Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5568/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Dövlət Universitetinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(004)-1420/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Dövlət Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 45000 manat məbləğində maddi ziyanın cavabdehdən alınaraq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 12.05.2017-ci il tarixdə Bakı Dövlət Universiteti üzrə verilmiş 1/156 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifələrdən azad edilməklə onunla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinin tələbindən məlum olduğu kimi əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndinin tələbi əsasında ləğv edilməsi işçiyə verilən intizam tənbehlərindən biridir. Əmək Məcəlləsinin 190-cı maddəsinin 1-ci hissəsinin tələbində isə qanunverici orqan qeyd edir ki, intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Məhz istinad olunan bu maddi hüquq normalarının tələblərinə əsaslanaraq 12.05.2017-ci il tarixli 1/156 saylı əmrin qüvvədən düşməsi ilə əlaqədar Bakı Dövlət Universitetinə 03.05.2019-cu il tarixli müraciət ünvanlamaqla müvafiq işlə təmin olunmasını xahiş etmişdir. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə ünvanlanmış bu müraciət universitetin prorektoru İradə Əliyevanın və baş hüquqşünas Tofiq Sadıxovun imzaları ilə təsdiq olunmuş 19.06.2019-cu il tarixli Ol- Tt/981 saylı məktubla cavablandırılmış, nəticədə isə müraciət baxılmamış saxlanılmışdır. Bundan sonra 12.05.2017-ci ildən etibarən 3 il ərzində işsiz qalması səbəbindən vurulmuş 45000 manat maddi zərərin könüllü şəkildə ödənilməsi ilə bağlı Universitetə 31.08.2020-ci il tarixli müraciət ünvanlamışdır. Lakin bu dəfə də Universitetinin baş hüquqşünası T.Sadıxov müraciətin mahiyyətinə uyğun olmayan 16.10.2020-ci il tarixli Ol-Hs/572 saylı məktubla apellyasiya instansiyası məhkəməsinə müraciət etməyi tövsiyə etmişdir. T.Sadıxov müraciətin 12.05.2017-ci il tarixli 1/156 saylı əmrin ləğv edilməsi ilə əlaqədar olduğunu hesab etmiş, bu qənaəti ilə bağlı məsələyə mülki məhkəmə icraatı qaydasında baxıldığını iddia etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(004)- 1420/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə, ona münasibətdə hüquq və azadlıqlarını pozan təqsirkar şəxslər barəsində məhkəmənin xüsusi qərardadını çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətinə görə işin mahiyyətinə uyğun olmayan əsassız, ədalətsiz və qanunsuz qətnamə qəbul edilməklə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəməyə gəlmədiyinə görə, kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, iddiaçı 12.05.2017-ci il tarixdə Bakı Dövlət Universiteti üzrə verilmiş 1/156 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifələrdən azad edilməklə onunla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. İddiaçı hazırda 3 il ərzində işsiz qalması səbəbindən vurulmuş 45000 manat maddi zərəri tələb edir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının vurulmuş maddi ziyanın ödənilməsinə dair gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. O, müdafiə etdiyi tələbi yetərincə əsaslandıra bilməmişdir, iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. İddiaçı hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi intizam tənbehidir, Əmək Məcəlləsinin 190-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə isə intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Buna görə də həmin intizam tənbehi qüvvədən düşmüşdür və belə olan halda cavabdeh onu işlə təmin etməlidir. Kollegiya iddiaçının dəlillərinə tənqidi yanaşır və qeyd edir ki, altı aydan sonra qüvvədən düşən tənbeh növləri Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində göstərilən digər tənbeh növlərinə aiddir (töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək və kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək). Əmək müqaviləsinə xitam verilməsi halında göstərilən əsasa istinadən əmək münasibətlərinin davam etdirilməsi yolverilməzdir. Odur ki, iddiaçının dəlilləri əsassızdır, bu səbəbdən cavabdehin ona maddi zərər vurması müəyyən olunmur və belə tələb təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1420/2021 saylı iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5568/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5568/2021
14.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver