Məhkəmə qərarları › İş №2(103)-5556/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5556/2024

16.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5556/2024 16.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı maddi ziyanın proporsional bölünməklə icra edilməsi, müsadirə edilməli əmlaklar ziyanın ödənilməsinə kifayət etmədikdə hüquqi varisdən borcun tutulması tələbinə dair mülki iş üzrə Açar sözlər: iddianın yolverilməzliyinə görə icraata qəbuldan imtina Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi və Bakı şəhəri Nizami rayon İcra şöbəsi olmaqla) maddi ziyanın proporsional bölünməklə icra edilməsi, müsadirə edilməli əmlaklar ziyanın ödənilməsinə kifayət etmədikdə, hüquqi varisdən borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(005)-3493/2024 nömrəli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icra orqanları tərəfindən X3 İddiaçı ASC-y’ vurduğu 21673593,48 manat ziyanın İddiaçı ASCnin xeyrinə tutulmasının təmin edilməsi üçün qanuni qüvvədə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 1 (101 )-205/2022 nömrəli hökmü ilə (iş üzrə apellyasiya və kassasiya məhkəmələrinin qərarları nəzərə alınmaqla) təqsirləndirilən şəxs X3 cinayət əməllərinə görə dövlət nəfinə müsadirə edilməli olan 24740956,16 manat dəyərində əmlak hesabına əldə edilmiş pul vəsaitləri, digər tələbkar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəlirlər baş idarəsinə ödənilməli olan 640922,04 manat da nəzərə alınmaqla, tələbkarlar arasında proporsional bölünməklə icra olunması, hər bir tələbkara 640922,04 manat ödənildikdən sonra digər daxil olan vəsaitlərin 21673593,48 manatın ödənilməsi başa çatanadək İddiaçı ASC-yə ödənilməsi, müsadirə edilməli olan əmlaklar hesabına yuxarıda göstərilən məbləğlərin ödənilməsi başa çatmazsa, çatışmayan məbləğlərin hüquqi varis Cavabdeh alınaraq İddiaçı ASC-nin hesabına ödənilməsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(005)- 3493/2024 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir.

3. Qərardadın əsaslarına görə, hazırkı halda “törədilmiş cinayət əməli nəticəsində hökmlə təmin edilmiş mülki iddia üzrə dəymiş ziyanın ödənilməsi”, habelə həmin ziyanın ödənilməsinin müsadirə olunmuş əmlaklar hesabına təmin edilməsi və s. tələbi ayrıca məhkəmə icraatının predmeti ola bilməz, həmin məsələyə icra icraatı qaydasında baxılmalıdır (müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə). Belə ki, iddiaçının şikayəti hökmün icrası barədə verilmiş göstərişlərə çıxarış icra sənədinin ilə bağlı hökmdən çıxarışa əsasən ziyanın ödənilməsinin cinayət-prosessual qaydada lazımi tədbirlərin görülmədiyinə görə iddia ərizəsi ilə dəymiş maddi ziyanın ödənilməsinin təmini üçün icra icraatı çərçivəsində görülməli olan icra tədbirlərinin yəni, icra sənədinin icra edilməsi üsulu və qaydasını mübahisələndirir. Ona görə də, icra qurumunun hərəkətlərinin, hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, iddiaçı icranın qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə iddia ərizəsi deyil, şikayət verməklə mübahisələndirə bilər. Bundan başqa icra sənədinin icrası üsulu və qaydasının müəyyən edilməsi üçün müvafiq qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Lakin hazırki halda iddiaçı bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət yaxud ərizə verməmiş, məhkəmədə ayrıca mülki qaydada iddia qaldırmışdır.

4. Qərardaddan iddiaçı şikayət verərək, ləğv edilərək, ərizənin icraata qəbul edilməsini xahiş etmişdir.

5. Şikayətin dəlillərinə görə, məhkəmə iddianın predmetini, iştirakçılarını düzgün göstərə bilməmiş, iddia tələbini təhrif etmişdir. Belə ki, qərardadda İddiaçı ASC-nin Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi və Bakı şəhəri Nizami rayon İcra şöbəsi cəlb edilməklə “maddi ziyanın proporsional bölünməklə icra edilməsi, müsadirə edilməli əmlaklar ziyanın ödənilməsinə kifayət etmədikdə, hüquqi varisdən borcun tutulması” tələbi kimi bir neçə dəfə təkrarlamış və üçüncü şəxs kimi işdə iştirak etməli olan Bakı şəhəri üzrə Baş maliyyə idarəsini kənarda saxlamışdır. Məhkəmə öz qərardadında MPM-nin 153-cü maddəsini xatırlatsa da, həmin normanın tələblərinə əməl etməmiş, “işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” ifadəsinin anlaşılmasında yanlışlığa yol vermiş, iddianın qəbul edilən olmamasınına dair ziddiyyətli və anlaşılmaz mövqe nümayiş etdirmişdir. Birincisi, əgər işə məhkəmədə deyil, başqa orqanda, yəni məhkəmədən fərqli orqanda baxılması nəzərdə tutulursa, onda məhkəmə həmin orqanı və bunun qanuni əsasını göstərməli idi. İkincisi, mülki mühakimə icraatı qaydasında baxılmalı deyildirsə, onda işə hansı növ icraat qaydasında baxılmalı olduğunu və bunun qanuni əsasını göstərməli idi. Üçüncüsü, məhkəmə ümumiyyətlə iddianın mahiyyətini düzgün müəyyən edə bilməyib. İddianın hökmlə həll edildiyini məhkəmənin hansı mənbədən əldə etdiyi naməlum xarakter daşıyır. Bu məhkəmənin iş materialları ilə tanış olmaması və ya bilərəkdən düzgün yanaşmaması hesab olunmalıdır. Belə ki, iddia ərizəsindən və əlavə edilmiş preyudisial məhkəmə qərarlarından görünür ki, cinayət işi üzrə məhkəmə qərarları ilə iddiaçıya münasibətdə deyil, digər zərərçəkmiş şəxsə aid mülki iddia 640922,04 manatın tutulması həll olunmuşdur. İddiaçıya münasibətdə ona 21673593,4 manat ziyan dəyməsi preyudisial olaraq müəyyən edilsə də, bu hissədə ziyanın ödənilməsi məsələsi həll olunmamışdır. İddiaçının mənafeyinə uyğun icra edilməli olan mçəhkəmə qərarı olmadığı halda, məsələyə icra icraatı qaydasında, icra sənədini vermiş məhkəməyə şikayət və ya ərizə verməklə baxılmalı olması barədə mülahizə olduqca məntiqsiz yanaşmadır (8 indeksi qeydi də daxil olmaqla) və qanunvericilik normaları ilə uyuşmayan və əsaslandırılmayan yanaşmadır. Qərardadın özündə belə məhkəmə iddiaçının məhkəməyə müraciət edə bilmək hüququnu göstərməyə çalışdığı halda, nəticə hissəsində iddianın məhkəmədə baxılmalı olmadığı barədə işin halları və məhkəmənin ifadə etdiyi mövqe ilə uyuşmayan və ziddiyyət təşkil edən nəticəyə gəldiyini göstərmişdir. Digər tərəfdən, məhkəmə nəzərə almamışdır ki, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi məsələsi cinayət prosesində həll edilmədikdə, belə hal ziyan çəkmiş şəxsin mülki mühakimə icraatı qaydasında ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir, əksinə sübut etmə yükünü azaltmaqla ona əlverişli imkan yaradır. Mülki qanunvericiliyin mülki hüquq pozuntularına (deliktlərə) görə məsuliyyət müəyyən edən və öhdəlik yaradan normalarının müəyyənləşdirdiyi qaydalar məhz buna xidmət edir. Məhkəmə isə onları heç hesab etmiş və nəzərə almamış, bununla iddiaçının Konstitusiya, beynəlxalq hüquq və qanunlarla təsbit olunmuş məhkəmə müdafiəsi üçün müraciət etmək hüquqlarını kobud şəkildə pozmuşdur.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(005)- 3493/2024 nömrəli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir; Maddə 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; Maddə 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. İşin hallarından görünür ki, iddia tələbi Cavabdeh yönəlmişdir, iddiaçı tələbində icra orqanları tərəfindən X3 İddiaçı ASC-yə vurduğu 21673593,48 manat ziyanın İddiaçı ASC-nin xeyrinə tutulmasının təmin edilməsi üçün qanuni qüvvədə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 1 (101 )-205/2022 nömrəli hökmü ilə (iş üzrə apellyasiya və kassasiya məhkəmələrinin qərarları nəzərə alınmaqla) təqsirləndirilən şəxs X3 cinayət əməllərinə görə dövlət nəfinə müsadirə edilməli olan 24740956,16 manat dəyərində əmlak hesabına əldə edilmiş pul vəsaitləri, digər tələbkar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəlirlər baş idarəsinə ödənilməli olan 640922,04 manat da nəzərə alınmaqla, tələbkarlar arasında proporsional bölünməklə icra olunması, hər bir tələbkara 640922,04 manat ödənildikdən sonra digər daxil olan vəsaitlərin 21673593,48 manatın ödənilməsi başa çatanadək İddiaçı ASC-yə ödənilməsi, müsadirə edilməli olan əmlaklar hesabına yuxarıda göstərilən məbləğlərin ödənilməsi başa çatmazsa, çatışmayan məbləğlərin hüquqi varis Cavabdeh alınaraq İddiaçı ASC-nin hesabına ödənilməsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir.

9. Birinci instansiya məhkəməsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edərkən mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının şikayəti hökmün icrası barədə verilmiş göstərişlərə çıxarış icra sənədinin ilə bağlı hökmdən çıxarışa əsasən ziyanın ödənilməsinin cinayət-prosessual qaydada lazımi tədbirlərin görülmədiyinə görə iddia ərizəsi ilə dəymiş maddi ziyanın ödənilməsinin təmini üçün icra icraatı çərçivəsində görülməli olan icra tədbirlərinin yəni, icra sənədinin icra edilməsi üsulu və qaydasını mübahisələndirir. Ona görə də, icra qurumunun hərəkətlərinin, hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, iddiaçı icranın qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə iddia ərizəsi deyil, şikayət verməklə mübahisələndirə bilər. Bundan başqa icra sənədinin icrası üsulu və qaydasının müəyyən edilməsi üçün müvafiq qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Lakin hazırkı halda iddiaçı bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət yaxud ərizə verməmiş, məhkəmədə ayrıca mülki qaydada iddia qaldırmışdır.

10. Göründüyü kimi, iddiaçının tələbi bir neçə hissədən ibarətdir və birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, hökmə əsasən iddiaçının xeyrinə hər hansı məbləğdə pul vəsaitinin tutulması barədə nəticəyə gəlinməmişdir.

11. Bundan başqa birinci instansiya məhkəməsi icraata qəbuldan imtinanı iddianın mahiyyətinin hökmün icrası ilə bağlı olması ilə əsaslandırsa da, nəzərə almamışdır ki, iddia tələbinin bir hissəsi cavabdeh X1 qarşı yönəlmişdir və sonuncu hökm üzrə mülki iddiaçı və ya cavabdeh olmamışdır.

12. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbulundan imtina olunması bağlı düzgün qənaətə gəlməmişdir. İddianın bir hissəsi hökmün icrası ilə bağlı olduğu halda belə məhkəmə iddia ərizəsini qəbul etməkdən imtina ilə bağlı qənaətə gəlməməli idi. İddia ərizəsinin qismən icraata qəbulundan imtina mülki – prosessual qanunvericilikdə nəzərdə tutulmadığından birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etməli, araşdırma aparıldıqdan sonra hər hansı tələbə icra icraatı qaydasında baxılmalı olması qənaətinə gəldiyi halda həmin hissədə iş üzrə icraata xitam verilməli idi.

13. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia icraata götürülməklə, hər bir iddia tələbinə münasibətdə müstəqil araşdırma aparılmalı, hansı tələbin müstəqil şəkildə mülki mühakimə icraatının predmeti ola bilməməsi dəqiqliklə müəyyənləşdirilməli və buna uyğun yekun məhkəmə aktı qəbul edilməlidir.

14. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslı deyil, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərardad ləğv edilməli, iş birinci instansiya məhkəməsinə göndərilməli, şikayət təmin edilməlidir.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(005)- 3493/2024 nömrəli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(005)- 3493/2024 nömrəli qərardadı ləğv edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar