Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5540/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, məhkəmə kollegiyası İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2864/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK6903402A116 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 21 % (faktiki illik faiz dərəcəsi 21.75 %) dərəcəsi ilə faiz hesablamaq şərti ilə 3.595.20 manat məbləğində kredit verilmişdir.
2. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əlavəyə (Ödəniş qrafikinə) əsasən cavabdeh ilk ödənişi xx.xx.2022-ci il tarixdə, sonuncu ödənişi isə xx.xx.2025-ci il tarixdə həyata keçirməklə hər ay 135,45 manat (sonuncu ay 137,45) manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür.
3. xx.xx.2022-ci il tarixli məxaric qəbzinə əsasən cavabdeh iddiaçıdan 3.595.20 manat məbləğində pulu təhvil almışdır.
4. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli sonuncu bildirişə əsasən cavabdehə xx.xx.2023-cü il tarixə 3.926,06 manat məbləğində ümumi borcunun, 94 gün olmaqla 489,16 manat məbləğində gecikdirilmiş borcunun yarandığı barədə məlumat verilmiş və gecikdirilmiş borcun dərhal ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tam ödənilməsi məqsədi ilə tədbirlərin görüləcəyi barədə ona xəbərdarlıq edilmişdir.
5. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 3.595,20 manat məbləğində əsas, 517,50 manat məbləğində faiz, cəmi 4.112,70 manat məbləğində borc yaranmışdır. Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3.595,20 manat məbləğində əsas, 517,50 manat məbləğində faiz, cəmi 4.112,70 manat məbləğində pul vəsaitinin və ödənilmiş 61,13 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir.
7. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh aralarında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü kredit öhdəliyini lazımi qaydada icra etməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, bunun nəticəsində cavabdehin banka xx.xx.2023-cü il tarixə 3.595,20 manat məbləğində əsas, 517,50 manat məbləğində faiz, cəmi 4.112,70 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə və rəsmi bildiriş ((pretenziya qaydasında həll olunma) göndərilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən yayınmışdır.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 2864/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3.595,20 manat məbləğində əsas, 517,50 manat məbləğində faiz, cəmi 4.112,70 manat məbləğində borc və 61,13 manat məbləğində dövlət rüsumu tutulmuşdur. (hakim X5)
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmış, iddiaçı (bank) müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh (borclu) müqavilə üzrə öhdəliyini icra etməmişdir. Bu səbəbdən Cavabdeh İddiaçı ASC -nin xeyrinə 3.595,20 manat məbləğində əsas, 517,50 manat məbləğində faiz, cəmi 4.112,70 manat məbləğində borc və 61,13 manat məbləğində dövlət rüsumu tutulmalıdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci, 448.1-ci, 739.1-ci, 739.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci, 284-1-ci, 284-5-ci, 284-6-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, əsas və faiz borcuna münasibətdə yenidən hesablanma aparılaraq iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tələb olunan əsas və faiz borcu həddən artıq şişirdilmiş rəqəmdir, həqiqətə uyğun deyildir, onun həmin miqdarda borcu yoxdur. Tələb olunan əsas və faiz borcu barədə onu heç kəs məlumatlandırmamış və bu səbəbdən də həmin məbləğləri mübahisələndirməmiş və məhkəmə gedişatında etirazını bildirə bilməmişdir. Tələb olunan məbləğə münasibətdə mühasibatlıq ekspertizası təyin edilməlidir. Tutulmuş məbləğ onun hüquqlarını pozur və maddi vəziyyətinin ağırlaşmasına gətirib çıxarır. O müharibə veteranıdır, ailəlidir və himayəsində 3 (üç) azyaşlı övladı var. Bundan əlavə, iddiaçı məhkəməyə maliyyə arayışından başqa heç bir sənəd təqdim etməmiş və tələb edilən əsas və faiz borcunun hansı qayda ilə hesablandığını sübut etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İşdə iştirak edən şəxslərə apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Lakin apellyasiya şikayətinə qarşı əsaslandırılmış etiraz və ya hər hansı sənəd məhkəməyə daxil olmamışdır.
Tətbiq edilən maddi və prosessual hüquq normaları
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
16. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2 maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Hazırkı apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi, əsas və faiz borcuna münasibətdə yenidən hesablanma aparılaraq yeni qətnamənin qəbul edilməsi xahiş olunsa da, mübahisənin predmeti bölünməz olduğundan qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 21 % (faktiki illik faiz dərəcəsi 21.75 %) dərəcəsi ilə faiz hesablamaq şərti ilə 3.595.20 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və müəyyən olunmuş müddətlərdə və məbləğlərdə əsas kredit borcunu, habelə kredit üzrə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla əlaqədar iddiaçı cavabdehə bildiriş göndərməklə yaranmış borc məbləği barədə məlumat vermiş və həmin məbləğin ödənilməsini tələb etmiş, əks halda bu məbləğin tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin bu da bir nəticə verməmiş, öhdəlik bundan sonra da icra edilməmişdir. Bu səbəbdən iddiaçı 61,13 manat dövlət rüsumu ödəməklə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, həmin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 3.595,20 manat məbləğində əsas, 517,50 manat məbləğində faiz, cəmi 4.112,70 manat məbləğində borcun yarandığını iddia edərək, həmin məbləğin, habelə ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsini cavabdehdən tələb etmişdir.
22. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində bu cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.
23. Cavabdehin apellyasiya şikayəti üzrə “əsas borcun və faiz borcunun şişirdilmiş olması və onun tələb olunan məbləğdə borcunun olmaması” barədə arqumenti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Bu baxımdan cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə daha az borcunun olduğunu, o cümlədən ondan tələb edilən əsas və faiz borcu məbləğinin reallığı əks etdirmədiyini sübut etməli idi. Lakin cavabdeh bu mövqedən çıxış etsə də, öz mövqeyini sübuta yetirə bilməmiş, o cümlədən həmin müqavilə üzrə hər hansı məbləğdə ödənişin edilməsini təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iddiaçının təqdim etdiyi maliyyə arayışından cavabdehin kredit müqaviləsi üzrə məhz 3.595,20 manat məbləğində əsas borcunun yarandığı təsdiq edilir. Başqa sözlə, iddiaçı götürdüyü kredit məbləğinin hər hansı hissəsini ödəməmiş, əsas kredit borcu məbləğ etibarı ilə olduğu kimi qalmışdır.
25. Məhkəmə kollegiyası tələb edilən faiz borcuna münasibətdə qeyd edir ki, ödəniş qrafikində göstərilmiş faiz borcu ödəniş cədvəli üzrə müəyyən edilmiş məbləğlərdə və müddətlərdə ödənişlər aparıldığı və hər ödənişdən sonra əsas borcun azaldığı və məhz azalmış əsas borca faiz borcunun hesablanması halında yaranmış olur. Kredit məbləği üzrə hər hansı ödənişin edilməməsi, habelə illik 21 faiz dərəcəsi ilə faiz hesablanması şərti ilə verilməsi nəzərə alındığı təqdirdə cavabdehin iddia üzrə tələb edilən məbləğdə faiz borcundan da artıq faiz borcunun yarandığı müəyyən edilir. Nəticə etibarı ilə tələb edilən əsas və faiz borcu qüvvədə olan mülki qanunvericiliyin tələblərinə və müqavilənin şərtlərinə uyğun hesablanmışdır. Cavabdehin iddia üzrə tələb edilən məbləğdən az əsas və faiz borcu yaranmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin bu barədə dəlilləri ilə razılaşmır və onların əsassız olması qənaətinə gəlir.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin ailə vəziyyəti (himayəsində 3 övladının olması), maddi imkanının aşağı olması və işsiz olması birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və tələb edilən borc məbləğinin azaldılması üçün əsas ola bilməz.
27. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, qeyd edilən müqavilə üzrə xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçıya məhz 3.595,20 manat məbləğində əsas, 517,50 manat məbləğində faiz, cəmi 4.112,70 manat məbləğində borcu yaranmışdır. Birinci instansiya məhkəməsi cavabdehdən bu məbləğdə borcu, habelə dövlət rüsumunun əvəzini tutmaqda haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.
28. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın ümumi qiyməti 4.112,70 manat təşkil etdiyindən, yəni məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 394-1-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2864/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.