Məhkəmə qərarları › İş №2(103)-5520/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5520/2023

17.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5520/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maddi və mənəvi ziyanın ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh X5, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-147/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən mülkiyyətində olan «Kia Optima» minik markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu maddi zərərə görə 14.248 manat maddi ziyanın və ödənilmiş 133 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan «Kia Optima» minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu maddi zərərə görə 14.248 manat madddi ziyanın, ödənilmiş 133 manat məbləğində dövlət rüsumunun, qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasındakı yaranmış qiymət fərqinin əvəzi olaraq 12.000 manat və mənəvi ziyana görə 5.000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-147/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Səməd Cəfərov) ilə iddia qismən təmin edilmiş, 2014-cü il buraxılışlı «Kia Optima» markalı ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci olan 13.282 manat, avtomobilin əmtəə dəyərinin itkisinə görə 2.500 manat, ödənilmiş 133 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, 150 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, iddiaçının göstərdiyi kimi Cavabdeh1, Cavabdeh2 məxsus “Volkwagen Tonareg” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz deyil, etibarnamə ilə idarə etmişdir. İddiaçı nəqliyyat vasitəsinə vurulmuş ziyanı həqqindən artıq şişirdərək fantastik pul məbləği tələb edir ki, bu da haqq və ədalətə uyğun deyildir. Avtomobili idarə edən Ayxan Bədrəddinli hadisə törətdikdən sonra hadisə yerini tərk etmiş və yol dövlət polisinin əməkdaşları gəldikdən sonra hadisə yerinə qayıtmışdır. Polis əməkdaşları sonuncunun sərxoşluğu ilə maraqlanmamış və cavabdeh bunu tələb etsə də əhəmiyyət verməmişlər. Lakin cavabdeh öz təşəbbüsü ilə müayinədən keçmişdir. Hadisə zamanı tanımadığı şəxs ona mobil telefonla zəng edərək hədə-qorxu ilə pul tələb etmişdir. Cavabdehin idarə etdiyi avtomobilə hadisə zamanı 4000 manat məbləğində ziyan dəymişdir. Lakin o, bununla əlaqədar iddiaçıya və ya oğluna qarşı heç bir tələb irəli sürməmişdir. Cavabdeh kimi vurulmuş ziyanın 7000 manat məbləğində ödənilməsinə və bu barədə barışıq sazişi bağlanıb təsdiq edilməsinə razıdır.

5. Nəqliyyat vasitəsinə vurulmuş ziyanı müəyyən edən qüsur aktının və digər sənədlərin reallığa uyğun olmamasına məhkəmə baxışı zamanı qiymət verilməmiş, nəqliyyat vasitəsinin tam yararsız hala düşməsi təsuratı yaradılmışdır. Halbuki, nəqliyyat hadisəsi inzibati xəta kimi qiymətləndirilmişdir. Zərər vurulmuş nəqliyyat vasitəsi 2014-cü ildə istehsal edilmişdir. Zaman etibarı ilə onun istismarından 7 ildən artıq bir vaxt keçmişdir. Məhkəmə iclasında hadisə zamanı sözügedən nəqliyyat vasitəsinə yol nəqliyyat hadisələri eksperti tərəfindən baxış keçirilərkən “onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün olmaması barədə” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/64430-8/2415 saylı rəyi nəzərə alınmamış və hüquqi qiymət verilməmişdir. Nəzəri hesablama yolu ilə iş materiallarında olan “X3 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “KİA OPTİMA” minik markalı, **-TV- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 13282 manat müəyyən edilmişdir. Məhkəmə bu qüsur aktını əsas götürmüşdür. Halbuki, qüsur aktında subyektiv yanaşmanın mövcudluğu istisna edilmir.

6. Bu səbəbdən, qətnamənin avtomobilin təmir-bərpa xərcinin ağlabatan qiymət dəyərini 7 min manat həddində müəyyən edilməsi, avtomobilin əmtəə dəyərinin itkisinə görə 2500 manat hissəsində isə ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, maşını etibarnamə ilə idarə etmişdir, məbləğ çox şişirdilmişdir, o, 7000 manatı ancaq aybaay ödəmə şəklində qaytara bilər, bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, yol-nəqliyyat hadisəsi ehtiyatsızlıqdan baş vermiş, əməldə cinayət tərkibi olmadığı üçün işə inzibati xəta kimi baxılıb qiymət verilmişdir. Əslində hadisə zamanı hər iki maşına ziyan dəymişdir. Cavabdeh öz hesabına maşını təmir etdirmişdir. Hesab edir ki, tutulan məbləğ həddindən artıqdır. Cavabdeh1 vətən müharibəsi iştirakçısıdır, leytenantdır, 3-cü dərəcəli əlildir, hazırkı vəziyyətdə onun pulu ödəməyə imkanı yoxdur. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı və digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

10. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

11. Mülki iş materiallarında olan Yasamal RPİ İŞ-nin müstəntiqi, polis polkovnikleytenantı V.M.şahbazovun 19 yanvar 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi və inzibati qaydada təsir tədbirinin görülməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstənlənlərə əsasən, baş vermiş yol-nəqliyyat hadisəsində xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, təqaüdçü, Bakı şəhəri Nəsimi rayonu A.Mustafayev küçəsi ev 37 mənzil 46-da qeydiyyatda olan və yaşayan sürücü Cavabdeh1 əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş; sürücü Cavabdeh1 hərəkətlərində İXM-nin 327.8-ci və 469.3-cü maddələrinin tərkib əlamətləri olduğundan barəsində inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti Yasamal RPİ-nin DYPŞ-yə göndərilmiş; qəbul olunmuş qərarı maraqlı tərəflərə göndərməklə qərardan prokurorluğa və məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ, habelə X1 idarə etdiyi «Kia Optima» markalı ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 14.248 manat məbləğdə ziyan və X2 məxsus «Lada Priora» markalı ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanla bağlı yaranmış mübahisə ilə əlaqədar mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olduğu onlara izah edilmiş; qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorluğuna göndərilmişdir.

12. 10 fevral 2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 469.1, 327.8-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş, törədilmiş inzibati xətanın mahiyyəti, tarixi, saatı və yeri göstərilmişdir.

13. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 3(004)- 999/2022 saylı qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, həmin Məcəllənin 469.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Yasamal RPİ-yə göndərilmişdir.

14. X3 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, «KİA Optima» markalı ** TV *** dövlət qeydiyyat nişanlı 2014-cü il buraxılışlı, qara rəngli avtomobilin təmir edilməsi üçün xidmət haqqının və endirimli ehtiyat hissələrinin cəmi dəyəri 14.248 manat təşkil edir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2022-ci il tarixli 9/6430-8/2415 saylı rəyindən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır (məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə).

16. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan «X3» tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı «Kia Optima» markalı ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 13.282 manat müəyyən edilir (məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə). Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2023-cü il tarixli 9/1144 saylı rəyindən görünür ki, «Kia Optima» markalı 2014cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 25.000 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10 % - 2.500 manat (25000 manat x 10 %) aşağı olması istisna edilmir. Tətbiq edilən maddi hüquq normaları:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Maddə 1119.2. Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır. Maddə 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Maddə 1119.4. Zərərin vurulduğu an zərərçəkənin işləmədiyi halda öz arzusu ilə onun işdən azad edilənədək əldə etdiyi qazanc və ya həmin ərazidə onun ixtisasından olan işçiyə verilən muzdun adi miqdarı, lakin altı manatdan az olmamaqla, nəzərə alınır. Tətbiq edilən prosessual hüquq normaları:

19. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

20. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini yalnız Cavabdeh1 şikayətinə əsasən iddia tələbinin ona aid təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası gəlmiş tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. Kollegiya apellyasiya şikayətinin avtomobili etibarnaməsiz deyil, etibarnamə ilə idarə etməsi barədə dəlili üzrə qeyd edir ki, hazırkı halda qətnamə yalnız Cavabdeh1 tərəfindən mübahisələndirilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 şikayətinə əsasən yoxlanılır, bu səbəbdən həmin dəlil digər cavabdeh tərəfindən qətnamənin mübahisləndirildiyi halda əhəmiyyətli ola bilər.

23. Apellyasiya şikayətinin hadisənin baş verməsində hər iki tərəfin təqsirli olması barədə dəlili ilə Kollegiya razılaşmır və qeyd edir ki, mülki iş materiallarında olan 10 fevral 2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 469.1, 327.8-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş, törədilmiş inzibati xətanın mahiyyəti, tarixi, saatı və yeri göstərilmişdir.

24. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 3(004)- 999/2022 saylı qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, həmin Məcəllənin 469.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Yasamal RPİ-yə göndərilmişdir. Bununla da apellyasiya şikayətinin həmin dəlilinin də əsassız olduğu müəyyən olunur.

25. Apellyasiya şikayətinin nəqliyyat vasitəsinə vurulmuş ziyanı müəyyən edən qüsur aktının və digər sənədlərin reallığa uyğun olmaması barədə dəlili üzrə Kollegiya bildirir ki, birinci instansiya məhkməsinin müvafiq qərardadı üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2022-ci il tarixli 9/6430-8/2415 saylı rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı «Kia Optima» markalı ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 13.282 manat müəyyən edilir.

26. Cavabdeh apellyasiya şikayətində həmin zərərə görə 7000 manat ödəməyə hazır olduğunu bildirmişdir. Bunula belə, apellyator iddiaçıya vurulmuş zərərin həmin həcmdə olmasına dair məhkəməyə hər hansı sübut verməmişdir. Apellyator şikayətində həm də avtomobilin zədələnməsi nəticəsində əmtəə dəyərinin itirilməsinə görə 2.500 manatın tutulması hissəsində qətnamənin ləğv edilməsini xahiş etsə də, ekspert rəyi ilə müəyyən olunmuş həmin halın təkzib olunmasına dair də sübutlar verə bilməmiş, bu dəlilini yalnız özünün xəstə olması ilə əsaslandırmağa çalışmışdır.

27. Beləliklə də, espert rəyi ilə iddiaçının avtomobilinə dəymiş zərər həcmi 13.282 manat, aşınmaya görə əmtəə dəyərinin 2500 manat itrildiyi müəyyən edildiyindən, cavabdeh isə bunu təkzib edən hər hansı sübut verə bilmədiyindən, şikayətin həmin dəlilləri də əsassızdır.

28. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Nəticə:

29. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-147/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar