Məhkəmə qərarları › İş №2(103)-5532/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5532/2021

16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5532/2021 16.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Məhərrəmov Çingiz Abuzər oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-672/2021 saylı 16 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: Kreditor “xxxx” MMC borclu Məhərrəmov Çingiz Abuzər oğluna qarşı məhkəmə əmrinin çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iş üzrə borclu Məhərrəmov Çingiz Abuzər oğlu 01 yanvar 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” MMC-dən dəyəri 1429 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödən şlər etdikdən sonra kreditora 598 manat borcu qalıb. İş üzrə borclu Məhərrəmov Çingiz Abuzər oğlu 16 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” MMC-dən dəyəri 720 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 520 manat borcu qalıb. Odur ki, borcludan 1118 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1138 manat məbləğində pul vəsaitinin alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılması zəruridir. Ona görə də, 20.03.1977-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Məhərrəmov Çingiz Abuzər oğlundan 1118 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1138 manat məbləğində pul vəsaitinin alınaraq “xxxx” MMC-nın hesabına ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(007)- 3088/2020 nömrəli məhkəmə əmri ilə cəmi 1118 manat borc və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi Məhərrəmov Çingiz Abuzər oğlundan “xxxx” MMC-nin xeyrinə tutulmuşdur. Məhərrəmov Çingiz Abuzər oğlu etiraz ərizəsi ilə müraciət edərək qeyd edilən məhkəmə əmrinin ləğv edilməsini və işə iddia icraatında baxılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(007)- 3088/2020 nömrəli qərardadına əsasən, borclu Məhərrəmov Çingiz Abuzər oğlunun etirazı təmin olunmuş və məhkəmə əmrinin ləğv edilməsi, mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Daha sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-672/2021 saylı 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Məhərrəmov Çingiz Abuzər oğlundan 01 yanvar 2019-cu il tarixli müqavilə üzrə 598 manat ödənilməmiş hissə, 16 iyun 2019-cu il tarixli müqavilə üzrə 520 manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 1118 manat və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Məhərrəmov Çingiz Abuzər oğlu apellyasiya şikayəti verərək onun ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir (108.1.4). Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.2). “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2 və 8.4.11-ci maddələrinə müvafiq olaraq iddianın qiyməti 500 manatdan çox olduqda iddia ərizələrindən 30 manat dövlət rüsumu ödənilməlidir. Qanunun 8.4.1-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. İş üzrə qəbul edilmiş qətnamədən görünür ki, həmin qətnamə ilə Məhərrəmov Çingiz Abuzər oğlundan 1118 manat məbləğində pulun tutulması qət edilmişdir. MPM-in 112.1.3-cü və “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddələrinə müvafiq olaraq hazırkı apellyasiya şikayəti üzrə 15 manat dövlət rüsumu ödənilməlidir. Lakin cavabdeh apellyasiya şikayətinə 10 manat dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə etmişdir. Qeyd olunan səbəblərdən Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə əlavə olunmuş qəbz dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Yaranmış vəziyyət isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-672/2021 saylı iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh Məhərrəmov Çingiz Abuzər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhər Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar