Məhkəmə qərarları › İş №2(103)-5532/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5532/2022

06.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5532/2022 06.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5532/2022 (Açar sözlər: alimentin miqdarının dəyişdirilməsi) Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin dəyişdirilməsi tələbinə dair» mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(004)-2368/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 06 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 2368/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3546/2020 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 43,20 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət nəfinə köçürülməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3546/2020 saylı qətnaməsi ilə cavabdehdən tutulan aliment məbləğinin dəyişdirilərək hər ay 193 manat sabit pul məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3546/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı uşağın saxlanılması üçün kifayət etmir. Hesab edir ki, qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hal-hazırda mövcud olan, dövlət tərəfindən uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumuna uyğunlaşdırılmalıdır.

4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(004)-2368/2022 saylı qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3546/2020 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 43,20 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət nəfinə köçürülməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 112.1-ci maddəsinə, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri pozulmuşdur. O, birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasında iddianı qəbul etsə də, artırılmış aliment məbləğinin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə qətnamə qəbul edərkən onun tələbini nəzərə almamış, nəticədə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Onun aylıq qazancı dəyişən olmaqla, təxminən 300-350 manat təşkil edir. Öhdəsində yaşlı anası və tələbə qardaşı var. Lakin birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən onun maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatdırılmasına baxmayaraq İddiaçı məhkəmə iclasında təmsil edilməmiş, bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

11. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

12. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

13. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

14. Maddə 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir.

15. Maddə 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.

16. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

25. Cavabdehin apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən iddia təmin edilərkən onun etirafı nəzərə alınsa da, artırılmış aliment məbləğinin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə xahişi nəzərə alınmamışdır.

26. Kollegiya qeyd edir ki, aliment şəklində uşağa ödənilən məbləğ valideynin sərəncamına daxil olmaqla, sonuncu tərəfindən uşağın saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Tutulması tələb edilən aliment miqdarı yaşayış minimumu həddində göstərilmişdir və həmin məbləğ uşaqlar üçün hər ay 193 manat təşkil edir. Aliment yaşayış minimumu həddində, yəni uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin dəyəri həddində müəyyən edildiyindən onun 50 faizinin, yəni 96 manat 50 qəpik pul vəsaitinin uşağın adına açılması xahiş edilən bank hesabına köçürülməsi nəticəsində qalan 96 manat 50 qəpik hissəsi uşağın bu gün minimum tələbatının ödənilməsini təmin etməyəcək. Bu səbəbdən, uşağın mənafeyi baxımından cavabdehdən tutulacaq alimentin 50 faizinin uşağın adına açılması xahiş edilən bank hesabına köçürülməsi barədə cavabdehin dəlili əsaslı sayıla bilməz.

27. Cavabdehin digər dəlili isə himayəsində yaşlı anası və tələbə qardaşının olması ilə bağlıdır.

28. Kollegiya qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında himayəsində yaşlı anası və tələbə qardaşının olması kimi dəlillər irəli sürməmiş, maddi vəziyyətinin qeyri-qənaətbəxş olmasına dair hər hansı sübut təqdim etməmiş, tutulması tələb olunan aliment məbləğini mübahisələndirməmiş, iddianı etiraf etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin iddianı etirafı qəbul edilərək, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermişdir. Cavabdehin qeyd edilən dəlilləri də əsassızdır.

29. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

30. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.

31. Bu baxımdan, «uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması» prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını, cavabdehin daimi qazancının olmamasını əsas götürərək hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qanuni və əsaslı olmuşdur.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2368/2022 saylı iş üzrə 25 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar