Məhkəmə qərarları › İş №2(103)-5508/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5508/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5508/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)- 1849/2020 saylı qətnaməsindən İddiaçı X2 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan “xxxxxxxx” ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 16365 ABŞ dolları əsas, 2797 ABŞ dolları faiz, cəmi 19159 ABŞ dolları məbləğidə borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev, iş N 2(004)-1849/20) iddia ərizəsi qismən təmin olunaraq,Cavabdeh xx.xx.2014-cü il tarixli, İKM 03 saylı kredit müqaviləsi üzrə 9074,03 ABŞ dolları əsas və 860,77 ABŞ dolları faiz borcu olmaqla, cəmi 9934,80 (doqquz min doqquz yüz otuz dörd dollar səksən sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc və ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsinin iddiaçı ləğv prosesində olan “xxxxxxxx” ASC-nin xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. İddiaçı X2 apelyasiya şikayəti verərək Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın tam həcmdə təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli İKM 03 saylı istehlak kredit müqaviləsinə əsasən Cavabdeh “xxxxxxxx” AŞC tərəfindən 3 ay müddətinə illik 30 faiz olmaqla 20000 ABŞ dolları məbləğində kredit verilmiş və hazırda Cavabdeh həmin kredit müqaviləsi üzrə əsas borcu 16365 ABŞ dolları, müqavilə üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2015-ci il tarixinə faiz borcu 17 ABŞ dolları, müqavilə bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış faiz borcu 2777 ABŞ dolları, ümumilikdə 19159 ABŞ dolları təşkil edir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh ödəniş üzrə gecikdirmələri aradan qaldırmamış və borcunu ödəməkdən boyun qaçırmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti rəy verərkən yanlışlığa yol vermiş və hakim məhkəmə qətnaməsini elan edərkən bu yanlışlığa fikir verməmişdir. Qanunvericiliyin tələblərinə əsasən öhdəliyin icrası zamanı əgər öhdəlik icra edən borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət əsas borcun hesabına daxil edilir. Lakin ekspert rəy verərkən qanunun bu müddəasına əməl etməmiş, qanunsuz rəy vermişdir. Bankın məhkəməyə təqdim etdiyi hesabdan çıxarışdan görünür ki, ödənilmiş borclar qanunvericiliyə əsasən faizdən silinmiş, hər ödənilmiş məbləğ üzrə faizdən silinməsindən sonra qalan məbəğ əsas borca silinmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsini apelyasiya qaydasında yalnız iddiaçı mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız onun şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, “xxxxxxxx” ASC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 30 faiz ödəmək şərtilə 3 ay müddətinə 20000 ABŞ dolları məbləğində istehlak krediti verilmişdir. Müqavilə öhdəliklərinin lazımi qaydada yerinə yetirilmədiyinə istinad edən Bankın ləğvedicisi xx.xx.2017-ci il tarixdə kredit borcunun ödənilməsi tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı maliyyə arayışı təqdim edərək cavabdehin qeyd olunan kredit müqaviləsi üzrə banka 16365 ABŞ dolları əsas borcu, 2797 ABŞ dolları faiz borcu olmaqla, cəmi 19159 ABŞ dolları borcunun olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə iki dəfə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. xx.xx.2018-ci il tarixli ekspert rəyi natamam olduğundan məhkəmə əlavə ekspertiza təyin etmiş və 02.09 2019-cu il tarixli, 32858 saylı ekspert rəyi ilə müəyyən etmişdir ki, xx.xx.2014-cü il tarixli, İKM 03 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə cavabdehin iddiaçıya xx.xx.2015-ci il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) olan cəmi borcu 19.949,71 ABŞ dolları məbləğində, xx.xx.2017-ci il tarixə (iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi tarixə) olan cəmi borcu isə 9.934,81 ABŞ dolları məbləğində müəyyən olunur (kredit müqaviləsinin bitdiyi xx.xx.2015ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə faiz dərəcəsi illik 5% dərəcəsi ilə hesablanmışdır), o cümlədən: xx.xx.2015-ci il tarixə: əsas borc üzrə--- 19949,71 ABŞ dolları, faiz borcu üzrə----- 0,00 ABŞ dolları. xx.xx.2017-ci il tarixə: əsas borc üzrə--- 9074,03 ABŞ dolları, faiz borcu üzrə--- 860,77 ABŞ dolları. Birinci instansiya məhkəməsi həmin ekspert rəyini mötəbər sübut kimi qəbul edərək cavabdehin xx.xx.2014-cü il tarixli, İKM 03 saylı kredit müqaviləsi üzrə iddiaçıya ödənilməmiş 9074,03 ABŞ dolları əsas və 860,77 ABŞ dolları faiz borcunun qaldığı qənaətinə gəlmiş və həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarmışdır. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 385.1, 386.1, 425.1, 442, 445-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi hallar mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz. İddiaçı ekspertin rəy verərkən yanlışlığa yol verməsini bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Hər bir halda qeyd edilməlidir ki, iddiaçı tərəfin ekspert rəyi ilə razı olmaması, həmin rəyin əsassızlığına dəlalət etmir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilmiş, sübutlar, o cümlədən ekspert rəyi MPM-nin 88-ci maddəsinin tələbinə müvafiq olaraq düzgün qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, apelyator şikayətdə istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı X1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar