Məhkəmə qərarları › İş №2(103)-5527/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5527/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5527/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borc tələbi” nə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borcun ödənilməsi” tələbi) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı iştirakı ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-1449/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 35.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 35000 manat məbləğində borc vermişdir, cavabdeh isə həmin borc məbləğini xx.xx.2022-ci il tarixədək qaytarılmasını öhdəsinə götürüb, lakin cavabdeh tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilməmişdir, o, dəfələrlə xəbərdarlıq edilsə də, pul məbləğini iddiaçıya qaytarmaqdan boyun qaçırmışdır, cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi iddiaçının vəziyyətini ağırlaşdırmışdır, bu barədə iddiaçı pretenziya məktubu ilə də cavabdehə müraciət edib, lakin bir nəticəsi olmamışdır, iddiaçı da hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Xətai Rayon Məhkəməsinin 2(011)-1449/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia təmin edilmiş, cavabdehdən borc məbləği kimi 35000 (otuz beş min) manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 195 (yüz doxsan beş) manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi müəyyən edilmişdir.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, o, Azərbaycan Respublikası hüdudlarından kənarda olmuş, 09 may 2023-cü il tarixdə ölkəyə qayıtmışdır, birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarından məlumatı olmamış, işə onun iştirakı olmadan baxılaraq əsassız qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçı ilə aralarında borc müqaviləsi bağlanmış, qətnamə qəbul edilənədək ümumi olaraq iddiaçıya borcundan 4700 manat pul ödənişi etmişdir. Məhkəmədə iştirakı təmin edilmədiyi üçün ödəmə ilə bağlı qəbzləri təqdim etməkdən məhrum olmuşdur, buna görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehlə bağladığı müqaviləyə görə ona 35 min manat borc pul vermiş, cavabdeh onun etibarından sui-istifadə edərək borcu ödəməkdən yayınmaq üçün min cür bəhanələr gətirməklə ölkədən qaçmışdır, indiyə qədər borcundan bir manat belə ödəniş etməmişdir, cavabdeh tək onu yox, başqa şəxsləri də belə aldatmışdır, ona görə də şikayətin təmin edilməməsini, qətnamənin qüvvədə qalmasını xahiş etdi.

7. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini, iclasın başqa tarixə keçirilməsini xahiş etmişdir. İddiaçı cavabdehin bu vəsatətinin əsassız olduğunu, işə baxılmasını yubatmaq məqsədi ilə verdiyini, bu səbəbdən də təmin edilməməsini xahiş etmişdir.

8. Belə olan halda, yəni cavabdeh tərəfindən vəsatətinə səhhəti ilə əlaqədar hər hansı sübut təqdim edilmədiyindən vəsatət təmin edilməmiş, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Sübutların tədqiqi:

9. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı 35 000 (otuz beş min) manat məbləğində pulu borc alana – Cavabdeh vermiş, sonuncu isə həmin məbləği xx.xx.2022-ci il tarixədək borc verənə - İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 6-cı bəndinə əsasən, borc verən müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlər təsdiqləməlidir. Müqavilənin 8-ci bəndinə əsasən, borcalan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır.

10. Tərəflər arasında olan müqavilədən görünür ki, tərəflər kreditin faizsiz verilməsini şətləşdirmişlər, ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi vasitəsi ilə mübahisəsiz qaydada alınır.

11. Mülki işdə olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.

12. Mülki işdən görünür ki, İddiaçı Cavabdeh “azari express” vasitəsilə xəbərdarlıq məktubu göndərərək kredit müqaviləsi üzrə vermiş olduğu 35 000 manatın 3 gün ərzində ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

14. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

15. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır.

16. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.

17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

19. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

20. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

21. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 135.1. Məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

25. Maddə 135.2.Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

26. Maddə 135.3.Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

27. Maddə 135.4 Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər.

28. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

31. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

32. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

33. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

36. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

38. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Cavabdehin apellyasiya şikayətinin iki dəlili var: 1) işə onun iştirakı olmadan baxılması; 2) borcundan 4700 manat ödəməsi.

41. Kollegiya şikayətin 1-ci dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə bildirişlərini cavabdehin qeydiyyatda olduğu (həmçinin cavabdehin özünün apellyasiya şikayətində göstərdiyi) ünvana göndərmiş, zərf “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır, bununla da müəyyən olunur ki, məhkəmə qanunla müəyyən edilmiş qaydada cavabdehə məlumat vermişdir, demək ki, bu dəlili əsassızdır.

42. Kollegiya şikayətin digər “cavabdehin borcundan 4700 manat ödəməsi və bununla bağlı sübut təqdim etməkdən məhrum olması”na dair dəlilinə dair münasibətdə qeyd edir ki, cavabdeh bununla bağlı apellyasiya şikayətinə hər hansı sübut (qəbz) əlavə etməmişdir, halbuki onun belə bir sübutunun olması halında onu şikayətinə əlavə etməsi qaçılmaz idi, demək cavabdehin belə bir sübutu olmamışdır, buna görə də apellyasiya şikayətinin bu dəlili də əsassızdır və təmin edilə bilməz.

43. Belə ki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə:

44. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

46. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-1449/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar