Məhkəmə qərarları › İş №2(103)-5550/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5550/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5550/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi Ramazanov Raul Fikrət oğlunun iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Hüseynəliyev İlqar Əli oğlu, İmanov Elxan Ələsgər oğlu, Məmmədova Nuranə Əli qızı və Hacıyev Dəyanət Salman oğluna qarşı “kredit müqaviləsi borc tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-763/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" QSC cavabdehlər Hüseynəliyev İlqar Əli oğlu, İmanov Elxan Ələsgər oğlu, Məmmədova Nuranə Əli qızı və Hacıyev Dəyanət Salman oğluna qarşı “kredit müqaviləsi borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli, 010R********** saylı kredit razılaşması üzrə 2000.63 ABŞ dolları əsas, 2959.71 ABŞ dolları faiz, 615.65 ABŞ dolları cərimə olmaqla, cəmi 5575.99 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" QSC iddia tələbini onunla əsaslandırmışdır ki, İlqar Hüseynəliyevə “xxxx” QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 10L000006551 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə İ.Hüseynəliyev “xxxx” QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 010R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2018-ci il tarixli 010R**********SG saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İ.Hüseynəliyev kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. İ.Hüseynəliyev götürdüyü kredit borcundan 7999.37 ABŞ dollan ödəmiş, onun 2000.63 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. İ.Hüseynəliyev kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditoraqaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 234 gün üçün hesablanmış faiz borcu 2959.71 ABŞ dollan təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixə 234 gün üçün hesablanmış cərimə 615.65 ABŞ dollan təşkil edir. Kredit xətti müqaviləsi üzrə İ.Hüseynəliyevin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Elxan İmanov, Nuranə Məmmədova və Dəyanət Hacıyev zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh İ.Hüseynəliyev ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər İlqar Hüseynəliyev, Elxan İmanov, Nuranə Məmmədova və Dəyanət Hacıyevdən müştərək qaydada xx.xx.2014-cü il tarixli, 010R********** saylı kredit razılaşması üzrə 2000.63 ABŞ dolları əsas, 2959.71 ABŞ dolları faiz, 5.65 ABŞ dolları cərimə olmaqla, cəmi 4965,99 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə)məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 27 manat hissəsinin “xxxx” QSC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini məhkəmə proseslərində iştiraklarının təmin edilmədiyi, onlar tərəfindən kredit borcunun tam ödənildiyi və zaminlər tərədindən zaminlik müqavilələrinin imzalanmadığı arqumentləri ilə əsaslandırmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunmuş hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdehlər isə yalnız qeyd edilən hissədən apellyasiya şikayəti vermişlər. Qeyd olunan kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İş materiallarında olan “xxxx” QSC ilə Hüseynəliyev İlqar Əli oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 10L000006551 saylı kredit xətti müqaviləsinin surətindən görünür ki, borc alana 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. İş materiallarında olan “xxxx” QSC ilə Hüseynəliyev İlqar Əli oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 010R********** saylı kredit razılaşmasının surətindən görünür ki, borcalana 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir.Tərəflərin imzaladıqları xx.xx.2018-ci il tarixli 010R**********SG saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan “xxxx” QSC ilə İmanov Elxan Ələsgər oğluarasında bağlanmış xx.xx.2014-cü il tarixli, 10S000023093 saylı, Məmmədova Nuranə Əli qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 010S**********02 saylı və Hacıyev Dəyanət Salman oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 056S**********02 saylızaminlik müqavilələrinin surətlərindən görünür ki, zaminlər borc alanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımalarına dair öhdəlik götürmüşlər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixəHüseynəliyev İlqar Əli oğlunun 010R********** saylı kredit razılaşması üzrə 2000.63 ABŞ dolları əsas, 2959.71 ABŞ dolları faiz, 615.65 ABŞ dolları cərimə olmaqla, cəmi 5575.99 ABŞ dolları borcu qalmışdır. İş materiallarında olan “xxxx” QSC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, cavabdeh Hüseynəliyev İlqar Əli oğlunun xxxx QSC-yə olan borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən kompensasiya olunacaq problemli kreditlərə aid edilmişdir. Müştərinin birinci devalvasiya zamanı, yəni xx.xx.2015-ci il tarixinə xarici valyutada əsas kredit borcu 9094.47 ABŞ dolları, ikinci devalvasiya zamanı, yəni xx.xx.2015-ci il tarixinə 6204.17 ABŞ dolları olmuşdur. Bu səbəbdən Hüseynəliyev İlqar Əli oğluna birinci devalvasiya zamanı 2273.74 manat, ikinci devalvasiya zamanı 3722.44 manat kompensasiya ödənilmişdir. Müştəriyə cəmi hesablanmış kompensasiya məbləği 5996.18 manat təşkil etmişdir. Lakin Hüseynəliyev İlqar Əli oğlu sonradan, yəni xx.xx.2019-cu il tarixindən gecikməyə düşmüşdür. Bu səbəbdən hazırda, Hüseynəliyev İlqar Əli oğlunun 010R********** saylı kredit razılaşması üzrə banka olan borcu məhkəməyə təqdim edilmiş maliyyə arayışında olduğu kimidir. Bununla yanaşı Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi siyahıya əsasən Hüseynəliyev İlqar Əli oğlunun "xxxx" QSC-yə olan borcu restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına daxil deyildir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində borcalanın hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İmanov Elxan Ələsgər oğlu, Məmmədova Nuranə Əli qızı və Hacıyev Dəyanət Salman oğluzamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacaqlarıı barədə müqavilə bağladığından, əsas, faiz və cərimə borcunun, habelə məhkəmə xərclərinin əsas borclu ilə yanaşı onlardan da müştərək qaydada tutulması ilə bağlı iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 500.1-ci maddəsinin tələblərinə görə, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Apellyasiya şikayətində ümumi ifadələrlə irəli sürülən, borcun olmadığı, müqavilələrinin imzalanmadığı arqumentləri ilə bağlı kollegiya qeyd edir ki, cavabdehlər nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentlərin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-cimaddəsinəəsasən, məhkəməyalnıztərəflərintəqdimetdiklərisübutlarıaraşdırmalıvəonlardanistifadəetməli, 77.1ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə iclasında iştiraklarının təmin edilməməsi ilə bağlı apellyatorların arqumentinə münasibətdə isə kollegiya qeyd edir ki, iş materiallarından onların məhkəməyə məlum olan ünvanına bildirişlər göndərildiyi, həmçinin İlqar Hüseynəliyevin birinci instansiya məhkəməsinin əvvəlki iclasında iştirak etdiyi və məhkəmə iclasının təxirə salınması barədə bildirişi imzalayaraq qəbul etdiyi aydın olur - məhkəmə prosesi barədə məlumatlı olduğu halda məhkəmə iclasında iştirak etməməsinin məsuliyyətini isə cavabdeh özü daşımaqla bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Beləliklə kollegiya hesab edir ki, cavabdehlərin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-763/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxslərə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar