Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5535/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (kredit müqaviləsi üzrə borcun tutulması) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və cavabdehin iştirakı ilə, iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı "kredit borcunun qaytarılması" tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3220/2023 saylı işi üzrə 11 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı ləğv prosesində olan QSC "Bank Standard” KB Cavabdeh qarşı "kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1988,94 ABŞ dolları məbləğində əsas borc, 1665,36 ABŞ dolları müqavilə üçün hesablanmış və tələb olunan faizlər, 1523.20 ABŞ dolları məbləğində cərimə borcu, 590,80 ABŞ dolları məbləğinə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 5768,30 ABŞ dolları məbləğində pulun, ödənilmiş 118.07 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan QSC "Bank Standard” KB-yə ödənilməsi barədə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3220/2023 saylı işi üzrə 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədə "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarına; "R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarına; "E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına; Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına; L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1, 372.1 , 372.2, 373.2, 373.3, 375.2, 554.1, 554.4 ; Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3906/2019 saylı qərardadına əsasən, iddiaçı ləğv prosesində olan QSC "Bank Standard” KB-nin Cavabdeh qarşı kredit tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə nəzərdə tutulmuş mübahisənin məhkəmədənkənar həlli qaydasına əməl edilmədiyi üçün baxılmamış saxlanılmışdır. Buna qədər də iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş öhdəliyin icra müddətinin bitdiyi 27 may 2016-cı il tarixdə başlamışdır. Bununla belə, analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədənkənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağabatan müddət iddia müddətinə daxil olmamalıdır. Bu müddət Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tətbiqi üçün nəzərdə tutulmuş ağlabatan müddətdir. Qərardaddan da göründüyü kimi Fərmanda qeyd olunan prosesual hərəkətlərlə bağlı bank tərəfindən nə həmin müddətdə, nə də ki, hazırki icraat müddətində məlumat daxil olmamışdır. Əksinə bank tərəfindən məhkəmə qərardadlarından şikayətlər verilməkdə davam edilmişdir. Məhkəmə xx.xx.2019-cu il tarixindən hazırki iddia qaldırılanadək olan müddəti məhkəmə ağlabatan müddət kimi qiymətləndirmir. Əlavə olaraq da, iddiaçı həmin iş üzrə qəbul edilmiş sonuncu qərarın qəbul edildiyi xx.xx.2020-ci il tarixdən üç il sonra hazırki iddia ərizəsi ilə müraciət etməklə, yalnız həmin dövr nəzərə alınmaqla belə hazırki iddia ərzisəni iddia müddətini ötürməklə vermişdir. Göstərilənlərə əsasən məhkəmə, iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən, cavabdeh isə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyindən iddianın rədd edilməsi nəticəsinə gəlir.
4. Birinci instansiya məhkəməsində icraat zamanı sübutlarla müəyyən edilmişdir ki: - QSC "Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/108979/15 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı QSC "Bank Standard” KB tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 26 faizlə 2000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır; - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3906/2019 saylı qərardadına əsasən, iddiaçı ləğv prosesində olan QSC "Bank Standard” KB-nin Cavabdeh qarşı kredit tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır; - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-11985/2019 saylı qərardadına əsasən, iddiaçı tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli, 2(004)-3906/2019 saylı qərardadından verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi, şikayətin geri qaytarılması üçün iş materialları Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)- 7617/2019 nömrəli qərardadına əsasən, iddiaçı ləğv prosesində olan QSC "Bank Standard” KBnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-11985/2019 nömrəli qərardadının dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır; - Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-3906/2019 saylı qərardadına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3906/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından iddiaçı QSC "Bank Standard” KB tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır; - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-3857/2020 saylı qərardadına əsasən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3906/2019 saylı iş üzrə 11 fevral 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması və qərardadın çıxarıldığı andan qüvvəyə minməsi qərara alınmışdır; - Ləğv prosesində olan QSC "Bank Standard” KB-nin cavabdehə ünvanladığı xx.xx.2019-cu il bildirişlərə əsasən QSC "Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış borc məbləğinin tam olaraq 3 iş günü müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə, bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-3220/2023 saylı qətnaməsinin ləğv edilməsinə, Cavabdeh 1988.94 məbləğində əsas borc,1665.36 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 1523.20 ABŞ dolları məbləğində cərimə borcu, 590.80 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 5768.30 ABŞ dolları məbləğində pulun və 118.06 manat dövlət rüsümunun Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankının xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Resublikası Mülki Məcəlləsinin 385, 425.1, 442; Mülki Prosessual Məcəlləsinin 88, 218.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər tərəflərindən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı ilə əlaqədar iddia ərizələri həmin dövr ərzində-təqribən, 2019, 2020 və bəzi işlərdə hətta 2021-ci il tarixlərdə baxılmamış saxlanılmışdır. Bank tərəfindən fərmanın tədbiqi prosedurları tam yekunlaşana qədər gözlənildiyi üçün yenidən eyni kredit üzrə məhkəməyə ancaq xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Müvafiq fərmanla əlaqədar iddia ərizələrinin məhkəmələr tərəfindən baxılmamış saxlanılması təcrübəsi öncədən mövcud olmadığından, onun tədbiqinə sərf ediləcək ağlabatan müddətin bank tərəfindən müəyyən edilməsi də mümkün olmamışdır. Məhkəməyə yenidən müraciət olunduğu təqdirdə eyni vəziyyətlə üzləşməmək üçün həmçinin, son dövrlərə qədər apellyasiya məhkəmələrində müvafiq fərmanla bağlı məsələlər mübahisələndirildiyindən tərəflərindən məhkəməyə ancaq xx.xx.2023cü il tarixdə yenidən müraciət edilmişdir. Son olaraq bildirirlər ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən xx.xx.2015-ci il tarixli 1xx/xx/108979/15 saylı kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirilməsindən sonra başlayır. Bu səbəbdən də xx.xx.2015-ci il tarixli 1xx/xx/108979/15 saylı kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün iddia müddətinin axımı başlamamışdır. Həmçinin xx.xx.2015-ci il tarixli 1xx/xx/108979/15 saylı kredit müqaviləsi 12 ay müddətinə bağlanaraq, xx.xx.2016-cı il tarixi kreditin ödənilməli olduğu son tarixdir. Məhkəmə iş materiallarında həmin hissəyə istinad edərək iddia müddətinin 3 il olmasını göstərərək, iddia müddətinin tətbiq olunmasını qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 374.1-ci maddəsində isə qeyd edilmişdir ki, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Lakin cavabdeh ilə bağlanılan xx.xx.2015-ci il tarixli 1xx/xx/108979/15 saylı kredit müqaviləsində qeyd edilmişdir ki, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmasından sonra qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yətirməsinə qədər qüvvədədir. Yəni, qanunvericiliyin bu tələbindən aydın olur ki, tərəflər arasında bağlanmış müqavilədə iddia müddətləri və onların hesablanması qaydası ilə bağlı başqa hal nəzərdə tutulmadığı təqdirdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddəsi tətbiq edilir. Hətta bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında da qeyd edilmişdir. Belə ki, qeyd edilən qərarın nəticə hissəsində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır” cümləsi qeyd edilmişdir. Bu qərardan da aydın görünür ki, Konstitusiya Məhkəməsi tərəflərin qanunvericiliklə onlara tanınmış müqavilə azadlıqlarına böyük əhəmiyyət verir.Hazırki iş üzrə məhkəmə, tərəfin öz sərbəst iradəsi ilə bağlanmış olduğu kredit müqaviləsinin şərtlərini tam araşdırmadan iddia müddətinin tətbiqinə dair qətnamə çıxarması da qanuni deyildir.Bu isə o deməkdir ki, tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər.Belə olan halda artıq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 374.1-ci maddəsinin tələbləri hazırki mübahisəyə tətbiq edilərək, məhkəmənin qətnaməsi ləğv olunmalıdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etdiklərini, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə əlaqədar tələblərinin baxılmamış saxlanıldığını, apellyasiya və kassasiya instansiyalarına olan şikayətlərinin təmin edilmədiyini bildirmiş, daha sonra kredit borclarının restrukturizasiyası məqsədilə tədbirlərin həyata keçirilməsi müddətlərini gözlədiklərini və bundan sonra yenidən məhkəməyə müraciət etdiklərini qeyd etmişdir. Həmin ərəfədə cavabdehə telefonla məlumat verildiyi,lakin onun məhkəmə iclaslarından da məlumatlarının olduğu halda, banka müraciət edərək yeni müqavilənin bağlanması üçün müraciət etmədiyini diqqətə çatdırmışdır.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh iddiaçı bankın onunla maraqlanmadığını, bank tərəfindən ona hər hansı zənglərin edilmədiyini bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsini əsaslı hesab etdiyini qeyd edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Birinci instansiya məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 324, 372-384, 385.1, 425.1, 439- 449, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 58, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385-390-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına əsasən, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, mübahisə edilən hissədə işin hallarına uyğun gəlməyən, mücərrəd və ziddiyyətli apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan və sübuta yetirilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi apellyasiya şikayətinin əsasları iki istiqamətə yönəlmişdir. Birinci əsas Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı ilə əlaqədar Bank tərəfindən fərmanın tədbiqi prosedurları tam yekunlaşana qədər gözlənilməsi, ikinci əsas isə cavabdeh ilə bağlanılan xx.xx.2015-ci il tarixli 1xx/xx/108979/15 saylı kredit müqaviləsində qeyd edilmiş-tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yətirməsinə qədər müqavilənin qüvvədə olması olmuşdur. Kollegiya birinci əsas üzrə diqqətə çatdırır ki, iddiaçının sonuncu məhkəmə qərarın qəbul edildiyi xx.xx.2020-ci il tarixdən üç il sonra məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etməsi artıq müddətlərin ötürülməsini mübahisəsiz müəyyən edir. İkinci əsasın isə iddiaçının özünün maraqları çərçivəsində qanunvericiliyin təfsirinə cəhd edilməsi kimi qiymətləndirilməlidir. Belə ki, istinad edilən konstitusiya nəzarəti orqanının qərarında verilən şərhdə kredit müqaviləsində başqa halın nəzərdə tutulmaması ibarəsi bütün öhdəliklər üzrə icra müddəti qeyd edilməmiş əqdlərə aiddir. Müzakirə olunan xx.xx.2015-ci il tarixli müqavilədə isə öhdəliklər 12 ay müddəti ilə məhdudlaşmışdır. Müqavilədə digər müddəaların əks edilməsi qanunla müəyyən edilmiş və müqavilədə əks edilmiş icra müddətinin fərqli təfsiri dispozitiv imkandan və diskresion səlahiyyətlərdən sui-istifadə kimi yolverilməzdir.
10. Diqqətə çatdırılmalıdır ki, Mülki Məcəllənin 377-ci maddəsinə görə: İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.
11. Məcəllənin 378-ci maddəsinə görə: Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.
12. Məcəllənin 379.1-ci maddəsinə əsasən iddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; 379.1.2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; 379.1.4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 379.1.5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda; 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə.
13. Məcəllənin 379.2-379.6-cı maddələrinə əsasən: Fiziki şəxslərin həyatına və ya sağlamlığına dəymiş zərərin əvəzinin ödənilməsi haqqında iddialar üzrə iddia müddətinin axımı həmçinin fiziki şəxsin müvafiq orqana pensiya və müavinət təyin edilməsi haqqında müraciəti ilə əlaqədar olaraq pensiya və ya müavinət təyin edilənədək və ya təyin etməkdən imtina olunanadək dayandırılır. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. Müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir.379.5. Nikahın mövcud olduğu dövrdə ərlə arvad arasındakı tələblər üzrə iddia müddətinin axımı dayandırılır. Uşaqlar yetkinlik yaşına çatanadək uşaqlarla valideynlər arasındakı tələblər üzrə, habelə bütün qəyyumluq dövründə qəyyumlarla (himayəçilərlə) qəyyumluqda (himayədə) olanlar arasındakı tələblər üzrə də eyni qayda tətbiq edilir. Əgər tələbi qanuni təmsilçisi olmayan məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxs irəli sürürsə, iddia müddəti həmin şəxs tam fəaliyyət qabiliyyətli olanadək və ya onun üçün təmsilçi təyin edilənədək dayandırılmış sayılır.
14. Məcəllənin 380-ci maddəsinə görə: Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
15. Məcəllənin 382-ci maddəsinə görə: İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına əsasən: Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
17. Müddətin dayandırılması və bərpası üzrə dəyərləndirmə iddia müddətinin ötürülməsi səbəblərinin iddia müddətinin son altı ayında təsadüf etdiyini ehtiva edir. Lakin qeyd edilən bu son altı aya təsadüf etməsi səbəbi müəyyən (sübutlar və dəlillər birinci instansiya məhkəməsinə təqdim) edilmədiyindən müddətin dayandırılmasına və ya bərpasına qiymət verilməsi də apellyasiya baxışının hədləri baxımından mümkün deyildir. İddiaçı müddətin ötürülməsi səbəblərinin iddia müddətinin son altı ayında üzrlü sayıla bilən halları müzakirəyə təqdim etməmiş, iddia müddətinin axımını və ya kəsilməsini sübuta yetirən əsaslar da məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir.
18. Mülki Məcəllənin 420.2 və 420.3.4-cü maddələrinə əsasən: Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində müqavilənin digər tərəfini xəbərdar etməyə və ya öhdəliyin icrası üçün ona müddət verməyə dair (öhdəliyin icrası barədə xəbərdaretmə; müddət təyinetmə) qanunla nəzərdə tutulan vəzifədən azad edən müddəalar etibarsız sayılır.
19. Qeyd edilənlərdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci isə onu ödəyən şəxsə aid edilməlidir.
20. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3220/2023 saylı işi üzrə 11 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.