Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5520/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: “kredit müqaviləsi üzrə borcun tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-266/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı LPO İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 27419.84 (iyirmi yeddi min dörd yüz on doqquz dollar səksən dörd sent) ABŞ dolları, bundan 10760.15 (on min yeddi yüz altmış dollar on beş sent) ABŞ dolları əsas, 8310.30 (səkkiz min üç yüz on dollar otuz sent) ABŞ dolları faiz, 7360.03 (yeddi min üç yüz altmış dollar üç sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 989.36 (doqquz yüz səksən doqquz dollar otuz altı sent) ABŞ dolları faiz borcun və iş üzrə ödənilmiş 229.84 (iki yüz iyirmi doqquz manat səksən dörd qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq LPO İddiaçı1 ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə Cavabdeh2 arasında bağlanmış 90005359 nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 48 ay müddətinə illik 25 % dərəcəsi ilə 14200 (on dörd min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 90005359/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 14871.8 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 (on beş) % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-266/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 10.444,09 (on min dörd yüz qırx dörd dollar doqquz sent) ABŞ dolları əsas, 7.576,45 (yeddi min beş yüz yetmiş altı dollar qırx beş sent) ABŞ dolları faiz, 500 (beş yüz) ABŞ dolları cərimə, 961,72 (doqquz yüz altmış bir dollar yetmiş iki sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 19.482,26 (on doqquz min dörd yüz səksən iki dollar iyirmi altı sent) ABŞ dolları tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) LPO İddiaçı1 ASC-yə ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 163 (bir yüz altmış üç) manat hissəsinin Cavabdeh2 alınaraq LPO İddiaçı1 ASC-yə ödənilməsi, dövlət rüsumunun qalan hissəsinin LPO İddiaçı1 ASC-yə aid edilməsi, iddianın qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 150 (əlli) manat məbləğində pulun 107 (bir yüz yeddi) manat hissəsinin Cavabdeh2, qalan 43 (qırx üç) manat hissəsinin isə LPO İddiaçı1 ASCdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
4. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermiş, iddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onların dəlilləri:
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən "xxxx" KB ASC tərəfindən Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən devalvasiya ilə əlaqədar ödənilmiş kompensasiya məbləğinin İddiaçı1 ASC-yə köçürülməsi faktı, həmçinin qeyd olunan kompensasiya məbləğinin İddiaçı1 ASC tərəfindən cavabdehə qarşı hesablanmış faiz və cərimələrin müəyyənləşdirilməsi zamanı nəzərə alınmaması halları hüquqi qiymətini almamış və iş üzrə məhkəmə araşdırmasından kənarda qalmışdır. Eyni zamanda, cavabdeh tərəfindən qalıq borcun ödənilməsi ilə bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq, İddiaçı1 ASC tərəfindən borcun icra qaydası, ödəniş üsulları və borcun dəqiq məbləği barədə vaxtında və dolğun məlumat təqdim olunmamışdır. Belə olan halda, cavabdehin təqsiri olmadan ona qarşı əlavə faiz və cərimələrin hesablanması hüquqi baxımdan əsassız və ədalətsiz olmuşdur. Bu əsaslarla da qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatı
6. Məhkəmə kollegiyasının iclasında cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və ən azından bank tərəfindən həmin məbləğin hissə-hissə ödənilməsinə şərait yaradılmalı olduğunu bildirdi.
7. Məhkəmə kollegiyasının iclası barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
9. İddiaçı1 ASC (Bank) ilə Cavabdeh2 (Kredit alan) arasında bağlanmış xx.xx.2015ci il tarixli 90005359 nömrəli kredit müqaviləsindən görünür ki, bank ümumi məbləği 14200 (on dörd min iki yüz) USD olan borc pulu illik faiz dərəcəsi 25 % olmaqla 48 ay müddətinə kredit alana verir. Kredit alan bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür.
10. İddiaçı1 ASC (Bank), Cavabdeh2 (Kredit alan) və Cavabdeh1 (Zamin) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 90005359/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, Borcalanın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır (zaminlik müqaviləsinə əlavə № 1-də kredit müqaviləsinin mühüm şərtləri öz əksini tapmışdır).
11. xx.xx.2015-ci il tarixli 90005359 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 01 nömrəli əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (restrukturizasiya edilmiş kredit) 14.871,80 USD təşkil edir və ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 USD = 1,4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir.
12. xx.xx.2015-ci il tarixli 90005359 nömrəli zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 01 nömrəli əlavə sazişdən görünür ki, zamin bu əlavə sazişi imzalamaqla xx.xx.2015-ci il tarixli 90005359 nömrəli kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, 01 saylı, xx.xx.2017-ci il tarixli əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq edir. Zamin sazişi imzalamaqla yanaşı, səhifənin sonunda əlyazma ilə “müqavilə ilə tanış oldum, etiraz etmirəm” məzmununda qeyd də etmişdir.
13. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli 90005359 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 10760,15 USD əsas bоrc, 8310,30 USD faiz bоrcu, 7360,03 USD cərimə borcu, 989,36 USD gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 27419.84 USD borcu yaranmışdır.
14. LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, onlara müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
15. 20.05.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 229,84 manat rüsum ödənilmişdir.
16. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 ilə LPO İddiaçı1 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının təsir dairəsinə düşməmişdir.
17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2024-cü il tarixli 9/8674 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları; 02 mart 2015-ci il tarixli, 90005359 №-li kredit müqaviləsi və 30 mart 2017-ci il tarixli, 01 №-li Əlavə Sazişin şərtlərinə əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı1 ASC-yə olan borcu 18020, 54 USD məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 10 444, 09 USD, faiz borcu üzrə 7576,45 USD.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/5570 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları; 02 mart 2015-ci il tarixli, 90005359 №-li kredit müqaviləsi və 30 mart 2017-ci il tarixli, 01 №-li Əlavə Sazişin şərtlərinə əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı1 ASC-yə olan borcu 18020, 54 USD məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 10 444, 09 USD, faiz borcu üzrə 7576,45 USD. Tətbiq edilən maddi hüquq normaları:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (kredit müqaviləsinin bağlandığı tarixdə qüvvədə olan redaksiyada). Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1-739.2. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır (kredit müqaviləsinin bağlandığı tarixdə qüvvədə olan redaksiyada). Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Tətbiq edilən prosessual hüquq normaları:
20. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Hazırkı halda, rayon məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edildiyindən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı bank ilə Cavabdeh2 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olmuş, bank müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etsə də, cavabdeh öz öhdəliyini tam və vaxtında icra etməmişdir.
25. Rayon məhkəməsi hesab etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirildiyindən məhkəmə qərarı ilə bankın ləğvedicisi təyin edilmiş iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə qismən haqlı olmuşdur.
26. Tərəflər arasında müqavilə xx.xx.2015-ci il tarixdə 48 ay müddətinə bağlanmış, müqavilənin qüvvədə olduğu müddətdə imzalanmış 2017-ci il tarixli Əlavə Sazişin şərtləri ilə müqavilənin son tarixinin xx.xx.2022-ci il olması razılaşdırılmışdır. Mülki qanunvericiliyin tələbinə görə isə iddiaçının məhz müqavilənin qüvvədə olduğu müddət ərzində hesablanmış annuitet borcu və müqavilə müddəti bitəndən sonra illik 5 % məbləğində pulu cavabdehdən tələb etməyə hüququ vardır. Çünki qanunun tələbinə görə, müqavilə müddəti bitəndən sonra həmin müqavilə üzrə annuitet ödənişlərə görə əlavə borc hesablamalarının aparılması düzgün deyildir.
27. Mülki iş materiallarında olan 25 aprel 2024-cü il tarixli 9/8674 nömrəli və xx.xx.2024-cü il tarixli 9/5570 nömrəli ekspert rəylərinə əsasən müəyyən olur ki, 02 mart 2015-ci il tarixli, 90005359 №-li kredit müqaviləsi və 30 mart 2017-ci il tarixli, 01 №-li Əlavə Sazişin şərtlərinə əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı1 ASC-yə olan borcu - əsas borc üzrə 10 444, 09 USD, faiz borcu üzrə 7576,45 USD olmaqla, ümumilikdə18020, 54 USD məbləğində müəyyən edilir.
28. Göstərilən məbləğdə əsas və faiz borcunun yaranması faktı həm də işdə olan digər sübutlarla da (kredit müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarışlar və s.) öz təsdiqini tapır.
29. Bu baxımdan rayon məhkəməsi müqavilənin müddətinin xx.xx.2022-ci il tarixdə bitməsini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, hər iki ekspert rəyində həmin tarixə yaranması müəyyən edilən 10.444,09 (on min dörd yüz qırx dörd dollar doqquz sent) ABŞ dolları əsas, 7.576,45 (yeddi min beş yüz yetmiş altı dollar qırx beş sent) ABŞ dolları faiz, o cümlədən müqavilə müddəti bitəndən sonra gecikdirilmiş vaxt üçün hesablanan 961,72 (doqquz yüz altmış bir dollar yetmiş iki sent) ABŞ dolları faiz borcu Cavabdeh2 tutularaq banka verilməlidir. Cərimə borcu ilə bağlı isə rayon məhkəməsi düzgün qənaətə gələrək tələb edilən cərimənin miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirdiyindən, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 7360,03 ABŞ dolları cərimənin məbləğinı 500 ABŞ dolları məbləğinədək azaltmışdır.
30. Cavabdeh apellyasiya şikayətində kredit müqaviləsinin müvafiq Fərmanın təsir dairəsinə düşməsini, dolayısı ilə faiz və cərimə borclarının nəzərə alınmamalı, silinməli olmasını mübahisələndirsə də, bu dəlilini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, apellyasiya şikayətinin bu dəlili formal mülahizələrə əsaslanmışdır.
31. Belə ki, Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli məktubundan (i/v səh.95) da görünür ki, Cavabdeh2 ilə ləğv prosesində olan İddiaçı1 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi müvafiq Fərmanın təsir dairəsinə düşməmişdir.
32. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
35. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
36. Belə olan halda müəyyən olunur ki, Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri əsassızdır, rayon məhkəməsinin qətnaməsi onun şikayətinə münasibətdə mübahisələndirilən hissədə qanuni və əsaslı olmuşdur.
37. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilinin cavabdehdən tutulması qət olunmuş məbləğin hissə-hissə icrasına şərait yaradılmasına dair bildirdiklərinə münasibətdə izah edir ki, həmin məsələ məhkəmə qətnaməsinin icrası zamanı həll oluna bilər. Nəticə:
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslı, apellyasiya şikayətlərinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
40. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
41. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-266/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.