Məhkəmə qərarları › İş №2(103)-554/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-554/2023

09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-554/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" KB QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi üzrə (Açar sözlər: kredit borcunun tutulması, borcun düzgün hesablanmaması, ekspert rəyi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı – ləğv prosesində olan "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3, Cavabdeh1 nümayəndəsi (vəkili) X4 iştirakı ilə Ləğv prosesində olan "xxxx" KB QSC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, qərardadı qəbul etdi: İşin halları

1. "xxxx" KB QSC (bank) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/110743/15 saylı kredit müqaviləsinə əsasən bank, Cavabdeh1 48 ay müddətinə, illik 28 % ödəməsi şərtilə 10 000 manat kredit verməyi, Cavabdeh1 isə krediti qəbul edib həmin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit məbləğini, habelə əsas kredit borcuna hesablanmış faizləri qaytarmağı öhdələrinə götürmüşlər.

2. Bankla Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə yaranmış borcun, habelə faizlərin və öhdəliyin icra edilməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi üçün bank qarşısında Cavabdeh1 ilə birgə və eyni həcmdə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür.

3. Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlində, Cavabdeh1 07 iyun 2019-cu il tarixədək hər ay 348,52 (sonuncu ay 348,51) manat ödəməli olması razılaşdırılmışdır.

4. Bankın təqdim etdiyi xx.xx.2022-ci il tarixli maliyyə arayışına görə, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 7799,78 manat əsas, 8070,99 manat faiz, 2883,18 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1033,56 manat faiz borcu olmaqla, cəmi 19 787,51 manat borcu vardır.

5. Bank tərəfindən Cavabdeh1 və Cavabdeh2 bildirişlər ünvanlanmış, bildirişdə onlara xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, həmin borc məbləğinin 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. Ləğv prosesində olan "xxxx" KB QSC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7799,78 manat əsas, 8070,99 manat faiz, 2883,18 manat cərimə borcunun, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1033,56 manat faizin, yəni cəmi 19 787,51 manatın, 150 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/110743/15 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 28 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 10 000 manat məbləğində kredit verilmiş, Cavabdeh2 ilə bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit öhdəliklərinin icrası üzün zamin qismində üzərinə öhdəlik götürmüşdür. Cavabdeh1 kredit üzrə cəmi borcu 19 787,51 manat təşkil edir. Bundan 7799,78 manat əsas borc, 8070,99 manat faiz, 2883,18 manat cərimə, 1033,56 manat kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcudur. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin olunması, 7799,78 manat əsas borc, 8070,99 manat faiz, 300 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1033,56 manat faiz olmaqla, cəmi 17 204,33 manat borcun və ödənilmiş 150 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada bankın xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və zaminlik müqaviləsi bağlanmış, onların arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə öhdəliklərini lazımınca icra etməmişlər.

10. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1-ci, 442-ci, 445-ci, 448.1-ci, 470-ci, 472-ci maddələrinə istinad etmişdir.

11. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, iddiaçı bankın pretenziya qaydasına əməl etmədiyini nəzərə almadığı, bu səbəblə işin icraatına xitam verməli olduğu halda qanunsuz qərar çıxardığı, iddia ərizəsinə qarşı göndərdiyi etiraz ərizəsinə banka borcunun tam ödənildiyinə dair sübut təqdim etməsinə baxmayaraq həmin sübuta əhəmiyyət vermədiyi, maddi və prosessual hüquq normalarının tələblərini pozduğu arqumentləri ilə əsaslandırmışdır.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar, əldə olunan sübutlar

12. Cavabdeh1 məhkəmə iclaslarında iştirak edən nümayəndələri apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçı bankın nümayəndəsi şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdeh isə məhkəməyə gəlməmişdir.

13. Apellyasiya baxışı zamanı mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

- xx.xx.2015-ci il tarixli 1xx/xx/110743/15 saylı kredit müqaviləsi əsasında Cavabdeh1 hansı məbləğdə kredit verilmişdir və bu müqavilə üzrə onun 09 iyun 2019-cu il tarixinə əsas və faiz borcu hansı məbləğdə olmuşdur? - xx.xx.2015-ci il tarixli 1xx/xx/110743/15 saylı kredit müqaviləsi üzrə 09 iyun 2019-cu il tarixindən sonra ödənişlər həyata keçirilmişdirmi? Əgər həyata keçirilmişdirsə həmin ödənişlərin hansı hissəsi əsas, hansı hissəsi faiz borcunun silinməsinə yönəldilmişdir və bu ödənişlərdən sonra Cavabdeh1 hansı məbləğdə əsas və faiz borcu qalmışdır?

- xx.xx.2015-ci il tarixli 1xx/xx/110743/15 saylı kredit müqaviləsi üzrə 09 iyun 2019-cu il tarixdən 21 yanvar 2022-ci il tarixinədək olan dövr üçün Cavabdeh1 illik 5 (beş) faiz hesabı ilə hansı məbləğdə faiz borcu yaranmışdır?

14. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 26 dekabr 2022-ci il tarixli rəydə göstərilmişdir ki, Cavabdeh1 "xxxx" KB QSC-nə xx.xx.2019-cu il tarixinə 7764,56 manat əsas, 5085,46 manat faiz borcu olmuş, xx.xx.2019-cu il tarixdən sonra ödəniş həyata keçirilməmiş, həmin tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövr üçün ona 1015,86 manat faiz hesablanmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

16. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

17. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir.

21. Maddə 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

25. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

26. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

33. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

37. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

39. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin olunan hissəsində tam yoxlanılması təşkil edir. Çünkü qətnamədən iddiaçı bank şikayət vermədiyindən qətnamənin iddianın təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir; Cavabdeh2 isə qətnamədən şikayət verməsə də, iddianın zaminə və əsas borcluya qarşı yönəlmiş hissəsi bölünməz xarakterlidir və Cavabdeh1 şikayətinin dəlilləri qətnamənin ona aid hissədə də yoxlanılmasını zəruri edir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

40. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir və bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

41. Bununla belə kollegiya borc məbləğinin düzgün hesablanmadığı ilə bağlı apellyatorun dəlillərini qismən əsaslı hesab edərək qeyd edir ki, kredit müqaviləsi əsasında cavabdehə xx.xx.2022-ci il tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir. Belə ki, bankla Cavabdeh1 arasında bağlanmış həmin müqavilə üzrə kredit 48 ay müddətinə (09 iyun 2019-cu il tarixinə qədər) verilmiş və məhz bu dövr ərzində onun illik 28% ödəməli olduğu razılaşdırılmışdır - həmin müddətə qədər isə Cavabdeh1 əsas borc qalığının 7764,56 manat, faiz borcunun 5085,46 manat təşkil etdiyi apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın rəyi ilə müəyyən olunmuşdur.

42. Həmin ekspert rəyi ilə həmçinin müəyyən edilmişdir ki, kredit müqaviləsinin müddəti başa çatdığı tarixdən bankın maliyyə arayışını tərtib etdiyi xx.xx.2022-ci il tarixinədək Cavabdeh1 illik 5% hesabı ilə 1015,86 manat faiz hesablanmalıdır.

43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”.

44. Bu baxımdan kollegiya hesab edir ki, “Cavabdeh1 və Cavabdeh2 7799,78 manat əsas borc, 8070,99 manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1033,56 manat faiz olmaqla, cəmi 17 204,33 manat borcun müştərək qaydada bankın xeyrinə tutulması” qənaətinə gəldiyi zaman birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir və adı çəkilən şəxslərdən müvafiq kredit müqaviləsi üzrə tutulmalı olan əsas borcun məbləği 7764,56 manat, faiz borcunun məbləği 5085,46 manat, gecikmə faizinin məbləği isə 1015,86 manat müəyyənləşdirilməlidir.

45. Kollegiyanın qənaətinə görə, məhkəmə cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğini ağlabatan və ədalətli həddədək azaldaraq 300 manat müəyyən etməkdə haqlı olmuşdur. Bu məbləği ədalətli hesab edərkən kollegiya, borcalanın aldığı kredit borcundan xeyli hissəsini qaytardığını və borcun vaxtında qaytarılmaması nəticəsində iddiaçı bankın məruz qaldığı maddi itkiləri nəzərə alır. Cərimə pulunun tutulmasına dair hissədə iddianın rədd edilməli olduğuna dair cavabdehin apellyasiya şikayətinin dəlili isə əsassızdır. Çünki tərəflər bunu müqavilə bağlamaqla öz aralarında əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik isə yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını müəyyənləşdirir, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur.

46. İddiaçı tərəfindən pretenziya qaydasına əməl olunmadığının nəzərə alınmadığı barədə apellyatorun arqumentinə münasibətdə kollegiya qeyd edir ki, birincisi, bu növ iddialarda pretenziya qaydasına əməl edilməli olduğu qanunvericilikdə ümumiyyətlə nəzərdə tutulmamışdır; digər tərəfdən nəzərə alınmalıdır ki, mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair qayda prosessual qənaət prinsipinə əməl olunması məqsədini daşımaqla, bununla bağlı iddiaçının cavabdehə göndərdiyi bildirişin forması hər hansı əhəmiyyət kəsb etməməkdədir. Başqa sözlə, əgər müvafiq bildirişdə cavabdehin öz öhdəliyinə əməl etmədiyi irəli sürülərək bu halın davam edəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə bəyanat (iradə ifadəsi) yer alırsa və bu bildirişi almış cavabdeh mübahisənin məhkəmə müstəvisinə çıxmaması üçün hər hansı aktiv hərəkət nümayiş etdirmirsə, sözügedən qaydaya əməl olunmadığına dair gəlinən qənaət yalnız formal yanaşma kimi qiymətləndirilə bilər.

47. Bu mənada kollegiyanın qənaətinə görə, borc məbləği ödənilməyəcəyi halda məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə bildiriş göndərmiş və cavabdehdən hər hansı cavab almadığı üçün məhkəmədə iddia qaldırmış iddiaçı, həmin qaydaya əməl etmiş hesab olunmalıdır.

48. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertizanın xərci tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatora aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3063/2022 saylı iş üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsi “Cavabdeh1 və Cavabdeh2 7799,78 manat əsas borc, 8070,99 manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1033,56 manat faiz olmaqla, cəmi 17 204,33 manat borcun müştərək qaydada bankın xeyrinə tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2015-ci il tarixli 1xx/xx/110743/15 saylı kredit müqaviləsi üzrə 7764,56 manat əsas, 5085,46 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 1015,86 manat faiz borcu, yəni əsas və faiz borcu qismində cəmi 13 865,88 (on üç min səkkiz yüz altmış beş manat 88 qəpik) manat müştərək qaydada tutularaq "xxxx" KB QSC-nə ödənilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin; mühasibatıq ekspertizasının xərci olan 145 (yüz qırx beş) manatın 100 (yüz) manatı Cavabdeh1, 45 (qırx beş) manatı "xxxx" KB QSC-dən alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ**********0003003944, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən Cavabdeh1 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar