Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5544/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh3 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 Döstəli oğlu və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09.03.2021ci il tarixli qətnaməsindən İddiaçı ASC və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 16.12.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 12.938,50 ABŞ dolları, faiz borcu kimi 5.034,84 ABŞ dolları, cərimə borcu kimi 3.191,50 ABŞ dolları, kredit müqaviləsinin müddəti bitdiyi tarixdən 29.07.2019-cu il tarixədək borcun qaytarılmasının gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış borc kimi 401,40 ABŞ dolları, cəmi 21.566,24 ABŞ dolları məbləğində pul cavabehlərdən – borcalan Cavabdeh3, zaminlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 12.938,50 ABŞ dolları, faiz borcu kimi 4.614 ABŞ dolları, cərimə borcu kimi 100 ABŞ dolları, kredit müqaviləsinin müddəti bitdiyi tarixdən 29.07.2019-cu il tarixədək borcun qaytarılmasının gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış borc kimi 401,40 ABŞ dolları, cəmi 18.054,03 ABŞ dolları məbləğində pul, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehlərdən borcalan Cavabdeh3, zaminlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə faiz və cərimə borcun aid hissədə ləğv edilsin və bankın iddiası tam təmin olunsun. Cavabdeh3 apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, yeni qətnamə qəbul olunsun, əsas borc kimi 12.938,50 ABŞ dolları tutulsun, iddianın qalan hissəsi rədd edilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Təqdim edilmiş sübutlardan, o cümlədən mühasibat ekspertizasının rəyindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə borcalanın bankın qarşısında qətnamədə göstərilən məbləğdə icra edilməmiş əsas, faiz və cərimə borcu vardır. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 448 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, 1-ci instansiya məhkəməsi əsas, faiz və cərimə borcu kimi həmin məbləğdə pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, bu hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Kredit müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış faiz borcu kimi 401,40 ABŞ dolları məbləğində pulun tutulması barədə tələbə aid hissədə qətnamə ləğv edilməli və həmin tələb rədd olunmalıdır. Belə ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinin göstərişinə istinad edərək həmin faizin ödənilməsini tələb edir. Bu maddədə göstərilmiş “5 faiz” dəbbə puludur. Maddə “borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə” ifadəsi ilə başlayır. Gecikməyə görə ödənilən pul isə dəbbə puludur. Belə ki, Mülki Məcəllənin 462.1ci maddəsində dəbbə puluna verilmiş anlayışdan görünür ki, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği dəbbə puludur. Dəbbə pulunun ödənilməsi yalnız müqavilə ilə deyil, həm də qanunla müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 464.1-ci maddəsinə görə kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin dəbbə pulunun ödənilməsi üçün 445.7-ci maddədə belə şərt müəyyən olunub: əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, borclu gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməyə borcludur. Hazırkı işdə kreditor eyni dövr üçün digər əsaslardan çıxış edərək daha böyük məbləğ – müqaviləyə əsasən hesablanmış cərimə tələb edib. Məhkəmə onu tənasübsüz surətdə yüksək hesab edərək azaltsa da, o, iddia ərizəsində “tələb olunan daha böyük məbləğ” hesab olunur. Ona görə də iddiaçı eyni dövr üçün 445.7-ci maddəyə əsasən hesablanmış dəbbə pulunu tələb edə bilməz. Kredit müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələb rədd edildiyində görə qətnamə tutulmalı olan ümumi borcun məbləğinə aid hissədə dəyişdirilməlidir. Zaminlər qətnamədən apellyasiya şikayəti vermədiklərinə görə qətnamənin onlara aid olan hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh3 apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli qətnaməsi kredit müqaviləsinin müddəti bitdikdən sonra illik beş faizlə hesablanmış borc kimi 401,40 ABŞ dolları məbləğində pulun tutulması hissəsində ləğv edilsin və həmin tələb rədd edilsin. Qətnamə tutulmalı olan ümumi borcun məbləğinə aid hissədə dəyişdirilsin, ümumi borcun məbləği 17.652,63 ABŞ dolları müəyyən edilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5544/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5544/2021
18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver