Məhkəmə qərarları › İş №2(103)-5517/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5517/2022

16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5517/2022 16.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun vəkili-nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4261/2021 saylı, 27 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BAKU1-4953- 18392 nömrəli kredit müqaviləsi bağlanmış, müqavilə əsasında borcalan Cavabdeh1 240 ay müddətinə illik 50% dərəcəsi ilə 25.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında olan 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392/1 Razılaşmaya əsasında kreditin illik faizi 27%, kreditin müddəti 36 ay, kreditin məbləği 20.000 manat müəyyən edilmişdir. Tərəflər arasında olan 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392/2 Razılaşmaya əsasında kreditin illik faizi 27%, kreditin müddəti 36 ay, kreditin məbləği 5.000 manat müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə müştərinin öhdəliyi "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BAKU1-4953-18392-BAKU1-6770 nömrəli zaminlik müqaviləsi ilə təmin edilmişdir. "xxxx" BOKT MMC tərəfindən borclulara ünvanlanan xx.xx.2021-ci il tarixdə göndərilən xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 borcu ödəməli olduğu, əks təqdirdə kredit müqaviləsinə xitam verilməsi və borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunması barədə bank tərəfindən xəbərdar olunmuşlar. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 xx.xx.2020-ci il tarixli BAKU1-4953-18392 nömrəli kredit müqaviləsi üzrə 22142,40 manat əsas, 2686,83 manat faiz borcu, 1927,47 manat cərimə borcu, cəmi 26756,70 manat borcunun olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392 saylı Kredit müqaviləsinin (və onun tərkib hissəsi olan 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392/1 və 11 iyun 2020-ci il tarixli BAKU1-4953- 18392/2 saylı Razılaşmalar daxil olmaqla) ləğv edilməsi; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 22.142,40 manat əsas borc, 2.686,83 manat məbləğində cari faiz borcu və 1.927,47 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 26,756,70 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında imzalanmış 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392 saylı Kredit müqaviləsinə və onun tərkib hissəsi olan 11 iyun 2020-ci il tarixli BAKUl-4953-18392/1 və 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392/2 saylı Razılaşmalara əsasən, ikinciyə 27%-lə 36 ay müddətinə ümumilikdə 25.000,00 (iyirmi beş min) manat məbləğində kredit verilmişdir. Bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 və Cavabdeh2 arasında 11 iyun 2020- ci il tarixli BAKU1-4953-18392+BAKU1-6770 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Borclu Cavabdeh1 kredit öhdəliklərinin ödənilməsi müddətlərini dəfələrlə pozmuşdur. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" bank olmayan kredit X1 cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 26 may 2021-ci il tarixinədək verilmiş kredit üzrə 22.142,40 manat əsas borc, 2.686,83 manat məbləğində cari faiz borcu və 1.927,47 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 26.756,70 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4261/2021 saylı, 27 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BAKU1-4953-18392 nömrəli kredit müqaviləsi və həmin müqavilə əsasında tərtib olunmuş 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392/1 saylı və 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392/2 saylı Razılaşmaların ləğv edilməsi, əsas borc üzrə 22.142,40 manat, faiz borcu üzrə 2.686,83 manat, cərimə borcu üzrə 100 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 28 manatı, cəmi 24.957,23 məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi “borcun tutulması” və “kredit müqaviləsinin və razılaşmaların ləğv edilməsi” tələbləri ilə bağlı mövqeyini Mülki Məcəllənin 385.1, 421.2, 421.3, 425.1, 442, 462.1, 462.3, 467 və 739-cu maddələri ilə əsaslandıraraq, belə nəticəyə gəlmişdir ki, ddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 100 manat məbləğinədək azaldılmalıdır. Çünki 22142,40 manat əsas borc məbləğinə münasibətdə 100 manat məbləğində dəbbə pulu daha ədalətlidir. Cavabdeh1 əsas öhdəliyini lazımınca icra etmədiyindən və bununla da müqavilə şərtlətini faktiki pozduğundan iddiaçının şərtləri pozulmuş xx.xx.2020-ci il tarixli, BAKU1-4953- 18392 nömrəli kredit müqaviləsi, 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392/1 və 11 iyun 2020-ci il tarixli BAKU1-4953-18392/2 saylı Razılaşmalarını birtərəfli qaydada ləğv edilməsini tələb etmək hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi və “öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə məsuliyyət” ilə bağlı mövqeyini Mülki Məcəllənin 470.1 və 472-ci maddələri ilə əsaslandıraraq, belə nəticəyə gəlmişdir ki, zamin Cavabdeh2 xx.xx.2020-ci il zaminlik müqaviləsi üzrə borclu Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. Cavabdeh-borcalan əsas öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçının cavabdeh-zaminə qarşı da tələb hüququ yaranmışdır. Odur ki, kredit müqaviləsi və razılaşmalar ləğv edilməli, 22142,40 manat əsas borc, 2686,83 manat faiz borcu, 100 manat cərimə və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 28 manatı, cəmi 24957,23 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4261/2021, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, işə baxan Nəsimi Rayon Məhkəməsinin qətnaməsi əsaslı olmamış, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmamışdır. Belə ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müqavilənin vaxtından əvvəl ləğv edilməsinə dair nə ona, nə də Cavabdeh1 bildiriş göndərməmişdir. İş materiallarında da xəbərdarlıq məktubunun göndərilməsinə dair heç bir sübut olmamışdır. Beləliklə, işə baxan Nəsimi Rayon Məhkəməsi iddianın mümkünlüyü ilə bağlı qeyd edilən prosessual hüquq normalarının tələblərini pozmaqla qətnamə qəbul etmişdir. İşə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Tərəflərin məhkəmədə iştirakının təmin edilməsi qaydasını müəyyən edən mülki prosessual qanunvericiliyin qeyd olunan normalarının tələblərinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş, nəticədə işə onun iştirakı olmadan və çəkişmə prinsipinə əməl edilmədən baxılmışdır. Ona məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmədən işə baxılması məhkəmə kollegiyası tərəfindən prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilməli və həmin əsasla qətnamə ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə məlumat vermədiyindən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin “müqavilənin ləğv edilməsi” və “tərəfin məhkəmə iclasında iştirakının təmin edilməməsi” hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə: - 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. - 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Məcəllə: - 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini borcalana vermiş, bunun nəticəsində bankın cavabdehlərdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdehlər isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə, kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cəriməni tələb etmək, tələb icra olunmadıqda isə borcun zamin tərəfindən ödənilməsini tələb etmək hüququ vardır. Apellyator müqavilənin ləğvi barədə ona məlumatın verilməməsi barədə dəlilini əsas gətirsə də, işdə olan "xxxx" BOKT MMC tərəfindən Cavabdeh1, onun qeydiyyatda olduğu ünvana və Cavabdeh2, onun qeydiyyatda olduğu ünvana göndərilmiş 597/HO-OUT nömrəli, xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini dəfələrlə pozmuş, beləliklə, 16 marf 2021-ci il tarix üçün X3 11 iyun 2020-ci il tarixli BAKU 1-4953-18392 saylı Kredit müqaviləsi üzrə 22.142.40 manat əsas borcu, 1.525,63 manat faiz borcu və 486,43 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 24.154.46 manat borcu yaranmış və ödənilməmişdir. Bununla əlaqədar olaraq yuxarıda qeyd olunan borcun beş gün ərzində qaytarılması tələb edilmiş, borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsinə xilam verilməsi və kredit borcunun cavabdehlərdən tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Xəbərdarlıq məktubu Cavabdeh1 (ünvan 1 ünvanda yaşamır, ünvan 2ün deyil) və Cavabdeh2 (ünvan 3ilib, Bakı şəhəri, S.Ə.Şirvani küçəsi, məhəllə 2319, mənzil 18-evdə yoxdur) qeydiyyatda olduqlarları və faktiki yaşadıqları ünvanlara göndərilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı müqavilənin və razılaşmaların ləğv edilməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Bundan başqa, apellyator ona məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməməsinə dair dəlilini də qeyd etsə də, işdən görünür ki, Cavabdeh2 məhkəmənin 10 iyun 2021-ci il tarixli hazırlıq iclasında, Cavabdeh1 məhkəmənin 06 iyul 2021-ci il tarixli, 23 iyul 2021-ci il tarixli məhkəmə baxışı iclaslarında iştirak etmişdirlər. Göründüyü kimi cavabdehlər məhkəmə iclaslarında iştirak edərək, öz prosessual hüquqlarından istifadə etmiş və məhkəmədən xəbərdar olmuşdurlar. Kollegiya şikayətin bu dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti bu dəlili formal xarakter daşıyır və apellyatorun subyektiv mülahizələrinə əsaslanır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4261/2021 saylı, 27 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar