Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5521/2022 12.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “kreditin, ona hesablanmış faizlərin qaytarılması” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1849/2022 saylı işi üzrə 09 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. Kreditor "Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti borclular Cavabdeh1 və Cavabdeh2 qarşı "kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbi ilə bağlı məhkəmə əmrinin verilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, borclulardan onun xeyrinə 2.949,5 ABŞ dolları əsas və 1.115,2 ABŞ dolları faiz borcunun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir.
2. İşə baxmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1849/2022 saylı işi üzrə 09 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 05 aprel 2014-cü il tarixli, MK/25289/39/25 nömrəli kredit sazişi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2513,82 ABŞ dolları məbləğində əsas borc, 634,6 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 3148,42 ABŞ dolları məbləğində borc ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun 15 manatı iddiaçı "Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın digər hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat məbləğində vəsaitin 116 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 34 manatı isə iddiaçı "Bank of Baku” Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: -"Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti ilə kredit alan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 05 aprel 2014-cü il tarixli, MK/25289/39/25 nömrəli kredit sazişindən, kredit şərtlərindən və ödəniş cədvəlinə əsasən bank istehlak məqsədləri üçün Cavabdeh1 illik 32% hesablanmaqla 18 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüş, zamin Cavabdeh2 isə həmin kredit sazişinə əsasən borclu Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür; - Kredit müqaviləsinə əlavə edilmiş 05 aprel 2014-cü il tarixli akta əsasən Cavabdeh1 aldığı kreditin təminatı üçün özünə məxsus 4 adda qızıl- zinət əşyalarını "Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinə girov qoymuşdur; - 05 aprel 2014-cü il tarixli məxaric orderinə əsasən Cavabdeh1 "Bank of Baku” Açıq Səhmdar Cəmiyyətindən 5000 ABŞ dolları məbləğində kredit götürmüşdür; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2022-ci il tarixli 9/1913 rəyinə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 05 aprel 2014-cü il tarixli, MK/25289/39/25 nömrəli kredit sazişi şərtləri əsas götürülməklə Cavabdeh1 məhkəməyə müraciət olunduğu vaxta 2513,82 ABŞ dolları əsas borc, faiz borcu 634,6 ABŞ dolları, 25 oktyabr 2015-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 2513,82 ABŞ dolları, faiz borcu 884,86 ABŞ dolları məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir(iş səh.32-39, 55). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1849/2022 saylı işi üzrə 09 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edərək iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1; Mülki Prosessual Məcəlləsinin 9, 102cü maddələrinə istinadən qeyd edilmişdir ki, Binəqədi rayon Məhkəməsinin 2(001)- 1849/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1913 saylı rəyində ekspert hesablanma apararkən düzgün hesablama aparmamış və cərimə borcunu ümumiyyətlə nəzərə almayaraq, cavabdeh tərəfindən ödənilmiş məbləği əsas və faiz borcundan çıxmışdır və nəticədə əsas borc və faiz borcları azalmışdır. Halbuki, cavabdeh əmr çıxana qədər (ödəniş cədvəlini pozaraq) ümumilikdə 3168.05 ABŞ dollar məbləğində ödəniş aparmış, onun 2050.5 ABŞ dolları əsas borca, 691.98 ABŞ dolları faiz borcuna, 421.82 ABŞ dolları cərimə borcuna çıxılmışdır və buda məhkəməyə təqdim etdiyimiz hesabdan çıxarışda öz əksini tapmışdır. Lakin ekspert hesablanma apararkən xx.xx.2014-cü il tarixli MK/25289/39/25 saylı müqavilənin tərkib hissəsi ilə də tanış olmamış və rəy verərkən bunu da nəzərə almamışdır. Belə ki, xx.xx.2012- ci il tarixli kredit şərlərinin 9.2-ci maddəsində “müqavilə üzrə gecikdirilmiş kreditə görə, kredit alan, hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin kredit sazişi ilə müəyyən edilən faiz miqdarında, lakin 0.50 manatdan/ABŞ dollarından/Avrodan az olmamaq şərtilə cərimənin ödənilməsini və bu cərimənin kredit üzrə gecikdirmə yaranan tarixdən 90 gün müddətində tətbiq edilməsi aydın göstərilmişdir.Tərəflərindən məhkəməyə rəyin düzgün verilməməsinin və təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə yazılı və şifahi vəsatətlə müraciət etsələr də, məhkəmə vəsatətin ancaq elektron qaydada qəbulunun mümkünlüyünü bildirərək vəsatətlərini qəbul etməmişdir. Halbuki, təkrar ekspertizanın təyin edilməsi üçün məhkəmə qarşısında yetərli əsaslar mövcud olmuş lakin, məhkəmə ilkin ekspertizanın rəyi ilə razılaşaraq qətnamə qəbul etmişdir. Hesab edirlər ki, məhkəmə bu vəziyyətdə təkrar ekspertizanın keçirilməsi barədə qərardad çıxartmalı, yaranmış borcun hesablanması üçün ekspert qarşısında sualları daha dəqiq qoymalı idi. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspert rəyində rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 05 aprel 2014-cü ii tarixli, MK/25289/39/25 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə X2 03 iyul 2015ci il və 25 oktyabr 2015-cı il tarixlərə banka olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2015-ci il tarixə (sualda qeyd edilən tarixə) əsas borc üzrə 2513,82 ABŞ dolları, faiz borcu üzrə 634,60 ABŞ dolları; xx.xx.2015-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 2513,82 ABŞ dolları, faiz borcu üzrə 884,86 ABŞ dolları müəyyən edildiyi qeyd edilmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə uyğun izahat verməklə ekspert rəyi ilə razılaşmadıqlarını, cərimə məbləğinin nəzərə alınmadığını bildirmiş, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 borcu ödəməkdən yayınmadığını,maddi vəziyyətinin yaxşı olmaması səbəbindən ödəniş etmədiyini, imkan yarandıqca borcu ödəyəcəyini bildirmişdir.
8. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
11. Məcəllənin 432-ci maddəsində əsasən 432.1. Əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). 432.2. Əgər bu Məcəllədə, öhdəliyin şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, kreditor öhdəliyin hissə-hissə icrasını qəbul etməyə bilər. 432.3. Əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir.Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir. 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir.Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır
12. Məcəllənin 440-ci maddəsinə əsasən 440.1. Əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. 440.2. Əgər tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir. 440.3. Əgər tələblər eyni dərəcədə ağırdırsa, daha az təmin edilmiş tələb birinci növbədə icra olunmalıdır
13. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
14. Məcəllənin 458-ci maddəsinə əsasən 458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər; 458.2. Bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir.
15. Məcəllənin 465-ci maddəsinə əsasən 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 465.3. Əgər borclu pul cəriməsinin ödənilməsi əvəzinə başqa hərəkəti icra edəcəyini vəd edirsə, bu Məcəllənin 465.1 və 465.2-ci maddələrinin tələbləri tətbiq edilir.
16. Həmin Məcəllənin 466-cı maddəsinə əsasən 466.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. 466.2. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. 466.3. Öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.
17. Məcəllənin 560-ci maddəsinə əsasən 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; 560.3.5. bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn: 560.3.5.1. alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə; 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması; 560.3.5.3. müqavilə üzrə tərəfdaşlar üçün bərabər dəyərli xidmətlərdən ötrü rəqabətdə onların mənafelərinə toxunulmasına səbəb olan müxtəlif şərtlər tətbiq edilməsi; 560.3.5.4. müqavilənin bağlanmasının elə bir müəyyən şərtlə bağlılığı ki, həmin şərtə görə müqavilə üzrə tərəfdaşlar nə obyektiv surətdə, nə də ticarət adətlərinə görə müqavilənin predmeti ilə əlaqədar olmayan əlavə xidmətləri yerinə yetirməli olurlar; 560.3.6. kommersiya hüquqi şəxslərinin razılaşmaları, öz aralarında razılaşdırdıqları hərəkət metodları, əgər bunlar mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə və rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və ya təhrif edilməsi məqsədi daşıyarsa və ya buna kömək edərsə, o cümlədən: 560.3.6.1. qiymətlərin və ya əqdlərin digər şərtlərinin birbaşa və ya dolayısı ilə təyin edilməsi; 560.3.6.2. istehsala nəzarətin, satışın, texniki inkişafın və ya investisiyaların məhdudlaşdırılması; 560.3.6.3. bazarların və ya təchizat mənbələrinin bölünməsi; 560.3.6.4. bu Məcəllənin 560.3.5.3-cü və 560.3.5.4-cü maddələrində göstərilən praktika.
18. Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Məcəllənin 324, 385- 390, 425.1, 427, 442, 443.1, 445.1, 448.1, 467, 560, 739, 741,743; Mülki Prosessual Məcəllənin 76, 77, 80, 82.1, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri ekspertiza təftişi ilə də təsdiq edilmədiyindən, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci və apellyasiya icraatı zamanı aparılan ekspertiza xərci iddiaçıya aid edilməlidır.
21. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ : İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1849/2022 saylı işi üzrə 09 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti iddiaçı Bank of Baku” Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.