Məhkəmə qərarları › İş №2(103)-5523/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5523/2024

04.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5523/2024 04.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin nümayəndəsi Gülnarə Şabanovanın, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Validə Cabbarovanın, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(009)-434/2024 nömrəli qətnaməsindən cavabdeh Penitensiar Xidmətin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin məlumatına görə, iddiaçı xx.xx.1980-ci ildə penitensiar xidmətdə orta rəis heyəti qismində qulluğa qəbul olunaraq müxtəlif vəzifələrdə işləmiş, xx.xx.1992-ci ildə Səyyar-Mexaniki Dəstənin baş mühəndisi vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü ildə Səyyar-Mexaniki Dəstənin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci ildə Səyyar-Mexaniki Dəstənin bazasında Qəza Şöbəsi yaradılmış, xx.xx.2008-ci ildə iddiaçı sərəncama götürülmüş, xx.xx.2008-ci ildə Qəza Şöbəsinin rəisi vəzifəsinin müvəqqəti icrası iddiaçıya həvalə edilmiş, xx.xx.2008-ci ildə iddiaçı Qəza Şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş, xx.xx.2013-cü ildə qulluqda olmanın son yaş həddinə çatdığına görə pensiyaya çıxmış, tutduğu vəzifədən azad edilərək ədliyyə oranlarında qulluq keçməsinə xitam verilmişdir. 2.İddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qətnaməsi qəbul olunub. Məhdudlaşdırma Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin nəzdindəki Səyyar-Mexaniki Dəstənin (VÖEN: **********) dövlət sosial müdafiə fonduna ödəməli olduğu 5.244,26 manat məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təmin etmək məqsədilə tətbiq edilib. X1 Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi əsasında Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci ildə qəbul olunub. Məhdudlaşdırmanın iddiaçıya tətbiq edilməsi onunla əsaslandırılıb ki, iddiaçı hüquqi şəxsin - Səyyar-Mexaniki Dəstənin icra orqanının rəhbəridir. 3.Qətnamə qəbul edilən gün – xx.xx.2022-ci ildə iddiaçı tərəfindən 4.897 manat və 355 manat olmaqla cəmi 5.252 manat ödəniş edilib. Bu, ödəniş qəbzləri ilə təsdiq olunur (iş v. 12). O cümlədən Səyyar-Mexaniki Dəstəyə aid olan “sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsi”ndən görünür ki, xx.xx.2022-ci il tarixdə 4.895,15 manat və 349,11 manat olmaqla cəmi 5.244,26 manat ödəniş həyata keçirilib (iş v. 94). Bundan başqa, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məktubu ilə təsdiq olunur ki, Səyyar-Mexaniki Dəstənin (VÖEN: **********) xx.xx.2024-cü il tarixə vergi, faizlər, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə dövlıət büdcəsinə ödənilməli olan borcu yoxdur (iş v. 77). 4.İddiaçı bildirir ki, ölkədən getmə hüququnun məhdudlaşdırılması barədə qətnamə dərhal qanuni qüvvəyə mindiyindən, xx.xx.2022-ci il tarixinə isə xarici ölkəyə müalicəyə getmək üçün bileti olduğundan, ölkədən gedə bilməsi üçün həmin məbləği ödəməyə məcbur olmuşdur. 5.İddiaçı ödədiyi pulun qaytarılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı inzibati məhkəməyə iddia ilə müraciət edib, lakin iddia mümkün sayılmayıb, bu barədə olan qərardaddan yuxarı məhkəməyə şikayət verilsə də qərardad dəyişdirilmədən saxlanılıb. İddianın mümkün sayılmaması onunla əsaslandırılıb ki, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. 6.Bundan sonra iddiaçı mülki məhkəmə icraatı qaydasında hazırkı iddianı verib. Birinci instansiya məhkəməsində icraat 7.İddia ərizəsində tələb olunub ki, 5.252 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 73 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. 8.Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 5.244,26 manat, dövlət rüsumunun bir hissəsinin əvəzi kimi 40 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 9.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 10.Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin nümayəndəsi Gülnarə Şabanova apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 11.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 12.Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Validə Cabbarova bildirdi ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün məhkəməyə müraciət edərkən qanunvericiliyin tələbinə uyğun hərəkət edib. 13.Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1 bildirdi ki, Fondda iddiaçının rəhbəri oduğu müəssisə barədə məlumat aşkar edilməyib. Apellyasiya instasiyası məhkəməsinin mövqeyi 14.Müəyyən olunur ki, iddiaçının ölkədən getmək hüququ məhdudlaşdırıldıqdan sonra o, Səyyar-Mexaniki Dəstənin (Qəza Şöbəsinin) ödəməli olduğu 5.244,26 manat məcburi dövlət sosial sığorta haqqını şəxsi vəsaiti hesabına ödəyib 15.Qurumun icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılmasında məqsəd məcburi ödəmələrin yığılmasını təmin etməkdir, çünki təşkilati-sərəncamverici səlahiyyət icra orqanının rəhbərinə məxsusdur. Məcburi dövlət sosial sığorta haqqının iddiaçı tərəfindən ödənilməsi mülki-hüquqi müstəvidə “öhdəliyin üçüncü şəxs tərəfindən icrası” hesab olunur. Belə ki, həmin haqqı ödəmək Səyyar-Mexaniki Dəstənin (Qəza Şöbəsinin) öhdəliyi olub, ödəniş edilərkən iddiaçı bu qurumun rəisi olmayıb, hətta rəisi olsayıdı da ödənişi öz şəxsi vəsaiti hesabına etməli deyildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431-ci maddəsində öhdəliyin borclunun əvəzinə üçüncü şəxs tərəfindən icrasının mümkünlüyü müəyyən edilib. Bu maddənin mənasına görə, iddiaçı ödədiyi məbləğdə pulu AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən tələb edə bilər. 16.İddia ərizəsində həmin məbləğin zərərin əvəzi kimi tutulması tələb olunub, o cümlədən birinci instansiya məhəməsinin qətnaməsində həmin məbləğin zərərin əvəzi kimi tutulması qət olunub. Bu, düzgün əsaslandırma deyil. Belə ki, Mülki Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar Xidməti iddiaçıya qarşı delikt törətməyib. Ona görə də həmin məbləğ zərərin əvəzi kimi tutula bilməz. Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməsinə aid hissədə ləğv edilməli və Mülki Məcəllənin 431-ci maddəsi tətbiq edilməklə eyni məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə qəbul olunmalıdır. 17.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(009)-434/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməsinə aid hissədə ləğv olunsun. İddia həmin hissədə təmin olunsun. 5.244,26 (beş min iki yüz qırx dörd tam yüzdə iyirmi altı) manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən tutularaq İddiaçı verilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar