Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5548/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: müəyyən edilmiş aliment miqdarının artırılması, əlavə xərcin tutulması) X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “müəyyən edilmiş aliment miqdarının artırılması və əlavə xərcin tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-750/2023 nömrəli, 12 aprel 2023-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh1 (bundan sonra cavabdeh) arasında 29 aprel 2008-ci il tarixdə nikah bağlanmışdır. Tərəflərin birgə nikahından 22 iyun 2009-cu il tarixdə X8 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin 2(036)-3/2011 nömrəli, 10 fevral 2011-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahından doğulmuş 22 iyun 2009-cu il təvəllüdlü X8 iddiaçının yanında saxlanılmışdır. Eyni zamanda, cavabdehdən iddiaçının xeyrinə birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün aliment tutulmuş və sonuncu dəfə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2101/2018 nömrəli, 20 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş aliment artırılaraq, 22 iyun 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 154 manat məbləğində aliment, habelə hər ay əlavə olaraq 50 manat pul iddiaçının xeyrinə tutulmuşdur. İddiaçı hazırda "xxxx" MMC-də sosial işçi vəzifəsində çalışır, əmək haqqı 345 manat təşkil edir. Cavabdehin əmək müqaviləsi əsasında əmək fəaliyyəti ilə məşğul olması müəyyən edilmir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2101/2018 saylı, 20 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək, 22 iyun 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 manat məbləğində alimentin, uşağın müalicə və müayinəsi üçün 250 manat pulun, ilkin mediasiya xərci üçün ödənilmiş 50 manat pulun və 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq, ona ödənilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, birgə nikahdan doğulmuş uşaq doğulduğu gündən xəstədir. Belə ki, “bronxial astma” və “skalioz” xəstəliyindən əziyyət çəkir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2101/2018 saylı, 20 iyun 2018-ci il tarilxli qətnaməsi ilə 22 iyun 2009-cu il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 154 manat aliment, müalicə və müayinə üçün isə 50 manat pul tutulmuşdur. O, xəstə uşaqla maddi cəhətdən çox əziyyət çəkir. Cavabdeh tərəfindən ödənilən alimentin miqdarı uşağın saxlanılması və normal inkişafı üçün kifayət etmir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-750/2023 nömrəli, 12 aprel 2023ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 22 iyun 2009-cu təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2101/2018 saylı qətnaməsi əsasında Cavabdeh1 hər ay sabit pul məbləğində tutulan 154 manat alimentin həcmi artırılaraq, 220 manat sabit pul məbləğində müəyyən edilməsi, bu məbləğin qətnamə qanuni qüvvəyə mindiyi gündən cavabdehdən tutulub (uşaq yetkinlik yaşına çatanadək) iddiaçıya verilməsi, uşağın müalicəsi üçün əlavə olaraq hər ay 100 manat məbləğində pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun 25 manat hissəsinin və ödənilmiş mediasiya xərcinin 25 manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. (hakim X9)
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərkən alimentin tutulmasına dair qətnamənin çıxarılmasından müəyyən müddətin keçməsini, hazırkı dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, respublikada 2023-cü il üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, hazırda yetkinlik yaşına çatmayan uşağın iddiaçının himayəsində olmasını və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər orta səviyyədə saxlanılması zəruriliyini nəzərə almış və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2101/18 saylı qətnaməsi əsasında cavabdehdən uşağın saxlanılması üçün tutulan alimentin həcminin artırılaraq, 220 manat sabit pul məbləğində müəyyən edilməsi qənaətinə gəlmişdir. İddianın “Müalicə və müayinə üçün pulun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, 6 saylı X7 Ambulator, X12 Kartasının çıxarışına əsasən 22 iyun 2009-cu il təvəllüdlü X8 bronxial astma xəstəliyindən əziyyət çəkir. Bundan başqa iddiaçı tərəfindən təqdim olunmuş Diaqnostika nəticə hesabatına əsasən uşaqda boyun lordozu və dorsal kifozun düzləşməsi, torakoservikal minimal skolioz müşahidə olunur. Bu səbəbdən məhkəmə uşağın müalicəsi üçün əlavə olaraq hər ay 100 manat məbləğində pul vəsaitinin tutulması qənaətinə gəlmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü, 78.1ci, 81.1-ci, 81.2-ci, 100.2-ci, 112.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 220.5-ci, 233.4-cü maddələrinə, “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Qanununa istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini və iddianın müalicə xərcinin artırılması hissəsində rədd olunmasını xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin müalicə məbləğini artırılması nəticəsinə gəlməsi heç bir hüquqi və tibbi sənəd ilə əsaslandırılmamışdır. Məhkəmə öz qətnaməsində müalicə məbləğinin artırılması qənaətini yalnız 2009-cu il tarixdə verilmiş sənədlərə istinadla əsaslandırmışdır. O, heç yerdə işləmir, qeyri-rəsmi qazanc yeri yoxdur, təqaüdçü anası ilə birlikdə yaşayır və aliment məbləğini də məhz anasının təqaüdündən ödəyir. Oğlunun müalicə xərclərinin artması, onun daim müalicə alması, müvafiq dərmanlara ehtiyac duyması, regular müayinələrdən keçməsi və ya belə zərurətin olması nə iddia ərizəsinə əlavə olunan sənədlərlə, nə də məhkəməyə təqdim edilən digər sübutlarla öz təsdiqini tapmamışdır. Bu tələb yalnız sözlərə və 2009-cu ildə verilmiş məhkəmə qətnaməsinə uyğun irəli sürülmüşdür. Məhkəmənin gəldiyi bu nəticə ilə razı deyil, çünki ilk öncə sağlamlıqla bağlı müalicə xərclərinin artması tibbi sənədlərlə, müvafiq dərman və müayinə qəzbləri ilə öz təsdiqini tapmalıdır. Bundan başqa məhkəmə iddia tələbini bu hissədə təmin edərkən gəldiyi nəticəni əsaslandırmamış, yalnız 2009-cu il tarixli məhkəmə qətnaməsinə və həmin ildə verilmiş tibbi sənədə əsaslanmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz etmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, birgə nikahdan doğulmuş uşağın onurğasında gözlə görünə biləcək əyrilik var. Uşaq mütəmadi olaraq müalicə alır. Həmçinin, uşağı üzgüçülüyə aparır və masajlar etdirir, 15 ildir oğluna tək baxır və bu müddət ərzində atası uşaqla bir dəfə də olsun maraqlanmamışdır. Bundan əlavə uşağın hazırda da xəstəliyinin davam etməsini, yəni İİ dərəcli skolioz olmasını təsdiq edən xx.xx.2023-cü il tarixli tibbi sənədi məhkəməyə təqdim etmişdir.
11. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər; 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur; 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Hazırkı apellyasiya şikayətində cavabdeh iddia tələbinin yalnız müalicə xərcinin artırılması hissəsində rədd olunmasını və bununla da hüquqi nəticə etibarı ilə qətnamənin qismən - müalicə xərcinin artırılması hissəsində ləğv edilməsini xahiş etdiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbi dörd hissədən – müəyyən edilmiş alimentin və uşağın müalicəsi ilə bağlı cavabdehdən tutulan əlavə xərcin miqdarının artırılmasından, o cümlədən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin və dövlət rüsumunun cavabdehdən tutulmasından ibarət olmuşdur. Qətnamə də hər dörd tələb üzrə çıxarılmışdır. Cavabdeh qətnamənin yalnız uşağın müalicəsi ilə bağlı əlavə xərclərin artırılması, yəni 100 manat müəyyən edilməsi hissəsindən apellyasiya şikayət verərək, həmin hissədə qətnamənin ləğv edilməsini və nəticə etibarı ilə bu məbləğin 50 manat həddində saxlanılmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, habelə iddiaçının izahatını dinləyib, tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinə və işin hallarını nəzərə alıb, yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir və bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla müəyyənləşdirilir.
21. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2101/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş 22 iyun 2009-cu il təvəllüdlü X6 “bronxial astma” xəstəliyindən əziyyət çəkməsi və onun müayinə və müalicəsi üçün mütəmadi olaraq maddi vəsaitin tələb olunması öz təsdiqini tapmışdır. Bu səbəbdən həmin qətnamə ilə bu məqsədlə üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 50 manat pulun ödənilməsi qət edilmişdir.
22. Hazırda iddiaçı uşağın xəstəliyi ilə bağlı 2019-2021-ci illərə aid xeyli sayda tibbi sənəd təqdim edir. Bu, o cümlədən “Diamed” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tibbi sənəddən uşaqda çanaq xəttinin və bud çanaq oynaqlarının, yuxarı çiyin qurşağının bir qədər pozulması və nəticədə ona İİ dərəcəli skolioz diaqnozunun qoyulması müəyyən edilir. Bu da öz növbəsində uşağın xəstəliyinin hazırda da davam etdiyini və bununla bağlı onun mütəmadi olaraq müayinə və müalicə olunmasını təsdiq edir.
23. Birgə nikahdan doğulmuş uşağın müalicəsi üçün əlavə xərcin artırılmasının mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası bildirir ki, bu tip xəstəliklərin aradan qalxması üçün mütəmadi konservativ müalicəyə (intensiv fizioterapiya, massaj, korset və müntəzəm müalicəvi idman hərəkətləri) ehtiyac duyulur. Hazırda uşağın iddiaçının himayəsində olması səbəbindən, onun bütün bu prosedurlar (müayinə və müalicə) üçün müvafiq tibb müəssisələrinə aparılması, o cümlədən bununla bağlı yaranan bütün xərclərin qarşılanması məhz iddiaçının üzərinə düşür. Halbuki, uşağın müalicə və müayinəsi ilə bağlı xərclərin qarşılaması hər iki valideynin üzərinə düşən vəzifədir.
24. Cavabdeh də bu məsələ üzrə məhkəmə qətnaməsi ilə onun üzərinə qoyulmuş vəzifəni ötən dövr ərzində icra etmiş və hər ay müəyyən edilmiş 50 manat məbləğində pulun ödənilməsini təmin etmişdir. Hazırda da uşağın saxlanılması üçün ondan tutulan alimentin miqdarının 154 manatdan 220 manata artırılmasına da etiraz etmir. Belə ki, qətnaməni bu hissədə mübahisələndirməmişdir. Bununla da artırılmış əlavə xərcin məbləği nəzərə alınmadan, onun nəticə etibarı ilə hər ay ödənilməsinə razılıq verdiyi ümumi məbləğ (220 + 50 = 270) 270 manat təşkil etmiş olur.
25. Bu da öz növbəsində onun hər hansı rəsmi gəlirə malik olmadığını bildirməsinə baxmayaraq, həmin məbləği ödəmək üçün maddi imkanının olmasına dəlalət edir. Birinci instansiya tərəfindən tutulmuş ümumi məbləğlə bu məbləğ arasında fərq isə cəmi 50 manat təşkil edir.
26. Digər tərəfdən o hal da nəzərə alınmalıdır ki, iddiaçıdan fərqli olaraq cavabdehin uşağın müalicə və müayinəsi ilə bağlı öhdəliyi yalnız ondan hər ay tutulan 100 manat miqdarında əlavə xərcin məbləği ilə məhdudlaşdırılır. Həmin məqsədlər üçün bu məbləğdən artıq yaranmış bütün xərcləri məhz iddiaçı qarşılamaq məcburiyyətindədir. Artıq məbləğin yaranması da istisna deyil. Bu xərclərin qarşılanması da bilavasitə iddiaçının üzərinə düşəcəkdir (aydın məsələdir ki, yalnız 50 manat məbləğində əlavə xərcin ondan tutulmasını tələb edən cavabdeh bundan artıq məbləğdə yaranmış xərcləri qarşılayan deyil).
27. Beləliklə, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları, uşağın xəstəliyini, bununla bağlı onun mütəmadi olaraq müayinə və müalicə olunması zərurətini, habelə müayinə və müalicənin ödənişli olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
28. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (50x12=600 manat) 600 manat təşkil etdiyindən və məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
29. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-750/2023 nömrəli, 12 aprel 2023-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (müalicə xərcinin artırılması hissəsində) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.