Məhkəmə qərarları › İş №2(103)-5541/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5541/2023

05.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5541/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-1368/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsində yerləşən 24 saylı ev Cavabdeh (bundan sonra cavabdeh) sahiblik və istifadəsindədir. Onunla İddiaçı (bundan sonra iddiaçı) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev iddiaçı tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********00242 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsindən (PQ- 4) istifadə edilir. xx.xx.2023-cü il tarixdə həmin evə quraşdırılmış qaz sayğacı yeni “ZENNER G4T SMART” markalı sayğacla əvəz edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının əməkdaşları tərəfindən bu ünvanda təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar olunmuş və bununla bağlı itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 7.560 m3 həcmində ziyanın vurulması əsası ilə xx.xx.2020-ci il tarixdə ******* nömrəli akt tərtib edilmiş və bu həcmdə qazın dəyərini təşkil edən 756 manat məbləğində maddi zərərin cavabdehdən tutulması barədə qərar qəbul edilmişdir. Qeyd edilən akt iddiaçının nümayəndələri tərəfindən imzalanmış, həmçinin aktda abonentin aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 756 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 3.86 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 789.86 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə AKX-03870xx/xx-2022 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında iddiaçı abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana iddiaçı tərəfindən **********00242 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin, “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin və “Qaz təchizatı haqqında qanun”un 6.2-ci bəndinin tələblərini pozaraq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçının əməkdaşları tərəfindən Birliyin balansı və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əmədaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq akt tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 756 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə, cavabdeh mexaniki sayğac üzrə faktiki istifadə edilmiş, lakin dəyəri ödənilməmiş 3.86 manat borcu da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda saldo üzrə ümumi olaraq 759,86 manat təşkil etməkdədir. Hazırda müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçınə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

4. Bundan sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı İstehsalat Birliyinə vurulmuş 703,36 manat məbləğində zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 733.36 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanına yerində müayinə keçirilmiş və əsas qaz xəttinə qoşulmanın olmadığı aşkar edilmişdir.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 1368/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun İddiaçınə aid edilməsi qət edilmişdir. (hakim X5)

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, həm qanunvericilikdə, həm də tərəflər arasında bağlanmış müqavilədə istənilən zərərin yox, məhz istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş zərərin istehlakçı tərəfindən ödənilməsi müəyyən edilmişdir. Belə olan halda yalnız cavabdehin təbii qazdan qanunsuz istifadə etdiyi sübuta yetirilərsə, onun üzərinə qanunsuz istehlak edilən qazın dəyərini ödəmək vəzifəsi qoyula bilər. Mübahisəli ünvanda təbii qazdan istifadə qaydalarının pozulmasına dair akt tərtib edilmiş, lakin bu aktın tərtib edilməsi zamanı nə hal şahidlərinin iştirakı təmin edilmiş, nə də istehlakçı özü aktı imzalamışdır. Aktda istehlakçının adının qarşısında “imtina etdi” yazılmaqla kifayətlənilmişdir. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərin heç birindən məhz iddiaçının evinə sayğacdankənar qaz xətti çəkildiyi görünmür. Məhkəmə tərəfindən fotoşəkillərin çəkildiyi ünvanda yerində müayinə də keçirilmiş, qaz xəttinə qanunsuz qoşulma ilə bağlı hər hansı hal aşkar edilməmişdir. Cavabdehin təbii qazdan istifadə qaydalarını pozmasını sübut etməyə borclu olan iddiaçı tərəfindən məhkəməyə iddia edilən pozuntunu təsdiq edən sübut kimi yalnız pozuntunun aşkar edilməsinə dair tərtib edilmiş akt və bir neçə fotoşəkil təqdim edilmişdir ki, bu sənədlərin heç biri əsasında cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsinə gəlmək mümkün deyil. Digər tərəfdən, cavabdehin abonent olduğu ünvanda təbii qazdan istifadə qaydalarının pozulmasına dair akt xx.xx.2020-ci il tarixdə tərtib edilsə də, həmin akta əsasən itirilmiş qazın dəyərinin hesablanması haqqında tələbnamə xx.xx.2020-ci il tarixi ilə tərtib edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci, 1091.2-ci, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 107-ci, 119.1-ci, 185.5-ci, 217.3-cü, 217.4-cü maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci, 4.8-ci, 6.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdehə məxsus ünvanda qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, faktlar yerindəcə birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmiş, fotoşəkillər çəkilmiş, qeyri-qanuni xətt ləğv edilmişdir. Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq edilmişdir. Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. İddiaçının əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar cavadeh tərəfindən birliyə vurulmuş zərəri sübut edir. Bundan əlavə, akt tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən (fotoşəkillərdə koordinat, tarix və saat öz əksini tapıb) də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda İddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmalara dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Cavabdehə aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ onun qanunazidd, təqsirli hərəkətləri nəticəsində, yəni qanunvericiliklə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməməsi, təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. İş materiallarında yer almış və tərəfimizdən təqdim olunan sübutlar iddia tələbinin əsassız olmasını təsdiq etdiyi halda birinci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia tələbini rədd etmişdir. Cavabdeh tərəf nəinki məhkəməyə sübut təqdim etmək, heç məhkməyə gəlmədiyi halda birinci instansiya məhkəməsi iddia tələbini hər hansı bir əsas olmadan rədd etmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən İddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, Cavabdeh məhkəmə iclasına gəlməmişdir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

15. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.5-ci bəndinə əsasən (əvvəlki redaksiyada) qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları, o cümlədən fotoşəkillərdə əks olunmuş sayğacın iddiaçıya məxsus olan fərdi yaşayış evinə aid olub-olmadığını, iddiaçı tərəfindən qanunsuz qoşulma halına yol veribvermədiyini, həmin evdə yaşayan şəxslərin və istifadə olunan cihazların sayını, aktın tərtib edildiyi aylarda sayğac üzrə istifadə edilmiş təbii qazın həcmini aydınlaşdırmamışdır. Nəticədə maddi və hüquq normalarını düzgün tətbiq etməmiş və bu səbəbdən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir.

22. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoğulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) iddiaçının səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz iddiaçının üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, iddiaçının əməkdaşları bu halların rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır.

23. İddiaçı ilə cavabdeh arasında bağlanmış müvafiq müqaviləyə əsasən həmin ev iddiaçı tərəfindən təbii qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla cavabdehə **********00242 nömrəli abonent kodu verilmişdir. Abonentin saldosuna əsasən həmin fərdi yaşayış evində təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsinin (PQ-4) olması göstərilsə də, xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktda və onun əsasında qəbul edilmiş qərarda təbii qazla işləyən 3 cihaz göstərilmişdir.

24. Cavabdehə aid abonent saldosundan cavabdehin akt tərtib edildiyi 2020-ci ilin yanvar ayında həmin ünvanda yaşadığı müəyyən edilir, lakin təbii qazdan istifadəyə dair göstəricilər sıfra bərabərdir. Halbuki, aktın əhatə etdiyi və ilin soyuq, o cümlədən qış aylarına aid xx.xx.2019-cu xx.xx.2020-ci il tarixlərdə cavabdehin sayğac üzrə qaz sərfiyyatının 0 (sıfır) olması mümkün deyil. Bu da öz növbəsində cavabdehin təbii qazdan sayğacdan kənar, yəni qanunsuz qoşulma yolu ilə istifadə etməsini təsdiq edir.

25. Digər tərəfdən akt üzrə cavabdehin abonent hesabına 756 manat maddi zərər məbləğinin hesablanmasına baxmayaraq, hazırda iddia üzrə 703,36 manat məbləğində zərər tələb edilir. Bununla belə, ötən dövr ərzində cavabdeh tərəfindən qeyd edilən məbləğin 52,64 manat hissəsinin ödənilməsi təmin edilmişdir. Başqa sözlə, cavabdeh akt üzrə hesablanmış məbləği məhkəmə qaydasında mübahisələndirməmişdir. Əksinə ödəniş etməklə, hüquqi nəticə etibarı ilə təbii qazdan sayğacdan kənar qaydada istifadə etməsini təsdiq etmişdir.

26. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmamışdır. Belə ki, aşkar edilmiş pozuntularla bağlı akt tərtib edilərkən cavabdehin bu prosesdə iştirakı təmin edilməsə də, cavabdeh tərəfindən şəbəkəyə qanunsuz qoşulma və təbii qazdan sayğacdan kənar istifadə etməsi bu aktdan başqa, iş materiallarında olan abonent saldosu və fotoşəkillərlə, habelə cavabdehin apardığı ödənişlərlə tam sübuta yetir. Birinci instansiya tərəfindən cavabdehin yaşadığı ünvan üzrə yerində müayinə də xx.xx.2023-cü il tarixdə keçirilmişdir. Halbuki, qanunsuz qoşulma halı bu tarixdən 3 ildən artıq müddət əvvəl aşkar edilmişdir. Qeyd edilən müddət ərzində də həmin xəttin iddiaçı və ya cavabdehin özü tərəfindən ləğv edilməsi istisna deyil. Başqa sözlə, cavabdeh sayğacdan kənar xətt çəkmiş və təbii qazdan məhz həmin xətt üzrə istifadə etmiş və onun təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkəti) nəticəsində iddiaçıya maddi zərər vurmuşdur.

27. Lakin məhkəmə kollegiyası aktda və akt əsasında qəbul edilmiş qərarda aparılmış hesablama, yəni vurulmuş maddi zərərin məbləği ilə razılaşmır və bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı aktı xx.xx.2020-ci il tarixdə tərtib etsə də, zərər məbləğini 90 gün əvvəli əhatə etməklə hesablayır. Müddət etibarı ilə iddiaçı qanuna zidd əməlin əvvəli kimi xx.xx.2019-cu il tarixini, sonu kimi isə xx.xx.2020-ci il tarixini əsas götürür. Bu baxımdan ilk öncə cavabdehin qanunsuz qoşulmasının həqiqətən də aktın tərtib edildiyi, yəni xx.xx.2020-ci il tarixdən 90 gün əvvəl baş verdiyi müəyyən edilməlidir. Lakin iddiaçı qanunsuz qoşulmanın xx.xx.2020-ci il tarixdən əvvəl baş verməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmir. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillər isə ən yaxşı halda xx.xx.2020-ci il tarixinə aiddir. Bu səbəbdən məhkəmə kollegiyası cavabdeh tərəfindən təbii qazdan qanunsuz olaraq xx.xx.2019-cu il tarixdən istifadə etməsi barədə iddiaçının iddialarını əsassız hesab edir və belə qənaətə gəlir ki, həmin akta əsasən hesablanmış 756 manat məbləği cavabdehdən tutula bilməz. Hazırki halda hesabat dövrü kimi qanunsuz qoşulmanın aşkar olunduğu tarix əsas götürülməklə 30 gün (xx.xx.2020 - xx.xx.2020-ci il) müəyyən edilməlidir.

28. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, abonentin saldosunda 1 cihaz göstərilməsinə baxmayaraq, akta əsasən 3 cihaz göstərilmiş, hər bir cihaz üçün hesabat 24 saat üzrə aparılmışdır. Halbuki, bu cihazların hər birinin həm adi şəraitdə, həm də müxtəlif səbəblərdən (məsələn, sakinlərin 24 saat ərzində evdə olmaması, habelə gecə vaxtlarında yatmaları səbəbindən cihazları söndürməsi və sair), həm də təyinatına görə (məsələn, qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur) 24 saat işlək vəziyyətdə saxlanılması mümkün deyil. Ümumiyyətlə bu cihazların təyinatı təhlükəsizlik baxımından da onların bütün gün ərzində istifadə edilməsini istisna edir. Bu səbəbdən məhkəmə kollegiyası təbii qazdan sayğacdan kənar istifadə edilməsi səbəbindən qənaət edilməməsi və nəticədə hər cihaz üzrə 24 saat ərzində istifadə edilməsi barədə mövqeyini əsassız hesab edir.

29. Bu səbəbdən məhkəmə kollegiyası cihazların təyinatına və istifadə edilməsinə dair yuxarıda nümayiş etdirilmiş mövqeyini nəzərə alıb hesab edir ki, hesablama qaz plitəsinin (PQ-4) maksimal saatlıq qaz sərfi 1,2 m3 / saat, orta günlük iş rejimi 4 saat, su qızdırıcısının (QSSQ) maksimal saatlıq qaz sərfi 1,5 m3 /saat, orta günlük iş rejimi 8 saat, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3 /saat, orta günlük iş rejimi isə 18 saat əsas götürülməklə aparılmalıdır. Bu qaydada aparılmış hesablama nəticəsində də 30 günlük müddət üçün istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qazın dəyəri qaz plitəsi üzrə (1,2 x 4 saat x 30 gün x 0,12 manat = 17,28) 17,28 manat, su qızdırıcısı üzrə (1,5 x 8 saat x 30 gün x 0,12 manat = 43,20 manat) 43 manat, dəmir soba üzrə isə (0,8 x 18 saat x 30 gün x 0,12 manat = 51,84 manat) 51,84 manat, cəmi (17,28 + 43,20 + 51,84 = 112,32) 112,32 manat təşkil edir. Bu məbləğdən də artıq ödənilmiş 52,64 manat çıxılmalı, qalan (112,32-52,64= 59,68) 59,68 manat ödənilməli olan, lakin ödənilməmiş və nəticədə iddiaçıya vurulmuş maddi zərər məbləği kimi qəbul edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

30. Göstərilənləri nəzərə alıb məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(010)- 1368/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsində yerləşən 24 saylı ev (abonent kodu **********00242) üzrə təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq cavabdehdən 59,68 manat məbləğində pul, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, iddiaçıya ödənilməlidir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(010)-1368/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsində yerləşən 24 saylı ev (abonent kodu **********00242) üzrə təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq Cavabdeh Hacıbala oğlundan 59,68 (əlli doqquz manat, altmış səkkiz qəpik) manat məbləğində pul, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, İddiaçınə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar