Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5516/2023 04.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddiaçı QSC “Bank Standart” KB-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "xxxx" tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1546/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı QSC “Bank Standart” KB-nin (ləğv prosesindədir) - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 387.76 manat məbləğində əsas borc və 120.25 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 508.01 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1546/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, 30 manat məbləğində dövlət rüsumunun iddiaçı QSC "Bank Standart” KB (ləğv prosesindədir) geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1, 152.1.6, 152.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki,tərəflər arasında bağlanmış müqavilədə mübahisənin ilk öncə tərəflərin razılığı ilə həll edilməsi nəzərdə tutulduğu halda iddiaçı cavabdeh tərəflə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında) nizama salınması tələbinə riayət etmədiyindən, riayət edildiyi halda isə buna dair sənəd iddia ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. İddiaçı apellyasiya şikayətini məhkəməyə təqdim edərək, Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-1546/2023 saylı qərardadını ləğv edərək iddia ərizəsini icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.2.2; Azərbaycan Resublikası Mülki Prosessual Məcəlləsinin 88, 259.0.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi mülki iş materiallarında olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Cavabdehlə Bank arasında bağlanmış kredit müqaviləsində öhdəliyin icrası müddəti başa çatmışdır. Belə olan halda, Mülki qanunvericiliyin normalarına müvafiq olaraq cavabdehə xəbərdarlıq edilməsi zəruri deyildir. Buna görə də, Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinin hazırkı mübahisəyə tədbiq edilməsi məqsədəmüvafiq deyildir və Səbail Rayon məhkəməsi Mülki prosessual normaları düzgün tədbiq etməmişdir. Buna görə də, qərardad ləğv edilməli və iddia ərizəsi icraata qəbul edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1546/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 420-449; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 149-153, 385-390-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 Mart 2023-cü il tarixli Qərarına əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni nəticəni qanuni və əsaslı hesab etmir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən: 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur; 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur; 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan suiistifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən : (9.2.) Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. (151.1.) İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. (151.2.) Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər.(170.1.) Bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Borclunun xəbərdar edilməsi vəzifəsi müqavilə müddəti bitmədiyi, ondan imtina edilməsi mümkün olduğu hallara şamil edilir ki, hazırki vəziyyətdə müqavilə müddəti bitmiş və tələbin əsasını gecikdirilmiş öhdəliklərin icrası təşkil edir. Kreditorun məhkəmədən qabaq borcluya məlumat verməməsi, habelə borcun (zaminlik və s.) təminatı olan prosedurları həyata keçirməyərək hüquqlardan sui-istifadə etməsi isə tərəflərin iştirakıyla müzakirə ediləsi məsələdir ki, bu prosessual imkanlar tərəflərin iştirakı ilə iddia ərizəsinin mümkünlüyünə baxılması zamanı və ya məhkəmə hazırlıq mərhələsində mövcuddur. Ona görə, məhkəmənin qərardadı ləğv edilməli və iddia ərizəsinin mümkünlüyünə yenidən baxılması üçün prosessual hüquqi imkanlar nəzərdən keçirilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 264.0.5-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı QSC “Bank Standart” KB-nin (ləğv prosesindədir) şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1546/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin mümkünlüyünə baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-5516/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5516/2023
04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver