Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5532/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyul 2023-cü il tarixli qətnamədən iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın nümayəndəsi X1 və Cavabdeh vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Bankın ləğvedicisi olan Fond Bankın adından cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1xx/xx/11456/13 saylı “Kredit müqaviləsi” üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 5.886,04 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 497,85 manat, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 4.112,07 manat, gecikdirilmiş müddət üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 2.066,40 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 127,69 manat məbləğində pulun cavabdehdən tutularaq Banka ödənilməsi, tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş “Lexus GS-300” markalı, **-VZ-*** dövlət nömrə nişanlı (hazırkı nömrəsi **-RM-***) avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, avtomobilin satışından əldə oluna biləcək pul vəsaiti hesabına borcun ödənilməsi, həmin vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən ümumi qaydada Bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla Bank arasında xx.xx.2013-cü il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən illik 20 faiz dərəcəsi ilə, 36 ay müddətində hissə-hissə və aybaay qaytarmaq şərti ilə 15.600 manat məbləğində krediti Bankdan götürmüşdür. Cavabdeh, “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə özünə məxsus olan avtomobilin xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağlı cavabdeh ilə Bank arasında “İpoteka müqaviləsi” bağlanmışdır. Bunlara baxmayaraq cavabdeh iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş və bunun nəticəsində onun Banka 5.886,04 manat məbləğində əsas kredit borcu və 497,85 manat məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu yaranmışdır. Bundan başqa, Bank, onunla cavabdeh arasında bağlanmış “Kredit müqaviləsinin” şərtlərinə əsasən cavabdehə cərimə hesablamışdır ki, həmin cərimənin məbləği 4.112,07 manat təşkil edir. Cavabdehin gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu isə 2.066,40 manat təşkil edir. Borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər olunsa da, cavabdeh, kredit borcunu ödəməmiş, buna görə Bankın ləğvedicisi olan Fond hazırki iddia ilə məhkəməyə müraciət etmək və 127,69 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə qarşı etirazı barədə məlumat
3. Cavabdeh tərəfindən Rayon Məhkəməsinə “iddia müddətinin tətbiqi barədə” ərizə təqdim edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, ipoteka predmeti olan avtomobil xx.xx.2014-cü il tarixdən cavabdehin sahiblik və istifadəsində deyil, başqa şəxslərə satılmışdır. Cavabdeh tərəfindən 2014-cü ildən sonra ödəniş edilməmiş, iddiaçının bildirdiyinə görə sonuncu ödəniş 2015-ci ildə olmuşdur. Məhkəməyə təqdim olunmuş hesabdan çıxarışa əsasən sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə olmuşdur. İddiaçı Bankın kredit borcunun ödənilməməsi barədə məlumatı elə 2015-ci ildə olmuş, lakin Bank 8 il müddətində məhkəməyə müraciət etməmiş, iddia müddəti ötürmüşdür. İddia müddəti ötdüyündən iddia tələbi rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Bank tərəfindən öhdəliyin icra müddəti xx.xx.2016-cı il tarixə kimi müəyyən edilmişdir. Bank xx.xx.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə məhkəməyə öhdəliyin icrası müddətindən 3 ildən artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə müraciət etmiş, müqavilənin özündə də, iddia müddəti ilə əlaqədar başqa hal nəzərdə tutulmamışdır. Belə olan halda qəbul edilməlidir ki iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. İş üzrə cavabdeh işin baxılması zamanı “iddia müddətinin tətbiqi barədə” ərizə verdiyindən iddia rədd edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
7. İddiaçı Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, “Kredit müqaviləsi” üzrə iddia müddətinin axımının başlanğıcı tərəflərin öz öhdəliklərinin tam həcmdə yerinə yetirilməsindən sonra başlayır. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün iddia müddətinin axımı başlamamışdır. Lakin hazırki işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamış, iddia müddətini əsassız tətbiq etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
9. İddiaçı Bankın ləğvedicisi olan Fondun nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
10. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və “iddia müddətinin tətbiqi barədə” ərizəsinin məzmuna, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
11. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, cavabdehin, onunla iddiaçı Bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə borcunun yaranması işin mübahisəsiz halıdır. Bu hal apelyasiya baxışı zamanı Bankın nümayəndəsinin məhkəmələrə təqdim sənədlər ilə və cavabdehin özünün bildirdiklərinə əsasən təsdiq edilir. Bununla da müəyyən edilir ki, borclu olan cavabdeh kreditor olan Bank qarşısında həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.
13. Adı qaydada bu hal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 445, 448, 462 və 465-ci maddələrinə uyğun olaraq iddianın tam və ya qismən təmin edilməsi üçün əsas ola bilərdi. Lakin hazırki halda iddia təmin edilə bilməz. Çünki, Mülki Məcəllənin tələblərinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (maddə 373.2.). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (maddə 377.2.). Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (maddə 380.1.). Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir (maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2.).
14. Tərəflər arasında “Kredit müqaviləsi” xx.xx.2013-cü il tarixdə 36 ay müddətinə bağlanmışdır. Cavabdeh xx.xx.2016-cı ilə qədər krediti ona hesablanmış faizlərlə birgə hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh “Kredit müqaviləsi” üzrə öz öhdəliyini lazımi qaydada icra etməmiş, müqavilədə nəzərdə tutulmuş krediti və faizləri nəzərdə tutulmuş müddətdə Banka qaytarmamışdır.
15. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
16. Məhkəmə hesab edir ki, Bank kredit müqaviləsi üzrə hüququnun pozulmasını kreditin vaxtında qaytarılması üçün nəzərdə tutulmuş müddətin bitdiyi məqamda artıq bilmişdir və ya bilməli idi. Odur ki, iddia müddətinin axımı xx.xx.2016-cı il tarixdən başlanmış hesab edilməlidir. Bankın iddia müddətinin axımının başlanmaması ilə bağlı apellyasiya şikayətinin dəlili əsassızdır.
17. Belə olan halda müəyyən edilir ki, iddia müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Lakin iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
18. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddia ərizəsini cavabdehin verdiyi “iddia müddətinin tətbiqi barədə” ərizəyə əsasən rədd etməkdə faktlar nöqteyi-nəzərindən haqlı olmuşdur. g) apellyasiya baxışının nəticəsi
19. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən düzgündür. Apellyasiya şikayətinin təmin, qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
20. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankın apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyul 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.