Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5563/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 iyun 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(072)-309/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, onunla cavabdehin birgə nikahından doğulmuş övladlarının – xx.xx.2012-ci il təvəllüdlü Ömərin və xx.xx.2015-ci il təvəllüdlü Fəridənin yetkinlik yaşına çatana kimi saxlanması üçün, hər ay, hər uşağa görə cavabdehdən onun xeyrinə tutulan 150 manat (cəmi 300 manat) sabit pul məbləğində alimentin artırılaraq hər uşağa görə 220 manat (cəmi 440 manat) sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdehin arasında bağlanmış xx.xx.2011ci il tarixli nikahın pozulması, nikahından doğulmuş hər iki uşağın hazırki iş üzrə iddiaçının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Nəzərə alınmalıdır ki, həmin qətnamənin qəbul edilməsindən sonrakı müddət ərzində ölkə ərazisində qiymətlər artmışdır. Bu səbəbdən də həmin qətnamə ilə müəyyən edilmiş məbləğdə aliment uşaqların saxlanılması üçün kifayət etmir. Buna görə də, tutulan alimentin məbləği artırılmalı və “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Qanuna uyğun olaraq 220 manat məbləğində müəyyən edilmişdir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi (İş № 2(072)-309/2022) ilə xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması cavabdehdən iddiaçının xeyrinə hər ay tutulan hər uşağa görə 150 manat alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 180 manat sabit pul məbləğində müəyyən edilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşaqların saxlanmasının hər iki valideynin borcudur. Cavabdehdən hər ay hər uşaq üçün 180 manat sabit pul məbləğində alimentin tutulması hər iki tərəfin maddi və ailə vəziyyətinə, diqqətəlayiq olan digər hallara, eləcə də uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinə uyğundur. Ona görə də, iddia hər uşaq üçün 180 manat məbləğində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Bundan başqa iddianın bir qisminin rədd edilməsi üçün Rayon Məhkəməsi cavabdehin maddi vəziyyətinin iddia ərizəsində nəzərdə tutulmuş aliment məbləğini ödəməyə imkan verməsinin sübuta yetməməsini əsas götürsə də, cavabdehin kifayət qədər imkanının olmasının, mağaza işlətməsi və digər gəlirinin olması ilə bağlı sorğu verilməsi barədə iddiaçının şifahi vəsatəti təmin edilməmiş, birtərəfli araşdırma aparılmaqla qətnamə qəbul edilmişdir. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
7. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
8. Cavabdeh apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
9. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tam həcmdə təmin edilməlidir.
10. Belə ki, Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən (İş № 2(072)-309/2022) görünür ki, həmin qətnamə ilə hazırki iş üzrə iddiaçı ilə hazırki iş üzrə cavabdehin arasında bağlanmış xx.xx.2011-ci il tarixli nikahın pozulması, nikahından doğulmuş hər iki uşağın hazırki iş üzrə iddiaçının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
11. Hazırda iddiaçı uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının artırılmasını və hər uşağa görə 220 manat, cəmi isə 440 manat məbləğində müəyyən edilməsini xahiş edir.
12. İşə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 180 manat müəyyən edilməli, qalan hissədə iddianın təmin edilməsi üçün əsas yoxdur.
13. Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı bildirir ki, işə baxmış Rayon Məhkəməsi “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunun tələbini, yəni 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil etməsini nəzərə almamışdır.
14. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1.). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2.). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxs tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1.).
15. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Lakin nəzərə alınmalıdır ki, uşaqların qayğısına qalmaq onların maddi və mənəvi tələbatının təmin etmək, hüquq və mənafelərinin mühafizə etmək valideynlərin borcudur.
16. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə, 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir.
17. Eyni zamanda nəzərə alınmalıdır ki, uşaqlar böyüdükcə uşaqların xərcləri artır. Belə olan halda, məhkəmə qətnaməsi ilə müəyyən edilən məbləğdə alimentin tutulması (150 manat) uşaqların artmış tələbatlarını təmin etməyəcək. f) apellyasiya baxışının nəticəsi
18. Odur ki şərh olunanları, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni iddianın təmin edilməməsi hissəsində ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, həmin hissədə iddia təmin edilməlidir.
19. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-nin 112-ci maddəsinin mənasina görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki iddianın qiyməti ((440-300=) 140 manat x 12 ay=) 1.680 manat təşkil edir.
20. Beləliklə yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 iyun 2023-cü il tarixli qətnamə qismən, yəni iddianın təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilsin. Cəbrayıl Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli qətnaməsi (İş № 2(072)- 309/2022) ilə Cavabdeh İddiaçı xeyrinə 2 uşağın – xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan alimentin məbləği artırılaraq hər ay, hər uşağa görə, 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat müəyyən edilsin. Bu məbləğdə aliment 19 sentyabr 2023-cü il tarixdən tutulsun. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.