Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-555/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ASC-nin cavabdeh Əliyev Eldayaq Nəsrəddin oğluna qarşı kredit, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2589/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları: İddiaçı “xxxx” ASC cavabdeh Əliyev Eldayaq Nəsrəddin oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcludan 3821,42 manat əsas, 3143,54 manat faiz, 61,08 manat cərimə borcu olmaqla, ümumilikdə 7026,04 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə Əliyev Eldayaq Nəsrəddin oğlu arasında bağlanmış 23 yanvar 2016-cı il tarixli Nağd pul layihəsi müqavilsəinə əsasən bank cavabdehə illik 25,51 faiz olmaqla 84 ay müddətinə 4198,9 manat məbləğində kredit vermişdir. Əliyev Eldayaq Nəsrəddin oğlu kredit müqaviləsinin şərtlərinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, öhdəliyini lazımınca yerinə yetirmədiyindən bank tərəfindən məhkəməyə təqdim olunmuş 23 fevral 2020-ci il tarixli maliyyə arayışına əsasən həmin tarixə 3821,42 manat əsas, 3143,54 manat faiz, 61,08 manat cərimə borcu olmaqla, ümumilikdə 7026,04 manat məbləğində borcu yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2589/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Əliyev Eldayaq Nəsrəddin oğlundan əsas borc üzrə 3821,42 manat, faiz borcu üzrə 3143,54 manat, cərimə borcu üzrə 61,08 manat olmaqla, ümumilikdə 7026,04 manat məbləğində pul vəsaitinin tutularaq “xxxx” ASC-yə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin Əliyev Eldayaq Nəsrəddin oğlundan tutularaq “xxxx” ASCyə ödənilməsi qət edilmişdir (sədrlik edən: Etibar Mustafayev). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2589/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh birinci instansiya məhkəməsində mülki işə baxılan zaman məhkəmə iclasında bildirmişdir ki, onun tərəfindən kredit müqaviləsi üzrə iddiaçıya ödənişlər edilmişdir. İddiaçı məhkəməyə iddia ilə müraciət edərək iddia ərizəsinə qoşma edilmiş maliyyə arayışında doğru rəqəmlər göstərməmişdir. Belə ki, maliyyə arayışında qeyd edilən və məhkəmə tərəfindən təmin edilən faiz və cərimə düzgün hesablanmamışdır. Həmin məbləğlər yüksək olmuşdur. Cavabdehin maliyyə arayışında qeyd edilən məbləğdə iddiaçı olan İddiaçı ASC-yə borcu yoxdur. Binəqədi Rayon Məhkəməsi bu halı nəzərə alıb məhkəmə mühasibatlıq ekspertizası təyin etmali idi və yalnız ekspertiza rəyindən sonra qanuni və əsaslı nəticəyə gəlmək olardı. Məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin olunmalıdır. Bundan başqa cavabdeh dəfələrlə məhkəmə mübahisəsindən öncə İddiaçı ASC-yə müraciət edərək, Azərbaycan Respublikası Prezidentin əhalinindevalvasiyadan sonra kredit borcu ilə bağlı müvafiq qərarın tətbiq edilməsini tələb etmişdir. Həmin qərara əsasən kredit təşkilatı tərəfindən tərəflər arasında yenidən müqavilə bağlanmalı idi, yenidən müqaviləyə əsasən ödəniş qrafiki tərtib olunmalı idi. Lakin kredit təşkilatı və hal-hazırda iddiaçı olan İddiaçı ASC bunu etməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi V.Həsənova cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan RV/58950/55 saylı, xx.xx.2016-cı il tarixli kredit sazişindən görünür ki, Cavabdeh 84 ay müddətinə, illik 25.51% olmaqla 4198.90 manat məbləğində vəsaiti kredit götürmüşdür. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 3821.42 manat əsas, 3143.54 manat faiz, 61.08 manat məbləğində cərimə borcu vardır. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Kollegiya iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə araşdırıb, qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, borclu (cavabdeh) Cavabdeh bankdan 4198.90 manat məbləğdə borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin digər tərəfi olan İddiaçı ASC (kreditor) müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş kredit məbləğini cavabdehə vermişdir. Lakin, Cavabdeh (borclu) bank qarşısında yaranmış öhdəliyi icra etməyərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini və Mülki Məcəllənin tələblərini pozmuşdur. Cavabdeh apellyasiya şikayətində kredit müqaviləsi üzrə ödənilşlər etdiyinə, faiz və cərimə borcunun düzgün hesablanmadığına, iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməli olması hallarına istinad etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlillərinə müvafiq araşdırması zamanı xx.xx.2020-ci il tarixində məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı qərardad qəbul etmişdir. Həmin qərardada müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/4832 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh nun xx.xx.2020-ci il tarixinə banka olan borcu 7.036.03 manat (əsas borc 3820.78, faiz borcu 3154.18, cərimə borcu 61.07) təşkil edir. Belə ki, iddiaçının iddia tələbində göstərdiyi borc məbləğinin mövcudluğu ekspert rəyi ilə təsdiq edildiyindən və cavabdeh kredit müqaviləsi üzrə ödəniş etməsini təsdiq edən sübut təqdim etmədiyindən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə görə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Kollegiya hesab edir ki, ekspert rəyinin mötəbərliyini sübhə altına alan hərhansı hal aşkar edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. Qeyd edilənlərə əsasən, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Cavabdeh xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə 3821,42 manat əsas, 3143,54 manat faiz, 61,08 manat cərimə borcu olmaqla, cəmi 7026,04 manat (yeddi min iyirmi altı manat dörd qəpik) manat məbləğində pulun tutularaq, iddiaçı “İddiaçı ASC-yə ödənilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2589/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh iş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə görə 50 (əlli) manat məbləğində xərc dövlət büdcəsinin xeyrinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-555/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-555/2021
19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver