Məhkəmə qərarları › İş №2(103)-5538/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5538/2024

14.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5538/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi X13, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(001)-3562/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 7415/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü oğlu X14 xx.xx.2018-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü oğlu X14 xəstəliyi ilə əlaqədar xx.xx.2018-ci il tarixdən başlayaraq uşaq sağalanadək hər ay 100 manat məbləğində əlavə xərcin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh uşağın müalicəsinə faktiki çəkilmiş xərcin yarısı olaraq 400 manat və keçmişə yönəlik 2018-ci ilin iyul ayı üçün aliment borcu olaraq 154 manat olmaqla ümumilikdə 554 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X5 Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli rəyinin surətindən görünür ki, X16 uşaq autizmi, Kanner sindromu, ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları, İQ-30, F84.0, F72.1, F 90.1, F80.0 diaqnozları qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan Çıxarışdan görünür ki, X16 f84.0 uşaq autizmi, kanner sindromu, f72.1 ağır kəmağıllıq, qulluq cə müalicə tələb edən ciddi davranış pozuntuları, f80.0 nitq və davranış pozuntuları diaqnozları qoyulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində DSMF-dən ümumi səbəbdən 2-ci dərəcə əlilliyə görə 220 manat məbləğində sosial mavinət alır. Təyinatın bitmə tarixi: xx.xx.2024-cü il. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, X9 (cavabdehin atası) ölümü ilə əlaqədar xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 4 saylı notariat ofisində Cavabdeh ərizəsi əsasında vərəsəlik işi açılmış və JN:092A, KOD: 30800118 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.11 ha olan torpaq sahəsinə, 10FP693 dövlət nömrə nişanlı VAZ 2106 MİNİK markalı nəqliyyat vasitəsinə və Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev 12 ünvanında yerləşən ümumi sahəsi 4179 kv/m olan qeyri-yaşayış sahəsinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verildiyi müəyyən olunmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət kimi xx.xx.2021-ci il tarixdə X15 adına 1/3 hissədə, xx.xx.2021-ci il tarixdə X11 adına 1/3 hissədə, xx.xx.2022-ci il tarixdə X10 adına 1/3 hissədə qeydiyyatdan keçmişdir. AZ-İİ seriyalı 451237 nömrəli “nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X17 arasında olan nikah 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə bağlanmış və 2769 nömrə ilə qeyd olunmuşdur. Tərəflərin birgə nikahdan 3 uşaqları anadan olmuşdur. 24 fevral 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 4179 kv/m olan qeyri-yaşayış binasının ona məxsus 1/3 hissəsini (1393 kv.metr) həyat yoldaşı X12 bağışlamışdır. Hazırda iddiaçı əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin və əlavə xərcin artırılmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-7415/2018 nömrəli qətnaməsi ilə Cavabdeh (FİN: xxxxxxx) 20 sentyabr 2008-ci il təvəllüdlü X14 yetinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 154 manat sabit pul məbləğində alimentin artırılaraq 1000 manat müəyyən edilməsi və hər ay cavabdehdən tutularaq ona ödənilməsi, həmçinin X14 xəstəliyi ilə əlaqədar Cavabdeh uşaq sağalanadək hər ay tutulan 100 manat məbləğində əlavə xərcin artırılaraq 1000 manat müəyyən edilməsi və uşaq sağalanadək hər ay cavabdehdən tutularaq ona ödənilməsi, alimentin və əlavə xərcin mediasiyaya müraciət edildiyi tarixdən hesablanması, həmçinin mediasiya rüsumu olaraq ödənilmiş 61 manatın və vəkilə hüququ yardıma görə ödənilmiş 300 manatın Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh qarşı aliment tələbinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-7415/2018 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması, həmçinin X14 xəstəliyi ilə əlaqədar Cavabdeh uşaq sağalanadək 100 manat məbləğində əlavə xərcin tutularaq ona ödənilməsi qət edilmişdir. Bildirir ki, 2018-ci ildən bu yana qida, tibb, sənaye məhsullarının qiymətlərində 3 dəfədən çox artım olmuşdur. Nəticədə həmin aliment məbləği dəfələrlə dəyərdən düşmüşdür. Ona görə də həmin aliment məbləği ilə uşağın saxlanılması, həmçinin müalicə xərclərinin təmin edilməsi qeyri-mümkündür. Həmçinin bildirir ki, X19 artıq 15 yaşındadır. 2018-ci ilə münasibətdə uşağın saxlanılma xərclərinin siyahısı və ölçüsü də xeyli artmışdır. Eyni zamanda X14 müayinə və müalicə xərcləri də böyük ölçüdə artmışdır. Qeyd edir ki, X19 uşaq autizmi, kanner sindromu, ağır kəmağıllıq xəstəliklərindən əziyyət çəkir. 1-ci qrup əlildir. Ona görə də o, şəxsi həyatını və karyerasını övladına fəda etmək məcburiyyətində qalmışdır. Başqa bir nikaha daxil olmamışdır. İşləmir. Daha doğrusu işləyə bilmir. Bütün zamanını övladına qulluğa həsr etmişdir. Heç bir yerdən gəliri və dəstəyi yoxdur. Qeyd edir ki, 2018-ci ildən bu yana Cavabdeh gəlirlərində böyük artım olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixdə cavabdehə vərəsəlik üzrə Abşeron rayonu Novxanı kəndində 0.11 ha torpaq sahəsi və Bakı şəhəri Sabunçu rayonunun mərkəzində 4179 kv/m ölçüsü olan təmirli qeyri-yaşayış sahəsi (univermaq tipli ticarət mərkəzi) miras qalmışdır. Sözügedən univermaq (“Pasaj AVM Ticarət Mərkəzi”) geyim, məişət avadanlıqları, elektronika və digər sahələr üzrə satış və xidmətlər həyata keçirən böyük bizness mərkəzidir. Cavabdeh sözügedən ticarət mərkəzindən hər ay 50-60 min manat civarında gəlir götürür. Sözügedən univermağa məhkəmə tərəfindən yerli baxış keçiriləcəyi təqdirdə, qeyd edilənlərə şahid olmaq mümkündür. Əlavə olaraq bildirir ki, tərəfindən Ədliyyə Nazirliyinin müvafiq qurumuna göndərilmiş sorğuya cavab olaraq yazılmış 18 mart 2024-cü il tarixli məktubda da miras əmlaklar barədə məlumatlar öz əksini tapmışdır. Qeyd edir ki, 5-6 il bundan əvvələdək X14 özünü idarə etmə və nitq qabiliyyəti qismən mövcud olmuşdur. Lakin Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-7415/2018 nömrəli qətnaməsi ilə təyin edilmiş aliment məbləği X1 və müalicəsi üçün kifayət etməmişdir. X3 müalicəsi lazımi şəkildə aparılmamış və bu səbəbdən uşağın səhhəti günü-gündən pisləşmişdir. Hazırda isə X14 özünü idarə etmə və nitq qabiliyyəti tamamilə yoxdur. Əgər X4 2018-ci ildə 3-cü qrup əlillik səviyyəsində idisə, hazırda uşaq rəsmi olaraq 1ci qrup əlildir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(001)- 3562/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-7415/2018 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, Cavabdeh 60 (altmış) manat məbləğində mediasiya xərci, 300 (üç yüz) manat vəkilə ödənilmiş xidmət haqqı tutularaq İddiaçı ödənilməsi və Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin istinad edilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını, hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X14 yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu, cavabdehin əmək münasibətlərini nəzərə alaraq hesab etmişdir ki, iddia uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi hissəsində təmin edilməklə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-7415/2018 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi uşaq sağalanadək hər ay üçün cavabdehdən 1000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin həmin 1000 manat məbləğində alimenti ödəmək üçün zəruri vəsaitə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin, iddia tələbinin alimentin mediasiyaya müraciət edildiyi tarixdən hesablanması hissəsində məhkəmə hesab etmişdir ki, iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, eyni zamanda Cavabdeh 60 manat məbləğində mediasiya xərci, 300 manat vəkilə ödənilmiş xidmət haqqı (Azərbaycan Respublikası MPM 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla) tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissədə ləğv edilərək, iddia tələbinin təmin edilməyən hissədə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi təqdim olunan X23 və X21 Mərkəzlərinin, X14 daimi nəzarət və müalicə tələb edən vəziyyətdə olduğunu təsdiq edən sənədləri, müalicə xərcləri barədə rəy, arayışları, habelə müalicə üçün həkimin dərman reseptini nəzərə almamışdır. 14 iyun 2024-cü il tarixində keçirilən məhkəmə iclasında, cavabdehin vəkili onun ailəsinə məxsus və illərlə bütün ailə üzvlərinin yüksək gəlir yeri olan “Passaj A.V.M” Ticarət Mərkəzinin İcarə müqaviləsini təqdim etmişdir. İddiaçı, cavabdehin vəkilindən icarəyə alan tərəfin kim olduğunu soruşmuş və öncə sözügedən Ticarət Mərkəzində alış veriş etdiyi müqabilində aldığı kassa qəbzlərini məhkəməyə təqdim edərək, cavabdeh tərəfin təqdim etdiyi icarə müqaviləsində qeyd olunan icarəyə alanın VÖEN, ad, soyad və atasının adı ilə üst üstə düşmədiyini subut etmişdir. İddiaçı təqdim etdiyi qəbzlərin üzərində Orxan Quliyev adlı şəxs qeyd olunmuşdur. Lakin, cavabdeh təqdim etdiyi icarə müqaviləsi müəmmalı şəkildə məhkəmə işi sənədlərindən yox itmişdir. Hazırda mövcud deyil. Cavabdeh, “Passaj A.V.M” Ticarət Mərkəzinin 1/3 hissəsini vərəsəlik üzrə atası X18 tərəfindən 14 Yanvar 2021-ci ildə qəbul etmiş və real aliment məbləğindən yayınmaq üçün 4 aydan sonra illərlə qeyri-rəsmi yaşadığı qadınla X17 ilə nikaha daxil olmuş və yanvar 2022-ci il tarixində cavabdeh sözügedən Ticarət Mərkəzini adına tam rəsmiləşdirən kimi eyni ayda nikahda olduğu X12 bağışlayır. İddiaçı, bu məlumatları rəsmi sorğulara cavab olaraq, Ədliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlak Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi tərəfindən əldə edərək məhkəməyə təqdim etmişdir. Sözügedən Ticarət Mərkəzinin ortalama icarə haqqı qiymətləndirilməsi üzrə 2 (iki) ekspert rəyi iddiaçı tərəfindən təqdim edilsə də, hakim qərarda bunu nəzərə almamışdır. Ekspertlər Ticarət Mərkəzinin cavabdehə aid olan hissəsini, aylıq icarə haqqı ortalama 15.000-20.000 min manat kimi qiymətləndirmişdir. Sözügedən Ticarət Mərkəzinin hazırda cavabdehin həyat yoldaşına məxsus hissəsinin, illər öncə hər ay 8.000 (səkkiz min) manat gəlir gətirdiyini məhkəmə iclasının birində cavabdeh etiraf etmişdir. Lakin bunu da hakim nəzərə almamışdır. Hakim cavabdehdən Ticarət Mərkəzinin hansı məqsədlə Rüstəmova Sevincə bağışladığını soruşmuş, cavabdeh bildirmişdir ki, qayınanasına 50.000 manat borcun əvəzinə. Sözügedən Ticarət Mərkəzinin minimum qiyməti 6.000000 (altı milyon) manat təşkil edir (Əmlak ekspertlərinin rəyinə və satışda olan eyni ərazidə satışa çıxarılan qeyri-yaşayış sahələrinin satış qiymətinə əsasən). İddiaçı, cavabdehin ona “whatsapp” tətbiqi üzərindən göndərdiyi səs yazılarını təqdim etmişdir və məhkəmə iclası zamanı səs yazılarının bir neçəsi səsləndirilmişdir. Cavabdehin hansı məqsədlə sözügedən Ticarət Mərkəzinin ona aid hissənini Sevinc Rüstəmovaya bağışlamasını subut edən digər səs yazıları, hansılar ki hakim tərəfindən nəzərə alınmamışdır. İddiaçı məhkəmədə uşağın, X2 ağırlaşmanı təsdiq edən Tibbi Sosial Ekspertiza Komissiyasının 2019-cu ildə Sağlamlıq İmkanı Məhdud, 2022-ci ildə 2-ci dərəcəli əlilik, 2023-cü ildə isə 1-ci dərəcəli əlilik təyinatı barədə sənədi təqdim etmişdir. Ağırlaşmanın səbəbi isə lazımı və davamlı müalicə və reabilitasiyanın təmin edilməməsidir. Müalicə uzunmüddətli və yüksək məbləğdə vəsait tələb edir. Hakim, uşağın səhhətində ağırlaşmanı da nəzərə almamışdır. Hakim 1-ci qrup əlil uşağa baxan və maddi yardıma ehtiyacı olan valideynin qanuni haqqını nəzərə almamışdır. Digər qanun pozuntusu isə, cavabdehin təqdim etdiyi etibarsız əlilik barədə arayış idi, onun 2-ci qrup əlil olduğunu təsdiq edir. Qeyd edir ki, sonuncu məhkəmə iclasına qədər, nə tərəflərin vəkiləri, nə də hakim buna irad bildirməmişdir. Sonuncu məhkəmə iclasında iddiaçı hakimə bu barədə məlumat vermişdir. Bundan başqa, hakim mülki prosesual qaydaları pozaraq alimentin hesablanmasını, iddiaçı mediasiya təşkilatına müraciət edən tarixdən deyil, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın deyə qət etmişdir. Cavabdehin Sevinc Rüstəmova ilə 3 sağlam övladı var. O halda ki, onlar yüksək gəlir gətirən icarə haqqı ilə saxlanılır və həyat keyfiyyətləri yüksək səviyyədədir, bu durumda uşaqların hüquq bərabərliyi pozulur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - təmin edilməyən hissədə yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 17 (İİ). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34 (İV). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsi: 49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 85.1 və 85.1.1. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81 maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş omadıqda və sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmət haqqının ödənilməsi ilə əlaqədar və s) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcələsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyac olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddia tələbinin təmin edilməyən – X14 xəstəliyi ilə əlaqədar Cavabdeh uşaq sağalanadək hər ay tutulan 100 manat məbləğində əlavə xərcin artırılaraq 1000 manat müəyyən edilməsi və uşaq sağalanadək hər ay cavabdehdən tutularaq ona ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, mübahisələndirilən qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk olaraq iddia tələbini qismən təmin edilən – alimentin artırılması hissəsinə münasibətdə qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. İddia tələbinin müzakirə edilən hissəsi - qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəflərin birgə nikahında olan yetkinlik yaşına çatmayan uşağa görə ödənilməli olan alimentin məbləği 154 manat müəyyən edilmişdir. Hazırda isə 2024-cü il üçün bu məbləğ 235 manat təşkil edir. “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Qanunun 1.0.2, 1.0.3-cü maddələrinə görə yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Əhalinin əsas sosial-demoqrafik qrupları - yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s). Məhkəmə kollegiyası qeyd edir ki, sabit məbləğdə müəyyən edilən aliment məbləğinin uşaqlar üçün həmin dövrün yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum tələblatlarının tam təmin edilməsi yönəlmiş hüquqi tədbirdir. Birinci instansiya məhkəməsi isə uşağın mənafeyini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment məbləğini hər ay 235 manat sabit pul məbləğində müəyyən etmişdir. Bu hissə üzrə apellyasiya şikayətinin dəlilləri göstərilən hissədə əsassız olmuşdur. Belə ki, qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə kollegiyası, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər ay 235 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlilləri əsassız olmuşdur. Birinci instansiya məhkəməsi qeyd olunan hissədə düzgün nəticəyə gəlmişdir. Bununla belə birinci instansiya məhkəməsi iddia tələbini “X14 xəstəliyi ilə əlaqədar Cavabdeh uşaq sağalanadək hər ay tutulan 100 manat məbləğində əlavə xərcin artırılaraq 1000 manat müəyyən edilməsi və uşaq sağalanadək hər ay cavabdehdən tutularaq ona ödənilməsi” hissəsində rədd etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə rədd etməklə hesab etmişdir ki, iddiaçı cavabdehin həmin 1000 manat məbləğində alimenti ödəmək üçün zəruri vəsaitə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İşin faktiki hallarından isə görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-7415/2018 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulub, aliment məsələsi həll edildikdən sonra qeyd olunan əmlaklara dair cavabdehin adına atası X9 ölümü ilə əlaqədar miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, xx.xx.2022-ci il tarixdə Cavabdeh ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 4179 kv/m olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə on məxsus 1/3 hissəsini (1393 kv/m) xx.xx.2021-ci il tarixdən arvadı olan X12 bağışlamış, qeyd edilən hissə xx.xx.2022-ci il tarixdə sonuncunun adına 1/3 hissədə qeydiyyatdan keçmişdir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, işin göstərilən halının mövcudluğu belə, həmin əmlakdan gələn gəlirin hər bir halda cavabdehin ailə təsərrüfatına xərclənməsinə, başqa sözlə, əldə edilən gəlirə cavabdehin də aidiyyatının olmasına sual doğurmur. Belə olan halda da qeyd edilənlər cavabdehin maddi vəziyyətində dəyişiklik olması qənaətinə gəlməyə tam əsas verir. Bununla yanaşı iş materiallarından mübahisəsiz olaraq müəyyən edilmişdir ki, X19 f84.0 uşaq autizmi, kanner sindromu, f72.1 ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları, f80.0 nitq və davranış pozuntularından əziyyət çəkir. Həmçinin hazırda X19 müddətsiz birinci dərəcəli əlildir. Məhkəmə kollegiyası hesab edir ki, X14 ağır xəstəliyi, müddətsiz əlil olması, müstəqil hərəkət edə bilməməsi, kənar şəxslərin köməyinə ehtiyacı olması və daimi müalicə alması işin mübahisəsiz halları ilə müəyyən edilmişdir. Qeyd edilənlərin fonunda onun müalicə alması ilə əlaqədar olaraq müəyyən xərclərin çəkilməsi faktının zəruri olması da mübahisəsizdir Eyni zamanda məhkəmə kollegiyası cavabdehin isə maddi vəziyyətində işin göstərilən halları baxımından dəyişikliik olmasını nəzərə alaraq hesab iddia tələbi - X14 xəstəliyi ilə əlaqədar Cavabdeh uşaq sağalanadək hər ay tutulan 100 manat məbləğində əlavə xərcin artırılaraq 1000 manat müəyyən edilməsi və uşaq sağalanadək hər ay cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qismən təmin edilməklə həmin məbləğ 200 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən nəzərə almışdır ki,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən həmçinin onu da nəzərə almışdır ki, iddiaçı hazırki tələbində aliment və əlavə xərcin 2000 manat olmasını göstərərkən bunu keçən dövrdə qiymətlərin 3 dəfə artması ilə əsaslandırmışdır. Halbuki, iddiaçının izahatına görə hazırda uşaq İ qrup əlil olması ilə əlaqədar 470 manat pensiya, 100 manat iddiaçı uşağa baxmağa görə, birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən 235 manat aliment və hazırki qətnamə ilə də əlavə xərclər 200 manat hesablandıqda bu ümumilikdə 1005 manat təşkil edir. Göründüyü kimi, iddia tələbinin göstərilən hissəsində, yəni X14 xəstəliyi ilə əlaqədar Cavabdeh uşaq sağalanadək hər ay tutulan 100 manat məbləğində əlavə xərcin artırılaraq 1000 manat müəyyən edilməsi və uşaq sağalanadək hər ay cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qismən əsaslı olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki Azərbaycanda autizm sindromlu uşaqlar xüsusi reabilitasiya prosesinə cəlb olunurlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki X27 və Xüsusi Qayğıya Ehtiyacı olan X8 Müəssisəsində autizm sindromlu uşaqlara müasir və sınanmış metodlar əsasında tibbi-sosial reabilitasiya xidmətləri göstərilir. Hər iki reabilitasiya müəssisəsində autizm sindromlu uşaqlar mütəmadi olaraq tibbi-sosial reabilitasiya və təlim prosesinə cəlb olunurlar. Adı çəkilən müəssisələrdə bu kateqoriyadan olan uşaqların səmərəli reabilitasiyası üçün müasir şərait yaradılmış, həmin uşaqlara peşəkar psixoloq, əmək terapevti, özünəqulluq və loqoped xidmətləri təqdim olunur. Bununla yanaşı, Nazirliyin sosial sifarişləri əsasında icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələrinin bir istiqaməti də, autizm xəstəliyi olan uşaqları əhatə edir. Müvafiq layihə çərçivəsində həmin kateqoriyadan olan uşaqlara defektoloji və psixoloji yardımlar göstərilir. Digər tərəfdən iddiaçının mülki prosesual qaydaları pozaraq alimentin hesablanmasını, onun mediasiya təşkilatına müraciət edən tarixdən deyil, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın deyə qət edilməsi ilə bağlı dəlili ilə məhkəmə kollegiyası razılaşmır və hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bununla belə “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin göstərilən hallarını araşdırmayaraq iddia tələbini - X14 xəstəliyi ilə əlaqədar Cavabdeh uşaq sağalanadək hər ay tutulan 100 manat məbləğində əlavə xərcin artırılaraq 1000 manat müəyyən edilməsi və uşaq sağalanadək hər ay cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qeyd edilən hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə həmin hissədə qanuni və əsaslı hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

İddiaçıtərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(001)- 3562/2024 nömrəli qətnaməsi iddia tələbinin təmin edilməyən - “X14 xəstəliyi ilə əlaqədar Cavabdeh uşaq sağalanadək hər ay tutulan 100 manat məbləğində əlavə xərcin artırılaraq 1000 manat müəyyən edilməsi və uşaq sağalanadək hər ay cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 7415/2018 saylı qətnaməsinə əsasən X14 xəstəliyi ilə əlaqədar Cavabdeh uşaq sağalanadək hər ay tutulan 100 manat məbləğində əlavə xərc artırılaraq 200 (iki yüz) manat müəyyən edilsin və uşaq sağalanadək hər ay Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, qətnamə iddiaçıya rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar