Məhkəmə qərarları › İş №2(103)-5551/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5551/2022

12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5551/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə QƏRARİ İş № 2(103)-5551/2022 Açar sözlər: (pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(006)-2399/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə Cavabdeh1 arasında 09 avqust 2019-cu il tarixdə 05 saylı podrat müqaviləsi bağlanmışdır. Həmçinin tərəflər arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmışdır. 2.İddiaçı kredit müqaviləsi və qəbzlərə əsasən cavabdehə qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11000 manat, xx.xx.2019-cu il tarixli qəbz üzrə “mən İddiaçı 4000 manat pul aldım” 4000 manat, xx.xx.2020-ci il tarixli, seriya GİF № 989615 saylı kassa mədaxil orderi ilə iddiaçı tərəfindən qəbzi üzrə ödənilmiş əlavə 1000 manat pul məbləğini və əlavə olaraq tikinti işlərini tezləşdirmək məqsədilə şahidlərinin yanında almış olduğu 1000 manat pul məbləğini, cəmi 17000 manat maddi ziyan, 3000 manat mənəvi ziyan olmaqla ümumi olaraq 20000 manat Cavabdeh1 tutularaq (alınaraq) İddiaçı ödənilməsi, cavabdeh Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3M-2176 № ilə qeydiyyatdan keçmiş və təsdiqlənmiş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 3M-2176 № ilə qeydiyyatdan keçmiş və təsdiqlənmişdir. Həmin müqavilənin 1-ci bəndinə əsasən borc verən kimi iddiaçı borc alan Cavabdeh1 11.000 manat pul borc vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən borc alan Cavabdeh1 iddiaçıdan müqavilə üzrə almış olduğu 11.000 manat pul məbləğini xx.xx.2019-cu il tarixə qaytarmağı barədə müqavilə üzrə öhdəlik götürmüşdür. Müqavilənin 4-cü bəndinə əsasən müqavilə üzrə öhdəliklər onun yarandığı yer üzrə icra edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda cavabdeh iddiaçıdan müqavilə üzrə almış olduğu 11.000 manat pul məbləğini qaytarmamış və onu müəyyən vədlərlə aldatmaqda davam edir. Hal-hazırda Cavabdeh1 iddiaçının etibarından istifadə edərək ona Abşeron rayonu ərazisində fərdi ev tikmək məqsədilə xx.xx.2019-cu il tarixdə iddiaçıdan 4000 manat pul məbləği alaraq öz imzası ilə təsdiq etmiş və imzasının qarşısında podratçı Cavabdeh1 yazaraq ödəniş etmiş ştamp ilə ödənilib kimi qəbz yazaraq iddiaçıya vermişdir. Bundan əlavə olaraq Cavabdeh1 vədi üzrə fərdi yaşayış evi üçün iddiaçıya xx.xx.2020-ci il tarixli, seriya GİF № 989615 saylı kassa mədaxil orderini qəbzini vermiş və həmin qəbz üzrə əlavə 1000 manat pul məbləği ödətdirmişdir. İddiaçıya ödənilməsi nəzərdə tutulan fərdi evin tez tikilməsi üçün əlavə olaraq şahidlərinin yanında iddiaçıdan iki dəfəyə 500 manat olmaqla, 1000 manat pul ilə olaraq almışdır. Hesab edir ki, onun əməlində qanuna müvafiq qaydada cinayət tərkibi məhkəmə qaydasında aşkar edilsə ərazi üzrə hüquq mühafizə orqanlarına əmələ hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılmalıdır. Hal-hazırda iddiaçı ailəsi ilə birlikdə kirayədə yaşayır, illərlə yığdığı pulları Cavabdeh1 2-3 ay ərzində əlindən alaraq ailəsini ağır duruma salmış və iddiaçıya, onun ailəsinə maddi və mənəvi ziyan vurmuşdur. 5.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 07 may 2021-ci il tarixli, 2(006)-2399/2022 saylı qətnaməsi (sədrlik edən-Xəlilov Ramin) ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış və Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən təsdiq edilmiş 04 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11.000 (on bir min) manat, xx.xx.2019-cu il tarixli qəbzi üzrə 4.000 (dörd min) manat, xx.xx.2020-ci il tarixli GİF seriyalı 989615 nömrəli kassa mədaxil orderinin qəbzi üzrə 1.000 (bir min) manat, ümumilikdə 16.000 ( on altı min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 6.Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən təsdiq edilmiş 04 sentyabr 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı (“borc verən”) Cavabdeh1 (“borc alan”) 11.000 (on bir min) manat məbləğində pul borc vermiş, borc alan krediti xx.xx.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 7.Podratçı Cavabdeh1 tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli qəbzindən görünür ki, İddiaçı ev tikintisi üçün 4000 manat ödəniş etmişdir. 8.xx.xx.2020-ci il tarixli GİF seriyalı 989615 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Abuşova X1 Azər Alış oğluna mənzil tikintisi üçün 1000 manat pul ödəniş etmişdir. 9.Məhkəmə hesab etmişdir ki, iddia tələbi borcun tutulması hissəsində qismən təmin edilməli, tikinti işlərinin tezləşdirilməsi üçün 1000 manat və mənəvi ziyana görə 3000 manat pulun tutulması hissəsi üzrə mübətər sübut təqdim edilmədiyindən həmin hissələrdə tələb əsassız olduğundan iddia təmin edilməməli, kredit müqaviləsinin ləğvi tələbi ilə bağlı isə qeyd etmişdir ki, kredit müqaviləsinin müddəti xx.xx.2019-cu ildə qurtardığından müqavilə avtomatik ləğv edilmiş, buna görə də tələb qanunsuz olduğundan təmin edilə bilməz. 10.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 740.1, 399.3, 399.4, 385.1, 44., 777.1, 777.2, 783.1, 783.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 89.3, 76.1, 76.2, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 11.Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 12.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, 2019-cu ilin avqust ayında İddiaçı ona məxsus ofisə gələrək Abşeron şəhəri, Saray qəsəbəsi ərazisində fərdi yaşayış evi tikdirmək istədiyini bildirdi. O, ona Abşeron şəhəri, Saray qəsəbəsi ərazisində yerləşən torpaq sahəsini göstərmişdir. İddiaçı həmin torpaq sahəsini bəyənib həmin torpaq sahəsinin 1,5 sotunda ümumi sahəsi 75.2 kv.m olan, 2 yataq otağı, 1 zal,1 mətbəx və 1 sanitar qovşağından ibarət fərdi yaşayış evi tikməyimi sifariş etmişdir. Həmin evin tikintisini 1,5 sot torpaq sahəsi ilə birlikdə 35.000 manata razılaşmışlar və aralarında bununla bağlı 09 avqust 2019-cu il tarixli, 05 saylı podrat müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə İddiaçı ilkin beh kimi ona 2.000 (iki min) manat pul verməli, 05 sentyabr 2019-cu il tarixə kimi 13000 (on üç min) manat ödəməli, qalan 20000 (iyirmi min) manat pulu isə ayda 500 manatdan az olmamaq şərti ilə 40 ay ərzində ödənilməli idi. Həmin pulun 7500 (yeddi minbeş yüz) manatı 1,5 sot torpaq sahəsinə görə, 27.500 (iyirmi yeddi min beş yüz) manatı isə evin tikintisi ilə bağlı idi. Aralarında podrat müqaviləsi bağlandıqdan sonra, İddiaçı ilkin beh kimi ona 2.000 (iki min) manat pul verdi. Həmin vaxtı İddiaçı ona təklif etmişdir ki, notariusda 11.000 (on bir min) manat məbləğində kredit müqaviləsi bağlayaq və evin tikintisi ilə bağlı verməli olduğu 11.000 (on bir min) manat pulu versin. O, da onunla razılaşmış və İddiaçı həmin 11.000 manat pulu ona vermişdir. Bundan sonra 14 sentyabr 2019-cu il tarixdə notariat ofisində aralarında İddiaçı ona 04 dekabr 2019-cu il tarixədək qaytarılması şərti ilə 11.000 manat pul borc verməsi ilə bağlı kredit müqaviləsi bağlandı. 14 sentyabr 2019-cu il tarixdə ona 11.000 manat borc verilməsi absurddur. Kredit müqaviləsi üzrə müqavilədə qeyd edildiyi kimi, ona 11.000 manat pul borc verilməmiş, müqavilə ilə razılaşdırılan məbləğ ona - borc alana təqdim edilməmiş, eləcə də həmin pul vəsaitinin ona verilməsi ilə bağlı notarius bankda depozit hesabı açmamışdır. Aradan bir neçə gün keçdikdən sonra İddiaçı ona 2000 manat da pul vermişdir. O, İddiaçı ilkin beh kimi ona verdiyi 2000 manat və sonradan verdiyi 2000 manat pula görə xx.xx.2019-cu il tarixli “mən İddiaçı 4000 manat pul aldım” məzmunlu qəbz yazıb vermişdir. O, bundan sonra İddiaçı sifariş etdiyi fərdi yaşayış evini tikməyə başlamışdır. O, 2 ay müddətində həmin fərdi yaşayış evini tikib, içərisində tamamlama işləri aparıb, İddiaçı təhvil vermişdir. İddiaçı 15 yanvar 2020-ci il tarixdə evin tikintisi ilə bağlı qalan 20000 manat puldan 1000 manat ödəsədə qalan aylıq ödənişi etməkdən imtina edərək sifariş etdiyi evdən imtina edərək, evin tikintisi ilə bağlı verdiyi 16.000 manat pulu qaytarmağını tələb etmişdir. O, ona aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 05 saylı podrat müqaviləsinin şərtlərinə uyğun olaraq onun sifarişi ilə tikdiyi fərdi yaşayış evi satıldıqdan sonra onun pulunun qaytarılacağını bildirmişdir. Lakin İddiaçı bununla razılaşmayaraq pulunun dərhal verilməsini tələb etmişdir. Nəsimi rayon məhkəməsi qətnamə qəbul edərkən, xx.xx.2019-cu il tarixli, 05 saylı podrat müqaviləsinin 4.1-ci bəndinə əsasən sifarişçi müqaviləni pozub ödənişi geri istəyirsə mənzil satılıb ödənişlər geri qaytarılması, eləcə də həmin müqavilənin 8.4-cü bəndinə əsasən sifarişçi sifarişdən imtina etdiyi tədqirdə mənzil satılıb hər iki tərəfin xərcləri ödənilir şərtlərinə əhəmiyyət verməmişdir. Həmçinin, Nəsimi rayon məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Mülki Prosessual Məcəlləsinin tələbləri kobud surətdə pozularaq, məhkəmə iclasının yeri və vaxtı barədə ona məlumat verilməmiş, bildiriş göndərilməmiş, ümumiyyətlə məlumatım olmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 13.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 14.Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, izahatında əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən həqiqətən cavabdehə podrat müqaviləsi üzrə 16000 manat məbləğində pul verilmişdir. Müqavilə şərtlərinə görə cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə 3 ay müddətində ev təhvil verilməli idi. Cavabdeh evi iddiaçıya təklif etmişdir, lakin bununla bağlı təqdim olunası sübut yoxdur. İddiaçı birtərəfli qaydada müqavilədən imtina edirsə, ev satılandan sonra pul ödənilə bilər. Məhkəmə tərəfindən vaxt verilərsə, cavabdeh iddiaçıya evi göstərə bilər. 15.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, izahat verərək qeyd etdi ki, həqiqətən onlar arasında podrat müqaviləsindən irəli gələn münasibətlər olub. Onun iddia ərizəsini vəkil tərtib etmiş, ola bilsin ki, müəyyən məsələlər düzgün qeyd olunmamışdır. Kredit müqaviləsi üzrə cavabdehə verdiyi 11000 manat məbləğində pul borc kimi verilməyib. Həmin pul cavabdehə podrat müqaviləsi üzrə verilib. Müqavilə üzrə o, öhdəliyini yerinə yetirib, 16000 manat məbləğində pulu cavabdehə vermişdir. Cavabdeh müqavilə üzrə ona evi 3 ay müddətində tam olaraq təhvil verməli idi. Lakin cavabdeh öhdəliyi yerinə yetirməmiş, ona evi verməmişdir. Buna görə də, o, aylıq ödənişləri dayandırmışdır. O, ailəsi ilə kirayələrdə qalıb. Artıq cavabdeh neçə ildir ki, onun pulunu qaytarmır. Hətta apellyasiya mərhələsində məhkəmə kollegiyasının təklifi ilə onlara vaxt verildi ki, cavabdeh ona ev təklif etsin. Cavabdeh tərəf yenə də, ona ev verməmiş, cavabehin nümayəndəsi və vəkili növbəti məhkəmə iclasına belə gəlməmişdir. Bütün bunlar bir daha sübut edir ki, cavabdeh tərəf müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, sadəcə olaraq işi uzutmaqla, onun pulunu qaytarmır. 16.Cavabdeh1 nümayəndəsi və vəkili X3 növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 17.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 18.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 19.Maddə 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 20.Maddə 759.2.Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 21.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 22.Maddə 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 23.Maddə 443.2.Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 24.Maddə 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 25.Maddə 21.2.Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. 26.Maddə 445.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 27.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 28.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 29.Maddə 337.2.Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.i 30.Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 31.Maddə 340.2.Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 32.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 34.Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 35.Maddə 385.1.1.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 37.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 38.Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yaranmış podrat münasibətləri ilə bağlı tələbə tapşırıq münasibətləri kimi baxılmaqla, maddi hüquq norması düzgün tətbiq edilməmişdir. 39.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. 40.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti maddi hüquq normasının düzgün tətbiq edilməməsi əsasına görə qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(006)-2399/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. 41.Belə ki, tərəflər arasında bağlanmış 09 avqust 2019-cu il tarixli, 05 saylı podrat müqaviləsinin 1.1-ci bəndinə əsasən podratçı-Cavabdeh1 müqavilənin qüvvədə olduğu müddət ərzində (xidmətlər, işlər) görməyi öhdəsinə götürür, sifarişçi-İddiaçı isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 42.Həmin müqavilənin 3.1-ci bəndinə əsasən ümumi mənzilin 75,2 kv.m 2 yataq otağı, 1 zal, 1 mətbəx və sanitar qovşağından ibarətdir. Qiyməti 35000 AZN. İlkin beh 2000 AZN, 5 sentyabr 2019-cu il 13000 AZN ödənilir. Qalan 20000 AZN ödəniş 40 ay 500 AZN olmaq şərti ilə ödənilir. 43.Həmin müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi müqaviləni pozub, ödənişini geri istəyirsə, mənzil satılıb ödənişləri geri qaytarılmalıdır. 44.Həmin müqavilənin 4.3-cü bəndinə əsasən 3 ay müddətində mənzil tam təhvil verilir. 45.Həmin müqavilənin 5.1-ci bəndinə əsasən hazırki müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar. 46.Həmin müqavilənin 8.1-ci bəndinə əsasən hazırki müqavilə yuxarıdakı müqəddimədə göstərilən tarixdən qüvvəyə minir və 10 oktyabr 2019-cu il tarixinədək etibarlıdır. 47.Həmin müqavilənin 8.4-cü bəndinə əsasən sifarişçi müqaviləni pozduğu halda mənzil satılır və sifarişçinin ödənişləri geri qaytarılır. 48.Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh1 arasında 09 avqust 2019-cu il tarixdə podrat müqaviləsi bağlanmış, müqavilə şərtlərinə əsasən ümumi sahəsi 75,2 kv.m olan ev 3 ay müddətində cavabdeh tərəfindən iddiaçıya təhvil verilməlidir. Evin ümumi qiyməti 35000 AZN olmaqla, ilkin beh 2000 AZN, 5 sentyabr 2019-cu ildə 13000 AZN ödənilməli, qalan 20000 AZN ödəniş 40 ay 500 AZN olmaq şərti ilə ödənilir. 49.xx.xx.2019-cu il tarixə kimi iddiaçı tərəfindən cavabdehə 15000 manat ödənilmiş, müqavilənin 15000 manat ödənilməsi ilə bağlı öhdəlik iddiaçı tərəfindən yerinə yetirilmişdir. Bu hal işin mübahisəsiz halıdır. Lakin cavabdehin 3 ay ərzində, yəni xx.xx.2019-cu ildə mənzili tam olaraq iddiaçıya təhvil verməsi ilə bağlı öz üzərinə götürdüyü öhdəliyi icra etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən 20000 manatdan hər ay hissə-hissə 500 manat ödənilməli olan öhdəlikdən xx.xx.2020-ci il tarixdə 1000 manat ödəniş olmuşdur. 50.Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 51.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 52.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 53.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 54.Kollegiya qeyd edir ki, iddiaçı podrat müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyin bir hissəsini vicdanlılığın tələb etdiyi tərzdə icra etsə də, cavabdeh evin təhvil verilməsi öhdəliyini icra etmədiyindən, iddiaçı aylıq 500 manat ödənişlərdən 1000 manat ödədikdən sonra, öz öhdəliyinin icrasını dayandırmışdır. 55.Göründüyü kimi, podrat müqaviləsi üzrə öhdəlik podratçı olan cavabdehin hərəkətsizliyi nəticəsində yerinə yetirilmədiyindən, iddiaçı müqavilə üzrə etdiyi ödənişləri ona dəymiş zərər qismində tələb etməkdə haqlıdır. 56.Kollegiya həmçinin qeyd edir ki, apellyasiya mərhələsində cavabdehin nümayəndəsi və vəkilinə təklif olunmuşdur ki, iddiaçıya özlərinin apellyasiya şikayətinin dəlilində qeyd etdikləri mənzili təklif etsinlər. Lakin tərəflərə verilmiş vaxt ərzində cavabdeh tərəfindən iddiaçıya hər hansı mənzil təklif olunmamış, cavabdehin nümayədəsi və vəkili məhkəmə iclası ilə bağlı xəbərdar olmasına baxmayaraq, növbəti məhkəmə iclasına gəlməmişdir. 57.Qeyd olunanlar bir daha təsdiq edir ki, podrat müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. 58.Kollegiya apellyatorun mənzilin satılaraq, iddiaçının pulunun geri qaytarılması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, müqavilənin 4.1 və 8.4-cü bəndlərinə əsasən bu qayda sifarişçi tərəfindən müqavilə şərtləri pozulduğu halda baş verə bilər. Hazırki halda isə müqavilə şərtləri iddiaçı tərəfindən deyil, cavabdeh tərəfindən pozulmuşdur. 59.Kollegiya tərəflər arasında bağlanmış kredit müqaviləsinə münasibətdə qeyd edir ki, hər iki tərəf etiraf edirlər ki, həmin müqavilə üzrə ödənilmiş 11000 manat məbləğində pul podrat müqaviləsi üzrə ödənilmiş məbləğdir. İddiaçı cavabdehə borc məqsədi ilə pul verməmişdir. 60.Kollegiya qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). 61.Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). 62.Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. 63.Qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. 64.Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart tarixli Qərar). 65.Qeyd edilməlidir ki, yalan əqd sırf başqa əqdi gizlətmək məqsədilə edilən və görünüşdəki mənasına uyğun hüquqi nəticələri meydana gətirmək niyyəti olmadan edilən iradə ifadəsinin əmələ gətirdiyi əqddir. 66.Yalan əqdin olduğu hallarda əqdi bağlayanlar əslində bağladıqları əqdin heç hüquqi nəticə əmələ gətirməyəcəyini deyil, başqa mahiyyət və nəticə əmələ gətirməsini istəyirlər. Başqa sözlə, görünüşdəki əqdi ona uyğun hüquqi nəticələri əmələ gətirmək məqsədilə deyil, əsl niyyətlərində tutduqları başqa bir əqdə dair faktiki nəticələrin əmələ gəlməsinə hüquqi şərait yaratmaq məqsədilə bağlayırlar. 67.Belə olan halda kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi podrat müqaviləsini pərdələməklə, yalan əqd (MM 340.2) olmaqla, əhəmiyyətsiz əqddir. 68.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia qismən təmin edilməli, podrat münasibətləri çərçivəsində iddiaçı tərəfindən ödənilmiş 16000 manat məbləğind pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olan 24 manat dövlət rüsumu Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. 69.Kollegiya iddianı tikintini tezləşdirmək üçün 1000 manatın tutulması hissəsində əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlməklə, qeyd edir ki, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. 70.Kollegiya iddianı Cavabdeh2 aid hissədə əsassız hesab edərək, qeyd edir ki, Cavabdeh2 tərəflər arasında bağlanmış podrat müqaviləsinin tərəfi deyildir. 71.Kollegiya mənəvi zərərlə bağlı hissədə iddianı əsassız hesab edərək qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. 72.“İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya"nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. 73.Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. 74.Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi, barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsidir) zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 75.Kollegiya qeyd edir ki, İddiaçı iddia tələbində mənəvi ziyanın tutulmasının əsası kimi istnad etdiyi cavabdehlərin hərəkətləri nəticəsində stres və həyəcan, mənəvi sarsıntı və iztirab keçirdiyini, maddi ehtiyac səbəbindən sıxıntılara məruz qaldığını və s. göstərsə də, bunların nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, vurulan mənəvi ziyana görə maddi təzminatın 3000 manat miqdarında hesablanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

76. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı: Cavabdeh1 tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(006)-2399/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 16000 (on altı min) manat və 24 (iyirmi dörd) manat ödənilmiş dövlət rüsumu, cəmi 16024 (on altı min iyirmi dörd) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Namiq Cəfərov

Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar