Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5560/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair 2(011)-1977/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, ******* saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehlərdən iddiaçının xeyrinə 4888,89 manat əsas borc, 697,69 manat faiz borcu olmaqla cəmi 5586,58 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 24 ay müddətinə illik 22 faiz dərəcəsi ilə nağd şəkildə istifadə olunmaqla 7000 məbləğində kredit verilmiş və bununla bağlı aralarında xx.xx.2018-ci il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2018-ci il tarixli, 1007772/13384 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik müqaviləsinin 1.1.-ci bəndinə görə, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirinədək zamin, borcalanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 əsas borcu 4888,89 manat, faiz borcu 697,69 manat, cəmi 5586,58 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş xx.xx.2019-cu il tarixli, 05/F-08/154 saylı pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdehlər apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər dəfələrlə Bankın özünə müraciət edərək, əsas borcu ödəmək istədiklərini, bu səbəbdən əsas borca hesablanmış faizlərin dayandırılmasını xahiş etmiş, hətta bununla bağlı dəfələrlə Bankın rəhbərliyinin qəbulunda olmuşlar. Həmin müraciətləri etməkdə məqsədi, Bankın ayrı-ayrı vəzifəli şəxslərinin onların savadsızlığından sui-istifadə edərək, aldatması, müflis etməsi və asılı vəziyyətə salması olmuşdur. Belə ki, borcalan bankın bir neçə ildir müştərisidir və borclarını uzun müddət vaxtında qaytarmışdır. Belə ki, əslində borcalan kredit sazişinə əsasən əsas kredit borcunun əksər hissəsini tam qaytarmışdır. Bundan başqa, həmin kredit müqaviləsinə əsasən həm əsas borc, həm də faiz borcu düzgün hesablanmamışdır. Birinci instansiya məhkəməsinin nəticəsinə əsasən borcalan bankdan götürülmüş vəsaitin əksər hissəsini ödədikdən sonra, yenidən həmin vəsaiti ödəməlidir. Qeyd edir ki, birinci instansiya məhkəməsinin həmin nəticəsi tamamilə qanunsuz olmaqla yanaşı, həm də ədalətsizdir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilməmiş, birinci instansiya məhkəməsi işə baxarkən cavabdehlərin prosesdə iştirakını təmin etməməsi səbəbindən bu barədə vəsatətləri verilməmiş və belə olan halda, birinci instansiya məhkəməsinin həmin nəticəsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən həm əsas kredit borcunun xeyli hissəsi, həm həmin borca hesablanmış faiz borcu düzgün hesablanmamış, şişirdilmişdir. İşin obyektiv həlli üçün işə baxan məhkəmə tərəfindən iş üçün həlledici əhəmiyyəti olan bu xüsusat da aydınlaşdırılmalı, bankdan kredit qovluğu tələb edilməli, iş üzrə məhkəmə-mühasibatlıq təyin edilməlidir. Beləliklə, göründüyü kimi, birinci instansiya məhkəməsinin həmin nəticəsi tamamilə qanunsuz olmaqla yanaşı, həm də ədalətsizdir. Bundan başqa, birinci instansiya məhkəməsi işə baxarkən cavabdehlərin prosesdə iştirakını təmin etməmiş, yalnız bir iclas keçirməklə çəkişmə, tərəflərin bərabərliyi prinsipini təmin etməmiş, prosessual pozuntuya yol vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, təfəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən işin tədqiq edilmiş və mübahisəsiz halları bunlardır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən, Bank borcalana 24 ay müddəlinə, illik 22%-lə 7000 manat kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1007772/13384 saylı zaminlik müqaviləsinə əsasən, zamin borcalanın Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək, borcalanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdeh1 xx.xx.2020-ci il tarixə Banka xx.xx.2018ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə borcu 4888,89 manat əsas borc, 697,69 manat faiz borcu olmaqla cəmi 5586,58 manat hesablanmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 445.1, 445.2.1, 448.1, 421.2, 470.1 və 472.2-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-ci maddəsinə uyğun olaraq əgər öhdəlik onun icrası gününü və ya icra edilməli vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, borcalan Cavabdeh1 İddiaçı ASC qarşısında kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərini tam lazımınca yerinə yetirməmişdir. Bank qarşısında öhdəliklərini yerinə yetirmədiyi üçün borcalanla birgə zamin Cavabdeh2 məsuliyyət daşıyır. Borcun tutulmasına dair məhkəmə qətnaməsini mübahisələndirməsinə baxmayaraq, cavabdeh tərəf borcun ödənilməsini təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Belə olan mübahisələndirilən qətnamə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1977/2020 nömrəli mülki iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5560/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5560/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver