Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-553/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli 2(009)-2231/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş ümumilikdə 10000 manat maddi ziyanın əvəzinin “xxxx” ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fermerlərə ayrılmış subsidiyalar və güzəştli kreditlərdən istifadə edərək Bərdə rayonu Məmmədli kəndində 20 hektar torpaq sahəsi alaraq kənd təsərrüfatı ilə məşğul olur. Ona məxsus torpaq sahəsinin böyük bir hissəsi cavabdehin balansında olan K-32 drenaj kanalı ilə əhatə olunmuşdur. 2017-ci ildə cavabdeh K-32 kanalının üzərində körpü inşa etmişdir. Bu körpü standartlara uyğun tikilmədiyindən kanalın su ötürücülük qabiliyyətini azaltmışdır. Bu səbəbdən də 2018-ci ilin mart ayında kanalda suyun səviyyəsi qalxmış və kanal daşaraq ona məxsus torpaq sahəsində 6 hektar arpa, 6 hektar yonca, 4 hektar pambıq əkilməsi üçün şumlanmış sahə və 2 hektara yaxın otlaq sahəsi suyun altında qalmışdır. Bunun nəticəsində ona külli miqdarda ziyan dəymişdir. Kanalın su ötürücülüyü körpünün inşası səbəbindən pozulduğundan ona məxsus torpaq sahəsi suyun altında qalmışdır. Yalnız onun israrları və mütəmadi zəngləri nəticəsində Kürdəmir rayonu Mollakənd qəsəbəsində yerləşən cavabdehin tabeliyində olan Mil-Qarabağ və X1 istismarı idarəsi tərəfindən bəzi işlər görülmüş, bundan sonra suyun səviyyəsi torpaq sahəsində azalmağa başlamışdır. Bununla belə onun mülkiyyətində olan 18 hektara yaxın torpaq sahəsi bir aydan çox müddətdə suyun altında qalmışdır. Nəticədə əziyyətinin və kredit hesabına çəkdiyi xərclərin əlindən çıxması ilə yanaşı, həm də torpaq sahəsi yararsız vəziyyətə düşmüşdür. Həmin körpü tikilənə qədər K-32 kanalı baxımsız qalsa da, heç vaxt daşmamışdır. O dəymiş maddi ziyanın ödənilməsi üçün cavabdehə rəsmi müraciət etmişdir. Cavabdeh təşkilat müxtəlif bəhanələrlə ona vurulmuş ziyanın ödənilməsi öhdəliyindən boyun qaçırmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğundur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmış, cavabdeh “xxxx” ASC-dən 8200 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh “xxxx” ASC kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia tələblərinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apellyasiya qaydasında işə baxılarkən məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə uyğun məzmunlu izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli 2(009)-2231/2018 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən 03.06.2015-ci il tarixli RX seriyalı ******* və RX seriyalı ******* saylı çıxarışlara əsasən, Bərdə rayonu Məmmədli kəndində yerləşən 6,8082 ha və 10,72 ha torpaq sahələri İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan kənd icra nümayəndəsi, bələdiyyə sədri, aqronomun, bir nəfər kənd sakininin və mülkiyyətçinin iştirakı ilə tərtib olunmuş 23 aprel 2018-ci il tarixli aktdan görünür ki, iddiaçının mülkiyyətində olan 17,52 ha torpaq sahəsi cavabdeh “xxxx” ASC-nin balansında olan K-32 drenaj kanalı ilə əhatə olunmuşdur. Cavabdehin həmin kanalda apardığı inşaat işləri, yəni körpünün inşası və kanalın Kür çayına qovuşduğu yerdə tunelin tikintisi səbəbindən kanaldasuyun səviyyəsi qalxmış və nəticədə kanal daşaraq iddiaçıya məxsus 17,52ha torpaq sahəsi su altında qalmış, məhsul məhv olmuş, bir aydan artıq qrunt suları altında qaldığından, torpaq sahəsi tamamilə yararsız vəziyyətə düşmüşdür. İş materiallarında olan Bərdə rayon Kənd Təsərrüfatı İdarəsinin Torpaq məsələləri üzrə baş məsləhətçisi, bitçilik sektorunun baş məsləhətçisi, Məmmədli kəndi üzrə icra nümayəndəsi, Məmmədli bələdiyyəsinin sədri və İddiaçı iştirakı ilə tərtib edilmiş 25.06.2018-ci il tarixli akta əsasən İddiaçı mülkiyyətində olan 17,52 hektar torpaq sahəsinin cənubundan keçən K-32 kanalında 2018-ci ilin mart ayının sonu aprel ayının əvvəllərində suyun səviyyəsinin qalxması nəticəsində su qoruma bəndini aşaraq əkin sahələrinə dolmuş və vətəndaş İddiaçı məxsus 6 hektar arpa, 6 hektar yonca, 4 hektar pambıq əkini üçün şumlanmış torpaq sahəsi və 1,52 ha otlaq sahəsi uzun müddət su altında qalaraq tamamilə məhv olmuşdur. Suyun sahəyə çıxması nəticəsində İddiaçı 6 ha arpaya görə (hər hektara 20 sentner olmaqla 12 ton məhsula) 3000 manat, 6 ha yoncaya görə (2500 ot bağı olmaqla hər birin qiyməti 2 manat hesabı ilə) 5000 manat, 4 ha aparmış olduğu şuma görə 200 manat olmaqla cəmi 8200 manat məbləğində ziyan dəymişdir. Cavabdeh iddiaya etirazında ziyanın cavabdehin təqsiri üzündən deyil, təbii fəlakət, yəni yağış suları nəticəsində dəydiyini göstərmişdir. Cavabdeh etirazın əsası kimi 17.04.2018-ci il tarixdə tabeliyində olan yerli təşkilatda həmin təşkilatın nümayəndələrinin, kənd icra nümayəndəsinin və bələdiyyə sədrinin iştirakı ilə tərtib olunmuş aktı təqdim etmişdir. Bundan əvvəl işə apelyasiya qaydasında baxılarkən keçirilmiş məhkəmə tikinti texniki ekspertizasının 29.10.2019-cu il tarixli rəyindən görünür ki, mütəxəssis rəyinə əsasən 8,0 ha buğda, 7,0 ha yonca, 2,52 ha otlaq sahəsi vardır. Buğda əkininin sıxlığı normal, yonca əkinində seyrəklik müşahidə olunur. Otlaq sahəsi isə otlaq üçün tam yararlıdır. Əzəmətli buğda sortu və Beyləqan yerli yonca sortlarından istifadə olunması, buğdanın bir illik məhsuldarlığı bir hektara 25-28 sentner, yoncanın məhsuldarlığı isə 1 hektara orta hesabla il ərzində 4 dəfə biçilərsə 400-500 yonca bağı (8,0-10,0 ton) məhsul verə bilər. 17,5282 ha torpaq sahəsi pay torpağı olub açıq boz, ağır gillicəli olub, keyfiyyət tərkibi 4-cü qrup olmaqla qismən şoranlaşmış, kənd təsərrüfatı bitkiləri üçün yararlı olub, xüsusilə də arpa, buğda və yonca əkinləri üçün daha üstün səmərə verə bilər. 2018-ci ildə mövsüm zamanı 1 kq buğdanın orta bazar qiyməti təxminən 0,2 manat, 1 bağlama yonca- 2,50 manat, 1 bağlama ot - 2,0 manat müəyyən edilir. Rəyin tədqiqat hissəsi 23.04.2018-ci və 28.06.2018-ci il tarixlərdə tərtib olunmuş aktlara, iş materiallarında olan fotoşəkillərə, mülki iş materiallarında olan və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, Bərdə rayonu Məmmədli kəndində yerləşən İddiaçı mülkiyyətində olan 17,52 hektar torpaq sahəsinin cənubundan keçən K-32 kanalında “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılmış inşaat işləri, yəni mülkiyyətçinin torpaq sahəsinin yaxınlığında körpünün inşası səbəbindən kanalda (k-32) suyun səviyyəsinin qalxmasına səbəb olmuş və son nəticədə mülkiyyətçi İddiaçı məxsus 17,52 ha torpaq sahəsinə ziyan dəymişdir. Təkrar apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə tikinti texniki ekspertizasının 18 dekabr 2020-ci il tarixli 7/783-10/3391 saylı rəyinə görə, Bərdə rayonu Məmmədli kəndində yerləşən, cavabdehə məxsus (iki ədəd D-1000 mm diametrli borudan ibarət K- 32) kollektorunun sukeçirmə qüvvəsi (layihə sərfini buraxmaq iqtidarında olduğu), yağan yağışın miqdarı, körpünün tikilməsi daşqına və iddiaçıya ziyan dəyməsinə səbəb olması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh mübahisə predmeti olan körpünün və orada mövcud olan qurğuların onun xidmət sahəsinə və vəzifələrinə aid olduğunu mübahisələndirmir. Belə ki, torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə dövlət meliorasiya xidmətini inkişaf etdirmək, yerüstü su obyektlərinin istifadəsi, mühafizəsi və suların zərərli təsirinin qarşısının alınması üzrə təklifləri və yerüstü su obyektlərinin monitorinq məlumatlarını aidiyyatı dövlət orqanlarına təqdim etmək, Azərbaycan Respublikasının su qanunveiciliyinə uyğun olaraq su münasibətlərinin tənzimlənməsi sahəsində ortaya çıxan məsələləri öz səlahiyyətləri daxilində həll etmək məhz cavabdehin nizamnaməsində əks edilmiş vəzifələrinə aiddir. Bundan əlavə, cavabdeh tərəfin etirazında iddiaçının əkin sahəsinə dəymiş ziyanın əsası kimi yalnız yağış sularının nəticəsində fövqəladə halın yarandığı qeyd edilsədə, fövqəladə komissiya və ya fövqəladə nazirliyin müvafiq qurumu tərəfindən bu halların qeydiyyatına dair rəsmi sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya hesab edir ki, cavabdehin yeganə sübut növü kimi göstərdiyi yağış sularının həmin dövrdə çox olması məhz cavabdeh tərəfin xidmət sahəsinə aid su qovşaqlarının və onların istismarının təhlükəsizliyinin təmin edilməməsi üzrə mülki məsuliyyət müəyyən edir. Buna görə də cavabdeh tərəfin təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus torpaq sahəsi tamamilə yararsız vəziyyətə düşmüş və torpaq üzərindəki məhsul da məhv olmaqla ona maddi ziyan dəymişdir. Bu hal apellyasiya icraatı zamanı keçirilmiş hər iki məhkəmə tikinti-texniki ekspertizasının rəyləri ilə sübuta yetirilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli və 25 iyun 2018-ci il tarixli aktla müəyyən edilmiş 8200 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığına görə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli 2(009)-2231/2018 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, iddia qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 385, 392, 393, 402-404, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli 2(009)- 2231/2018 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC-dən 8200 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Apellyasiya icraatı zamanı məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat pul cavabdehdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-553/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-553/2021
02.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver