Məhkəmə qərarları › İş №2(103)-5507/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5507/2025

21.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5507/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “dəymiş maddi zərərin əvəzinin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-450/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 7998,30 (yeddi min doqquz yüz doxsan səkkiz manat otuz qəpik) manat məbləğində zərərin və 99,99 (doxsan doqquz manat docsan doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 8098,29 (səkkiz min doxsan səkkiz manat iyirmi doqquz qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ**********995500192b2a)nk hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sabunçu Rayon Məhkəməsinin 2(008)-450/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Nilufər Cəfərli) ilə iddia ərizəsi təmin edilməmiş, ödənilmiş dövlər rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində olan ekspertiza xərcinin İddiaçı İB-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE**********0002088501 hesabına köçürülməsi qərara alınmışdır.

3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri:

4. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, cavabdehin qaz xəttinə qoşularaq qazdan sayğacdankənar istifadə etməsi müəyyən edilmiş, tərəflərindən aktlar tərtib edilmişdir, həmçinin cavabdeh nə debitor borca etiraz etmiş, nə də ki, ona dair aktın tərtib edilməsini mübahisələndirmişdir. Odur ki, qətnamənin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Tərəflərin izahatı:

5. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

6. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübuların tədqiqi: Mülki iş materiallarında olan:

7. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04/8296 saylı nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1- ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir.

8. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh hesablanmış 5744,48 manat borcu qəbul edərək, həmin borcun kommunal ödəyicisi kimi maddi durumunu nəzərə alaraq borcun müəyyən müddət ərzində hissə-hissə tutulması üçün karta keçirilərək ödənişinin təmin edilməsini öz üzərinə götürür, qeyd etdiyi öhdəliyi öz imzası ilə təsdiq edir, yazdıqlarını nəzərə alaraq ona məxsus ünvana quraşdırılmış Smart zenner sayğacın kartının aktiv edilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir (i/v 9).

9. 100466101900000 nömrəli abonent saldosundan görünür ki, Cavabdeh qalıq və aktlar üzrə 2019-cu ilin may ayında 423.90 manat, 2021-ci ilin fevral ayında 1296 manat, 2022-ci ilin oktyabr ayında 2073.60 manat, 2023-cü ilin aprel ayında 3110.40 manat və 2023-cü ilin noyabr ayında isə 1094.40 manat cəmi 7998.30 manat cərimə hesablanmışdır. tar 2023-cü ilin dekabr ayının sonu üçün cəmi 4204,80 manat məbləğində borc hesablanmışdır.

10. Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, 29/1710-01688 nömrəli MSK-ya əsasən G-4 nömrəli 1600AZ**********4 qaz sayğacın çəlik panelində dəlik aşkar olunmuşdur.

11. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, həyətində iki ədəd istixananın birində sayğacsız qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar olundu.

12. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən 12960 m3 dəymiş ziyan hesablanmışdır.

13. Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, abonent təbii qazdan sayğacdan kənar istifadə edir.

14. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən 17280m3 dəymiş ziyan hesablanmışdır.

15. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli, ******* saylı aktdan görünür ki, abonent təbii qazdan istixana və evdə bir başa qeyri-qanuni istifadə edir. İstixanada halhazırda əskin növü xiyardır.

16. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən 25920 m3 dəymiş ziyan hesablanmışdır.

17. - İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, sayğacdan kənar, qeyri-qanuni əlavə qaz xəttindən istifadə edilməsi aşkar olunmuşdur.

18. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən 9120m3 dəymiş ziyan hesablanmışdır.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2025-ci il tarixli 3-16-16/2-3/166/2025 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilən sayğacın, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zadə aşkar edilmədiyi müəyyən edilmişdir. Aparılmış tətqiqatın dəyəri 65 manat müəyyən edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

18. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

19. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə Qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7)

20. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

22. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

23. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

24. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

25. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

26. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

27. 6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi

28. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

33. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

35. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

36. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

37. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

40. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

41. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

42. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

44. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

45. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.

46. İddia tələbini təmin etməyən rayon məhkəməsi xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktla müəyyən olunmuş sayğacda yaranan nasazlıqla əlaqədar hesablanmış cərimə hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, sayğaca məhz istehlakçı tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, Azəriqaz İB-nin iddia tələbinin bu hissəsədə təmin oluna bilməz.

47. İddia tələbini xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2023-ci il tarixli, ******* saylı və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlara əsasən istehlakçıya hesablanmış cərimənin tutulması hissəsində təmin etməyən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, sözügedən aktlar xx.xx.2022-ci il tarixdən sonraki dövrdə tərtib edildiyindən və istehlakçı məsuliyyətə cəlb edilmədiyindən sözügedən aktlar əsasında yazılmış cərimə tutula bilməz.

48. Nəhayət iddia tələbinin xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış cərimənin tutulması hissəsinə münasibət bildirərək rayon məhkəməsi qeyd etmişdir ki, sözügedən aktda istehlakçının imzasının olmadığı, sözügedən akta əlavə edilmiş fotoşəkillərin çəkilmə tarixi olmadığını habelə ekspertiza rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, sözügedən aktın əsaslı olmasını təsdiq edən möhtəbər və təkzib olunmaz sübutlar olmadığından iddia tələbi həmin akta əsasən hesablanmış cərimənin tutulması hissəsində də təmin edilə bilməz.

49. Hazırda araşdırmalı məsələ isə cavabdeh tərəfindən tərtib edilmiş aktlarda qeyd edilən borc məbləğinin əsaslı olub-olmaması ilə bağlıdır.

50. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh hesablanmış 5744,48 manat borcu qəbul edərək, həmin borcun kommunal ödəyicisi kimi maddi durumunu nəzərə alaraq borcun müəyyən müddət ərzində hissə-hissə tutulması üçün karta keçirilərək ödənişinin təmin edilməsini öz üzərinə götürür, qeyd etdiyi öhdəliyi öz imzası ilə təsdiq edir, yazdıqlarını nəzərə alaraq ona məxsus ünvana quraşdırılmış Smart zenner sayğacın kartının aktiv edilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir (i/v 9).

51. Məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi həmin ərizəyə, yəni sayğacdankənar istifadə edilmiş qaza görə borcun cavabdeh tərəfindən etiraf edilərək, borcun hissə-hissə icrasını öz üzərinə götürülməsini nəzərə almamış, nəticədə iş üzrə düzgün olmayan qənaətə gəlmişdir.

52. Halbuki iddia tələbinin 5744,48 manat hissəsinə dair cavabdehin borcu etiraf edərək ödəməyi öhdəsinə götürməsi barədə qeyd edilən ərizəsi ilə həmin hissədə iddia tələbi MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən sübut olunur.

53. Odur ki, iddia tələbi məhz həmin sübut olunan 5744,48 manat hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir.

54. İddia tələbinin digər hissəsinə dair əsaslı, şübhədənkənar və təkzibedilməzliklə bağlı tələblərə cavab verən sübutlar təqdim edilmədiyindən iddia tələbi qalan hissədə əsassızdır və təmin edilməməlidir.

55. MPM-in 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Kollegiya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2025-ci il tarixli 3-16-16/2-3/166/2025 nömrəli tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməməsi barədə rəyinə tənqidi yanaşaraq hesab edir ki, müdaxilədən uzun müddət keçdikdən sonra, ekspert tərəfindən, həmin ünvanda o izlərin aşkar edilməməsi mümkün və ağılabatandır. Ən azından o səbəbdən ki, ekspertizanın keçirilməsini bilən iddiaçı tərəfindən tədqiqatın aparılmasına qədər orada “müəyyən təmizləmə işləri edilməsi” mümkün və realdır.

57. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin 5744,48 manat hissəsində iddia tələbi təmin edilməli, həmin borc silinməli, qalan hissə ilə bağlı isə sübut təqdim edilmədiyindən təmin edilməməlidir.

58. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

59. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

60. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə:

61. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iddia tələbi qismən təmin edilməli və cavabdehdən qazdan sayğacdankənar istifadəyə görə 5744,48 manat iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

63. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 99,99 (doxsan doqquz manat doxsan doqquz qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, ekspertiza tədqiqatının dəyəri olaraq 65 (altmış beş) manat məbləğində pul vəsaiti AR Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

64. Hazırkı qətnamədən iddiaçıya münasibətdə qətnamənin mübahisələndirilən hissədə məbləğ (7998,30-5744,48=2253,82) 2253,82 manat təşkil etdiyindən, qətnamədən kassasiya şikayəti yalnız cavabdeh tərəfindən verilə bilər.

65. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393, 402.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Sabunçu Rayon Məhkəməsinin 2(008)-450/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. Cavabdeh sayğacdankənar istifadəyə görə 5744,48 (beş min yeddi yüz qırx dörd manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 99,99 (doxsan doqquz manat doxsan doqquz qəpik) manat alınaraq İddiaçı İB-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 65 (altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE**********0002088501 hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə yalnız cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar