Məhkəmə qərarları › İş №2(103)-5558/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5558/2024

28.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5558/2024 28.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı və X1 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “əsassız varlanmadan əmələ gələn öhdəlik, subyektiv hüquq”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, onun və iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil1, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1000/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ləğv edilmiş və ona bəraət verilmişdir

3. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmündən zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti, onun nümayəndəsi Vəkil1 tərəfindən kassasiya şikayətinə əlavə və dövlət ittihamçısı tərəfindən isə kassasiya protestinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 1(102)-2268/2023 saylı qərarı ilə təmin edilməməsi, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmünün dəyişdirilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmünün təsviri-əsaslandırıcı hissəsindən Cavabdeh Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsinə dair müddəaların xaric edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 93.500 manat maddi zərərin Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Tələb bununla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya məxsus, oğlu İsmixan Səfərzadənin adına qeydiyyata alınmış, milli pul vahidi ilə 51.000 manat təşkil edən 30.000 ABŞ dolları dəyərində “Kia Stinger” markalı Az **-TV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 30.000 ABŞ dollarına satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq, 27 may 2020-ci il tarixdə iddiaçının razılığı ilə oğlu İsmixan Səfərzadə tərəfindən onun adına “KİA” markalı “Stinger” modelli avtomobilə görə notarial qaydada baş etibarnamə verilməsinə nail olduqdan sonra həmin tarixdə iddiaçının etibarından sui-istifadə etməklə ünvan 1 ünvanın qarşısında mərhum oğlu Elçin Səfərovdan 51.000 manat dəyərində “Kia Stinger” markalı Az **-TV-*** dövlət nişanlı minik avtomobilini alıb ələ keçirərək, ünvan 2 ünvanda yerləşən "Azcar” avtosalona olan borcunun əvəzinə vermişdir. Eyni niyyətlə qanunsuz əməllərini davam etdirib iddiaçıya məxsus, mərhum oğlu Elçin Səfərzadənin adına qeydiyyata alınmış, milli pul vahidi ilə 42.500 manat təşkil edən 25.000 ABŞ dolları dəyərində “BMW 528İ” markalı Az 90- XG006 dövlət qeydiyyat nişanlı minik avtomobilini 25.000 ABŞ dollarına satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 20 oktyabr 2020-ci il tarixdə iddiaçının etibarından sui-istifadə edərək ünvan 3 ünvanda yerləşən "On brend” avtosalonun qarşısından “BMW” markalı 528İ modelli Az 90- XG-006 dövlət qeydiyyat nişanlı minik avtomobilini mərhum oğlu Elçin Səfərzadədən alıb ələ keçirərək, 26 oktyabr 2020-ci il tarixdə Elçin Səfərzadə tərəfindən həmin avtomobilə görə adına notarial qaydada baş etibarnamə verilməsinə nail olduqdan sonra avtomobili X4 milli pul vahidi ilə 28.900 manat təşkil edən 17.000 ABŞ dollarına sataraq vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs olaraq ümumilikdə 93.500 manat dəyərində əmlakını ələ keçirməklə külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20.10 2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs iddiaçıya dəyən ziyanı ödəməmişdir. Həmin hökmlə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Əminə Abbasova) 2(011)- 1000/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. Məhkəmə iddiaya cavabdehdən vurulan maddi ziyana görə 93.500 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia bu hissədə əsaslı hesab edilərək 93.500 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4- cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Qətnamədən Cavabdeh (nümayəndəsi və vəkili Vəkil2) apellyasiya şikayəti vermişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-286/2024 saylı, 14 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3 mart 2023-cü il tarixli, 2(011)- 1000/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddianın təmin edilməsi və dəymiş maddi ziyana görə 93.500 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

11. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin əsaslandığı mövqe ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə istinad edərkən həmin hökmdən apellyasiya şikayətinin verildiyini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasında baxıldığını, yəni hökmün qanuni qüvvəyə minmədiyini nəzərə almamışdır. Həmin vaxt cavabdehin hökmdən vermiş olduğu apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının icraatında olmuş, yəni hökm qanuni qüvvəsini almamışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ləğv edilmiş və təqsirləndirilən şəxsə bəraət verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmü ilə hadisənin baş verməsi, iddiaçının cavabdehə ayrı-ayrı vaxtlarda ümumilikdə 93.500 manat pul ödəməsi faktı öz təsdiqini tapmışdır. Cavabdeh iddiaçıya məxsus pul vəsaitini əldə edərək iddiaçıya qaytarmamaqla iddiaçıya maddi zərər vurmuş, iddiaçı isə çatmağa güman etdiyindən məhrum olmuş və cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Odur ki, pul vəsaitindən məhrum olan iddiaçı cavabdehdən pul vəsaitini qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat

13. Qətnamədən Cavabdeh (nümayəndəsi və vəkili Vəkil3) kassasiya şikayəti verərək ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2215/2024 saylı, 23 iyul 2024-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-286/2024 saylı, 14 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

15. Kassasiya instansiyası məhkəməsi qənaətində qeyd edir ki, iddiaçı iddia ərizəsini onunla əsaslandırır ki, cavabdeh oğlu İsmixan Səfərzadənin adına qeydiyyata alınmış, milli pul vahidi ilə 51.000 manat təşkil edən 30.000 ABŞ dolları dəyərində “Kia Stinger” markalı Az **-TV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 30.000 ABŞ dollarına satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq, 27 may 2020-ci il tarixdə iddiaçının razılığı ilə oğlu İsmixan Səfərzadə tərəfindən onun adına KİA markalı Stinger modelli avtomobilə görə notarial qaydada baş etibarnamə verilməsinə nail olduqdan sonra həmin tarixdə iddiaçının etibarından sui-istifadə etməklə ünvan 1 ünvanın qarşısında mərhum oğlu Elçin Səfərovdan 51.000 manat dəyərində “Kia Stinger” markalı Az **-TV-*** dövlət nişanlı minik avtomobilini alıb ələ keçirərək, ünvan 2 ünvanda yerləşən "Azcar” avtosalona olan borcunun əvəzinə vermişdir. Eyni niyyətlə qanunsuz əməllərini davam etdirib iddiaçıya məxsus, mərhum oğlu Elçin Səfərzadənin adına qeydiyyata alınmış, milli pul vahidi ilə 42.500 manat təşkil edən 25.000 ABŞ dolları dəyərində “BMW 528İ” markalı Az 90- XG006 dövlət qeydiyyat nişanlı minik avtomobilini 25.000 ABŞ dollarına satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 20 oktyabr 2020-ci il tarixdə iddiaçının etibarından sui-istifadə edərək ünvan 3 ünvanda yerləşən "On brend” avtosalonun qarşısından BMW markalı 528İ modelli Az 90- XG-006 dövlət qeydiyyat nişanlı minik avtomobilini mərhum oğlu Elçin Səfərzadədən alıb ələ keçirərək, 26 oktyabr 2020-ci il tarixdə Elçin Səfərzadə tərəfindən həmin avtomobilə görə adına notarial qaydada baş etibarnamə verilməsinə nail olduqdan sonra avtomobili X4 milli pul vahidi ilə 28.900 manat təşkil edən 17.000 ABŞ dollarına sataraq vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs olaraq ümumilikdə 93.500 manat dəyərində əmlakını ələ keçirməklə külli miqdarda ziyan vurmuşdur və iddiaçı həmin məbləği tələb edir. Cavabdeh iddia ərizəsinə etirazında və kassasyia şikayətində göstərir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə mülki hüquq pozuntusu törədilmədiyindən, yəni iddiaçının əmlakına hər hansı zərər vurulmadığından onun zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ, cavabdehin isə zərərin ödənilməsi vəzifəsi yaranmamışdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “Kia Stinger” markalı Az **-TV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili iddiaçının oğlu İsmixan Səfərzadənin, “BMW 528İ” markalı Az 90- XG-006 dövlət qeydiyyat nişanlı minik avtomobili isə iddiaçının digər oğlu mərhum Elçin Səfərzadənin adına qeydiyyata alınmışdır. İddiaçı isə hər iki avtomobilin ona məxsus olduğunu bildirsə də bununla bağlı iş materiallarında hər hansı sübut mövcud deyildir. İddiaçı daha sonra göstərir ki, hər iki avtomobil oğlu mərhum Elçin Səfərzadə tərəfindən cavabdehə etibarnamə əsasında verilmiş, lakin cavabdeh avtomobilləri sataraq dəyərini ödəməli olduğu halda, bu vəzifəsini yerinə yetirməmişdir. Hesab edir ki, cavabdeh ona qarşı mülki hüquq pozuntusu törətmişdir. Hazırda İddiaçı iddia qaldıraraq, dəymiş maddi zərərin əvəzinin Cavabdeh tutulmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir. Hazırkı işin hallarından görünür ki, işdə iştirak edən tərəflər arasında müqavilə bağlanmamış, dolayısı ilə onlar arasında müqavilə münasibətləri mövcud olmamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi haqqında qətnaməsini qüvvədə saxlayarkən Mülki Məcəllənin 21, 1096.1-ci və 1097.1-ci maddələrinə istinadən qeyd etmişdir ki, “mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Apellyasiya məhkəməsi müəyyən etmiş hesab etdiyi sübutlara məcmu halında qiymət verməklə hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli hökmü ilə hadisənin baş verməsi, iddiaçının cavabdehə ayrı-ayrı vaxtlarda ümumilikdə 93.500 manat pul ödəməsi faktı təsdiqini tapmışdır. Göründüyü kimi cavabdeh iddiaçıya məxsus pul vəsaitini əldə edərək iddiaçıya qaytarmaqla iddiaçıya maddi zərər vurmuş, iddiaçı isə çatmağa güman etdyindən məhrum olmuş və cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi icraatda (cavabdeh barəsində olan cinayət işində) müəyyən edilmiş hallarla iddiaçı ilə cavabdeh arasında hər hansı münasibətin yaranması (hər hansı şərtlərlə razılıq əldə olunması, iddiaçı tərəfindən cavabdehə hər hansı məbləğdə pul verilməsi, cavabdeh tərəfindən iddiaçıya zərər vurulması) müəyyən edilməmişdir. İddiaçı göstərir ki, cavabdehlə onun oğlanları arasında münasibət yaranmış hər iki oğlu tərəfindən verilən etibarnamə əsasında avtomobillər cavabdehə verilmiş, cavabdehlə danışıqları mərhum oğlu Elçin Səfərzadə aparmışdır. Bu qərarın 49-cü bəndində göstərilən hallar cinayət işinə baxan apellyasiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Əksinə həmin qərarda apellyasiya məhkəməsi qeyd etmişdir ki, hər iki maşın İddiaçı oğlu Səfərov Elçin tərəfindən faktiki olaraq Cavabdeh verilmiş, Feyruzla Elçin arasında avtomobil alveri ilə bağlı işbirliyi mövcud olmuş, Cavabdeh özgənin əmlakını aldatmaq və ya etibardan sui-istifadə etməklə ələ keçirmək niyyəti olmamışdır. Lakin işdə bunun əksini təsdiq edən sübutların mövcud olmasına baxmayaraq apellyasiya məhkəməsi zərərin məhz cavabdeh tərəfindən iddiaçıya vurulmasını müəyyən etmişdir. Halbuki, sözügedən avtomobil üzərindəki mülkiyyət hüququ göstərildiyi kimi iddiaçıya deyil, iddiaçının övladları Elçin və İsmixan Səfərzadəyə aid olmuşdur. Kollegiya bildirir ki, mülki hüquq pozuntu (delikt) əsası ilə tələb irəli sürməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: cavabdehin əməli (hərəkət və ya hərəkətsizliyi), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsin şəxsiyyət haqlarına və ya əmlakına dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Odur ki, tərəflər arasında hər hansı münasibətlərin mövcudluğu, bunun nəticəsi olaraq cavabdeh tərəfindən iddiaçıya zərər vurulub-vurulmaması, vurulmuşdursa bunun maddi hüquqi əsasları və iddiaçı tərəfindən tələb edilməsi imkanına müvafiq hüquqi qiymət verilməli, bu hüququn söykəndiyi maddi hüquqi əsaslar və normalar göstərilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) cavabdehin apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin isə təmin olunmamasını xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinə işə baxılan zaman işin halları hərtərəfli araşdırılmamışdır. Belə ki qətnamə qəbul edərkən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə istinad etmiş və həmin hökmdə göstərilən halları rəhbər tutaraq, iddia tələbini təmin etmişdir. Lakin məhkəmə hökmündən apellyasiya şikayətinin verildiyini, qətnamənin qəbul olunduğu vaxt apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasında baxıldığını, beləliklə hökmün qanuni qüvvəyə minmədiyini nəzərə almamışdır. Cavabdeh tərəfindən iddiaçıya hər hansı zərər vurulmamış, hər hansı borcu olmamış, bununla da pul tələb etməkdə haqlı olmamışdır. Digər tərəfdən, Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ləğv edilmiş və ona bəraət verilmişdir.

a) Hazırki icraatda apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları.

17. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 cavabdehin apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətin təmin olunmasını və qətnaməni ləğv edilərək iddianın təmin olunmamasını xahiş etdi

18. Məhkəmə iclasında İddiaçı, onun və iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri:

21. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır.

22. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

24. Cavabdehin apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

25. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

26. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dispozisiya əlamətləri ilə uzlaşsa da birinci instansiya məhkəməsinin gəldiyi nəticə prosessual hüquq normalarının pozulmasına görə düzgün olmamışdır.

27. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki hallar yuxarıda göstərilən maddi hüquq normaların dispozisiya şərtləri ilə uzlaşdığından və cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır.

28. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir.

29. İşə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir.

30. Məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.

31. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddiaçının iddia tələbini bu qaydada göstərildiyinə, yəni “Kia Stinger” markalı Az **-TV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin oğlu İsmixan Səfərzadənin, “BMW 528İ” markalı Az 90- XG-006 dövlət qeydiyyat nişanlı minik avtomobili isə digər oğlu mərhum Elçin Səfərzadənin adına qeydiyyata alınmasına baxmayaraq cəmi 93500 manatın onun xeyrinə tutulması düzgün olmamışdır. Çünki məhkəmə özü də iddiaçının tələbinin faktiki və hüquqi əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə və dəqiqləşdirə bilir. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir.

32. Belə ki, hazırkı apellyasiya baxışı zamanı müəyyən edildi ki, birinci instansiya məhkəməsi prosessual fəallıq prinsipindən istifadə edərək iddiaçıya prosessual hüquqlarının həyata keçirilməsində köməklik etməmişdir. Çünki iddiaçının hazırkı apellyasiya baxışında təqdim etdiyi 05 fevral 2022-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.2021-ci ildə ölmüş oğlu- X3 yeganə vərəsəsi olduğundan onun miras əmlakından tam hissədə pay almışdır. İddia ərizəsi isə birinci instansiya məhkəməsinə xx.xx.2022-ci ildə daxil olmuşdur. Demək ki, İddiaçı “BMW 528İ” markalı Az 90- XG-006 dövlət qeydiyyat nişanlı minik avtomobili üzrə oğlu mərhum Elçin Səfərzadənin yeganə vərəsəsi olduğundan hazırkı iddia ilə həmin avtomobilə münasibətdə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Ona görə də birinci instansiya məhkəməsi bu avtomobilə münasibətdə iddianı təmin edərkən qeyd olunan halları aydınlaşdırmalı və qənaətində bunları göstərməli idi.

33. Bundan əlavə, birinci instansiya məhkəməsi “Kia Stinger” markalı Az **-TV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin iddiaçının digər oğlu İsmixan Səfərzadənin adına qeydə alınmasına baxmayaraq buradada prosessual fəallıq prinsipindən istifadə edərək ona prosessual hüquqlarının həyata keçirilməsində köməklik etməmiş, yəni bu avtomobilə görə iddia tələbi üzrə iddiaçının əsl iddiaçı ilə əvəz olunmasını təklif etməmiş, razı olduğu halda buna dair müvafiq qərar qəbul etmədən iddianı hər iki avtomobilə münasibətdə birgə təmin edilməsini qət etmişdir. Əlbətdə ki, iddiaçının mənafeyinin oğlu İsmixan Səfərzadənin mənafeyi ilə üst-üstə düşməsi açıq-aşkar bəlli olmasına baxmayaraq məhkəmə tərəfindən bu əvəz olunma məsələsi birinci instansiya məhkəməsində həll edilməli idi, ancaq məhz məhkəmənin səhvinə görə həll edilməmişdir. Hazırkı apellyasiya baxışı zamanı iddiaçıya belə bir təklif olundu və o, da buna razı olduğundan iddianın “Kia Stinger” markalı Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair hissəsində İddiaçı əsl iddiaçı İsmixan Səfərzadə ilə əvəz olunması barədə qərar qəbul olundu. Düzdü, sual oluna bilər ki, bu cür əvəz etmə mülki prosessual qanunvericiliyin tələbinə görə birinci instansiya məhkəməsində baş verməli idi. Ancaq MPM-də bu cür əvəz etmənin apellyasiya mərhələsində mümkünlüyünü qadağan edən imperativ norma nəzərdə tutulmamışdır. Üstəlik həm cinayət məhkəmə, həm də mülki məhkəmə icraatında olan məhkəmə səhvləri nəticəsində iddiaçının uzun müddət, yəni bir neçə il ərzində məhkəmə müdafiəsi hüququndan istifadə etməkdə davam etməsi, gələcəkdə yeni iddia olacağı təqdirdə maddi hüquqi mənada müddətlərin keçəcəyi, eləcə də prosessual qənaət prinsipinin tələbi iddiaçını apellyasiya mərhələsində həmin hissədə əsl iddiaçı ilə əvəz olunmasını labüd və qaçılmaz edir.

34. Göstərilənlərə baxmayaraq, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

35. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir. 36.MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

37. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli 1(103)-231/2023 saylı bəraət hökmü ilə müəyyən edilib ki,...hər iki maşın İddiaçı oğlu Səfərov Elçin tərəfindən faktiki olaraq Cavabdeh verilmiş, Feyruzla Elçinin arasında avtomobil alveri ilə bağlı işbirliyi mövcud olmuş, Cavabdeh özgənin əmlakını aldatmaq və ya etibardan sui istifadə etməklə ələ keçirmək niyyəti olmamışdır... istər “Kia” markalı “Stinger” modelli, istərsə də “BMV” markalı maşınlar Feyruz tərəfindən Elçinin və onun atası Rəşidin iradəsinə uyğun olaraq özgəninkiləşdirilmiş, bundan sonra Rəşidin oğlu Elçin ilk olaraq “Kia” markalı “Stinger” modelli maşının pulunu, daha sonra “BMV” markalı maşının pulunu dövriyyəyə buraxmaq üçün Cavabdeh vermişdir. Cavabdeh ilə X5 arasında mülki münasibətlər mövcud olmuş, Cavabdeh nə Elçinə, nə də Rəşidə qarşı dələduzluq niyyəti olmamışdır(i.v;147-148;168-169). Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə ümumi dəyəri 93500 manat olan avtomobillərin və onların özgəninkiləşdirilməsindən əldə edilən vəsaitin cavabdehə verildiyi, sonuncu isə həmin vəsaiti qaytarmayaraq hüquqi əsas olmadan iddiaçı tərəfin hesabına əsassız varlanmış, yəni bu cür varlanma sonralar aradan qalxmış əsasa söykənmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi hazırkı iddianın qanuni əsası barədə də hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli 1(103)-231/2023 saylı bəraət hökmü ilə cavabdehin əməlində cinayət tərkibi olmadığı müəyyən edilmişdir. Başqa sözlə cavabdeh iddiaçılara qarşı cinayət qanunu ilə nəzərdə tutulan əməli törətdiyi və bununla da onlara bu əməl nəticəsində zərər vurduğu da təsdiq olunmamışdır. Onlar arasında mülki hüquq münasibətləri olmuşdur. Demək ki, cavabdehin iddiaçılar qarşısında öhdəliyi zərər vurulması nəticəsində deyil, sonralar aradan qalxmış əsasa söykənən əsassız varlanma nəticəsində əmələ gəlməsi təsdiq olunur. Məhz buna görə də hazırki mülki iş üzrə idianın qanuni əsasının düzgün müəyyən edilməsi üçün qeyd edilən halların aydınlaşdırılması zəruri idi. Çünki birinci instansiya məhkəməsi iddianın qanuni əsası kimi zərərin vurulması normalarına istinad etmişdir. Yəni, cavabdehin iddiaçıya zərər vurduğu qənaətinə gəlmişdir. Düzdü, qətnamə çıxarılarkən cavabdehin barəsində ittiham hökmü çıxarılmışdır. Burada, məhkəmənin cavabdehin iddiaçı qarşısında zərərin vurulmasından yaranan öhdəliyin əmələ gəldiyi qənaəti açıq-aşkar əsassız görünməyə bilər. Ancaq nə qədər ki, sonradan cavabdehin əməlində cinayət tərkibi olmadığına görə barəsində bəraət hökmü çıxarılmışdır, deməli hazırkı iddianın da qanuni əsası dəyişmiş olur. Göstərilənlərə baxmayaraq, istər əsassız varlanma, istərsə də zərər vurma nəticəsində əmələ gəlsin, hər bir halda cavabdehin iddiaçılar qarşısında öhdəliyi yaranmışdır və bu öhdəlik də könüllü icra olunmadığı üçün məhkəmə aktına əsasən məcburi icra olunmalıdır.

39. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda deliktlərdən və əsassız varanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

40. Şərh olunanlara əsasən, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli; mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1000/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 42.500 (qırx iki min beş yüz) manat alınaraq İddiaçı və 51.000 (əlli bir min) manat alınaraq X2 ödənilməlidir.

41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

qətetdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1000/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh 42.500 (qırx iki min beş yüz) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh 51.000 (əlli bir min) manat alınaraq X2 ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar