Məhkəmə qərarları › İş №2(103)-551/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-551/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-551/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-551/2025 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1698/2024 saylı, 16 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 30 yanvar 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 44 saylı notariat ofisinin xüsusi notariusu X1 iştirakı ilə və təsdiqi ilə olmuş, reyestrdə 3M-364 nömrəsi ilə qeydə alınan, kredit müqaviləsi üzrə cavabdehə verilmiş 76500 manat əsas borc, 7650 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış cərimənin və 342,45 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 84492,45 manat məbləğində cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2023cü il tarixdə Bakı şəhəri 44 saylı notariat ofisinin xüsusi notariusu X1 iştirakı ilə kredit müqaviləsi bağlanmışdır. Sözü gedən müqavilə reyestrdə 3M-364 nömrəsi ilə qeydə alınmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən iddiaçı cavabdehə 76500 manat pul vəsaitini verməyi, cavabdeh isə 6 ay ərzində geri qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən borc verən borc alana pul məbləğini birdəfəyə verir və buna dair tərəflər arasında qəbz (təhvil-təslim) imzalanır. Həmçinin müqavilənin 2.2.2-ci bəndində borc məbləğinin qaytarmasının gecikdirildiyi halda, verilmiş məbləğin 10 faizi miqdarında ödəmək şərti ilə də müəyyən edilmişdir. 30 oktyabr 2023-cü il tarixli təhvitəslim aktından görünür ki, iddiaçı olaraq o, cavabdehə 76500 manat pul vermişdir. Eyni zamanda, cavabdeh həmin pul məbləğini 06 ay ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, 6 ay ərzində, yəni xx.xx.2024-cü il tarixə kimi, 76500 manat borc məbləğini geri qaytarmamışdır. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəlik yerinə yetirilmədiyindən məbləğin 10% miqdarında, yəni 7650 manat cərimə ödənilməsi zərurəti yaranmışdır.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1698/2024 saylı, 16 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 76500 manat əsas, 3825 manat cərimə borcu və ödənilmiş 342,45 manat dövlət rüsumu tutulub İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 385.1, 442, 462, 467, 739.1, 740 maddələrinə və Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iddia ərizəsi üzrə xx.xx.2023-cü il tarixli, 3M-364 saylı kredit müqaviləsi formal xarakter daşımışdır. Belə ki, tərəflər arasında real kredit münasibətləri mövcud olmamışdır. Cavabdeh iddiaçını, ümumiyyətlə, tanımamışdır. Tərəflər arasında müqavilə bağlanılmasına əsas səbəb "xxxx" MMC-nin rəhbəri vəzifəsində çalışan şəxsin X6 markalı nəqliyyat vasitəsini tuninq etdirmək olmuşdur. İddiaçı həmin şirkətdə çalışır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Apellyasiya baxışında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Eyni zamanda bildirmişdir ki, o birinci instansiya məhkəməsindəki proseslərdən xəbərdar olub, lakin gedə bilməyib.

11. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, onunla "xxxx" MMC-nin rəhbəri vəzifəsində çalışan şəxs arasında maşın təmiri ilə bağlı razılıq olub. Maşın təhvil verildikdən sonra hazırki iddianı geri çəkəcəkdilər. Maşın təhvil verilsə də, razılığa əməl olunmur. İddiaçı "xxxx" MMC-nin işçisidir və onun vəkili də həmin şirkətin hüquq şöbəsinin müdiridir. Bundan əlavə cavabdehin həyat yoldaşı da bu proses barədə məlumatlıdır.

12. İddiaçı işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

14. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

15. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

16. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

17. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

18. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

19. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.

20. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

21. Əgər 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.

22. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

25. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

26. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

27. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

30. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

31. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

32. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

39. Hazırda iddia qismən təmin edildiyindən, apellyasiya baxışının predmetini cavabdehin apellyasiya şikayəti üzrə iddianın təmin edilən hissəsinin yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hər hansı hüquqi əsas yoxdur.

42. Belə ki, iş materiallarında olan Bakı şəhəri 44 saylı notariat ofisində təsdiq edilmiş 30 oktyabr 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 76500 manat pul vəsaitini verməyi, borc alan 6 ay ərzində borcu geri qaytarmağı öhdəsinə götürmüşdür.

43. İş materiallarında olan 30 oktyabr 2023-cü il tarixli təhvi-təslim aktından görünür ki, borc verən İddiaçı 30 oktyabr 2023-cü il tarixli borc müqaviləsinə əsasən 76500 manat məbləğində pul vəsaitini borc alan Cavabdeh verdi. Borc alan borcu aldığı vaxtdan 6 (altı) ay ərzində borc verənə qaytarmağı öhdəsinə götürdü.

44. Hazırki iş üzrə iddiaçı tərəflər arasında etibarlı borc müqaviləsinin bağlanması və həmin müqavilə üzrə cavabdeh tərəfindən öhdəliyin icrasının pozulmasına istinad edərək müqavilədə göstərilən həddə pul məbləğinin ona qaytarılmasını tələb edir. Cavabdeh isə bildirmişdir ki, tərəflər arasında real kredit münasibətləri olmamış, formal müqavilə bağlanmış, özü avtonəqliyyat vasitələrinin texniki imkanlarının artırılması üzrə fəaliyyətlə məşğul olmuş və cavabdeh başqa bir şəxslə podrat müqaviləsi bağlamalı olduğu halda bunu pərdələmək məqsədi ilə iddiaçı ilə kredit müqaviləsi bağlanmışdır.

45. Kollegiya hesab edir ki, hazırki mübahisənin həlli üçün ilk növbədə tərəflər arasında bağlanmış və hazırki mübahisənin predmeti olan kredit müqaviləsinin real əsaslarla bağlanıb-bağlanmaması, müqavilə üzrə borc məbləğinin, həqiqətən, cavabdehə verilməsini təsdiq edən sübutların mövcudluğu araşdırılmalıdır.

46. Mülki Məcəllənin 743.1-ci maddəsinin birinci cümləsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi qanunverici borc müqaviləsinin öz məqsədinə çata bilməsi və mahiyyətini daşıya bilməsi üçün ilk növbədə məhz borcverən üçün öhdəlik müəyyənləşdirmiş, borcun müqaviləsinin reallaşdırılması üçün ilk növbədə borc verən tərəfindən müqavilədə göstərilmiş məbləğin borcalana verilməli olduğunu, yalnız bundan borcalanın aldığı pul vəsaitini müəyyənləşdirilmiş şərtlərlə qaytarmaq öhdəliyinin yarandığını qeyd etmişdir. Bu da o deməkdir ki, borc müqaviləsi öz xarakterinə və müqavilənin bağlanmış hesab edilməsi anına görə konsensual, yəni tərəflərin müqavilənin şərtləri barədə razılığa gəlməsi ilə yekunlaşan müqavilə deyil, real müqavilədir, yəni onun bağlanmış hesab olunması üçün təkcə şərtlər barədə razılığa gəlinməsi kifayət deyil, müqavilənin predmetinin də təqdim edilməsi şərtdir.

47. Qanunvericiliyin yuxarıda qeyd edilən normasının məzmunundan da göründüyü kimi borc müqaviləsinin bağlanmış hesab olunması və etibarlı nəticələr doğura bilməsi üçün müəyyən olunan şərtlərdən biri də müqavilənin predmetinin, yəni indiki halda pulun qarşı tərəfə təqdim edilməsi ilə bağlıdır. Hazırki işin hallarından da göründüyü kimi tərəflər arasında notarial qaydada kredit müqaviləsi bağlanmış və cavabdeh müqaviləyə əsasən ona verilməli olan 76500 manat məbləği bununla bağlı müvafiq təhvil-təslim aktına imza atmaqla götürmüş, bu hal özünü iş materiallarındakı müvafiq sənədlərlə tapmış və həmin sənədlərin məhz cavabdeh tərəfindən imzalanması hər hansı formada mübahisələndirilməmişdir.

48. Həmçinin cavabdeh öz apellyasiya şikayətində bildirmişdir ki, cavabdehlə iddiaçı arasında, ümumiyyətlə, hər hansı borc münasibətləri olmamış, cavabdeh avtomobillərin tuninq (keyfiyyətinin yaxşılaşdırılması) edilməsi ilə məşğul olmuş, Kontakt Home adlı şirkətə məxsus X6 markalı avtomobil tuninq edilməsi məqsədilə cavabdehə verilmişdir. Avtomobilin tuninq edilməsi üçün tələb edilən və tərəflər arasında raşılaşdırılmış xidmət haqqının ödənilməsi iddiaçı və hazırkı cavabdeh ilə bağlanmış borc müqaviləsi əsasında edilmiş, başqa sözlə, hazırkı borc müqaviləsində göstərilmiş məbləğ faktiki olaraq avtomobilin tuninq edilməsi üçün ödənilməsi nəzərdə tutulan məbləğin bir hissəsi olmuşdur.

49. Kollegiya cavabdehin mübahisəli əqdin yalan əqd olması və tərəflərin əsl niyyətinin cavabdehlə üçüncü bir şəxs arasındakı podrat münasibətlərinin pərdələnməsi ilə əlaqədar olmasına dair dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

50. Müqavilənin etibarsızlığına dair iddialara baxılarkən sübutetmə yükü bağlanmış müqavilənin etibarsız olduğunu iddia edən tərəfin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Xüsusilə qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə qanunvericiliyə və işgüzar adətlərə uyğun şəkildə bağlanmış müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

51. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli plenum qərarı) əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.

52. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: a) görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; b) gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; c) yanlış təsəvvür yaratmaq niyyəti tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.

53. Lakin xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Belə ki, hazırki iş üzrə müqavilə tərəfi kimi iddiaçı mübahisəli əqdin yalan əqd olması və cavabdehlə üçüncü bir şəxs arasındakı podrat münasibətlərinin pərdələnməsi niyyətlərinin olmasını təsdiq etməmiş, bu niyyətin varlığı heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır.

54. Bu hissədə kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdeh ona birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlarını təqdim edə bilməsi üçün şərait yaradılmadığını bildirsə də, apellyasiya baxışı zamanı edilən sual-cavab zamanı məhkəmə proseslərində işi ilə əlaqədar ölkə xaricində olduğundan iştirak edə bilmədiyini qeyd etmişdir. Bundan əlavə apellyasiya baxışı zamanı da məhkəmə tərəfindən cavabdehə tərəflər arasında belə bir əqd bağlanması ilə əlaqədar hər hansı niyyətin olmaması və əsl məqsədin onunla Kontakt Home adlı şirkətin rəhbəri Fazil İsrafilov adlı şəxs arasındakı podrat müqaviləsinin pərdələnməsi ilə bağlı olmasına dair sübutların təqdim edilməsi təklif edilmiş, lakin hər hansı mötəbər dəlil mövcud olmamışdır.

55. Həmçinin kollegiya qeyd edir ki, gizli bağlanan əqd və ya pərdələnən əqd tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri, həqiqi iradələrini ifadə edən bir müqavilədir və mahiyyəti baxımından, həqiqətən, bağlandığı zaman tərəflər üçün daha ağır və istəmədikləri nəticələr doğuracağından başqa bir əqdlə pərdələnmə zərurəti vardır. Lakin hazırki iş üzrə cavabdehin qeyd etdiyi əsl niyyətin – üçüncü bir şəxslə mövcud olan podrat münasibətlərinin mövcudluğu tərəflərin hansısa biri üçün əlverişsiz nəticələrə səbəb olmazdı. Daha dəqiq desək, həmin tərəflər arasında real podrat müqaviləsinin bağlanmasına hansısa maneə olmamış və bu əqdi pərdələmək üçün hər hansı zərurət yaranmamışdır.

56. Bundan əlavə cavabdeh öz şikayətini həm iddiaçının, həm də onun nümayəndə və vəkilinin də eyni şirkətdə çalışması və bütün bunların sözügedən əqdin şirkətin rəhbərinin təkidi ilə görüntü məqsədi daşıyaraq bağlanması ilə əsaslandırmış və sonuncu məhkəmə iclasında adıçəkilən şəxslərin iş yerlərinin müəyyən edilməsi ilə bağlı vəsatət təqdim etmişdir. Bununla bağlı kollegiya cavabdehə öz dəlillərini təqdim etmək və bununla bağlı vəsatətlər verməklə əlaqədar kifayət qədər şərait yaradılması, lakin sonuncu məhkəmə iclasında belə bir vəsatətlə çıxış etməsinin prosessual qanunvericiliyə zidd olduğunu qeyd edir və əlavə olaraq bildirir ki, həmin vəsatətin təmini nəticəsində iddiaçı və onun vəkilinin cavabdehin qeyd etdiyi şəxsin rəhbərlik etdiyi şirkətdə çalışması aşkar olunmuş olsa belə, bu hal hazırki mübahisənin predmetini təşkil edən kredit müqaviləsinin məhz göstərilən tərəflər arasında və kredit münasibətlərindən irəli gələn niyyətlərlə bağlanmasını istisna etmir. Bundan əlavə hazırda sübut olunmalı hissəni iddiaçı və onun vəkilinin həmin şirkətdə çalışması deyil, məhz sözügedən şirkətin rəhbəri ilə cavabdeh arasında sırf bu mübahisə ilə əlaqəli podrat münasibətlərinin mövcudluğu təşkil edir və bu hal da yuxarıda göstərildiyi kimi hər hansı mötəbər dəlillə öz təsdiqini tapmamışdır.

57. Bu zaman da Konstitusiya Məhkəməsinin də bu barədə yuxarıda göstərilən mövqeyinə uyğun olaraq əqdin yalan əqd kimi qiymətləndirilməsinə dair mötəbər əsas mövcud olmuş olmur.

58. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və iş üzrə tədqiq olunan sübutların məcmusu baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində hazırkı mübahisə üzrə tərəflər arasında bağlanılmış borc müqaviləsinin etibarlılığını şübhə altına alan hallar müəyyən edilmədiyindən və həmin borc müqaviləsi bu cür bir əqdin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirildiyindən iddianı qismən təmin etməkdə haqlı olmuşdur.

59. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında da qeyd olunmuşdur ki, sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, mülki məhkəmə icraatında Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. 60 Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

62. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

63. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

64. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

65. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

66. Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxsin özünə aid edilməlidir.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1698/2024 saylı, 16 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar