Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5521/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 oğlu İmanovun sədrliyi, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-200/2018 saylı, 05 yanvar 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2(007)-200/2018 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, Bakı şəhəri 2 saylı Notariat kontorunda bağlanmış 19 yanvar 2017-ci il tarixli kredit müqaviləsi üzrə 5500 manat və 22.10.2016-cı il tarixli qəbzə əsasən 2700 manat, 03.11.2016-cı il tarixli qəbzə əsasən 2680 manat olmaqla, cəmi 10880 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh şikayət verərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2(007)-200/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın qəbzlərlə bağlı hissədə rədd olunması ilə qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 yanvar 2021-ci il tarixli, 2(007)- 200/2018 saylı qərardadı ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2(007)-200/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti yolverilməz hesab edilməklə geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 yanvar 2021-ci il tarixli, 2(007)-200/2018 nömrəli qərardadını ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-200/2018 saylı, 15 fevral 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh şikayətdən fərqli izahat verərək bildirdi ki, o, həmin qətnamədən apelyasiya şikayəti vermiş və hazırda həmin şikayət üzrə çıxarılmış məhkəmə qətnaməsindən də kasasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-200/2021 saylı 05 yanvar 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 2(103)-3896/2019 saylı, 13 mart 2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2(007)- 200/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli qərardadının 26-cı bəndində qeyd olunmuşdur ki, məhkəmə tərkibi həm prosessual qanunvericiliyin tələblərini, həm də həmin tələblərə dair Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, məhkəmə aktları şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissəyə münasibətdə yoxlanılmalıdır. Həmin qərarın 41-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə tərkibi belə qənaətə gəlir ki, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırki halda Cavabdeh Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2(007)- 200/2018 nömrəli qətnaməsini hissəvi mübahisələndirsə də, bundan əvvəl verdiyi şikayətlə sözügedən qətnaməni bütövlükdə mübahisələndirmişdir. Hansı ki, apelyasiya instansiya məhkəməsi həmin şikayətə artıq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayəti geri qaytarmaqda birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-200/2018 saylı, 05 yanvar 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-200/2018 saylı, 05 yanvar 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5521/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5521/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver