Məhkəmə qərarları › İş №2(103)-5519/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5519/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5519/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı ilk iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi, pulun tutulması tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2295/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Kapital Bank” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BBUM5418247A117 nömrəli “Birkart Umico” kredit müqaviləsinə əsasən Cavabdeh ASC tərəfindən İddiaçı “Birkart Umico” ödəniş kartı verilmiş və istehlak məqsədi ilə (ilkin olaraq istifadə edilə biləcək məbləğ qismində) 5.000 manat məbləğində bərpa olunan kredit xətti ayrılmışdır. İddiaçı həmin kartı qəbul etmiş və kredit xəttindən istifadəyə görə yaranmış borcun ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Bundan sonra xx.xx.2023-cü il tarixdə İddiaçı 4.500 manat və 104 manat məbləğində pul ödəmiş və bundan sonra tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış qarşılıqlı razılaşmaya (müqaviləyə 1 saylı əlavə) əsasən onların qarşılıqlı razılığına əsasən xx.xx.2022-ci il tarixli müqaviləyə xitam verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli qarşılıqlı razılaşma əsasında xitam verilmiş xx.xx.2022-ci il tarixli, BBUM5418247A117 nömrəli “X14” kredit xətt müqaviləsi üzrə hesablanmış 225,20 manat məbləğində borcun hesabından silinməsi və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

3. İddia onunla əsaslandırılmışdır ki, onunla bank arasında xx.xx.2022-ci il tarixli, BBUM5418247A117 nömrəli “X14” kredit xətt müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli qarşılıqlı razılaşma əsasında aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, BBUM5418247A117 nömrəli “X14” kredit xətt müqaviləsində nəzərdə tutulmuş borc ödənilmiş və həmin müqaviləyə xitam verilmişdir. İddia ərizəsinə əlavə etdiyi xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərinə əsasən həmin müqavilə üzrə tərəfindən 4.500 manat və 104 manat məbləğində tam ödəniş edilmişdir. Bundan başqa iddia ərizəsinə əlavə etdiyi TT**********3401 nömrəli qəbzə əsasən BBUM5418247A117 nömrəli kreditin tam ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə olunan ödəniş kartı üzrə çıxarışdan görünür ki, 225,20 manat məbləğində borc hesablanmışdır. Həmin borcun hansı qaydada hesablanması, kreditin tam ödənişi həyata keçirildikdən sonra necə yaranması barədə banka dəfələrlə müraciət etsə də, heç bir məlumat verilməmişdir. xx.xx.2023-cü il tarixli razılaşma ilə xitam verilmiş müqaviləyə borcun hesablanması bank tərəfindən əsaslandırılmamışdır.

4. Cavabdeh ASC iddiaçı qismində cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Birkart Umico kredit kartından istifadə etdiyi 225.20 manat və qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2022-ci il tarixdə BBUM5418247A117 nömrəli “Birkart Umico” kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank ona “Birkart Umico” ödəniş kartı verir və istehlak məqsədilə bərpa olunan kredit xətti ayırır, iddiaçı isə kartdan və kredit xəttindən istifadəyə görə yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcları, dəbbə pulu və s.) ödəyir. xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən bank əməliyyat sistemində həmin vaxta təsdiq olunmuş əməliyyatlara uyğun olaraq ödəniş olunmuş və sistemdə borc 0 manat göründüyündən Bank ilə onun arasında kredit xətti müqaviləsinə xitam verilməsinə dair qarşılıqlı razılaşma bağlanmışdır. Lakin İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə istifadə edilmiş 222,20 manat məbləğində (200 manat köçürmə və həmin köçürmə üzrə 1 manat xidmət haqqı; 20,20 manat köçürmə) və xx.xx.2023-cü il tarixində istifadə edilmiş 3 manat (mobil ödəmə təyinatlı 3 dəfə 1 manat köçürmə) kredit xətti müqaviləsinə xitam verilməsinə dair qarşılıqlı razılaşma bağlandıqdan sonra təsdiqləndiyindən onun adına sistemdə borc yaranmışdır. Banka olan borcun qaytarılması üçün ona şifahi olaraq müraciət olunsa da, o, borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən qeyd olunan borcun qaytarılmasının təmin edilməsi üçün hazırda qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunan qərardan da göründüyü kimi müqavilənin ləğv edilməsi onun ləğv olunmasına qədər yaranmış borcun qaytarılmasını istisna etmir. Təqdim olunmuş çıxarışlardan da göründüyü kimi İddiaçı hazırda tələb olunan məbləğlər xitam razılaşmasından əvvəl istifadə olunmuş əməliyyatlar üzrə yaranmış borc məbləğidir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2295/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, Cavabdeh ASC əməliyyat sistemində və kredit bürosundan çıxarışda İddiaçı adına xx.xx.2022-ci il tarixli, BBUM5418247A117 nömrəli Birkart Umico Kredit Müqaviləsi üzrə hesablanmış 225,20 manat məbləğində borcun ona aid hesabdan silinməsi, ilkin iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun ilkin iddia üzrə Cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh ASC-nin qarşılıqlı iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir (hakim X6)

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Qarşılıqlı iddia üzrə iddiadan və iş materiallarına əlavə edilmiş hesab hərəkətlərindən də göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdeh 222,20 manat məbləği xx.xx.2023-cü il tarixdə, yəni müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilməzdən öncə götürmüşdür. Müqaviləyə xitam barədə qarşılıqlı razılaşmada bu razılaşmanın imzalandığı tarixdən qüvvəyə minməsi göstərilmiş, həmçinin xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən 3 manat məbləğin götürülməsi, bankın həmin razılaşma üzrə müqaviləyə xitam verilməsinin nəticəsi olaraq nəzərdə tutulmuş texniki əməliyyatları lazımınca və vaxtında icra etməməsindən irəli gəlmişdir. Bununla belə, müqavilə üzrə öhdəliklərə qarşılıqlı razılaşma əsasında xitam verildiyindən İddiaçı Banka hər hansı məbləğdə borcu mövcud deyil. Bu səbəbdən sistem üzrə hesablanmış borc ona aid hesabdan silinməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci, 527.2-ci, 528-ci, 529-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarına, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Kapital Bank” ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat məbləğində pul vəsaitinin ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti qarşılıqlı iddianın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, bank tərəfindən ilkin iddia üzrə iddiaçının kartla apardığı əməliyyatlara dair çıxarış təqdim edilərək, müqaviləyə xitam verilərkən son əməliyyatlar üzrə borcun bank əməliyyat sistemində həmin vaxt təsdiq olunmaması nəzərə çatdırılsa da, məhkəmə bu hala münasibət bildirməmişdir. Hətta məhkəmə həmin çıxarışa istinad edərək, əməliyyatların müqaviləyə xitam tarixindən öncə baş verdiyini qeyd etsə də, həmin əməliyyatlar üzrə borcun olmadığını bildirir və bunu sadəcə müqaviləyə xitam razılaşmasının olması ilə əsaslandırır. Hazırki halda ilkin iddia üzrə iddiaçı kredit xətti limitindən xx.xx.2023-cü il tarixdə saat 08:57:43-də, 23:22:55-də və xx.xx.2023-cü il tarixdə saat 09:33:45-də, 09:33:54-də və 09:34:14-də istifadə etmişdir. İlkin iddia üzrə iddiaçı isə 4.496.80 manat və 103.18 manat olmaqla, cəmi 4.599.98 manat məbləğində ödəniş etmişdir. Bu zaman hesabın qalığı - 205 manat təşkil etmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə istifadə olunmuş 20,20 manata dair əməliyyat məbləği təsdiqlənmiş və kartın balansı -225,20 manat təşkil etmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, “ilkin iddia üzrə iddiaçının müqavilə üzrə öhdəliklərinə qarşılıqlı razılaşma əsasında xitam verildiyindən ilkin iddia üzrə cavabdehin banka heç bir borcu mövcud deyildir”. Lakin nəzərə alınmalıdır ki, kredit xətti müqaviləsinə xitam verilməsi üçün borcun tam bağlanması tələb olunur. İş materiallarından göründüyü kimi borc tam ödənilməmişdir. İlkin iddia üzrə iddiaçı istifadə etdiyi əməliyyatlar bank əməliyyat sistemində təsdiqlənməmiş müraciət etmiş, özünün əslində nə qədər vəsait istifadə etdiyini bildiyi halda qismən ödəniş edərək müqavilənin ləğv edilməsinə nail olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

13. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, o, kreditin götürülməsi üçün "xxxx" ASC-yə müraciət etmiş, lakin ona yalnız Cavabdeh ASC-də olan kredit borcu bağlandıqdan sonra kreditin verilməsinin mümkün olduğu bildirilmişdir. O, da qeyd edilən məsələ ilə bağlı Cavabdeh ASC-yə müraciət etmiş və kredit borcunun bağlanması üçün ondan tələb edilən məbləği ödəmişdir. Bunun nəticəsi olaraq, ona tam ödənişi təsdiq edən sənəd verilməklə aralarında qarşılıqlı razılaşma imzalanmışdır. Lakin bundan sonra kreditin alınması üçün "xxxx" ASC-yə müraciət etsə də, hesabında borc məbləği qaldığından ona kredit verilməmişdir. Məsələ ilə bağlı Cavabdeh ASC-yə müraciət etdikdə, ona hələ də kredit borcunun qaldığı bildirilmişdir. Halbuki, ondan tələb edilən borc məbləğini tam ödəmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini, birinci istansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir; 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir; 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir; 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir; 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir; 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 529.5-ci maddəsinə əsasən borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir; 529.7-ci maddəsinə əsasən icra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilərək, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Birkart Umico” kredit müqaviləsi üzrə açılmış kredit xəttindən İddiaçı istifadə etmiş və nəticədə onun borcu yaranmışdır. Bundan sonra tərəflər yaranmış borcun ödənilməsi şərti ilə aralarında bağlanmış müqaviləyə xitam verilməsi ilə bağlı razılığa gəlmişdilər. Bu razılıq çərçivəsində İddiaçı xx.xx.2023-cü il tarixdə 4.500 manat və 104 manat ödəniş etmişdir. Bunun nəticəsi olaraq, həmin tarixdə tərəflər arasında bağlanmış qarşılıqlı razılaşmaya əsasən qeyd edilən müqaviləyə xitam verilmişdir.

21. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli qarşılıqlı razılaşmada borcun həcmi, o cümlədən hesab üzrə mövcud olan və ödənilmiş borcun məbləği, habelə ödənişdən sonra hesabda olan pulun məbləği göstərilməmişdir. xx.xx.2023-cü il tarixdə 1 manat məbləğində ödənişin edilməsini əks etdirən qəbzin “ödənişin təyinatı” hissəsində isə BBUM5418247A117 nömrəli kreditin tam ödənişi göstərilmişdir.

22. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Birkart Umico” kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarına əsasən son iki əməliyyat İddiaçı tərəfindən 4.496,80 manat və 103,18 manat məbləğində pulun ödənilməsi ilə bağlı olmuşdur. Cavabdeh ASC-nin istinad etdiyi bütün ödənişlər sıra növbəsi ilə bu ödənişlərdən əvvəl qeyd edilmişdir. Başqa sözlə, hesabdan çıxarış məlumatlarında aparılmış bütün əməliyyatlar, o cümlədən məxaric və mədaxil edilmiş məbləğlər göstərilmişdir. Cavabdeh ASC-nin mövqeyi baxımından İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ödənilmiş 4.496,80 manat və 103,18 manat məbləği də (sonuncu iki əməliyyat) qarşılıqlı razılaşma bağlandıqdan sonra təsdiqlənmişdir. Başqa sözlə, belə çıxır ki, qarşılıqlı razılaşma ödənişlər hesabda əks olunmamış bağlanmışdır ki, bu da mümkün deyil.

23. Hər bir halda, ödənişləri əks etdirən sistem kifayət qədər müddətdir ki, tətbiq edilir. Tərəflər arasında bağlanmış qarşılıqlı razılaşma isə ilk belə sənəd deyil. Bu səbəbdən qarşılıqlı razılaşma bağlanan zaman qarşılıqlı iddiada və apellyasiya şikayətində dəlil kimi göstərilmiş hallar nəzərə alınmalı və yoxlanılmalı idi.

24. Bununla belə, xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən 4.496,80 manat və 103,18 manat məbləğində pul ödənildikdən sonra Cavabdeh ASC tərəfindən ona xx.xx.2022-ci il tarixli müqavilə üzrə borcun tam ödənilməsini təsdiq edən qəbz verilmiş və onunla Cavabdeh ASC arasında məhz sonuncunun təklif etdiyi şərtlərlə tərtib edilmiş və məzmununda borcun həcmi göstərilməməklə qarşılıqlı razılaşma bağlanaraq, müqaviləyə xitam verilmişdir. Bu da öz növbəsində qarşılıqlı razılaşma bağlandığı tarixdən əvvəl yaranmış borcun da ödənildiyini ehtimal etməyə əsas verir. Başqa sözlə, razılaşmada borcun həcminin göstərilməməsi həmin razılaşmanı tərtib edən tərəfin ziyanına təfsir edilməklə özündə borc məbləğinin qalıb-qalmamasından asılı olmayaraq, müqavilə üzrə öhdəliklərə xitam verilməsini ehtiva edir.

25. Beləliklə, məhkəmə kollegiyası, kredit xətti limitindən xx.xx.2023-cü il tarixdə saat 08:57:43-də və 23:22:55-də, habelə xx.xx.2023-cü il tarixdə saat 09:33:45-də, 09:33:54-də və 09:34:14-də olmaqla ümumilikdə istifadə edilmiş 225,20 manat pulun qarşılıqlı razılaşma bağlandıqdan sonra təsdiqlənməsi və bu baxımdan X9 tərəfindən ödənilməli olması barədə dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2295/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir.

26. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2295/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-yə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar