Məhkəmə qərarları › İş №2(103)-5552/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5552/2023

04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5552/2023 04.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 nömrəli, 20 iyul 2023-cü il tarixli qərardadından cavabdeh “X2” MMC-nin nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, “X3” MMC-dən İddiaçı İKB ASC-nin xeyrinə 1.871.742,79 manat əsas, 121.565,41 manat faiz borcu olmaqla, 1.993.308,20 manat məbləğində kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş avtomobillərə (o cümlədən «Lexus İS250» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə) yönəldilməsi, həmin avtomobillərin açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı İKB ASC və cavabdeh “X3” MMC tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8423/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı İKB ASC və cavabdeh “X3” MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-340/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı İKB ASC və cavabdeh “X3” MMC ayrı-ayrılıqda kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2018-ci il tarixli, 2(102)-793/18 nömrəli qərarı ilə bankın və MMC-nin kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonradan işdə iştirak etməyə cəlb edilməmiş İbişov X5 rayon məhkəməsinin 04 may 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və eyni zamanda ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməsi barədə iddia vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli, 2(103)-9595/2018 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti və iddia təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 04 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İbişov Yusif Lazım oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-784/2019 nömrəli, 27 fevral 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli, 2(103)- 6953/2019 nömrəli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(009)-340/2017 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İbişov Yusif Lazım oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli qətnaməsindən iş üzrə tərəf olmayan Maraqlı şəxs MMC apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbai Rayon Məhkəməsinin 2(009)-340/2017 nömrəli, 10 mart 2023-cü il tarixli qərardadı ilə iş üzrə tərəf olmayan Maraqlı şəxs MMC tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Qərardaddan Maraqlı şəxs MMC şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbai Rayon Məhkəməsinin 2(009)-340/2017 nömrəli, 27 mart 2023-cü il tarixli qərardadı ilə şikayət əsassız olduğundan təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2(103)- 2866/2023 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(009)-340/2017 saylı qərardadı ləğv edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən Maraqlı şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli qətnaməsindən Maraqlı şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardadından Maraqlı şəxs MMC şikayət verərək, qərardadın ləğv edilməsini, mülki işin apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün 2 mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2(103)- 4088/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 nömrəli, 16 may 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən iş üzrə tərəf olmayan Maraqlı şəxs MMC apellyasiya şikayəti ilə eləcə də, ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Maraqlı şəxs MMC-nin ərizəsinin təmin edilməsi və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh “X2” MMC-nin nümayəndəsi Vəkil şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamədən şikayət verən Maraqlı şəxs MMC qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti buraxmasını özü bununla bağlı ərizə verərək etiraf edir, Məhkəmə isə buraxılmış müddətin nə üçün üzürlü hesab edilməsini öz qərardadında əsaslandırmadan, ərizəni verən şəxs buraxdığı müddətin üzürlü hesab olunması barədə sübutu, əsası məhkəməyə təqdim etmədən qanunsuz və əsassız qərardad qəbul edərək buraxılmış prosessual müddəti bərpa etmişdir. Məhkəmə qəbul etdiyi qərardadı əsasladırmamışdır. Maraqlı şəxs MMC qətnamədən apellyasiya şikayəti verərkən əgər qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayəti tərtib etməmişdirsə bu şikayət verən şəxsin problemidir, hər bir halda şikayəti hüquqşünas və ya Vəkil tərtib etmişdir ki, bu hissədə yalnışlığa yol verilməsi gələcəkdə buraxılmış prosessual müddətin bərpası üçün əsas ola bilməz, hətta Məhkəmə bu hala da istinad edərək qərardad qəbul etməmişdir ki, bu da onu göstərir ki, buraxılmış prosessual müddətin bərpa olunması və ya üzürlü hesab edilməsi üçün əsas yoxdur, bunu ərizə verən şəxs də ərizəsində əsasladırmamış və Məhkəmədə heç bir hala istinad etməyərək qərardad qəbul etmişdir. Mülki Prosessual qanunvericiliyin tələbinə əsasən qəbul olunmuş qərardad əsaslı olmalı, qanunvericiliyə uyğun olmalıdır. Məhkəmə buraxılmış prosessual müddətin nə üçün, hansı üzürlü səbəbə görə bərpa etməsini əsasladıra bilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 nömrəli, 20 iyul 2023-cü il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair Maraqlı şəxs MMCnin ərizəsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. 357.2-ci maddəsinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Birinci instansiya məhkəməsi müddətin müddətin ötürülməsini üzürlü hesab edərək, ötürülmüş müddətin bərpa edilməsi qənaətinə gəlsə də, gəlmiş olduğu nəticəni ümumiyyətlə əsaslandırmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ötürülmüş müddətin bərpa edilməsinə dair qənaətini düzgün hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda maraqlı şəxs tərəfindən iş üzrə qəbul edilmiş qətnamədən verilmiş apelyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərdən ötürülüb-ötürülməməsi məsələsinin müzakirə edilməzdən öncə, ilk növbədə işin halları baxımından mülki işin apellyasiya qaydasında baxılmasının mümkün olubolmaması məsələsi müzakirə edilməsi zəruridir. Belə ki, hazırkı mülki iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-784/2019 nömrəli, 27 fevral 2019-cu il tarixli qərarından görünür ki, kassassiya instansiya məhkəməsi işə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsini ləğv etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İbişov Yusif Lazım oğlu qanuni qüvvəyə minmiş Səbail rayon məhkəməsinin 04 may 2017-ci il tarixli qətnaməsini mübahisələndirmiş, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən verilmiş apellyasiya şikayətinə və iddia ərizəsinə həmin icraatda baxmaqla Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinin tələbini pozmuşdur. Göründüyü kimi, kassasiya instansiya məhkəməsinin mövqeyi və hazırkı işin halları baxımından Səbail rayon məhkəməsinin 04 may 2017-ci il tarixli qətnaməsinin Maraqlı şəxs MMC tərəfindən də yenidən mübahisələndirilməsi prosessual qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarına qiymət vermədən buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Maraqlı şəxs MMC tərəfindən verilmiş ərizəyə mahiyyəti üzrə baxaraq qiymət vermiş və nəticədə düzgün olmayan qənaətə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməklə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalı, məhkəmə tərəfindən yuxarıda qeyd edilənlər nəzərə alınaraq hazırki ərizəyə yenidən baxılmaqla qanuni və əsaslı qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 nömrəli, 20 iyul 2023-cü il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair Maraqlı şəxs MMC-nin ərizəsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “X2” MMC-nin nümayəndəsi Vəkil şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 nömrəli, 20 iyul 2023-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair Maraqlı şəxs MMC-nin ərizəsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar