Məhkəmə qərarları › İş №2(103)-5510/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5510/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5510/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-70/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan «xxxxxxxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı «kredit məbləğinin qaytarılması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan «xxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 256/13 saylı «Kredit müqaviləsi»nə əsasən, cavabdehə istehlak məqsədi ilə 24 ay müddətinə, illik 16 % dərəcəsi olmaqla 3.080.000 manat məbləğində kredit vəsaiti verilmişdir.Kredit müqaviləsinin 2.1ci bəndinə əsasən bu müqavilə üzrə Bank borcalana 12 (on iki) ay müddətinə qaytarmaq şərti ilə, 3.080.000 manat məbləğində kredit verməyi, Borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Banka qaytarmağı öz öhdəsinə götürür.Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən, kredit nağd və ya köçürmə yolu ilə verilir və müştərinin bank hesabına daxil edildiyi gündən verilmiş sayılır.Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, o, bankla imzalanmış müqavilənin şərtlərini pozaraq, ödənişlərini vaxtlı-vaxtında etməmişdir. Bunun nəticəsində cavabdehin banka 3.080.000 manat məbləğində əsas borcu, 479.111,14manat məbləğində faiz borcu, 26.008,89 manat cərimə borcu, ümumilikdə 3.585.120,03 manat məbləğində borcu yaranmışdır.Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı xəbərdarlıqlar edilmiş və qeyd olunan «Kredit müqaviləsi» üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh 3.080.000 manat məbləğində əsas borc, 479.111,14 manat məbləğində faiz borcu, 26.008,89 manat cərimə borcu, ümumilikdə 3.585.120,03 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub, iddiaçı ləğv prosesində olan «xxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 3.080.000 manat məbləğində əsas borc, 1.107.431,19manat məbləğində faiz borcu,Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014cü il tarixli qərarına əsasən hesablanan 24.811,12 manat borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub, iddiaçı ləğv prosesində olan «xxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-70/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh əsas borc üzrə 3.080.000 (üç milyon səksən min) manat, faiz borcu üzrə 997.920,07 (doqquz yüz doxsan yeddi min doqquz yüz iyirmi manat, yeddi qəpik) manat, 24.811,12 (iyirmi dörd min səkkiz yüz on bir manat, on iki qəpik) müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4.102.761,19 (dörd milyon yüz iki min yeddi yüz altmış bir manat, on doqquz qəpik) manat məbləğində pul alınaraq ləğv prosesində olan «xxxxxxxxx» ASC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-70/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, mübahisləndirilən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarıldığından ləğv olunmalı, iş üzrə hərtərəfli və obyektiv araşdırma aparılmaqla iddia tələbinin rədd olunması ilə bağlı yeni qətnamə qəbul olunmalıdır. Belə ki, iddiaçı məhkəməyə kassa-məxaric qəbzini və hesabdan çıxarışları təqdim etməmişdir. Halbuki, bu sənədlər birbaşa olaraq iddiaçının istinad eldiyi halları sübut edən sənədlərdir. Mülki Prosessual Qanunvericiliyin əsas prinsiplərindən biri tərəflərin istinad etdikləri hər bir halı sübut etmək vəzifəsi daşımasıdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən MPM-nin sübutetmə vəzifəsini nəzərdə tutan 77-ci maddəsinin tələblərini kifayət qədər nəzərə alınmamışdır. Digər tərəfdən cavabdeh ekspert rəyi ilə tanış edilməmiş və ekspertiza onun iştirakı olmadan keçirilmişdir. Ona görə də həmin ekspert rəyi sübut sayıla bilməz. Məhkəmənin isə onu sübut saymaqla AR MPM-nin 88-ci maddəsini düzgün tətbiq etməməsini bildirmişdir. Mübahisəli qətnaməni çıxaran məhkəmə tərəfindən hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməməsi son nəticədə hüquqlarının və qanuni mənafelərinin pozulması ilə nəticələnmişdir. Hansı ki, hüquqi müəyyənlik prinsipinin əsas hədəfi hüquqları və qanuni mənafeləri pozulmuş şəxslərin hüquqlarının bərpası və qanuni mənafelərinin müdafiəsini təmin etməkdir. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada dəfələrlə xəbərdar edilsə də məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kolegiyası tərəfin izahatını, iş materiallarını, apelyasiya şikayətinin dəllillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarındakı «xxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013cü il tarixli, 256/13 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə illik 16 faiz olmaqla, 3.080.000 manat məbləğində kredit verilmişdir. İş materiallarındakı «xxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015ci il tarixli, 256/13/1 saylı kredit müqaviləsinə əlavəyə əsasən Cavabdeh xx xxxxxx 2013cü il tarixli, 256/13 saylı kredit müqaviləsinə əsasən verilmiş 3.080.000 manat məbləğində kreditin qalıq məbləği 3.080.000 manatın ödəniş müddəti xx xxxxxx 2013-cü il tarixli, 256/13 saylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla xx xxxxxx 2018-ci il tarixinədək uzadılmışdır. İş materiallarındakı ləğv prosesində olan «xxxxxxxxx» ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə «xxxxxxxxx» ASC-yə əsas borc üzrə 3.080.000 manat, kredit müqaviləsinin müddətinin sonuna olan faiz borcu üzrə 997.920,07 manat, müqavilənin bitdiyi tarixdən hazırki vaxtadək 5%-lik faiz borcu üzrə 24.811,12 manat olmaqla, cəmi 4.105.731,19 manat məbləğində borcu vardır. İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14254 saylı, xx xxxxxx 2018-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən xx.xx.2015-ci il tarixə Cavabdeh «xxxxxxxxx» ASC-yə olan borcu əsas borc üzrə 3.080.000 manat, faiz borcu üzrə 818.446,57 manat məbləğində olması müəyyən edilmişdir. Həmçinin, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdə 1.050.416 manat məbləğində ödəniş edilmişdir. Lakin banka olan borc məbləği xx xxxxxx 2015-ci il tarixə (müqavilə müddətinin sonuna) hesablandığından 1.050.416 manat məbləğində ödəniş nəzərə alınmamışdır. Ekspert tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat təşkil etmişdir. İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9640 saylı, xx xxxxxx 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən xx.xx.2018-ci il tarixə Cavabdeh «xxxxxxxxx» ASC-yə olan borcu əsas borc üzrə 3.080.000 manat, faiz borcu üzrə 1.246.430,57 manat məbləğində olması müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Beləliklə, birinci instansiya məhkəmə iclasında müəyyən olunmuşdur ki, «xxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 256/13 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə illik 16 faiz olmaqla, 3.080.000 manat məbləğində kredit verilmiş, «xxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 256/13/1 saylı kredit müqaviləsinə əlavəyə əsasən Cavabdeh xx xxxxxx 2013-cü il tarixli, 256/13 saylı kredit müqaviləsinə əsasən verilmiş 3.080.000 manat məbləğində kreditin qalıq məbləği 3.080.000 manatın ödəniş müddəti xx xxxxxx 2013-cü il tarixli, 256/13 saylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla xx xxxxxx 2018-ci il tarixinədək uzadılmış, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam həcmdə icra etməmiş və nəticədə onun banka ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarına əsasən, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 1-ci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehdən ilkin maliyyə arayışında tələb olunduğu kimi faiz məbləği sonuncu maliyyə arayışında göstərildiyi kimi xx.xx.2018-ci il tarixədək, yəni müqavilənin müddəti bitən tarixədək hesablanmalı, faiz borcu 997.920,07 manat məbləğində tutulmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarına əsasən 24.811,12 manat müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcu tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh əsas borc üzrə 3.080.000 (üç milyon səksən min) manat, faiz borcu üzrə 997.920,07 (doqquz yüz doxsan yeddi min doqquz yüz iyirmi manat, yeddi qəpik) manat, 24.811,12 (iyirmi dörd min səkkiz yüz on bir manat, on iki qəpik) müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4.102.761,19 (dörd milyon yüz iki min yeddi yüz altmış bir manat, on doqquz qəpik) manat məbləğində pulun alınaraq ləğv prosesində olan «xxxxxxxxx» ASC-yə verilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, cavabdeh apelyasiya şikayətində iddiaçının məhkəməyə kassa-məxaric qəbzini və hesabdan çıxarışları təqdim etmədiyinə istinad etsə də həmin sənədlər iş materiallarında mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-70/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar