Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5534/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 “xxxx” QSC-nə qarşı “razılaşmanın etibarsız hesab edilməsi, onun bildirişdə nəzərdə tutulmuş məbləğ nəzərə alınmaqla bağlanmış hesab olunması və ödənilməmiş pul vəsaitinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 “xxxx” QSC-nə (QSC) qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evin 2017-ci ildə Dövlət planına düşdüyünü, QSC tərəfindən söküntü aparılarkən “xxxx” MMC-nin direktoru C.Mikayılov və layihəni yoxlayan A.Rzayev tərəflərindən təyziqlərə məruz qaldıqlarını, onlara məxsus ev 84 334 manat məbləğində qiymətləndirilsə də, qiymətə etiraz etdiklərinə görə qiymətləndirmə şirkətinin kompensasiya məbləğini 67 034 manata endirildiyini, kompensasiya 84 334 manat müəyyən edilərkən 6 saylı notariat kontorunda hamısının imza etdiyini, lakin 67 034 manat verilərkən notariusda imza etmədiklərini irəli sürmüş, buna görə də 30.11.2017-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda bağlanmış razılaşmanın etibarsız hesab olunması, razılaşmanın bildirişdə nəzərdə tutulmuş 84 334 manat məbləğində bağlanmış hesab edilməsi, cavabdehdən ödənilməmiş 17 300 manatın tutulub onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçılar onun ləğv və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin faktiki hallarını hərtərəfli araşdırmadığını, sübutlara düzgün qiymət vermədiyini irəli sürmüşlər. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərindən işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə kollegiyası iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, İddiaçı6 istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi “xxxx” ASC-nin Keşlə stansiyasının 2-ci blok postundan Böyük Şor stansiyasına qədər uzunluğu 1 km və 2-ci blok post Yeni Bakı Neftayırma zavoduna gedən uzunluğu 0,835 km olan dəmir yolu xəttlərinin mühafizə zolağına düşən tikililərin köçürülməsi” layihəsi çərçivəsində 13.10.2017-ci il tarixdə təkrar qiymətləndirilərək 66 034 manat kompensasiya məbləği müəyyənləşdirilmiş, həmin məbləğə 1000 manat kirayə haqqı əlavə olunaraq ümumilikdə 67 034 manatın İddiaçı6 ödənilməsi, onun isə bunun müqabilində yaşayış evindən QSCnin xeyrinə imtina etməsi barədə İddiaçı6lə QSC arasında 30.11.2017-ci il tarixdə notarial təsdiqli razılaşma bağlanmış, göstərilən məbləğ İddiaçı6 ödənilmişdir. İddiaçılar, fərdi yaşayış evinin daha əvvəl 84 334 manat məbləğində qiymətləndirildiyini, evdə qeydiyyatda olan şəxslər kimi notariat kontoruna çağırıldıqlarını və bununla bağlı evin satılmasına razılıq verdiklərini, lakin İddiaçı6 hədə-qorxu nəticəsində notariat kontorunda 67 034 manat məbləğinin əks olunduğu razılaşmanı imzalamağa məcbur qaldığını iddia edərək müvafiq iddia tələblərini irəli sürmüş, tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 337-ci, 339.1-ci və 340-cı maddələrinə istinad etmişlər. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya işin müəyyən olunmuş hallarını məhz bu kontekstdə qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələblərini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; iddiaçıların etibarsız hesab edilməsini tələb etdikləri 30 noyabr 2017-ci il tarixli razılaşmanın lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı da irəli sürülməmiş, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu, xüsusilə iddiaçıların irəli sürdüyü hal, yəni müqavilə bağlanarkən İddiaçı6 aldadıldığı, yaxud hədə-qorxuya məruz qaldığı isə ümumiyyətlə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Kollegiya həmçinin hesab edir ki, iddiaçılar tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Kollegiya Mülki Məcəllənin 354.2-ci maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar həm də onu qeyd edir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Maddənin mənasına görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Gəldiyi qənaətə uyğun olaraq kollegiya iddiaçıların, “razılaşmanın bildirişdə nəzərdə tutulmuş 84 334 manat məbləğində bağlanmış hesab edilməsi, cavabdehdən ödənilməmiş 17 300 manatın tutulub onlara qaytarılması” tələbləri üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünkü 30 noyabr 2017-ci il tarixli razılaşmanın etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-312/2020 saylı iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçılara aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5534/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5534/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver