Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5542/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-1916/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-7728/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq cavabdehdən xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev, iş N 2(011)-1916/2020) iddia qismən təmin olunaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-7728/2018 saylı qətnaməsi üzrə təyin edilmiş alimentin məbləği dəyişdirilmiş və Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7728/2018 saylı qətnaməsinə əsasən Cavabdeh onun xeyrinə xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 154 manat sabit pul məbləğində aliment tutulmuşdur. Məhkəmə tərəfindən alimentin miqdarı təyin olunan zaman ölkədəki yaşayış minimumu nəzərə alınmışdır. Hazırda onun və övladının dolanışığı nəzərə alındıqda, onun saxlanılması üçün alimentin miqdarının artırılmasına ehtiyacı vardır. Habelə, hazırda ölkədə yetkinlik yaşına çatmayan övladların yaşayış minimumu qətnamə qəbul olunan zamanla müqayisədə yüksələrək 170 manat təşkil edir. Hazırkı iqtisadi vəziyyət, övladının dolanacaq səviyyəsi nəzərə alınaraq, uşağın saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 200 manat məbləğində pul vəsaitinin aliment olaraq ödənilməsinə ehtiyacı vardır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-7728/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi qismən təmin edilərək həmin məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(011)-5467/2017 saylı qətnaməsi ilə təyin olunmuş alimentin məbləği artırılmış, cavabdehdən xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi xahiş olunmuşdur. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarı onun maddi vəziyyəti ilə uyğunlaşmır və məhkəmə onun maddi vəziyyətini düzgün qiymətləndirməmişdir. Belə ki, o, kənd yerində yaşamaqla işsizdir, həyətyanı təsərrüfatı, mal-qarası, pay torpaq sahəsi, habelə heç bir gəlir yeri yoxdur. Xəstəliyi üzündən işləyə bilmir. Təyin olunmuş alimenti ödəmək iqtidarında deyil. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, iddianın təmin edilməyən hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir, cavabdeh isə qətnaməni yalnız təmin edilən hissədə mübahisələndirmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası qətnamənin qanuniliyini və əsaslılığını yalnız iddianın təmin edilən hissəsində yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Xətai Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsində mövqeyini “Uşaq hüquqları haqqında” Konvensiyanın 3, 18, 27-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu, Ailə Məcəlləsinin 75, 112-ci, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarı ilə əsaslandıraraq qeyd etmişdir ki, cavabdehdən azyaşlı uşağın saxlanması üçün tutulan alimentin miqdarı artırılmalı və hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bu məbləğ tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına əsas verir. Apelyatorun mövqeyinə görə, qətnamə ilə müəyyən olunmuş aliment onun maddi vəziyyəti ilə uyğunlaşmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, cavabdeh atadır və onun uşağına hər cür maddi və mənəvi qayğı, diqqət, dəstək göstərmək borcudur. Şikayətdə göstərilən halların heç biri, uşağı belə bir diqqət və qayğıdan məhrum etmək üçün əsas deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdehin apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5542/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5542/2020
29.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver