Məhkəmə qərarları › İş №2(103)-5556/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5556/2021

29.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5556/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(004)- 175/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada «Hyundai Santa FE» markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus «Hyundai Santa FE» markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili X9 etibarnamə əsasında 08 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri ərazisində idarə edərkən Cavabdeh1 məxsus olan və Cavabdeh2 tərəfindən idarə olunan «Mercedes Benz E 200 CD1» markalı 90UT003 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bakı şəhər DYPİ-nin 05.112018-ci il tarixli, TP ******* saylı qərarına əsasən X9 qeyd olunan yol nəqliyyat hadisəsinin baş verməsində İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Lakin X2 rayon məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Bakı şəhəri DYPİ MEB YPX baş inspektor, polis baş leytenantı X5 05.11.2018-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında tərtib etdiyi qərarın ləğv edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli qərarına əsasən X6 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair iş üzrə icraata xitam verilmiş və digər avtomobilin sürücüsü Cavabdeh2 barəsində müvafiq tədbir görülməsi qərarın surəti Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinə göndərilmişdir. Həmin qərardan Bakı şəhər BPİ DYPİ-nin rəisi Nuşrəvan Səfərov Bakı Apellyasiya Məhkəməsinə şikayətlə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 3(103)-2430/2019 saylı qərarına əsasən şikayət təmin edilməmişdir. Beləliklə, Binəqədi rayon məhkəməsinin və Bakı Apellyasiya məhkəməsinin qərarlarını nəzərə alaraq müəyyən olunmuşdur ki, 08.10.2018-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi zamanı təqsir «Mercedes Benz E 200 CD1» markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 olmuşdur. İddiaçı mülkiyyətində olan «Hyundai Santa FE» markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 08.10.2018-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi zamanı dəymiş zərər Babək Avtoservis tərəfindən 2000 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(004)- 175/2021 saylı qətnaməsi ilə (hakim Günay Axundova) iddia qismən təmin olunmuş, Cavabdeh2 «Hyundai Santa FE» markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1360 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat pulun Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət olunmuşdur. Cavabdeh2 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, hadisə nəticəsində iddiaçıya dəymiş zərərin 5000 manatdan aşağı olması, bu səbəbdən də zərərin onun tərəfindən deyil, mülk məsuliyyətini icbari qaydada sığorta etmiş müvafiq sığorta şirkəti tərəfindən ödənilməli olması, zərərin ondan tələb olunmasının qanunsuz olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz Cavabdeh2 apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, işdə olan sənədlərə əsasən (məhkəmə qərarları, inzibati xəta haqqında protokol və s.) 08.10.2018-ci il tarixdə, saat 23:30-da Bakı şəhəri, Cavadxan küçəsində «Hyundai Santa FE» markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillə «Mercedes Benz E200» markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Eyni zamanda, işdə olan eksperti rəyinə əsasən (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.02.2021-ci il tarixli, 9/4918 saylı rəyi) əsasən – «Babək» avtoservis tərəfindən təqdim edilmiş 16.10.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı «Hyundai Santa FE» markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1360 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən göstərmişdir ki, 08.10.2018-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verən zaman Cavabdeh2 «Mercedes Benz E200 CDİ» markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olduğu müəyyən edilmişdir. Hadisə tarixinə avtonəqliyyat vasitəsinin icbari sığorta müqaviləsi mövcud olmamışdır. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dəymiş ziyanın tutulmasını tələb etsə də, məhkəmə iddianı ancaq Cavabdeh2 münasibətdə əsaslı hesab edir. Çünki, hadisə baş verən zaman Cavabdeh2 idarə etdiyi avtomobil Cavabdeh1 mülkiyyətində olsa da, Cavabdeh2 avtomobili etibarnamə əsasında idarə etmişdir. Məhkəmə hesab edir ki, vurulmuş zərər mülkiyyətçidən deyil, yalnız Cavabdeh2 tutulmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 1108.1-ci maddəsində əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-nin 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Göründüyü kimi, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normaları baxımından cavabdehin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğdə zərəri iddiaçıya ödəmək vəzifəsi vardır. Cavabdeh apellyasiya şikayətində zərərin məbləğini mübahisələndirməmiş, yalnız iddiaçıya dəymiş zərərin onun tərəfindən deyil, mülki məsuliyyətini icbari qaydada sığorta etmiş müvafiq sığorta şirkəti tərəfindən ödənilməli olmasını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili ilə razılaşmayaraq, qeyd edir ki, cavabdeh iddiaçıya münasibətdə delikt hadisəsi törətmişdir. Yuxarıda da qeyd edildiyi kimi, qanunvericiliyin tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Qeyd edilən hallar hazırki iş üzrə mövcüddur və belə olan halda cavabdeh təqsirli olaraq vurduğu zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Cavabdehin mülki məsuliyyətinin icbari qaydada sığortalanması halı isə zərərin cavabdehdən (delikt törədən şəxsdən) tələb olunmasını istisna etmir. Həmçinin, «İcbari sığortalar haqqında» Qanunun 20.5-ci maddəsinə əsasən üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən isə sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz. Həmin Qanunun 20.7-ci maddəsinə görə sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına dəymiş zərərlə əlaqədar sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən zərərçəkənə ödənilmiş məbləğ zərər məbləğindən az olduqda, sığortaçı sığorta ödənişini ödənilmiş məbləğlə zərər məbləği arasındakı fərq həcmində zərərçəkənə, ödənilmiş məbləğin əvəzini isə sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verməklə həyata keçirir. Beləliklə, istər mülki qanunvericiliyin, istərsə də «İcbari sığortalar haqqında» Qanunun yuxarıda qeyd olunan normalarının qarşılıqlı təhlili onu deməyə əsas verir ki, hadisə nəticəsində əmlakına zərər dəymiş üçüncü şəxslər (hazırki iş üzrə iddiaçı) zərərin əvəzinin ödənilməsini özünün seçimi üzrə sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Göründüyü kimi, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, yalnız ümumi sözlərlə (hər hansı normaya istinad etmədən və s.) ifadə etməyə çalışmışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(004)- 175/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(004)- 175/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar