Məhkəmə qərarları › İş №2(103)-5550/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5550/2021

18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5550/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı (hazırda ləğv prosesində olan) "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdehlərin özlərinin iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış 24.09.2014-cü il tarixli, ********* saylı “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 3.141,29 ABŞ dolları, əsas kredit borcu məbləğində hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.701,84 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 463,24 ABŞ dolları, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borcalan Cavabdeh1 və onun həmin “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş cavabdeh S.Hüseynovdan müştərək qaydada tutularaq banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış 24.09.2014-cü il tarixli “Kredit müqaviləsinə” əsasən Cavabdeh1 illik 30,1 faizlə 24 ay müddətinə 3.800 ABŞ dolları məbləğində pulu Bankdan borc götürmüşdür. Cavabdeh1 Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, kredit borcunu həmin müqavilənin şərtinə uyğun olaraq aybaay hissə-hissə Banka ödəyəcəkdir. “Kredit müqaviləsi” üzrə öhdəliklərin icrasının təminatı kimi, Bank ilə Cavabdeh2 24.09.2014-cü il tarixli “Zaminlik müqaviləsi” bağlanmışdır. Lakin borclu və zamin, müqavilələrin şərtlərinə tam riayət etməmiş və borcu ödəməmişlər. Bank, borclunun və zaminin müraciətini nəzərə alaraq 16.04.2015-ci il tarixdə “Əlavə saziş” bağlamışdır. Sazişə əsasən kreditin qalıq məbləği 3.282,30 ABŞ dolları təşkil edir. Lakin borclu və zamin müqavilələrin və sazişin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışlar. Cavabdehlərin 28.04.2017-ci il tarixə 3.141,29 ABŞ dolları əsas borc, 1.701,84 ABŞ dollar faiz borcu, 463,24 ABŞ dolları cərimə olmaqla cəmi 5.306,37 ABŞ dolları borcu var. Bank borcun ödənilməsini cavabdehlərdən dəfələrlə tələb etsə də cavabdehlər borcu ödəməkdən yayınmışlar. Cavabdehlər borcu ödəməkdən yayındığına görə, iddiaçı Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 16.08.2017-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, 24.09.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 3.141,29 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.701,84 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) məbləğinin azaldılması və azaldılmış dəbbənin ödənilməsi məqsədi ilə 43,24 ABŞ dolları, cəmi isə 4.886,37 ABŞ dollarının (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş dövlət rüsumunun əvəzinin bir hissəsinin, yəni 27,60 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq Banka ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə Rayon Məhkəməsində baxılan zaman onun iştirakı təmin olunmamış, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdehlərə qarşı iddia irəli sürmüş Bank 28.02.2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmandan irəli gələn məsələləri nəzərə almamış, əlavə faizlər hesablamışdır. Bundan başqa, borcun məbləği də düzgün hesablamamışdır. Cavabdeh1 Banka olan borcundan 1.200 ABŞ dolları ödəmişdir. İşə baxmış Rayon Məhkəməsi isə qeyd edilənləri araşdırmamışdır. Məhkəmə baxışı iclasında onun iştirakı Rayon Məhkəməsi tərəfindən təmin olunmamışdır. Cavabdeh1 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və şikayətin dəlillərinə uyğun izahat verdi. Cavabdeh2 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini bəyəndiyini bildirdi və şikayətin təmin edilməsini Məhkəmədən xahiş etdi. İddiaçı Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Bankın iddiası cavabdehlərə münasibətdə qismən təmin olunsa da, nə Bank, nə də digər cavabdeh (zamin) Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verməmişlər. Qətnamədən apellyasiya şikayəti vermiş Cavabdeh1 qətnaməni borcun məbləği hissəsində mübahisələndirir. Odur ki, bunları, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin iddianın bir qisminin təmin edilməməsi və zaminliyə aid hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış 24.09.2014-cü il tarixli “Kredit müqaviləsindən” görünür ki, Cavabdeh1 həmin müqaviləyə əsasən illik 30,1 faizlə 24 ay müddətinə 3.800 ABŞ dolları məbləğində pulu Bankdan borc götürmüşdür. Müqavilənin şərtlərindən görünür ki, Cavabdeh1 Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, kredit borcunu həmin müqavilənin şərtinə uyğun olaraq aybaay hissəhissə Banka ödəyəcəkdir. İş materiallarından görünür ki, Cavabdeh1 müqavilənin şərtlərinə riayət etməmiş və borcu ödəməkdə çətinlik çəkmişdir. Bank, borclunun və zaminin müraciətini nəzərə alaraq 16.04.2015-ci il tarixdə onlar ilə “Əlavə saziş” bağlamışdır. Sazişə əsasən kreditin qalıq məbləği 3.282,30 ABŞ dolları müəyyən edilmişdir. İşin hallarından müəyyən edilir ki, yuxarıda qeyd edilən “Kredit müqaviləsi” və “Əlavə saziş” üzrə borcalanın öhdəlikləri icra edilməmişdir. Bankın təqdim etdiyi hesablamalardan görünür ki, borcalan tərəfin öhdəliyi icra edilməməsi səbəbindən 28.04.2017-ci il tarixə yaranmış əsas kredit borcun məbləği 3.141,29 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun məbləği 1.701,84 ABŞ dolları, kredit borcunun ödənilməməsinə görə tətbiq edilmiş cərimənin məbləği 463,24 ABŞ dolları təşkil edir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, borcalan icra etmədiyi öhdəliklərə görə Bank qarşısında məsuliyyət daşıyır və Banka olan borcunu ödəməlidir. Bankın xeyrinə tutulmalı olan pul vəsaitinin məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, Cavabdeh1 dəlillərindən biri də borcun məbləğinin düzgün hesablanmaması ilə bağlıdır. Cavabdeh1 bildirir ki, borcdan 1.200 ABŞ dolları ödəmişdir, lakin borcun məbləği müəyyən edilən zaman bu hal araşdırılmamışdır. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, cavabdeh borcun ödənilməsinə dair sübutları (qəbzləri) təqdim etməmişdir. Bundan başqa, cavabdeh ümumiyyətlə borcun məbləğinin səhv hesablandığını bildirsə də, bu xüsusatı təsdiq edə və müəyyən edilmiş borcun məbləğini şübhə altına ala biləcək sübutları (məsələn: adi riyazi hesablamanı və ya mütəxəssisin verdiyi hesablamanı) Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, cavabdehlərə qarşı iddia irəli sürmüş Bank 28.02.2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmandan irəli gələn məsələləri nəzərə almamış, əlavə faizlər hesablamışdır. Bu dəlil ilə bağlı Məhkəmə bildirir ki, apellyasiya şikayətində qeyd edilən Fərman 28.02.2019-cu il tarixdə, hazırki iş üzrə isə qətnamə Fərmandan təxminən bir il yarım əvvəl, yəni 16.08.2017-ci il tarixdə qəbul edilmişdir və belə olan halda təbiidir ki, işə baxmış Rayon Məhkəməsi həmin zaman mövcud olmayan Fərmanı tətbiq etməmişdir. Banklar Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə restrukturizasiya aparmalı və borcalan şəxslər ilə yeni şərtlər ilə müqavilələr bağlamalı idi. Bunun üçün borcalan şəxs, hazırki halda isə Cavabdeh1 artıq qətnamənin qəbul edilməsini nəzərə alaraq ən azından Banka müraciət etməli idi. Lakin apellyasiya baxışı zamanı Cavabdeh1 bildirdi ki, o Banka müraciət etməyib. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də, əsassızıdır. Məhkəmə həmçinin Cavabdeh1 məhkəmə iclası barədə məlumatlandırılmaması barədə dəlilləri ilə bağlı qeyd edir ki, mülki iş materiallarından və Cavabdeh1 apellyasiya şikayətindən görünür ki, o, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşə baxmış Rayon Məhkəməsi də, məhkəmə bildirişlərini həmin ünvan üzrə göndərmişdir. Həmin ünvan Cavabdeh1 rəsmi ünvanı sayıldığından hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi MPM ilə üzərinə düşən vəzifəni yerinə yetirmiş, Cavabdeh1 lazımi qaydada xəbərdar etmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, işə baxmış Rayon Məhkəməsi Cavabdeh1 adına olan telefon nömrəsinə də, məhkəmə baxışı iclasının yeri və vaxtı barədə “sms” bildiriş vasitəsilə məlumat göndərmişdir. Bu baxımdan da hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi MPM ilə üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Məhkəmə qətnaməsi çəkişmə şəraitində qəbul edilmiş sayılır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Z.Bayeva tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar