Məhkəmə qərarları › İş №2(103)-551/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-551/2021

05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-551/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “xxxx” ASC-nin cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı “xxxx üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 may 2018-ci il tarixli qətnamədən cavabdehlərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinin tələbinə uyğun olaraq verilmiş “xxxx” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh MMC arasında bağlanmış 23.02.2015-ci il tarixli, 1781/15 nömrəli “xxxx” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 155.341,5 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 49.644,07 manat, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 1.748,52 manat, həmin tarixdə bağlanmış 1782/15 nömrəli “xxxx” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 1.520.409,92 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 84.296,19 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 31 manat məbləğində pulun cavabdeh MMC-dən Bankın xeyrinə tutulmasını, tutmanın ipoteka predmetlərinə - Cavabdeh2 mülkiyyətində olan və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, 0,1476 hektardan ibarət torpaq sahəsinə, Cavabdeh1 mülkiyyətində olan və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,4375 hektar torpaq sahəsinə, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1734 hektar torpaq sahəsinə, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,45 hektar torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların ilkin satış qiymətlərinin müəyyən olunmaqla açıq hərracda satılması, satışdan əldə oluna biləcək pul vəsait hesabına yuxarıda qeyd edilən borcların ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh MMC ilə iddiaçı Bank arasında 23.02.2015-ci il tarixdə 2 “xxxx” bağlanmışdır. Cavabdeh MMC iddiaçı Bankdan 1781/15 nömrəli “xxxxnə” əsasən 48 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə 2.402.401 manat, 1782/15 nömrəli “xxxxnə” əsasən isə 48 ay müddətinə, illik 4 faiz dərəcəsi ilə 1.720.834 manat məbləğində kredit götürmüşdür. Borcalan MMC, “xxxxnin” şərtlərinə əsasən Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, Banka olan borclarını müqavilələrin şərtlərinə və müqavilələrin tərkib hissələri olan “xxxx” əsasən aybaay və hissə-hissə Banka qaytaracaq. İş üzrə digər cavabdehlər – Cavabdeh1 və Cavabdeh2 qeyd edilən “xxxx” üzrə borcalan MMC-nin Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zəmanət verərək özlərinə məxsus və iddia ərizəsində qeyd edilən daşınmaz əmlakları Bankın xeyrinə ipoteka ilə yüklü etmişlər. Bu barədə Bank ilə cavabdehlər arasında notarial qaydada “İpoteka müqavilələri” bağlanmış və müqavilələr Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmışlar. Göstərilənlərə baxmayaraq borcalan MMC iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, Banka olan borcunu “xxxx” və müqavilələrin tərkib hissələri olan “xxxx” uyğun qaydada və məbləğdə ödəməmişdir. Nəticədə MMC-nin hər iki müqavilə üzrə yuxarıda qeyd edilən məbləğlərdə borcları yaranmışdır. Bank tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq borc ödənilməmiş qalmış və bu səbəbdən də, Bank, hazırki iddia ilə məhkəməyə müraciət etmək, bu zaman 30 manat məbləğində dövlət rüsumu və 1 manat məbləğində xidmət haqqı ödəmək məcburiyyətində qalmışdır. Göstərilənləri, habelə cavabdehlər ilə bağlanmış kredit və ipoteka müqavilələrin şərtlərini nəzərə alan Bank iddia ərizəsinin təmin edilməsini Rayon məhkəməsindən xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 16.05.2018-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdehlərin həmin qətnamədən ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətlərinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 10.10.2019-cu il tarixli qətnamə (İş № 2(103)-2711/2019) ilə apelyasiya şikayətlərinin qismən təmin edilməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin qismən dəyişdirilməsini, MMC-dən iddiaçı Bankın xeyrinə 1781/15 saylı “xxxx” üzrə tutulmalı olan faiz borcun məbləğinin dəyişdirilərək 31.833,84 manat, 1782/15 saylı “xxxx” üzrə tutulmalı olan faiz borcun məbləğinin dəyişdirilərək 41.894,04 manat məbləğində müəyyən edilməsini, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. İddiaçı Bankın ləğv edicisi olan Əmanətlərin Sığortalanması Fondu və cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 29.06.2020-ci il tarixli qərar (İş № 2(102)-2331/2020) ilə cavabdeh MMC-nin kassasiya şikayətini təmin etməmiş, iddiaçı Bankın kassasiya şikayətini qismən təmin etmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.10.2019-cu il tarixli qətnaməsini kredit borcunun tutulması tələbinə aid hissədə ləğv etmiş və həmin hissədə yenidən baxılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bu səbəbdən işə yuxarıda qeyd edilən hissədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən apellyasiya qaydasında yenidən baxılır. Məhkəmə qeyd edir ki, apellyasiya baxışın predmetini təşkil edən hissədə apelyasiya şikayətlərinin dəlilləri ondan ibarətdir ki, Rayon Məhkəməsinin 16.05.2018-ci il tarixli qətnaməsi maddi və prossesual hüquq normalarının pozulmaqla qəbul edildiyindən ləğv edilməli iddia tələbi təmin olunmamasına dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, Rayon Məhkəməsinin qətnaməsində istinad etdiyi ekspertizanın rəylərində Banka ödənilən məbləğlər nəzərə alınmamışdır. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh MMC-nin nümayəndəsi MMC tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdi, şikayətin dəlillərinə uyğun izahat verərək bildirdi ki, Rayon Məhkəməsi cavabdehlərdən tutulması qət olunmuş borcun məbləğini düzgün müəyyən etməmişdir. Məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertiza tədqiqatı nəticəsində verilmiş ekspert rəyi ilə razı deyil. Çünki həmin rəydən görünür ki, sonradan edilmiş ödənişlər nəzərə alınmamışdır. İş üzrə iddiaçı Bankın nümayəndəsi və apellyasiya şikayəti vermiş digər cavabdehlər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya baxışının predmetini təşkil edən hissədə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən dəyişdirilməlidir. Belə ki, iddiaçı Bank ilə cavabdeh MMC arasında bağlanmış 23.02.2015-ci il tarixli, 1781/15 nömrəli “xxxxndən” görünür ki, MMC, illik 12 faiz dərəcəsi ilə Bankdan 48 ay müddətinə 2.402.401 manat məbləğində kredit almışdır. İddiaçı Bank ilə cavabdeh MMC arasında bağlanmış 23.02.2015-ci il tarixli, 1782/15 nömrəli “xxxxndən” görünür ki, MMC, illik 4 faiz dərəcəsi ilə Bankdan 48 ay müddətinə 1.720.834 manat məbləğində kredit almışdır. “xxxxnin” şərtlərindən görünür ki, borcalan MMC kreditor Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, Banka olan borclarını müqavilələrin şərtlərinə və müqavilələrin tərkib hissələri olan “xxxx” əsasən aybaay və hissə-hissə Banka qaytaracaq. İşin hallarından müəyyən edilir ki, MMC hər iki “xxxx” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, Banka olan borcunu “xxxx” və müqavilələrin tərkib hissələri olan “xxxx” uyğun qaydada və məbləğdə ödəməmişdir. Bankın təqdim etdiyi hesablamalardan görünür ki, öhdəliyin icra edilməməsi səbəbindən 1781/15 nömrəli “xxxx” üzrə yaranmış əsas kredit borcunun məbləği 155.341,5 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun məbləği 49.644,07 manat, tətbiq edilmiş cərimə (dəbbənin) borcunun məbləği 1.748,52 manat, 1782/15 nömrəli “xxxx” üzrə yaranmış əsas kredit borcunun məbləği 1.520.409,92 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun məbləği 84.296,19 manatdır. Bank tərəfindən MMC-yə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Bank yuxarıda qeyd edilən borcun ödənilməsini MMC-dən tələb etmişdir. İşin hallarından görünür ki, Bank tərəfindən edilmiş xəbərdarlığa baxmayarq MMC Banka olan borcunu ödəməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə hazırki iş üzrə tərəflər arasında yaranmış mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin hazırki iş üzrə cavabdehlər kredit borcun ödənilməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmiş, onlar məhkəmə baxışı iclaslarında iştirak etməmişlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1.). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3.). Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırki apellyasiya baxışının predmeti olan hissədə işə yenidən baxan Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda qeyd edilən qərarını və MPM-nin 420-ci maddəsinin tələbini nəzərə alaraq bildirir ki, işin baxılması zamanı birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.04.2018-ci il tarixli, 32540 №-li (cild İ, iş v. 119-201) və 29.07.2019-cu il tarixli, 7128 №-li (cild İİ, iş v. 54-58) rəylərini almışlar. Lakin ekspertizaların təyin edilməsi barədə qərardadlardan (cild İ, iş v. 148-149 və 350- 351) görünür ki, nə birinci instansiya məhkəməsi və nədəki, apellyasiya instansiya məhkəməsi iddiaçı Bank tərəfindən MPM-nin 53-cü maddəsinin tələbinə uyğun olaraq verilmiş “xxxx” ərizəni (cild İ, iş v. 218-219) nəzərə almamış, ekspertiza qarşısında qoyduqları suallarda cavabdeh MMC-nin iddiaçı Banka olan borcun 24.07.2017-ci il tarixə (əvvəlki “Maliyyə arayışının” (cild İ, v 08) verilmə tarixi) hesablanmasını xahiş etmişlər. Təbii ki, iş üzrə rəy vermiş ekspertlər də, ekspertiza qarşısında qoyulmuş suallar üzrə tədqiqat apararaq həmin suallar üzrə rəy vermişlər. Göründüyü kimi, hazırki iş üzrə məhkəmə-mühasibatlıq ekspertiza rəyləri verilərkən iddiaçı Bankın MPM-nin 53-cü maddəsinə əsasən vermiş olduğu “xxxx” ərizəsi nəzərə alınmamışdır. Odur ki, iş üzrə yaranmış halı nəzərə alan Məhkəmə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Bankın MPM-nin 53-cü maddəsinə əsasən vermiş olduğu “xxxx” ərizə ilə cavabdeh MMC-dən tutulması tələb etdiyi məbləğlərin Bank ilə MMC arasında bağlanmış “xxxxnin” şərtlərinə uyğun hesablanıb-hesablanmamasını müəyyənləşdirmək məqsədi ilə ekspert qarşısında müvafiq suallar qoymuşdur. Məhkəmə tərəfindən təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş tədqiqatın nəticəsi ilə verilmiş 18.01.2021-ci il tarixli, 9/4697 saylı ekspert rəyindən görünür ki: - 1781/15 saylı xxxx üzrə 24.07.2017-ci il tarixə əsas borc 188.440,70 manat, faiz borcu 31.833.84 manat; 26.4.2018-ci il tarixə əsas borc 188440.70 manat, faiz borcu 18919.13 manat, 27.04.2018-ci il tarixli əsas borc 188440.70 manat, faiz borcu 18981.94 manat təşkil edir; - 1782/15 saylı xxxx üzrə 24.07.2017-ci il tarixə əsas borc, 1.525.601,15 manat, faiz borcu 41.894,04 manat; 26.4.2018-ci il tarixə əsas borc 1.525.601,15 manat, faiz borcu 80.001,10 manat, 27.04.2018-ci il tarixli əsas borc 1.525.601,15 manat, faiz borcu 80.170,61 manat təşkil edir; - 1782/15 saylı xxxx üzrə 27.04.2018-ci il tarixdən sonra 36.623 manat məbləğində edilmiş ödənişlər borcun məbləği hesablanarkən nəzərə alınmamışdır. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh MMC-nin nümayəndəsi ekspert rəyi ilə qismən razı olduğunu bildirsə də, ekspert rəyinin əsassızlığı ilə bağlı sübutları Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, verilmiş bu rəyin əsaslılığını şübhə altına ala biləcək sübutların iş üzrə tərəflərin Məhkəməyə təqdim etmədiklərini nəzərə alaraq rəyi mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə ekspert rəyini və iş materiallarını araşdıraraq hesab edir ki: 1) 1781/15 saylı “xxxx” üzrə faiz borcunun məbləği ekspert rəyinə uyğun dəyişdirilməli və 18.981,94 manat məbləğində müəyyən edilməlidir. Belə ki, ekspert rəyi ilə müəyyən edilən faiz borcunun məbləği iddiaçı Bankın tələb etdiyi məbləğdən aşağıdır. Lakin əsas borcun məbləği ekspertizanın verdiyi rəyə uyğun deyil, Bankın iddia ərizəsində (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla) tələb etdiyi məbləğə uyğun müəyyən edilməlidir. Çünki rəydə göstərilmiş əsas borcun məbləği iddia ərizəsində göstərilən məbləğdən yuksəkdir. MPM-nin 218.3-cü maddəsinin mənasına görə isə, məhkəmə verilmiş iddia tələbi həcmində qətnamə çıxarır. Odur ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin 1781/15 saylı “xxxx” üzrə əsas kredit borcunun məbləğinin müəyyən edilməsi hissəsi dəyişdirilmədən saxlanılmalıdır; 2) 1782/15 saylı “xxxx” üzrə həm əsas borc, həm də faiz borcunun məbləğləri dəyişdirilməlidir. Əsas borcun məbləği ilə bağlı Məhkəmə qeyd edir ki, ekspert rəyi ilə müəyyən edilmiş əsas borcun məbləği Bankın tələb etdiyi məbləğdən aşağı olduğu üçün həmin məbləğ hesablanarkən Bankın iddia ərizəsində (27.04.2018-ci il tarixdə verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla) tələb etdiyi məbləğ əsas götürülməlidir. Lakin bu zaman cavabdeh MMC-nin 27.04.2018-ci il tarixdən sonra etdiyi ödənişlər nəzərə alınmalıdır. Rəyin tədqiqat hissəsindən görünür ki, MMC 27.04.2018-ci il tarixdən sonra 36.623 manat məbləğində ödəniş etmişdir. Beləliklə, əsas borc (1 520 409.92 – 36623 =) 1.483.786,92 manat məbləğində müəyyən edilməlidir. 1782/15 saylı “xxxx” üzrə faiz borcunun məbləği ilə bağlı isə Məhkəmə qeyd edir ki, həmin məbləğ ekspert rəyində müəyyən olunmuş məbləğə uyğun azaldılmalıdır. Odur ki, faiz borcu da 80.170,61 manat müəyyən edilməlidir. Şərh olunanları, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə, hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə yuxarıda qeyd edilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 may 2018-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni cavabdeh “xxxx” MMC-dən iddiaçı “xxxx” ASC-nin xeyrinə hər 2 “xxxx” üzrə tutulmalı olan faiz borcunun və 23.02.2015-ci il tarixli, 1782/15 nömrəli “xxxx” üzrə tutulmalı olan əsas kredit borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İddiaçı “xxxx” ASC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 23 fevral 2015-ci il tarixli, 1781/15 nömrəli “xxxx” üzrə əsas kredit borcuna hesablanmış faiz borcu 18.981 (on səkkiz min doqquz yüz səksən bir) manat 94 (doxsan dörd) qəpik məbləğində müəyyən edilsin və həmin məbləğdə pul cavabdeh “xxxx” MMC-dən tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. İddiaçı “xxxx” ASC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 23 fevral 2015-ci il tarixli, 1782/15 nömrəli “xxxx” üzrə əsas kredit borcu 1.483.786 (bir milyon dörd yüz səksən üç min yedi yüz səksən altı) manat 92 (doxsan iki) qəpik məbləğində müəyyən edilsin və həmin məbləğdə pul cavabdeh “xxxx” MMC-dən tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. İddiaçı “xxxx” ASC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 23 fevral 2015-ci il tarixli, 1782/15 nömrəli “xxxx” üzrə əsas kredit borcuna hesablanmış faiz borcu 80.170 (səksən min yüz yetmiş) manat 61 (altmış bir) qəpik məbləğində müəyyən edilsin və həmin məbləğdə pul cavabdeh “xxxx” MMC-dən tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsinin hazırki apellyasiya baxışının predmeti olan qalan hissəsi, yəni 1781/15 saylı “xxxxnə” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 155.341 (yüz əlli beş min üç yüz qırx bir) manat 05 (beş) qəpik, tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 1.748 (min yeddi yüz qırx səkkiz) manat 52 (əlli iki) qəpik məbləğində pulun cavabdeh “xxxx” MMCdən tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılasın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat cavabdeh “xxxx” MMC ilə iddiaçı “xxxx” ASC-yə aid edilsin və onların hər birindən 100 (yüz) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Müəyyən edilsin ki, iddiaçı “xxxx” ASC-nin tələbi üzrə tutmanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus daşınmaz əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, məhkəmə xərclərinin ödənilməsi hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar