx" QSC-yə daxil olan "xxxx" MMC tərəfindən də Cavabdeh əsas payçısı olduğu "xxxx" MMC üçün ümumilikdə 320000 manat kredit rəsmiləşdirmişdir. Belə ki, mübahisə edilən kredit müqavilələri bağlanmazdan öncə "xxxx" MMC-nin təsisçisi Cavabdeh ilə "xxxx"nun icraçı direktoru Qafar Dəmirçi arasında uzunmüddətli dostluq əlaqələrinə əsaslanaraq "xxxx" MMC-də payların bir hissəsinin "xxxx" tərəfindən alınması barədə razılıq əldə olunmuşdur. Göstərilən dövrdə "xxxx" MMC-nin maliyyə mühasibatlıq işləri "xxxx"na daxil olan "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. Əldə edilən razılaşmaya əsasən Mover MMC-nin müəyyən xərclərinin ödənilməsi üçün "xxxx" və şəxsən Qafar Dəmirçi tərəfindən nağd şəkildə maliyyə vəsaitləri ayrılmışdır. Həmin ayrılmış vəsaitlərin əvəzində Cavabdeh "xxxx" MMC-dəki payının müəyyən hissəsini Dəmirçi Qafara verməli idi. Lakin sonradan "xxxx" tərəfindən bu razılaşmadan imtina edilir. Belə ki, 2021-ci ilin 12 mart tarixində "xxxx" tərəfindən Cavabdeh mail ilə müraciət edilərək bildirilmişdir ki, "xxxx" şirkətinin səhmlərinin alınması ilə əlaqədar razılaşma öz qüvvəsini itirmişdir. “Aga group”a ödənilməli olan 530186 manat borcun 250000 manat limitinə düşən hissəsi ən qısa müddət ərzində "xxxx" MMC tərəfindən “Aga group”a ödənilməsi bildirilmişdir. Nəticə olaraq 2021-ci il tarixdə "xxxx" QSC-yə daxil olan şirkətlərdən "xxxx" BOKT MMC tərəfindən Cavabdeh adına kredit rəsmiləşdirilməsi ilə bərabər "xxxx" QSC-yə daxil olan "xxxx" MMC tərəfindən də Cavabdeh əsas payçı olduğu "xxxx" MMC üçün ümumilikdə 320000 manat kredit rəsmiləşdirmişdir. Cavabdeh adına rəsmiləşdirilmiş 250000 manat kredit əslində "xxxx" MMC-nin maliyyə əməliyyatlarına görə nağd şəkildə yaranmış borcun rəsmiləşdirilməsidir. Cavabdeh hazırkı kredit müqaviləsi üzrə ayrılmış kredit məbləği kredit təşkilatının olduğu yerdə "xxxx" əməkdaşı tərəfindən Cavabdeh alınmışdır və yuxarıda qeyd olunan nağd şəkildə həyata keçirildiyi bildirilən əməliyyatların rəsmiləşdirilməsinə sərf olunmuşdur. Yuxarıda göstərilmiş mailə əlavə edilmiş borc və ödənişlər haqqında “Excel” faylında "xxxx" MMC-nin ümumilikdə “Aga Group”a 565117 manat borcunun olduğu bildirilmişdir. Bu məbləğin 320000 manat hissəsi "xxxx" tərəfindən "xxxx" MMC-yə ayrılmış maliyyə vəsaiti ilə və digər hissəsi isə faizləri ilə birlikdə "xxxx" tərəfindən Cavabdeh ayrılmış 250000 manat kreditlə rəsmiləşdirilir. Yəni ümumi qeyd olunanlar əsasında müəyyən edilir ki, Cavabdeh adına rəsmiləşdirilmiş 250000 manat məbləğində kredit əslində "xxxx" MMCnin maliyyə öhdəliyinin bir hissəsidir. Yəni 2021-ci ilin 12 mart tarixində göndərilmiş maildə "xxxx" tərəfindən "xxxx" MMC-nin xərcləri üçün nağd şəkildə ödənildiyi bildirilən “Excel” faylında qeyd olunan vəsaitlərin nağdsızlaşdırılması və rəsmiləşdirilməsi üçün kredit maliyyələşməsi üsulundan istifadə edilmişdir. Cavabdeh oğunun və təsisçisi olduğu "xxxx" MMC-nin maliyyə və mühasibatlıq işlərinin "xxxx" MMC tərəfindən həyata keçirilməsini təsdiq edən müqavilə və digər sənədlər "xxxx" MMC-də olduğundan həmin sənədlərin məhkəməyə təqdim edilməsi mümkün olmasa da, "xxxx" MMC ilə "xxxx" MMC-nin əməkdaşları arasında mühasibatlıq fəaliyyəti ilə əlaqədar qarşılıqlı yazışmalar və "xxxx" MMC tərəfindən mühasibatlıq xidmətlərinin göstərilməsinə görə "xxxx" MMC-yə ödənilmiş xidmət haqqı barədə elektron qaimələr iddia ərizəsinə əlavə edilmişdir. Məhkəmə qətnaməsində iddia tələbi qismən təmin edilsə də ödənilmiş dövlət rüsumunun tam məbləğinin cavabdehdən tutulması qət edilmişdir. Yəni təmin olunmuş tələb ümumi iddia tələbinin müəyyən hissəsini təşkil etdiyi üçün ödənilmiş rüsumun qarşı tərəfdən tutulması tələbi də qismən təmin edilməli idi. Buna görə də MPM-in müvafiq tələbləri pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

19. Məhkəmə iclasında "xxxx" BOKT MMC-nin nümayəndəsi apelyasiya şikayətinin dəlilləri ilə razı olmadqlarını bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə, tərəflər mübahisə etmədiyi üçün, toxunulmamalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dövlət rüsumunun tutulması hissəsində dəyişdirilməlidir.

25. İşdən görünür ki, iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh arasında 17 avqust 2021-cu il tarixdə 01MK005421 nömrəli kredit müqaviləsi bağlanmış, müqavilə ilə borc alan 250000 manat məbləğdə borc verilmişdir. Sonuncu bu günədək müqavilə üzrə hər hansı ödəniş etməmişdir.

26. İş üzrə cavabdeh – qarşılıqlı iddiaçı Cavabdeh müqavilənin etibarsızlığı barədə qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində işgüzar münasibətləri ilə bağlı bir sıra faktiki halları sadalamışdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin “Əqdlərin etibarsızlığı” adlanan 14-cü fəslində hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin, uydurma və yalan əqdlərin, qeyri-ciddi əqdlərin, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış və sair əqdlərin etibarsızlığı halları tənzimlənmişdir. Lakin işdən həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilimir, cavabdeh də müqavilələrin etibarsız hesab olunması tələbində qeyd olunan hallardan hər hansı birinə istinad etməmişdir.

28. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, kredit müqaviləsi üzrə götürülmüş kreditin təyinatı şəxsi istehlak məqsədləri olmuşdur. Bunun əksini təsdiq edən hər hansı sübut da iş materiallarında mövcud deyildir.

29. Qeyd olunanlara əsasən kollegiya cavabdehin apellyasiya şikayətinin müqavilənin etibarsızlığı ilə bağlı dəlilləri ilə razılaşmır.

30. Lakin məhkəmə kollegiyası şikayətin dövlət rüsumunun düzgün tutulmaması ilə bağlı dəlillərini əsaslı hesab edir.

31. İşdən görünür ki, iddiaçının iddiası qismən təmin edilmiş, lakin ödənilmiş dövlət rüsumunun bütövlükdə cavabdehdən tutulması qət edilmişdir. Ancaq, iddianın təmin edilmiş hissəsinə mütənasib hesablama apardıqda məlum olur ki, dövlət rüsumunun əvəzi qismində 586,8 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" BOKT MMC-yə ödənilməlidir.

32. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə dövlət rüsumunun tutulması hissəsində düzgün olmadığından, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Bununla bağlı olaraq, cavabdehin şikayəti qismən təmin edilməli, qətnamə müzakirə olunan qaydada dəyişdirilməlidir.

33. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, e-2(011)-320/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, e-2(011)-320/2023 nömrəli qətnaməsi ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsində dəyişdirilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 586,8 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar